Göyçək Fatimənin katibə işləməyi

Göyçək Fatimənin katibə işləməyi
3 aprel 2014
# 12:15

Sevda Sultanova

Vaxt vardı, Göyçək Fatma deyəndə yadımıza eyni adlı məşhur nağıl düşürdü.

Sonra rəqqasə Fatimə Fətəliyeva “Göyçək Fatma” obrazını “özəlləşdirib”, nağılı da, personajı da gözümüzdən saldı.

Keçən ildən isə ANS televiziyasının “Bakıfilm” studiyasında istehsal olunan “Göyçək Fatimə” (ssenarist Səbinə Hüseynli, rejissorlar Elşad Rəhimov, Yeganə Əbdülməmmədova) serialı yayımlanmağa başladı.

Süjet: Kənddən şəhərə gələn savadlı, zövqsüz geyinən Fatimə (Nəzakət Məmmədli) şirkətdə katibə kimi işə düzəlir və öz müdirinə (Qorqud Cəfərli) vurulur. Şirkətin qlamur əməkdaşları ona lağ edir.

Serialın adından təxmin etmək olardı ki, bu, klassik və populyar Azərbaycan nağılının müasir variasiyası olacaq.

Amma gözlədiyimizin əksi oldu. Bizə Kolumbiya istehsalı olan “Çirkin Betti” telenovellasının uğursuz, istedadsız adaptasiyasını təqdim elədilər.

Ümumiyyətlə, başqa bir ölkənin serialını adaptasiyası təhlükəlidir və həmişə uğur vəd eləmir. Çünki orijinal variant kütləvi tamaşaçının şüurunda “arxetip” olaraq möhkəmlənir və sonra beyindəki ilkin obrazı dağıtmaq, təsirindən qurtulmaq çətinləşir, istər-istəməz müqayisələrə yol açır.

Müqayisə isə əksər hallarda adaptasiya olunmuş versiyanın xeyrinə işləmir.

Üstəlik, məşhur bir telenovellanın versiyası, serial vərdişləri hələ formalaşmayan, özünəxas serial simasını, imicini tapmayan, axtarışda olan Azərbaycan kimi ölkədə çəkilirsə uğursuzluqdan qaçmaq çətindir.

Serialın yaradıcıları iddia edirlər ki, “Göyçək Fatimə” dünyanın ən maraqlı əhvalatını danışır.

Marketinq nöqteyi-nəzərdən belə iddialar təbiidir. Amma iddianın ortaya qoyulan məhsulun keyfiyyəti ilə üst-üstə düşməsi vacibdir.

“Ağabəyovlar” serialında olduğu kimi “Göyçək Fatimə”də də hər şey son dərəcə şərti təsir bağışlayır: al-əlvan, sanki kustar üsulla hazırlanmış dekorasiyalar da, solğun, pinti interyer də, teatral aktyor oyunu da.

Pavilyondan kənarda, natura çəkilişləri də şərtiliyi ört-basdır eləmir.

Serillardakı şərtilik əlbəttə ki, qəbul olunandır. Amma bu, gərəksiz maksimallıqla təqdim edilməməli, əhvalat “reallığa” tabe olmalıdır. Başqa cür desək, “reallığın” təəssüratını verməlidir.

Çünki serialın geniş auditoriya tərəfindən qəbul olunmasının əsas şərtlərindən biri onun cəmiyyətdə bir növ sosializasiyadır. Yəni cəmiyyətə məxsus, funksionallığı olan sosial təcrübənin, mədəni normaların serialda əksini tapmasıdır.

Sosoializasiya baş verməyəndə serialla seyrçi arasında kontakt qırılır. Və bu, seyrçiyə 40-45 dəqiqə ərzində ekrandakı “dünya” ilə yaşamaq imkanını vermir.

Bu mənada “Çirkin Betti” nin kalkası üzərində qurulan “Göyçək Fatimə”nin Azərbaycan reallığı ilə əlaqəsi yoxdur. Yalnız personajların adı dəyişdirilərək milliləşdirilib. Hə, bir də ənənəvi olaraq milli mətbəximizdən - qutab, dolma, dovğanın bişirilməsi, yeyilməsi və təbliği süjetə yerləşdirilib. Vəssalam.

“Bakıfilm”in baş direktor müavini Kamran Qasımov deyir ki, serialda mesaj yollayırıq ki, kənd də, şəhər də vacibdir: “Burda Azərbaycan reallığının, kənd və şəhərin qarşıdurması var”.

K. Qasımov hər ikisinin vacib olduğunu söyləyir, nəticədə isə yenə kəndi şəhərə məğlub elətdirirlər.

Çirkin ördək balasının gözəl qu quşuna çevrilməsi serialın başlıca motivlərindən biridir. Əyalət və şəhər qarşıdurması da ən çox bu, yəni zahiri faktor müstəvisində təsvir olunur.

Geyim zövqü məsələsi daha çox individual faktordur, nəinki coğrafi. Və yalnız bu amili kənd-şəhər qarşıdurması kimi dəyərləndirmək gülməlidir.

Çünki kənd-şəhər qarşıdurması geniş, əhatəli, sosioloji araşdırma, yanaşma tələb edən məsələdir.

Yeri gəlmişkən, sovet dövründə də romanlarımızda mövzu bəsit aspektdən işlənib, urbanizasiyaya az qala müharibə elan ediblər: kəndli saf, səxavətlidir, şəhərli isə merkantil, fırıldaqçı.

...10-15 bölümdən sonra Fatimə uzun ətəyini çıxarıb qısa donlara keçir, səliqəsiz saç düzümünü dəyişdirir, dodaqlarında boya, yanaqlarında ənlik, gözlərində sürmə gəzdirir.

Problem ondadır ki, peşəkar qrimçi, kostyumçu işinin olmamağı səbəbindən Fatimə “gözəlləşdirilərkən” yaraşıqlı qu quşuya yox, ənliyi-kirşanı bol, ölçüsüz, biçimsiz şou-biznes nümayəndələrinə oxşadılıb.

“Göyçək Fatma” nağılı dekonstruksiya olunaraq ekranlaşdırılsaydı (təbii ki, əgər bunun üçün potensial varsa) serial bəlkə də maraqlı alına bilərdi.

Kəsəsi, “Göyçək Fatimə” layihəsi baş tutmayıb, əksi olsaydı ən azı cəmiyyətdə müzakirə mövzusuna çevrilərdi, serialın Facebook səhifəsi isə vur-tut 125 adamın xoşuna gəlməzdi.

# 5431 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #