Anar: “Dəhşətli yuxular görürəm”

Anar: “Dəhşətli yuxular görürəm”
9 iyul 2015
# 13:06

Kulis Xalq yazıçısı Anarla “Naşir” jurnalında yayımlanan müsahibəni təqdim edir.

– Anar müəllim, müsahibələrinizin birində qeyd etmisiniz ki, sonda bir kitab yazacam, adını “Keçən keçdi, olan oldu” qoyacam. İlk cümləsi də belə olacaq: “Ömür keçdi artıq xatirələri danışdırmağın vaxtıdır”.

– Bir sıra müsahibələrimdə belə fikir söyləmişəm, haqlısınız. Təxminən on beş ilə yaxındır ki, bu düşüncəmi gerçəkləşdirmək istəyirəm. Əlyazma şəklində artıq səkkiz dəftər həcmində yazmışam, qalır oturub əlavələr edib bitirmək. Ümid edirəm ki, bu yay o kitabı yazıb qurtaracam. Hətta bununla bağlı bir şeir də yazmışdım:

Yazıçı ömrünün iki vaxtı var –

Yaşamaq zamanı, yazmaq zamanı...

Yaşamaq zamanımız bitib deyə, düşünürəm ki, artıq yazmaq zamanıdır.

– Keçmişlə bağlı maraqlı fikirlərinizdən biri də budur ki, “insanın əlindən keçmişi alına bilməz. İndin də, gələcəyin də səndən alına bilər, sənin olan yalnız keçmişindir”. Bu gündən keçmişə nəzər salsaq, ən çox və tez-tez nəyi xatırlayırsınız və xatirələr sizi hansı dövrə gedib-gəlməyə vadar edir?

– Qəribə olsa da daha çox uşaqlıq illərimi tez-tez xatırlayıram. Uşaqlıq illərim həyatımın ən qayğısız zamanı olub. Buzovnada bağımız vardı, 1943-cü ildən biz o bağda yaşayırdıq. Yay aylarında orda dincəlirdik. Qonşularımızla olan təmaslar, əyləncələrimiz, şən günlərimiz tez-tez yadıma düşür. Ondan sonrakı dövrlərsə müxtəlif qayğılarla bağlıdır.

– Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulub böyümək kitablarla dolu bir mühitdə böyümək deməkdir. Kitablarla ünsiyyət sizə nə verdi?

– Çox şey verdi. Kitab oxumağı valideynlərim aşıladı hələ uşaqlıqdan mənə də, bacılarıma da. Mən Azərbaycan dilində təhsil alsam da, atam rus dilini də yaxşı bilməyim üçün mənə bu dildə də kitablar alıb gətirirdi. Və zamanla kitablardan əldə etdiklərimlə bərabər, beynimdə dolğunlaşan düşüncələrim, yəqin ki, əsərlərimdə özünü göstərdi. Amma indi təəssüf ki, uşaqlıq illərindəki kimi mütaliəyə zaman qalmır.

– O illərdə oxuduğunuz kitablardan yadda­şı­nızda iz buraxan özəl biri və ya bir neçəsi olubmu?

– Uşaqlıq və yeniyetməlik dövrlərimdə oxu­du­ğum “Robinzon Kruzo”, “Dəfinələr adası”, “Başsız atlı”, “Ovod”, “Səfillər” kitabları yaxşı yadımdadı. Zaman keçdikcə, zövqüm cilalandıqca daha ciddi ədəbiyyat – Şekspiri, Dostoyevskini, Tolstoyu, Balzakı və digərlərini oxuyurdum.

– “Gözmuncuğu” kitabında qəhrəmanın dilindən qeyd edirsiniz ki, “Başa düşdüm ki, varlığı, həyatı, kainatı, dünyanı yalnız məntiqlə izah etmək qeyri-mümkündür. İnsanı anlamaq isə heç mümkün deyil...” Doğrudanmı Anar müəllim insanları anlamağın mümkünlüyünə inanmır? Necə düşünürsünüz anlamaq daha çətindir, yoxsa anlatmaq?

– Əslində, ikisi də. Bəzən anlatmaq, bəzən də anlamaq çətin olur. İnsanları anlamaq üçün gərək, ilk növbədə, fəhmin olsun. Anlamaq istedadın olsun ki, onları anlaya biləsən. Bundan başqa, gərək həyat təcrübən olsun, insan xislətinə bələd olasan ki, müxtəlif insanlarla rastlaşarkən onları anlaya biləsən. Anlanmağa, yəni səni anlamağa gəlincə, bu, çox çətindir. Çünki əksərən insanlar zahiri əlamətlərinə görə daha çox müəyyən fikrə gəlirlər. Məsələn, mənim haqqımda da çoxu deyir ki, qaraqabaqdı, heç kimlə ünsiyyət edənə oxşamır. Amma əslində, elə deyil, mən insanları da, insanlarla təması da, ünsiyyəti də çox sevirəm. Sadəcə, hər adama açıla bilən deyiləm. Təbii ki, münasibətlər insana və fərdə görə dəyişir.

– Anar müəllim, əsərlərinizi oxuyub yaradıcılı­ğınızla tanış olan hər kəsə bəllidir ki, sizin bütün yaradıcılığınız boyu vahid bir xətt var: insanlığa xidmət, insanlığın tərənnümü və qəhrəmanlarınızı olduğu kimi sevdirə bilmək məharəti. Bunu düşünərək edirsiniz, yoxsa yazarkən belə alınır?

– Təbii ki, süjet xəttini öncədən düşünürəm. Bilirəm ki, hansı fikri təbliğ edəcəm. Ümumiy­yətlə, yaradıcılığın da müxtəlif janrları var. Publisis­tika və esse, məsələn, Mirzə Cəlil, Üzeyir bəy, Cavid haqqında yazanda bilirəm ki, onların hansı xarakterini qabartmalıyam. Bədii əsərə gəlincə isə çalışıram ki, həyatda gördüyüm insanları ümumi­ləş­dirim, mümkün qədər onların canlı obrazlarını yaradım. Beləcə qəhrəmanlarım və əsərlərimdəki personajlar yazıldığı zaman içimdən gəldiyi kimi formalaşır.

– Həyat mübarizəsində, sizcə, özünü qoruya bilməyin öhdəsindən necə gəlmək olar?

– “Gecə düşüncələri” adlı yazımda belə bir fikir qeyd etmişəm: “Səadət nədir? Səadət öz vətənində özün kimi yaşamaqdır”. Xaricə gedib çox fikirlər irəli sürə bilərsən. Tənqid də, təbliğ də, bəlkə, asan olar. Amma vətəndə vətənin dərdləri ilə baş-başa yaşamaq və bu yaşamda özünü qoruya bilmək lazımdır. Bu, əlbəttə ki, çətindir. Mən özüm bütün həyatım boyu buna çalışmışam, öz doğrularıma sahib çıxmaq, hər zaman mənəviyyatlı yaşamaq və ədalətli olmaq istəmişəm.

– Müsahibələrinizin birində həyatı ağ-qara şahmat damalarına bənzədirsiniz. Sizə görə həyat yalnız ağ-qara rəngdədir?

– Olur ki, həyatda yaşadıqların sənə bəzən ya ağ, ya qara rəngdə görünür. Əlbəttə, bu ifadə dolğun deyil. Həyat iki rəngdən ibarət ola bilməz. Onun mütləq müxtəlif, al-əlvan çalarları var. Mənim həyatım da yalnız ağ-qara çalarda olmayıb. Övladlarım, ailəm, dostlarım, ətrafım, sevdiklərim, dəyər verdiklərim hər zaman həyatıma rəng qatıblar. Müxtəlif səfərlər, insanlarla tanışlıq, musiqi, ədəbiyyat, incəsənət və s. olan bir həyatın əlbət ki, rəng çaları həddindən artıq çox olmalıdır. Çox zaman isə həyata özün rəng qatmağı bacarmalısan.

– Yeri gəlmişkən, musiqi də həyatın rəngarəngliyini bilavasitə anladan sahədir. Musiqi məktəbini bitirmisiniz, musiqi təhsiliniz əsərlərinizdə də özünü büruzə verir. “Üzeyir ömrü” filminin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru olmusunuz. Yaradıcılığınıza məhz musiqinin maraqlı rəng qatdığını heç düşünmüsünüzmü?

– Əsərlərimin çoxunda musiqiyə olan sevgimdən qidalanmışam. Təhminənin musiqiyə sevgisini, tez-tez xalq mahnılarından tutmuş xarici bəstəkarların əsərlərinə qədər dinləməsini göstərmişəm. Hətta Zaurla vidalaşanda sözlərlə deyil, musiqi dinlədərək sağollaşması, yəqin ki, təsadüfi olmayıb. Yazılarımda, povestlərimdə də mütləq musiqiyə istinad olub.

Musiqini çox sevirəm, mütəmadi olaraq dinləyərək qidalanıram. Son illərdə musiqi məni daha çox cəzb edir. Saatlarla klassik musiqiyə, muğamlarımıza, dahi bəstəkarların əsərlərinə qulaq asıram. Bu musiqilər məni sakitləşdirir. Bu gün musiqi mənim üçün böyük bir təsəllidir. Onu deyə bilərəm ki, musiqi həyatıma çox maraqlı rəng qatdı. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini gümüş medalla bitirməyim musiqiçi olmağıma kömək etməsə də, həyatımı çox gözəl istiqamətləndirdi. Zemfira xanımla (həyat yoldaşı – G.M.), çox əziz dostlarımla elə həmin məktəbdə tanış olmuşam.

– Daha çox kimləri dinləyirsiniz, dinlədiyiniz və sevdiyiniz janr varmı?

– Zövqümü oxşayan bütün musiqi janrlarını dinləyirəm. Saysam siyahı uzun olar, ən çox Avropa bəstəkarlarına – Baxa, Vivaldiyə, Motsarta, Şopenə qulaq asıram. Bizim bəstəkarlardan Üzeyir bəyi, Qara Qarayevi, Fikrət Əmirovu, Niyazini, muğamlarımızı dinləyirəm. Bəzən caz və estrada ürəyimə yatır. Yəni ruh halıma həmin an hansı janr uyğun gəlirsə, onu dinləyirəm.

– Nitsşe qeyd edir ki, sənət bizə ona görə verilib ki, həqiqət bizi öldürməsin. Bəs sənət sizə nə üçün verilib?

– Sənət mənə ona görə verilib ki, içimdə olanları başqaları ilə bölüşə bilim. Özümü ifadə edə bilim. Düşündüklərimi və bildiklərimi çatdıra bilim.

– Olubmu ki, heç içinizdə olan qəhrəmanı yarada bilməmisiniz?

– Yaradıcılıqla bağlı planlarım çoxdur. Həm pyes, həm ssenari yazmaq istəyirəm. Hazırda problemim vaxtımın az olmasıdır. Bəzi yaradıcı insanlar görürsən ki, ikidaşın arasında belə oturub nəsə yazırlar. Məndə isə belə alınmır. İri əsərlər yazmaq üçün gərək çəkilim bir tərəfə. Gənclik illərimdə bəzən mətbəxə çəkilib yazırdım. Birotaqlı mənzildə yaşayırdıq. Onda oğlum yeni doğulmuşdu, evdə şərait də qənaətbəxş deyildi. Amma artıq mənzil şəraitim yaxşıdır, indi də vaxt tapa bilmirəm. Neqativ xəbərlər də adamı yorur, yazmaq üçün beyin açıq olmur. Daha çox yay aylarında, bağda olanda işləyirəm.

– İndi hansı əsər üzərində işləyirsiniz?

– Bilirsiniz ki, rus dilində üçcildlik “ЛИK Азербайджана” kitabım çap olunub. Həmin kitabı Azərbaycan dilində nəşr etdirmək istəyirəm. Tarixi, fəlsəfi traktat olan “Yaşamaq haqqı”nı Azərbaycan dilində bərpa etmək fikrindəyəm. Bir də bayaq haqqında danışdığımız xatirələr kitabımı hazırlamağı düşünürəm.

– Fikrət Qoca müsahibələrinin birində qeyd edib ki, Anarın yaxşı keyfiyyətlərindən biri güvənilir olmasıdır. Amma onun kiməsə bütünlüklə güvəndiyini görmədim, olmadı. Doğrudanmı sizin üçün güvənmək çətindir?

– Fikrət Qoca elə özü mənim güvəndiyim insanlardan biridir. Mənə də güvənənlər çox olub. Heç vaxt heç bir dostumun arxasından qaçmadım. Amma mənə xəyanət edənlər çox oldu. Bəlkə, “heç kimə bu baxımdan güvənmir” deyib.

– Xəyanətlə qarşılaşanda nə etmisiniz?

– Nə edə bilərdim, heyifsilənmişəm, eyvah demişəm. Özü də yamanlığı, dönüklüyü həmişə yaxşılıq etdiklərimdən görmüşəm. Yadıma gəlmir ki, kiməsə pislik edim. Bəzən imkanım olmayıb, yaxşılıq edə bilməmişəm. Amma imkanım daxilində əlimdən gəldiyi qədər yaxşılıq etməyə çalışmışam. Yaxşılıq etdiklərimdən nankorluq görəndə bu məni həmişə incidib.

– Fidan xanım haqqınızda danışanda vurğulayıb ki, əslində, qardaşımın çox səmimi olub hər kəsə inanması insanları çox sevməsindən irəli gəlir.

– Bilirsiniz, ağlıma gətirə bilmirdim ki, yaxşılıq etdiklərimdən pislik görə bilərəm. Və ya mənə kimlərinsə pislik arzuladığına inana bilmirdim. Sonra gördüm ki, hər hansı səbəbdənsə belə də olur. Bəzən dostlarım deyirdilər ki, paxıllıqdan edirlər. Mənsə düşünürdüm, nəyimə paxıllıq edirlər ki? Dövlətli adamları, məşhur müğənniləri qoyub mənə niyə paxıllıq etsinlər? Var-dövlətim, mal-mülküm yoxdu axı. Dövlət maşınım, 3 otaqlı mənzilim və bankda da mükafat alandan alana qoyduğum puldu. Yəni səbəb tapa bilmirdim.

– Dostluq sizin üçün nədir, çox dostunuz var?

– Dostlarım çox idi, bir hissəsini ölüm aldı, bir hissəsini həyat. Ölümün aldığı çox acıdır. Birdəfəlik alıb aparır səndən. Həyatın aldığı isə daha ağrılıdır. Dost saydığın, bir də baxırsan dost deyilmiş. Allah rəhmət etsin Yusif və Vaqif Səmədoğlular, Toğrul Nərimanbəyov, Emin Sabitoğlu, Araz Dadaşzadə ölümün aldığı ən yaxın dostlarım idilər.

– Anar müəllim, müsahibələrinizin birində qeyd etmisiniz ki, ədəbiyyatı o qədər çox sevirəm ki, onu heç vaxt həyata qurban vermərəm. Bəs ədəbiyyata nələrsə qurban vermisinizmi?

– Ədəbiyyatla deyil, başqa sahəylə məşğul olsaydım, bəlkə, daha çox uğur qazanardım. Məni heç vaxt vəzifə maraqlandırmayıb deyə, heç vaxt onun ardınca getməmişəm. Yaradıcılıqla məşğul olmaq, ədəbiyyat mənim üçün hər şeydir.

– Bəzən naşükürlüklə də qarşılaşırsınız, münasibətiniz necə olur?

– Bilmirəm, bəlkə, başqa sahələrdə də belədir, amma mən bu sahədə olduğum üçün deyə bilərəm ki, yazıçılar, şairlər bir az fərqli düşünürlər. İndi xüsusən cavanlarda iddia çox böyükdür. İstedadları və yazdıqları ilə iddiaları üst-üstə düşmür. Çox zaman kəskin münasibətlərin və ciddi ədəbiyyatın yaranmamasının məğzində bax bu boşluq durur. Bir-iki babat şeir yazıb səhəri gün dahilik iddiasına düşürlər. Və özlərindən yaşlı nəsli kəsib atırlar, qəbul etmirlər.

– 60-cı illərdə necə idi, o zamanın gəncliyi necə düşünürdü?

– O zamanın gəncləri olan biz bizdən əvvəlki nəslin bir qismini estetik baxımdan qəbul etmirdik. Amma hörmətsizlik edib heç birinə demirdik ki, siz yazıçı deyilsiniz, ədəbiyyat bizdən başlayıb. Biz deyirdik ki, siz o cür yazmısınız, biz də belə yazırıq. İndi ümumiləşdirmək istəmirəm, amma boş iddiası olan gənclik çoxdur. Düzdür, sağlam gənclik də var, hansı ki, biz də onların yanında olmağa çalışırıq. Məni ən çox incidənsə bəzilərinin ədəbiyyata vicdansız yanaşmalarıdır. Yəni vicdanı olan adam ədəbiyyatın hansısa böyük dəyərlərini belə insafsızcasına dana bilməz. Zərrə qədər vicdanı olan hər kəs öz yerini bilər, təhqiredici münasibətdən uzaq olar. İçlərində zəhər, çirkab olan adamların az-çox dəyərli əsər yarada biləcəklərinə inanmıram. Zəhər istedadı məhv edir. Belələri sanki faşist proqramı əsasında münasibət tənzimləyirlər. Özlərinin bəyənmədiyini və təhqir etdiyini kimsə bəyənsə, o adamı da zəhərləmək mövqeyinə keçirlər, beləcə ətrafa nifrətlərini yoluxdurmağa çalışırlar.

– Qeyd etdiyiniz faşist mövqeyinin təməlində, sizcə, nə durur?

– Hikkə. Hikkə o deməkdir ki, iddian böyükdür, diqqət mərkəzində olmaq, tanınmaq istəyirsən, bunu yaradıcılığın və istedadınla bacarmırsan, tanınmış bir adamı qaralayaraq tanınmaq istəyirsən.

– Anar müəllim, sizin Azərbaycan ədəbiyyatına verdiyiniz töhfələr göz önündədir. Ədəbiyyatla yanaşı, kino sahəsində də böyük xidmətlər göstərmisiniz. 12 bədii, 10 sənədli filmin ssenari müəllifi olmusunuz. Ümumiyyətlə, kino sizin üçün nədir və bu gün niyə keçmişdəki kimi keyfiyyətli, maraqlı filmlər çəkə bilmirik. Bu uzunmüddətli boşluğun səbəbini nədə görürsünüz?

– Kino mənim üçün elə ədəbiyyat qədər əhəmiyyətli bir sahədir. 1962-1964-cü illərdə Moskvada ssenari kurslarında və rejissor emalat­xa­nasında oxuyaraq diplom almışam. Mən film çə­kəndə buna hüququm çatır. Üç filmə quruluş ver­mişəm. “Dantenin yubileyi”ni rəhmətlik Gülbəniz Əzimzadə ilə birlikdə çəkmişəm. “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərinin rejissoru isə tək özüm olmuşam. Rejissorla nə qədər yaxın olsan da, ssenaristin baxışı ilə rejissorun baxışında mütləq fərqlilik olur. Mən bununla razılaşıram. Amma özün çəkəndə bu film yüz faiz sənin olur. Digər filmlərimin də rejissorlarına minnətdaram.

Boşluğun səbəbinə gəlincə ədəbiyyatda olduğu kimi kinoda da aşınma gedir. Deyirlər ki, sənət basqılar altında inkişaf edir, azadlıqda məğlub olur. Bu o deməkdir ki, müəyyən basqı və senzura, təzyiqlər olanda sənətin müqavimət gücü olur. Tam azadlıq olanda, senzura olmayanda hər kəs indiki kimi, ağzına gələni yazır. Mən demirəm ki, senzuranın olmağı yaxşı və mütləqdir. Amma mənəvi aşınma gedir və heç bir nəzarət yükü olmadığına görə qarşısını almaqda çətinlik çəkirik. Deməyə söz və fikir olmayanda belə boşluq yaranır. Bütün bu boşluğun özəyində isə mənəviyyatsızlıq durur. Milli ideologiyanı bəzən yalançı patriotizm kimi qəbul edirik. Pafos və boş iddiadan uzaq durmaq lazımdır ki, səviyyəli əsərlər yaradılsın.

– Anar müəllim, bu aşınmanın və mənəvi çökmənin qarşısını almaq üçün təcrübəli və ziyalı bir insan kimi nə məsləhət edə bilərsiniz, nəyi necə etməliyik ki, qoruya bilək?

– Bu yaxınlarda sizinlə birgə Çanaqqala səfərində olduq. Özünüz də həmin məkanın təbliğatı üçün görülən işlərin şahidi oldunuz. Ölkənin hər yerindən məktəblilərin, yaşlıların, bütün təbəqənin ora axını vardı. Oranın mənim üçün böyük mənəvi yükü türkçülüyün qalib gəlməsi və bunun layiqli təbliğatıdır. Eyni zamanda Mustafa Kamalın dilindən düşmənlər haqqında deyilən sözləri var: “Burda dəfn olunmuşlar bizim övladlarımızdır”. Mən dünyada belə humanist sərkərdə tanımıram desin ki, məğlub olmuşlar – düşmənlərimiz də bizim övladlarımızdır. Bu, tolerantlığın yetişdirilməsinə xidmətdir. Ermənilər dünya həcmində “genosidi” qeyd etdilər, türklər isə Çanaqqalanı. Türklər sübut etdilər ki, şəhid verdik, qalib gəldik, amma düşmənə də hörmətimizi qoruyub saxlayırıq. Fərq və güc burdan bəlli olur. Təbliğat mexanizminin olmasını vacib sayıram. Bizdə təbliğat mexanizmi konkret olaraq yoxdur. Mən illərdir təklif edirəm ki, şəhidlər muzeyi yaradaq. Şəhidlər muzeyində başımıza gələn bütün müsibətlər – 1905, 1937, 1990, 1992-ci illər öz əksini tapmalıdır. Şəhidlərimizin başına gələnləri əsatirləşdirmək lazımdır. Milli şüurun yetişməsində mif də həqiqət qədər önəmlidir. Bizdən sonrakı nəsillərə qalacaq və tariximizin unudulmamasına xidmət edəcək güclü təbliğata başlamaq lazımdır. Xalqımızın tarixini özündə əks etdirən önəmli əsərlər yazılmalıdı.

– Vaxtilə TÜRKSOY-un ideyasını siz verdiniz və türk dünyası ilə bağlı bir çox işlər görməniz hamıya məlumdur. 2014-cü ildə Türk Dünyası Yazarlar Birliyinin sədri seçildiniz. Bu qurumun fəaliyyəti və gələcək planları necədir, ümumiyyətlə, bu birlikdən yaxşı nə gözləmək olar?

– İmkanların çoxu maddi problemlərə söykənir. Əslində, bu birlik üçün etdiklərimizin çoxu bizim Yazıçılar Birliyinin hesabına görülür. “Ulu çinar” jurnalını nəşr etdiririk. Jurnalda mütəmadi olaraq türk dünyasına həsr olunan materiallar yer alır. Məsələn, bir nömrəni bütünlüklə Türk dünyasına, bir nömrəni isə ancaq Türkiyəyə həsr etdik. Müxtəlif türkdilli ölkələrin yazarları ilə görüşlər keçiririk. Əslində, çox iş görmək lazımdı. Ortaq türk dilinin yaranmasını absurd sayıram. Məsələn, heç bir halda türk “yıldız” yerinə “jıldız” deməyəcək, qazax da “jıldız” yerinə “yıldız”. Hərəsi öz xüsusiyyətini saxlamalıdır. Sadəcə, ortaq ünsiyyət dili kimi Türkiyə türkcəsindən istifadə etmək olar.

– Nazim Hikmətlə Rəsul Rzanın dostluq tarixçəsi oxucularımız üçün maraqlı olar.

– Nazim Hikmət Bakıya ilk dəfə 20-ci illərdə gəlib. O zaman Nazimin ən yaxın dostları Süleyman Rüstəmlə Mikayıl Rəfili olub. Rəfili Nazim Hikmətin təsiri ilə sərbəst vəzndə şeirlər də yazmağa başlayıb. İkinci gəlişində isə atamla və Səməd Vurğunla tanış olur. Sonralar atam onun ən yaxın dostlarından biri olur.

Mən Nazim Hikməti ilk dəfə 1957-ci ildə Bakıda görmüşəm. Universitetdə görüş zamanı, atamgildə, evimizdə, Cəfər Cabbarlının məzarı üstündə və böyük dramaturqun indi muzey olmuş mənzilində... Sonralar da Bakıya hər gəlişində bizim evin qonağı olurdu. Moskvaya yolumuz düşəndə mütləq mənzilində, yaxud bağ evində görüşərdik, ya da özü Əkbər Babayevlə birlikdə qaldığımız hotelə, nömrəmizə gələrdi. 1962-ci ildə Moskvada Ali Ssenari kursunda oxuyarkən tez-tez ona zəng edərdim, bir neçə dəfə görüşmüşdük. Son telefon danışığımız ölümündən bir neçə gün qabaq olmuşdu (Anar, “Kərəm kimi” kitabından).

– İnanclarınız varmı?

- Allaha inanıram. Başqa heç bir dini ayinlərə, rituallara əməl etmirəm. Məşhəddə və Kərbəlada olmuşam. Anam Allaha bağlı insan idi. Həmişə deyərdi ki, ürəyinizi Allaha bağlayın, əməliniz düz, işləriniz yaxşı olacaq.

– Yuxu görürsünüzmü heç, yuxuya inanırsınız?

– Tez-tez yuxu görürəm. Bəzən dəhşətlisi də olur. Çox zaman yuxularım çin çıxır. Binəqədi rayonunda bina yanmamışdan bir neçə gün öncə qarışıq bir yuxu gördüm. Gördüm ki, evimin üstünə doqquzmərtəbəli bir bina gəlir. Sanki zəlzələ baş verir, yuxuda da hiss edirəm ki, artıq dünyanın sonudur.

– Dünya demişkən, Dostoyevski deyir ki, dünyanı gözəllik xilas edəcək, bəs sizcə, nə xilas edə bilər?

– Dostoyevski gözəllik deyərkən konkret nəyi nəzərdə tuturdu mənə bir az qaranlıqdır. Amma gözəllik bütün münasibətlərin və yaşamın özəyində durursa, deməli, gözəllik xilas edə bilər. Mən bir yazımda qeyd etmişdim ki, ermənilərə demoqrafik artımımızla qalib gələ bilərik. Çünki içində kin və nifrət gəzdirən bir millətin və insanın artımı olmayacaq. Onlar körpəlikdən uşaqlarına nifrət aşılayırlar. Buna görə zamanla saylarının artımı da məchul görünür. Yaşamın, var olmanın təməli sevgidir, gözəllikdir.

– Övladlarınız da yaradıcılıqla məşğul olurlar, kitabları var. Onların yaradıcılığında özünüzün təkrarını görürsünüzmü? Ümumiyyətlə, yaradı­cı­lıqlarına münasibətiniz necədir?

– Qürur hissi keçirirəm ki, Tural da, Günel də səviyyəli yazarlardır. Heç birinin məni yamsıladığını düşünmürəm. Tural tamam başqa üslubda, satirik hekayələr yazır. Güneli indi məndən az tanımırlar, əlbəttə, buna sevinirəm. Hərəsinin öz üslubu və öz dəst-xətti var. Nəyə nail olublarsa, öz gücləri hesabına nail olublar. Hər halda, onların əvəzinə mən yazmıram.

– Oxuduqlarınız, bildikləriniz, gördükləriniz yetirmi sizə?

– Mən həyatdan da, yazmaqdan da, yaşamaqdan da hələ doymamışam. Çoxlu planlarım, yazmaq, yaratmaq istədiklərim var. İnşallah, Allah ömür verərsə, onları tamamlamaq istəyirəm.

– Oxucularımıza arzularınız?

– Oxusunlar, yaxşını pisdən ayırmağı bacarsınlar. Qiymətli kitabları dəyərləndirməyi öyrənsinlər. Və ləyaqətli olsunlar. Ləyaqətlə lovğalığı ayırd edə bilsinlər. Ləyaqət baş ucalığı, lovğalıq isə utanc gətirər adama. Sağlıqlı və savadlı olsunlar!

# 2287 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #