Dörd dəfə evlənən məşhur diktorumuz: Rafiq Hüseynli

Dörd dəfə evlənən məşhur diktorumuz: Rafiq Hüseynli
30 oktyabr 2017
# 16:10

Bir gün küçədə onun qarşısını ahıl bir qadın kəsir.

- Bala, sən Rafiq Hüseynli deyilsən?

- Bəli, ana.

- Niyə görünmürsən, deyilənlər doğrudur, getmisən televiziyadan?

- …

- Bala, heç bilirsən neynəmisən? Sən məni atmısan, mən hər axşam ekran qarşısında səni gözləyib, səni özümə oğul bilmişəm. Tək arvadam, səndən başqa kimsəm yoxdur, hər axşam gələrdin, daha gəlmirsən, demək atmısan məni. Bəs indi mən neynəyim, oğul?

- …

Söhbət məşhur diktor Rafiq Hüseynlidən gedir. Bilə-bilə titul, fəxri ad yazmadım bu adın qarşısından. Bir dəfə bu ifadəni aktyor Fuad Poladov barədə işlətmişdim, bu adın da özü elə fəxridir-bütün titulların fövqündədir zatən.

Atalı-analı uşaqlıq

Əslində bakılıdr-içərişəhərli, amma dünyaya gözünü başqa bir qalada açıb-Şuşada, 1946-cı ilin avqustun 4-də. Atası şuşalı idi, hər yay Şuşada dincələr, yayı orda keçirərdilər. Bu iki Qala onun həyatında çox böyük rol oynayıb, İçərişəhər həyatı özü bir məktəb olsa da anası onu küçəyə çox buraxmazdı, birdən pis uşaqlara qoşular deyə. Şuşada isə daha azad olardı, əmisi uşaqları ilə birgə evdən səhər çıxıb, bir də yatmağa gələrmişlər. Nə qədər qaçıb oynamaq, şənlənmək olardısa o qədər bundan yararlanarmışlar. Görünür Cıdır düzü, Şuşa həyatı elə azadlığın özü imiş.

Atası zarafatcıl, həyatsevər kişi olub. Yaxşı oxumağı varmış, nərd oynamağı sevərmiş, evləri həmişə qonaq-qaralı, çal-çağırlı olarmış. Həmişə vəzifələrdə olub. Hər zaman məclislərin masabəyisi seçilərmiş. Dostları ilə zarafatcıl, açıq olan bu adamın evə gələndə zəhmindən bütün ailə divara qısılarmış. Müharibədə döyüşüb, ayaqlarından yaralanıbmış. Sonralar həmin yara onun bəlasına çevrilib, ayaqlarını kəsmək təhlükəsi yaranıb. Uzun müddət xəstəxanalarda yatıb, qan təzyiqi də bir tərəfdən. Ağır xəstəlik çox rahat ölümlə nəticələnib, bir gecə yatan ata, səhər oyanmayıb.

Bu itki ailəsinə çox ağır başa gəlib. O vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış. İki yeniyetmə, ana da işsiz.

Ona qədər balaca Rafiqlə Rəfiqə uşaq bağçasına gediblər, dayələri də olub-Katya xala.

Anaları maştağalı bir neftçi kişinin qızı olub. O, qonum-qonşunun sevimlisi idi, ondan heç kim, heç vaxt inciməyib. İki diplomu varmış, amma həyat yoldaşı onu işləməyə qoymayıb.

Buna baxmayaraq müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız. İki övladını saxlayıb, oxudub, sonra dünyasını dəyişib. Rafiq Hüseynli anası haqda “qəhrəman qadın” ifadəsini çox inamla və inadla işlədir.

Məktəbdə liderlik Rafiqdə idi. Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan oğlan bütün məsələlərdə son sözü deyirdi və onu dinləyirdilər. Tar məktəbində də oxuyurdu. Televizora ilk dəfə tarzən kimi çıxıb, musiqi məktəbi şagirdlərinin konsertində. “Çahargah” çaldığı yerdə tarın sarı simi qırılıb. Rafiq Hüseynli o hadisə haqqında belə deyir: “Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaq sarı simlər, dəfələrlə təkrar olunacaq”.

İşıqçı oğlanla diktor qızın sevgisi

Səhər məktəbə, günorta tara, axşam voleybola gedirdi Rafiq. Məktəbi qurtarandan sonra tarı, voleybolu da atır, arzusu hüquqşünas olmaq idi, anası kimi. Hələ bir dəfə kinoya da dəvət etmişdilər onu, “Ögey ana” filminə. Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar, rejissor Ceyhunu seçəndə onu da seçib kino üçün, amma atası icazə verməyib.

Təhsili əsgərlikdən sonraya qalası olan Rafiq əsgərliyə qədər işləmək üçün yer axtarmağa başlayıb. Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə gedib birbaşa kadrlar şöbəsinə. Soruşublar ki, niyə televiziyada işləmək istəyirsən?

“Məcbur olub işin xatirinə yalan danışdım, dedim çoxdankı arzumdur, bu işi çox sevirəm, taleyimi televiziya ilə bağlamaq istəyirəm-bu yalanı o qədər məharətlə danışdım ki, sonradan həqiqətə çevrildi”.

Beləliklə, Rafiq Hüseynlini televiziyada boş olan işıqçı ştatına işə götürürlər. “Bütün diktorlara işıq tutmuşam” deyir.

“Heç ağlıma da gəlməzdi özümün diktor olmağım, bir dəfə rejissor köməkçisi işi təklif elədilər mənə, dedim yox, operator olmaq istəyirəm. Amma diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə mən də iştirak etdim. Rus məktəbini bitirdiyimdən Azərbaycanca səlis danışmırdım, ona görə inamsız idim. İkinci müsabiqə bir il sonra oldu, bu dəfə ciddi hazırlaşmışdım, həyəcan da yox olmuşdu, uğurla keçdim. Sınaq müddətinə işə götürdülər”.

İlk dəfə efirə Roza Tağıyeva ilə birgə çıxıblar. Onu da deyim ki, Roza Tağıyeva artıq tanınmış diktor və Rafiq Hüseynlinin xanımı idi. Rafiq Hüseynli hələ işıqçı olanda onların arasında məhəbbət yaranıb. İşıqçının işığı nəhayət ki, gənc diktor qızın qəlbinə düşüb və evlənməyə razılıq verib.

“O vaxt işimizə ciddi nəzarət vardı. Elə ilk çıxışımdan sonra Mərkəzi Komitədən zəng gəlib, demişdilər ki, bu kimdir buraxmısınız efirə, rədd eləyin onu. Kimliyini deməyəcəm, bütün pisliklər üçün yalnız onu edənlərə təşəkkür edirəm”.

Elə ilk çıxışından sadə, səmimi dildə danışan Rafiq Hüseynli elə də davam etdi, təbii ki, bir qədər fasilədən sonra. O vaxt televiziyaya rəhbərlik edən Nəbi Xəzri “Mən inanıram, Rafiq yaxşı diktor olacaq” deyib yenidən efirə çıxartmışdı.

“Axşamınız xeyir, hörmətli tamaşaçılar”-kəlməsi ilə hər axşam efirə çıxan Rafiq Hüseynli tezliklə hamının sevimlisinə, hər axşam gözlənilən qonağına çevrildi. Dimdik duruşu, quru, mənasız siması ilə pafoslu cümlələr oxuyub gedən diktorların içində indi xoş siması, sərbəst görkəmi, şirin, məlahətli səsi, ən əsası çox böyük səmimiyyəti ilə biri peyda olmuşdu – elə bil gözlənilən, arzuolunan, qurtuluş yeri hesab olunan Mehdi sahibi zaman gəlmişdi.

“Mən çalışırdım ən ucqar dağ kəndində ekran qarşısında oturan yaşlı birisinə, qəzet-jurnal oxuya bilməyən, amma mənə baxa bilənə vacib informasiyanı elə çatdırım ki, məni başa düşsün. Amalım bu idi. Hamını inandırmaq istəyirdim ki, diktor pafosla danışmamalıdır, qışqırmamalıdır, dediyini inamla, səmimiyyətlə deməlidir. Bir şeyi də hiss edirdim bunu ürəklərində qəbul edirdilər, bəyənirdilər, amma nədənsə büruzə vermək istəmirlər”.

Yadımdadır bir saat sərasər azərbaycanca oxuduğu mətni ikinci saat rus dilində oxuyurdu, hər iki dildə səlis, ustalıqla. Ekran qarşısında eyni məqamda bir dildən başqa dilə keçmək asan məsələ deyil.

“Yavaş-yavaş onu rədd eləyin deyən Mərkəzi Komitə bütün vacib materialları mənim oxumağımı istəyirdi. İlk dəfə tərifi, qəbul olunmağımı eşitdim Moskva proqramından sonra. O qədər aparıcı arasından məni tərifləyib, xoş sözlər dedilər. Onda hiss etdim ki, mən bu sahədə ötəri deyiləm, birdəfəlik bu sənətə gəlmişəm”.

1967-ci ildə Rafiq Hüseynli Moskvaya ay yarımlıq diktorluq kursuna getdi, 15 respublikadan gələn 33 diktorun arasından onu kurs nümayəndəsi seçdilər. Kursdan sonra onu Moskva televiziyasında saxlamaq istəyiblər, amma Rafiq Hüseynli anasını və sevimli tamaşaçılarını atıb gedə bilməzdi, bu qüvvə onu geri-Bakıya qaytarırdı. Amma həmin kurslardan sonra Rafiq Hüseynli bütün Sovetlər Birliyini gəzib, verilişlər aparıb. Bir dəfə ona “heç olmasa aksentlə danış Qafqazdan gəldiyin bilinsin” deyiblər.

Rafiq Hüseynli “Mənim Qafqazdan olduğum sifətimdən bəllidir, rus dilində səlis danışmağım isə xalqımın mədəniyyətinin göstəricisidir” deyib.

Ailə faciəsi

Rafiq Hüseynlinin səmimiyyətinin üstünə bir daha qayıtmaq istəyirəm, çünki ekranda da elə həyatda olduğu kimi ən önəmli olan budur məncə. Bir dəfə Rafiq Hüseynli Moskva televiziyasında Svetlana Morqunova ilə birgə “Naş adres Sovetskiy Soyuz” verilişini aparırmış. Orda efirdən bütün Sovet ölkəsini Bakıya qonaq dəvət edib. Bakıya qayıdanda ona belə bir məktub gəlib, Rusiyanın uzaq əyalətindən bir qoca qadın yazıb: “Dedin Bakı qonaqpərvər şəhərdir, mən sənin gözlərinin səmimiyyətinə inandım, ona görə sənə yazdım, mümkünsə, mənim xəstə ərim üçün meyvə qurusu göndər, buralarda olmur, sizdə tapılar”.

Rafiq Hüseynliyə diktorlar da köməklik edir, iri bir “posılka” göndərirlər qadına. Cavab gəlir, qoca qadın təşəkkür edir, amma ərinin artıq vəfat elədiyini də yazır.

Həyatında hər şey qaydasında idi, artıq əməkdar artist fəxri adı da verilmişdi ona, ən gənc əməkdar artist olmuşdu vaxtilə.

1984-cü ildə həyat yenidən sərt üzünü göstərdi ona. Eyni ildə həm anası dünyadan köçdü, həm də yeganə oğlu Rövşən. Rövşən Universitetin tarix fakültəsində 1-ci kursda oxuyurdu. Faciəli surətdə köçdü dünyadan, atası onu öz çiyinlərində o dünyaya yola saldı.

“Elə bilirdim bu an ürəyim partlayacaq, amma yaşadım, ümumiyyətlə, televiziyada işləmək mənə çox qurbanlar verdirib, yeganə təsəllim məni sevən tamaşaçılarım olub”.

O zaman bu hadisə ilə bağlı müxtəlif söz-söhbətlər yayılmışdı. Bu həyat hekayəti dəftərlərə köçürülüb əlbəl gəzirdi, kimi idi bu işi belə təşkil edən, məlum deyildi.

Cinayətin üstü açıldı, qatil yaxalandı və ona güllələnmə hökmü kəsildi. əbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edirlər. İndi azadlıqdadır.

Rafiq Hüseynli uzun müddət bu faciənin təsirindən çıxa bilmir, Roza Tağıyeva ilə də bir yerdə yaşaya bilmirlər artıq, ayrılırlar. Televiziyadan da getmək istəyir, amma...

Həyat davam edir. Yeni verilişlər, gənc diktorların hazırlığı, hətta sevgilər, bir eçə dəfə evlilik.

Aldatmağı bacarmadığı üçün ...

Sonuncu evlilikdən bəhs edəcəm. z tələbəsi idi Səbinə xanım. Rafiq müəllim ona mediadan mühazirə oxuyurdu. Sevgi gözəgörünməz tellərlə bağlı olan iki nəfərin milyonların içində bir-birini sezməsidir. Aralarında çox böyük , 30 yaş fərqinə rəğmən bütün sədləri keçib evlənirlər Səbinə xanımla.

“Kimsə deyə bilər ki, o, belə mükəmməl insandırsa, niyə üç dəfə evlənib ayrılıb. İnanırsınız, indiyə qədər mən ondan bunu soruşmamışam. İntuisiyamla duyuram ki, Rafiq günahkar deyil. Şərq kişisi üçün bir qadınla ömrünü başa vurmaq nadir haldır, bəlkə heç elə hal yoxdur. Rafiq aldatmağı bacarmadığı üçün əgər kimisə sevibsə onu aldatmayıb, evlənib onunla. Əgər sevgi bitibsə, yenə aldatmayıb və ayrılıb. Heç kimlə qeyri-qanuni, sevgidən uzaq münasibətləri olmadığını bilirəm. Kənarda eşq macərası keçirən kişilərdən deyil. Mənə deyirdilər ki, oy, o, “babnikdir”, sən qorxmursan? Deyirdim, hardan bilirsiniz? Deyirdilər, bütün şəhər bilir. Bu fikir məhz onun üç dəfə evlənib-boşanmasından yaranmışdı. Belə kişinin yanında gərək gözəl və çox ağıllı qadın olsun. Məncə, Rafiq artıq çox etapdan keçib məndə dayanacaq edib. Ya da ki, bir-birimizi çox yaxşı başa düşürük, bu yaşa baxmır”- Səbinə xanım deyir bunları...

“Rafiqin ən çox xoşuma gəlməyən cəhəti də düzgünlüyüdür. Bir tərəfdən xoşum gəlir, bir tərəfdən də bu qədər düzgün olmağını istəmirəm. Ətrafında elə insanlar var ki, münasibətləri təmənnalıdır, ikiüzlüdür, saxtadır. O, adamlardan mən məmnuniyyətlə əlaqələri kəsərəm, heç olmasa məsafə saxlayaram. Rafiq yox, görür ki, onlardan ziyan gəlir, yenə yaxına buraxır”.

1990-cı ilin 20 yanvarı... Televiziyanın enerji bloku partladılıb. Həmin ağır vaxtlarda ekranın qara üzü ilk dəfə açılanda Rafiq Hüseynlinin siması göründü. Başını qaldırmadan mətni oxuyub getdi, tamaşaçının üzünə baxmaqdan çəkinirdi elə bil:

“Komendantın məlumatını oxumaqdan imtina etdim. Çalışırdıq ki, senzuranın gözündən yayındırıb xalqa həqiqəti çatdıraq, bizdən bunu gözləyirdi tamaşaçı”.

Rafiq Hüseynlinin adının arxasında özülünü qoyduğu, aparıcısı olduğu onlarla veriliş var. Onun televiziya üçün kim olduğunu ifadə edəcək söz yoxdur məncə.

Amma zaman çox mətləbləri ahəstəcə qandırır adama, ola biləcəyini qəbul etmədiyin nəsnələri belə.

Televiziyadan getməyi

90-cı ildə xalq artisti idi artıq, amma çox sevdiyi doğma televiziya onun üçün cəhənnəm əzabına çevrilmişdi. Siyasi oyunlar gedirdi və onu bu oyunların oyunçusu eləmək istəyən qüvvələr vardı. Rafiq Hüseynli isə istəmədiyi bir mətni oxumaqla illərlə qazandığı tamaşaçı sevgisini, etimadını qıra bilməzdi, vicdan qoymazdı. Bunu 20 yanvardan sonra ekrana çıxarkən kameraya düz baxa bilməməyi ilə tamaşaçısına çatdırmışdı artıq. Odur ki, ərizəsini yazıb getdi işdən: “Sədr Qeysər Xəlilov ərizəmi cırdı, amma mən təkid elədim. Məni yandıran başqa ağır məqam vardı, tanıdığım, mütəxəssis saydığım rəhbər adamlardan heç kim o vaxt dediklərimi müdafiə edib haqqın, peşəkarlığın tərəfini tutmadılar, hamı susdu”.

O, televiziyanın özü idi az qala və özünü tərk etmişdi. Çox söhbətlər gəzirdi, guya Rafiq Hüseynli kooperativ açıb, biznes qurub. Yox, əslində həmin vaxtlar çətinliklərlə yaşayırdı Rafiq müəllim. Təkliflər vardı, amma dərs deməklə kifayətlənirdi. Uzun illər kino sahəsində çalışdı, incəsənətdə peşəsinə uyğun müxtəlif işlərdə işlədi, amma bütün hallarda diktor Rafiq Hüseynli kimi yaddaşlara həkk olunub.

Bu gün sevdiyi televiziyada uzun illərin fasiləsindən sonra dəvətlə işləyir, gənc diktorlar hazırlayır. Bu dəfə isə amansız, acı xərçəng alıb boynunun kökünü.

Ağ ciyər xərçəngindən əməliyyat olunub, tez-tez kimya qəbul edir, bir sözlə, həyat uğrunda mücadilədədir. Tanrıdan ömür istəyir, çünki 13 yaşlı yeganə övladı Leylini həyata yetişdirmək lazımdır.

Bir gün küçədə onun qarşısını ahıl bir qadın kəsir.

- Bala, sən Rafiq Hüseynov deyilsən?

- Bəli, ana

- Niyə görünmürsən, deyilənlər doğrudur, getmisən televiziyadan?

-...

- Bala, heç bilirsən neynəmisən, sən məni atmısan, mən hər axşam ekran qarşısında səni gözləyib, səni özümə oğul bilmişəm. Tək arvadam, səndn başqa kimsəm yoxdur, hər axşam gələrdin, daha gəlmirsən, demək atmısan məni. Bəs indi mən neynəyim, oğul?

- …

2014

# 10323 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #