Fantastik marionet kuklalar

Fantastik marionet kuklalar
12 noyabr 2013
# 15:01

Kulis.az məşhur sənətşünas Aydın Talıbzadənin məqaləsini təqdim edir.

Hər bir festival keçirildiyi məkana tamam yeni energetika, yeni bir atmosfer gətirir, həmin məkanı çoxsaylı bayram yaşantıları ilə muncuq-muncuq bəzəyir. Kukla Teatrları Festivallarının isə özəlliyi, gücü və yaraşığı ondadır ki, bu festivallar möhtəşm bir şəhəri özüylə birgə nağılların sehrli dünyasına, əcayib-qərayib sürrealist röyalara, möcüzələr aləminə apara bilir; balacalara nağıl qəhrəmanları ilə tanış olub onların dünyasında yaşamağa, böyüklərə isə təzədən uşaqlığın qapılarını açıb köhnə xatirələrlə salamlaşmağa imkan verir.

“Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının dəyəri də elə bundadır. Lakin bundan da önəmli daha bir məqam var: festivallar zamanı insan özünü tək bir məmləkətin yox, dünyanın vətəndaşı kimi qavrayır. Çünki festival qəribə bir birgəlik duyğusu aşılayır insanlara: sən anlayırsan ki, hər yerdə eyni cür dost olurlar, eyni cür sevinib, eyni cür kədərlənirlər, xeyrə və şərə eyni cür münasibət bəsləyirlər; anlayırsan ki, sevgi hər yerdə təbəssümdən başlayır. Deməli, bizi birləşdirən əlamətlər bizi ayıran fərqlərdən daha üstün və daha çoxdur. Festivalın bir mühüm cəhəti də ondadır ki, sən hamının əsl istedad, əsl sənətkarlıq qarşısında necə fərəh, sevinc, ruhsallıq dalğasına kökləndiyini görürsən; görürsən ki, belə anlarda hamının gözündə bir işıq yanır, hamı hüzur içində bulunub səhnədə möcüzə yaratmış insanı alqışlayır.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi festivalın ikinci günü də bizə məhz belə bir ovqat yaşatdı Gənc Tamaşaçılar Teatrında: “British Council”ın dəstəyi ilə feastivala qonaq gəlmiş kuklaçı Stefan Mottram səhnədə fantastik bir oyun sərgilədi ipli kuklalarla; elə bir oyun ki, seyrçilərin hamısını məftun elədi; elə bir oyun ki, onu yalnız sənətkarlıq zirvəsi adlandırmaq olar.

Böyük Britaniyanın Dorset Kukla Teatrının “Asılmış vəziyyətdə” (“IN SUSPENSİON”) adlı tamaşası səhnədə kuklaların hərəkət möcüzəsini yaradır. Kuklaçı Stefan Mottramın əlində ipli kuklalar canlı məxluqların davranışını bütün incəliklərinə qədər ideal şəkildə imitasiya eləyə bilirlər. Və bu an seyrçi məəttəl qalır ki, cənab Stefan kuklaların çoxsaylı ipləri arasında necə dolaşmır, onları necə bir yüngüllüklə, necə bir məharətlə oynadır və bir an da olsun belə öz konsentrasiyasını pozmur. Stefan Mottram dahi kuklaçıdır, kuklaçı-şamandır, cadugədir, ovsunçudur. Bu kuklaçı-sehrbaz tamaşanın müxtəlif diskret parçalarında kuklanın hərəkət dinamikasını qırmadan, oyun ritmindən çıxmadan kuklanı hamının gözü qarşısında “söküb” təzədən yığa bilir. Bir də görürsən ki, kuklanın əlləri kuklanın başını götürüb səhnə fəzasında öz xoşuna “uçdu”, kuklanın ayaqları isə öz-özünə rəqs eləməyə başladı. Stefan Mottramın sənətkarlığı, məharəti Devid Kopperfildin gözbağlıcalarından daha möcüzəlidir: çünki o, səhnədən heç kəsi aldatmır. İdmançı-marionetlərin göstərdiyi nömrələrdəki imitasiya dəqiqliyi təəccübləndirir; müqəvva-marionetin “yaşıl maska” kimi öz bədənilə fantastik rəftarı heyrətləndirir; yeni dəvəquşunun doğuluşu şaşırdır; sanki “1001 gecə” nağıllarından çıxmış rəqqasə-milçəyin “sındırmaları” isə coşdurur. Stiven Mottram “Asılmış vəziyyətdə” tamaşasında müxtəlif kukla texnikalarından yararlanıb unikal bir oyun qurur səhnədə. Onun tamaşasının aparıcı oyunçuları asılmış vəziyyətdə olan kuklalardır, yəni ipli kuklalardır, marionetlərdir. Lakin cənab Stefan adamboyu kuklaları idarəetmə texnikasından da faydalanır, qapit (mil) kukla ilə də ustalıqla işləyir.

Stefan Mottramın hazırladığı tamaşanın adı da simptomatikdir: “Asılmış vəziyyətdə”. Planetlər fəzadan asılmış yolka oyuncaqları kimidir. İnsanlar taledən, təsadüfdən və sözlərdən asılıdırlar daima. Və hər pərdənin arxasında, sufilər demişkən, bir kuklaçı var...

Festivala təşəkkürlər... Azərbaycan Mədniyyət və Turizm Nazirliyinə təşəkkürlər... “British Council”a təşəkkürlər... ki, bizi Stefan Mottram kimi dahi kuklaçının dünyası ilə görüşdürdülər.

# 4142 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər