Parisi fəth edən tatar balası

Parisi fəth edən tatar balası
8 yanvar 2013
# 16:24

Günel Eminli

“İşıqlar sönür və mən ölürəm, lakin sabah yenə rəqs etmək üçün doğulacam.”

Rudolf Nuriyev

Balaca tatar

Tatar kəndinin kasıb daxmasında, isti sobanın yanında tozun içərisində balaca Rudi dodaqaltı mızıldadığı tatar xalq mahnısını rəqs etməyə çalışırdı. Zümzümə etdiyi mahnını özündən başqa heç kim eşitmirdi və kənardan insana elə gəlirdi ki, o, səssizlik içində oynayır. Məzəli görsənirdi. Divarda əllərinin kölgəsiylə müxtəlif fiqurlar yaradaraq şaqqanaq çəkən bacılarının şən nidaları ona mane olsa da o, əksinə qızcığazların gülüşünü əllərindən almaq istəmir, rəqsinə davam edirdi. Nəhayət, anası Rudinin əziyyətini görüb, qızların üstünə çımxırır

- Kəsin səsinizi, uzunqulaqlar! Görmürsüz, Rudi oynayır”.

O hadisədən neçə illər keçəcəkdi, amma Qrand Operada “Jizel” baletində Rudi və ya artıq Rudolf Nuriyev kimi dünyada tanınan balet ustası öz dahi partiyasını şahanə şəkildə təqdim edəndə neçə yüzlük tamaşaçı ona sükut içərisində tamaşa edəcəkdi, nəfəs almayacaq, sanki hansısa sehri pozmaqdan qorxurmuş kimi səssiz oturacaqdılar.

Qaçış

Parisə qastrola gedən Rudi qayıtmaq istəmədi, baxmayaraq ki, bütün truppa geri dönmək üçün növbəyə düzülmüşdü. O isə boğulduğu mühitdən qurtulmalı idi. Odur ki, küçələrini tanımadığı Parisi, lakin ab-havasını sevdiyi Fransanı seçdi. Çünki onu Rusiyaya heç nə bağlamırdı. Baxmayaraq ailəsi, dostları, işi, məktəbi yolunu səbirsizliklə gözləyirdi. Parisdə isə istedadı və rəqsə olan çılğın vurğunluğundan başqa hələ ki, heç nəyi yox idi.

Parisdən telefonla anasına zəng edib:

- Ana, məndən soruş ki, burda xoşbəxtəmmi?

Anası özünü eşitməməzliyə vursa da, nəhayətdə nəfəsini dərib, cavabını bildiyi sualı oğluna verdi:

- Rudi sən orda xoşbəxtsənmi?

- Hə, ana... burda azad və xoşbəxtəm.

Telefon əlaqəsi kəsildi.

Paris həyatı belə başladı. Ona Qrand Operada təklif olunan ilk kiçik rola razılaşdı. Səhnə işıqları bir qədər gözünü ağrıtdı, iki dəfə gözünü yumub açdı, sanki işığı gözlərindən qovurmuş kimi “bras bas”- deyib, əllərini qövsvarı çətir kimi yuxarı qaldıraraq səhnəyə sıçradı. Elə rəqs edirdi ki, sanki sonuncu rəqsidir. Atasının onu döyərək evə aparması artıq uzaq keçmişinin arzuolunmaz xatirəsinə çevrilmişdi. Əlləriylə cızdığı dairələr, bədəninin havada simmetrik tullanışı, dağınıq saçları, bir sözlə o, səhnə üçün yaranmışdı. Bunu savadsız evdar anası anlasa da, təhsil görmüş hərbçi atası başa düşmək istəmirdi. Parisdə isə onun bu qorxudan zərrə qədər narahatçılığı yox idi. Yalnız baleti vardı.

Rudi dünyaya özünü sübut etmək üçün arı kimi durmadan çalışırdı. Puantını ilk dəfə 17 yaşı olanda geyinmişdi və “möhtəşəm rəqqas”dır kəlməsini eşitməyincə onu ayaqlarından çıxartmaq fikrindən uzaq idi. Heç kim onun sürətinə çata bilmirdi. Rəqqasın əhilləşməyən tatar temperamenti həmişə problemlər yaratsa da, əksinə səhnədə ona çox kömək olurdu. O, məşqlər etdikcə ürəyində Monsenyor Leotarda trikonu kəşf etdiyinə görə rəhmət oxuyurdu.

Çünki əvvəllər əski parçalarda tikilən səhnə kostyumları ilə rəqs etmək əsl əzab verirdi. Əzələləri boş buraxmamaq üçün xüsusi trikolar tikdirirdi. Geydiyi paltarlar onun bədəninin bir hissəsinə çevrilmişdi. O, baleti hissiyyatlı bir tamaşaya çevirməyi bacarırdı. Özünə verdiyi sözə əməl edirdi. Az müddətdən sonra bütün balet aləmi artıq ondan danışırdı.

O alov idi, balet isə ona yanmağına kömək edən qığılcım. O yanırdı, yandırırdı, başqalarına da bu alovlu rəqsə dəvət edirdi. Qəribədir ki, tamaşaçılarına gözəllik, ruh bəxş edən Rudi gözəllik görməmişdi. Anasının kürəyində, böyük bacısının paltarlarında dərsə gedən Rudi kasıb tatar daxmasında zövqü haradan götürəsiydi? Özünə də həmişə təəccüblü gəlirdi. Amma o, gözəlliyi hiss edirdi, duyurdu. Bu, ona Tanrıdan göndərilmiş bir nemət idi.

Balet onun həyat, yaşam fəlsəfəsi idi. Bədənini öz alətinə çevirmişdi və bu alət onun ruhuna tabe idi. Ruhunun keçirdiyi həyəcanı, hissi rəqslərinə köçürmüşdü. O, oynadığı rollarda Rudolfu peşəkarcasına itirməyi bacarırdı. Havanı yaran tullanışlar, baş gicəlləndirən dövrələr, palar, saltolar, bir sözlə o, rəqsin Allahı idi.

“Aylı Pyero”

Bir çox baletlərdə rol alsa da, A. Şenberqin “Aylı Pyero” baleti Rudiyə, nədənsə, onun özünü xatırladırdı. Pyero öz kiçik qalasına çıxıb ayın şüaları ilə rəqs edir, gah şüaları tutmağa çalışır, gah əyilir, gah durur, gah da barmaqları ilə şüaların yerini dəyişdirir. Buna nail ola bilmir, ayın şölələri əlinə tabe olmur, amma o dayanmır, əzmlə rəqsinə və hərəkətlərinə davam edir.

Pyero onun özü, ayın şüaları isə onun həyatından daima arxasınca qaçan baletlə bağlı arzuları idi. Pyerodan fərqli olaraq o, həyatda ayın şüalarını yaxalamağa nail oldu. O, həyatında onu baletə gətirən bütün insanlara özünü boclu sayırdı, Marqo ona əsl partnyor olmağı öyrətdi, Tomas sevgi və baletin qarışıq kombinasıyasını aşıladı. Pol Teylor və Erik Bryuon ona görə baletə yeni nəfəs gətirən rəqqaslar idi və Rudi onlardan çox element öyrənmişdi.

İdeal partnyor yaxud ruh əkizi...

İki dahi rəqqas və rəqqasənin adını və istedadını eyni baletdə bir daha vurğulamaq üçün Frans Listin musiqisinə F.Aştonun xoreoqrafı olduğu “Marqarita və Arman” baletini məxsusi onlar üçün hazırlamışdı. Rudolf Nuriyev və Marqo Fonteyn. Onlar səhnədə partnyor olmaq üçün doğulmuşdular. Bəlkə də həyatda da. Lakin Marqo onda ərdə idi, Rudinin isə artıq Toması var idi.

Qallidə “qul azadlığı”...

Aralıq dənizində şəxsi Qalli adasında qamakda uzanaraq əlində bir qədəh ağ şərab günəşin batmasına tamaşa edir və ağlayırdı. O “Qu quşu gölü”ndə şahzadə Ziqfrid, “Jizel”də Albert, “Don Kixot”da Bazil, indi isə Rudolf Nuriyev idi. Neçə il bundan qabaq isə Salavat dağına çıxıb sürətlə gedən qatarların dalınca baxan Rudik. O, hər səhər gözləri ilə qatarları yola salar, axşamlar isə gec olduğundan onları yatağında səsləri ilə qarşılayardı. Bu qatarlar onu xəyalında çox uzaqlara aparırdı. Bir gün bilməzdi ki, bu qatarlar onu geri dönüşü olmayan uzaq səyahətə aparacaqdı. O indi xəyalının uzaqlıqlarındadır.

Rudi balet aləminə günəş kimi doğmuşdu və artıq onun da buludlar arxasına keçmək vaxtı gəlmişdi. Ölümlə- həyat baletinin sonuncu aktında rəqs edəcəkdi. Elə səhnədəcə qoy canını ölüm mələyi alsın. Balet üçün həyatı boyu qul kimi çalışmışdı.

Paris yaxınlığındakı Sent Jenevyev de Bua qəbiristanlığında məzarının üzərinə qoyulmuş bəyaz balet ayaqqabıları ağarır. O, bu puantlarını son məşqlərə geyinirdi. İndi isə möhtəşəm rəqslər edən o ayaqlar və onların sahibi qara torpağa gömülmüşdü.

Onda əsasən dövrə vurmaq əla alınırdı... Fuete dövrələri... O, həyatının, kədərlərinin, uğursuzluqlarının başına dövrə vurub hər dövrədən qalib kimi ayrılırdı. Bu dəfə ölüm ona qalib gəldi, o isə əbədiyyətə zəfər çaldı.

# 2808 dəfə oxunub

Oxşar xəbərlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
# # #