İnsanları xilas edən yeganə din-Mirmehdi Ağaoğlu yazır

İnsanları xilas edən yeganə din-<span style="color:red;">Mirmehdi Ağaoğlu yazır
20 oktyabr 2015
# 11:51

Təsəvvür edin, qonşuluğunuzda 16 yaşlı bir oğlan yaşayır. Körpə vaxtı anası onu atıb gedib. Atası da uğursuz adamdır, iki nəfərlik ailəni dolandıra bilmir, oğlu ilə rəftarı qaydasında deyil. Bir gün işdən qovulmağına dözməyib intihar edir. Momo da – adı Məhəmməd olsa da məhəllədə hamı onu belə çağırır - əslində pis oğlan deyil. Normal ailədə tərbiyə alsaydı bəlkə xoşbəxt bir oğlan olardı. Təəssüf ki, bəxti gətirməyib. Ac olanda məhəllədəki dükandan oğurluq da edir, arada fahişələrin qaldığı “Cənnət küçəsi”nə də baş çəkir.

Görünür Momonun gələcəyi heç də parlaq olmayacaq. Fahişələr küçəsinə gedib-gələli oğrulara qoşulacaq, pis yollara düşəcək, əyri işlərə girəcək, günlərin bir günü bu yola düşənlərin çoxu kimi həyatı yarıda qırılcaq.

Amma qəfil hardansa bir krişnaid peyda olur. Xatırlayırsızsa, 10-15 il əvvəl onlar lap çox idilər, nə olsun ki, daha görünmürlər. Krişnaid Momoya kömək edir. Momo da yavaş-yavaş onun tərbiyəsini öyrənir. Krişnaidin köməyindən faydalanmaqla yanaşı bizim bu Məhəmməd-Momo getdikcə öz dinindən dönür və krişnaid olur.

Buna münasibətiniz necə olar? Deyəcəksiz ki, beş-on manata dinini satdı, yoxsa?

Bax bu “yoxsa” çox vacibdir.

***

XX əsr bəşər tarixinin ən qəddar dövrü oldu.

İnsanlıq yaranandan bəri heç bir əsrdə bu qədər qan tökülməmişdi.

Heç bir əsrdə bu qədər böyük müharibələr törədilməmişdi.

Bu qədər günahsız insan qətl edilməmişdi.

XX əsr həm də nailiyyətlər əsri oldu. Bircə fakt bəs edər: İnsan kosmosu fəth etdi.

Bununla belə dünyada nifrət, kin ayaq azalmadı. Bu qədər savaşlardan, bu qədər dəhşətlərdən sonra da insanlıq əsrlərdir yaşadığı qaydalardan vaz keçmək istəmədi.

Bölünmələr, parçalanmalar daha da dərinləşdi.

Müsəlman buddisti kafir hesab elədi, şiə sünnini haqq yoldan çıxmış, sünni şiəni mürtəd bildi. Ortodoksal islam tərəfdarları pirləri ziyarət edənləri Allaha şərik qoşmaqda günahlandırdı, qarşı tərəfsə onları allahsızlıqda ittiham etdi. Bir tərəf Məhərrəmlik keçirəni avam, mövhumatçı adlandırdı, digər tərəf keçirməyənləri dinsiz, cahil.

İŞİD Yaxın Şərqdə “Allahu-Əkbər” nidası altında “Allahu-Əkbər” deyənləri qətl edir.

Aşağı-yuxarı dünyanın hər yerində belədir. Yəhudilər başqa dinlərdən olanlara yuxarıdan aşağı baxır, xristianlar yəhudiləri İsanı öldürməkdə təqsirləndirir.

Proses isə davam edir.

Nümunələri nə qədər istəsən uzatmaq olar.

Hər kəs öz mövqeyində haqlı olduğunu göstərməyə çalışır.

Bəs əslində haqlı olan kimdir?

Bəlkə hamı haqlıdır?

Bəlkə hər kəsi öz inancında rahat buraxmaq lazımdır?

Bəlkə kim harda xilas ola bilirsə ora da pənah aparsın?

Sadə bir səbəb: bu qədər qan tökülməsinə, bu qədər elmi nailiyyətlərə baxmayaraq hər kəs öz mövqeyində daha da möhkəmlənmədimi?

Sosial şəbəkələr aşkar nümunədir. Elmin bu son nailiyyətlərindən hər kəs bacardığı qədər istifadə edir. Dinlər, təriqətlər öz inanclarını yayır: İŞİD baş kəsən videolarını, dəvətlərini, şiə isə mərsiyələrini, moizələrini. Deməli, ötən əsrdəki kimi nə qanla, nə də dövrümüzdəki kimi innovasion nailiyyətlərlə heç kəs yalnız özünün haqlı, düzgün olduğunu sübut edə bilməz.

Bircə çıxış yolu qalır: kim hansı yolla xilas olursa qoy o yolla da getsin. İkinci bir yol bəşəriyyəti ancaq məhvə aparar.

Tutalım, yuxarıda adını çəkdiyimiz bizim o Momo da krişnaid olmaq istəyirsə, bununla nicat tapacaqsa, qoy olsun. Təki xilas ola bilsin.

Amma gəlin biz qonşuluğumuzdakı oğlanı rahat buraxıb, başqa bir Momonun məhəlləsinə gedək. Çox da uzağa deyil, Akademik Milli Dram Teatrına. “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasına baxaq.

Tamaşanın fabulası elə yuxarıda danışdığım kimidir, amma cüzi fərqlərlə. Əvvəla, bizim bu Momo Məhəmməd yox, Moiseydi, yəqin artıq aydın oldu: yəhudidir (Ürəyiniz yerinə gələr). Ona kömək edən isə krişnaid yox, əslən türk sufidir (Yəqin sevinərsiz).

İndi bu sufi İbrahim yəhudi Momoya necə kömək edir, onu necə “adam” edir, bir yəhudidən bir müsəlmana, bir sufiyə necə çevirir - bunları bilmək üçün gərək gedib tamaşaya baxasan.

Mən isə yalnız onu deyə bilərəm; vacib deyil necə xilas olursan, vacib deyil hansı yolla xilas olursan. Əsas odur tunelin sonunda işıq görünsün.

Tamaşanın alt qatında yatan məna da elə budur: “Gəl, gəl, nə olursan ol, yenə gəl.”

Siz öz həqiqətinizlə xilas olun, başqası necə xilas olursa öz işidir. Gerçəkdən bütün dinlər, təriqətlər yalnız və yalnız insanın xilası üçün deyilmi?

# 2247 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #