Ramiz Rövşəndən sehrli bir şeir

Ramiz Rövşəndən sehrli bir şeir
8 sentyabr 2019
# 11:09

Kulis.az “Bazar oxusu” layihəsindən Ramiz Rövşənin “Güzgü” şeirini təqdim edir.

Bu güzgüyə bir vaxt qoşa baxardıq, -
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

Göz yaşların canındadı, bəlkə də
damla - damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü.

Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.

Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.

Yenə, yenə doymayacaq bu güzgü,
bir şəhəri udub, udub gələcək.
Səni gözdən qoymayacaq bu güzgü,
yeri-göyü tutub, tutub gələcək.

Sən qaçdıqca yellənəcək saçların,
Bu güzgüyə pay düşəcək saçından.
İpək donun yelləndikcə, güzgüyə
Pay düşəcək ətəyinin ucundan.

Qaçıb-qaçıb özünü yoracaqsan,
Qəfil birdən görəcəksən o daşı.
Bu güzgünü daş atıb qıracaqsan,
Bu güzgüdən dağılacaq göz yaşın.

Hər tikəsi qayıq təki üzəcək -
dörd tərəfi göz yaşınla dolunca.
Bu güzgünün bəlkə hər tikəsindən
dodaqların çığıracaq dalınca.

...Bu da belə bir nağıldı yalandan,
Sən ki yoxsan, getdiyin o gedəndi.
Bu güzgü də yerindədi, yerində,
Bu güzgü də yenə sağdı, bütövdü.

Sınan güzgü axı bir də canlanmaz, -
bəlkə tanrı özü görüb bu işi?!
Bu güzgünün hər tikəsi, bəlkə də,
damla-damla göz yaşınla bitişib.

Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb.
Göz yaşların canındadı hələ də,
göz yaşların qurumayıb, yaş qalıb.

Bu güzgüdən gəlib keçir xanımlar,
Özlərinə baxıb-baxıb keçirlər.
Dodağından dodaqları rəng alar,
Kirpiyindən kirpik taxıb keçirlər.

Göz yaşınla dolur, dolur gözləri.
Baxır yerə, baxır göyə, ağlayır.
Bu nə dərddi - heç bilmirlər özləri,
Heç birisi bilmir niyə ağlayır...

# 7961 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər