Meyxana olsunmu, olmasınmı?

Meyxana olsunmu, olmasınmı?
5 dekabr 2012
# 08:15

Kulis “TərsBucaq” layihəsini təqdim edir.

Bu layihədə iki yazar iştirak edir: Ramilə Qurbanlı və Mirmehdi Ağaoğlu.

Yazarlar eyni mövzu haqda qütb mövqeləri ifadə edən yazılar qələmə alacaqlar.

İkinci mövzu meyxanalardır.

Meyxana nə şifahi xalq yaradıcılığı, nə folklor, nə də ümumiyyətlə sənət deyil!

Ramilə QURBANLI

Meyxanəyə girəndə mən

Alqışlannam yerbəyerdən,

Ayıqlarçün mən sərxoşam,

Sərxoşlar üçün peyğəmbərəm.

Meyxanadan söz düşəndə nədənsə ilk yadıma düşən, Əliağa Vahidin həmin bu misraları olur. Niyəsini özüm də bilmirəm, amma yəqin burdakı “meyxanə” ifadəsi meyxananı xatırladır.

Şəksiz meyxana sözü elə mey ifadəsindən, mey içilən yerdən, yəni meyxanadan götürülüb. Bu ifadənin xalq yaradıcılığına, şifahi xalq ədəbiyyatına, folklora aid etmək məntiqsizdir. Şifahi xalq ədəbiyyatı, folklor əsasən xalqın həyatından taleyindən, dərdindən danışır. Məsələn “Apardı sellər Saranı” bir qızın nakam sevgi hekayətidir. Dildən dilə gəzib bu günümüzə gəlib çıxdığı üçün ona şifahi xalq yaradıcılığı – dastan deyilir. “Əsli və Kərəm”, “Aşıq Qərib” və sair, indi durub dastan və əfsanələrimizi sadalamaq fikrində deyiləm, hamı bilir zatən. Bu dastanlar, əfsanələr, bayatılar camaatın dilində, toyda, yasda danışılıb, dastan gecələri olub orda nəql edilib. Bir nəsnə ki, xalqın dilində dolaşıb orda ədəb-ərkan, olar-olmaz məsələsi də düşünülüb.

Adından da göründüyü kimi meyxana meyxanələrdə yaranıb. Yeyib-içən, meylənib eyş-işrətlə məşğul olan kişilər öz aralarında qafiyə tutub deyişiblər. Və bu qafiyətutmalar əsasən onların öz aralarında, yəni meyxanədə yoldaşlıq edənlərin əhatəsində pərvəriş tapıb, ordan kənara çıxmayıb. Meyxananı kişilər heç vaxt evə gətirib, ailədə, qonaq-qara yanında oxumayıblar. Ona görə də meyxana nə şifahi xalq yaradıcılığı, nə folklor, nə də ümumiyyətlə sənət deyil. Meyxana meyxanə janrıdır.

Bu janrla məşğul olana sənətkar demək yanlışlıqdır, çünki meyxana özü sənət deyil.

Məni burda qanıma qəltan eləsələr də deyəcəm ki, belədir.

Fikir vermisinizsə, meyxananın nə vaxt yarandığı bəlli oldu olmadı, fərqi yoxdur, amma bu günümüzə qədər gəlib çıxınca üç mərhələdən keçib.

Birinci mərhələ 1920-ci illərdə olub. Həmin dövr ki, insanlar bir ictimai formasiyadan digərinə keçidi yaşayıblar, dövr hansı çətinliklərlə, hansı aşılanmalarla müşahidə olunub tarixdən bəllidir.

İkinci dövr Böyük Vətən Müharibəsi vaxtlarına düşür. Meyxana yenə əhali arasında pərvəriş tapır, çünki dövlətin başı işğalçı ilə müharibəyə qarışıb xalq özfəaliyyətlə məşğuldur.

Üçüncü və meyxananın daha çox inkişafı vaxtı 90-cı illərə təsadüf edir. 90-cı illərdən bu yana nə dəyişikliklər, aşınmalar, şüurlarda inqilabın heç də yaxşıya doğru getmədiyi göz qabağındadır. Elmi-texniki tərəqqinin, dünyanın ayaqlarımız altında açıldığı bir vaxtda insan düşüncəsində geriyə inkişaf başlayıb. İnsan Sovet dövründə, xüsusən 60-cı illərdə qalxdığı səviyyədən sürətlə aşağı enməyə başlayıb. Mədəniyyətdə, dində, insan şüurunda qəribə bir geriləmə müşahidə olunur. Bu da ötəridir, çünki başımızın üstündəki imperiya qadağası birdən-birə götürülüb və sadəcə özümüzü itirmişik. Bu arada meyxana başlayıb meydan sulamağa.

Bu da keçəcək, insan elmi-texniki tərəqqinin önündə gedəndir, öz yerini tutacaq.

O zaman meyxana deyilən nəsnə də sıradan çıxacaq. Daha elitar, mədəni ədəbi yanrlar irəliləyəcək.

Düzdür, bu gün meyxana ilə evinə qazanc aparan insanlar var, efirlərə də meyxana bu səbəbdən ayaq açıb. Kimlərsə o janrı bəyənməkdən deyil, ondan qazanc əldə eləməkdən zövq alır.

Sabah , qafiyə xatirinə dili, etikanı, estetikanı kənara atan meyxanələrdən çıxıb xalq arasına soxulan bu janr olmayacaq.

Camaatın çoxuna da elə meyxanaçıların aşıladığı əxlaqi təfəkkür lazımdı!

Mirmehdi AĞAOĞLU

Bu yaxında ANS telekanalında verilişlərin birində Murad Köhnəqala ilə Əli Mirəliyev iki gənc və perespektivli meyxanaçı ilə qarşı-qarşıya gəldilər. Adlarını bilmirəm. Amma onların gecənin bir aləmi yoldan ötən avtoş maşınlarından ucalan mahnılarını evin içində belə çox eşitmişəm. Hələ mən avtobuslarda, mərkəzdən bir neçə kilometr kənar olan bazarları, küçələri, dayanacaqlar; demirəm.

O meyxanaçılar və onların peşə yoldaşları mərkəzdə az tanınsalar da şöhrətləri mərkəzdən uzaqlıqla düz mütənasabdi.

Həmin verilişdə nə Murad Köhnəqala, nə də Əli Mirəliyev onlara sübut edə bilmədilər ki, siz bayağı bir janrda yazıb yaradırsınız. Murad bəy onların oxuduqları meyxanaların mətnindən danışdı, Əli müəllim musiqisinindən. Di gəl ki, onlar Qorki adına Ədəbiyyat İnstitutununu bitirmiş şairə “başa saldılar” ki, Şərqin qədim şeir ənənələri var və 21-ci əsrdə də kədər-hüzn dolu, özü də əruz vəznində şeir yazmaq olar. Oxumaq da. Oxumaq hissəsini Əli müəllimə başa saldılar.

Bəli. Biz hamımız qəbul edirik ki, “ iki dənə ceyran götürək” mətnli mahnı olmaz. Amma reallıq budur ki, meyxana janrı bu dəqiqə öz inkişafının zirvəsindədir.

Sovet dövründə marjinal bir sənət olan meyxana son iyirmi ildə bütün ölkəyə yayıldı. Üstəlik əvvəl təkcə quru ritm üzərində qurulan bu janr indi ansambla ifa olunur. Hətta bu janrın bəzi nümayəndələrini artıq müğənnidən ayırmaq mümkün deyil.

Yaxşı tutalım bu bu mahnıların-meyxanaların sözləri və musiqiləri olduqca bayağı, zəif, bəzən şitdir. Arxasında heç bir ciddi ənənə, akademik bilik filan dayanmır. Hələ üstəlik bu janrın nümayəndələri bir az həlləm-qəlləm, vurub kəsən olurlar. Kifayət qədər nümunə var. Meyxanaçıların narkotik maddələrə bağlılığı da (konkret heç kəsdən söhbət getməsə də onları hamımız tanıyırıq) göz qabağındadır. Onların meyxanalarda sosial problemlərə məhəllə təfəkkurundən yanaşmaları da ortadadır.

Bütün bunlar problem yaradırmı? Onların bu qədər məşhur olmalarında bir qəbahət varmı? Xeyr. İstəməyən dinləməsin.

Dünyada rep, hip-hop kimi janrlar var. Bu janrların nümayəndələrinin oxuduqları da təqribən bizim meyxanalarla eyni tematikadadı. Orda da deyilir ki, biri sənin qızına sataşdı, bıçaqla öldür.

O janrın rəhmətlik Tupakı, 50 Senti, Paf Dədisi, Snup Doqu, Eykonu da ciddi kriminal ünsürlər olublar. Hərəsi azı bir il yatıb çıxıb, kokain istifadə edib. Hətta onların arasında cinayətkar dəstələrə başçılıq edənləri, qeyri-qanuni işlərlə məşğul olanları var.

Amma onlar ABŞ-da dinlənilir, məşhurdular. İl ərzində milyonlarla gəlir əldə edirdlər. Albomları əl-əl gəzir. Təkcə ABŞ-da deyil, bütün dünyada sevilirlər.

Onların replərini Azərbaycan dilinə çevirsən belə çıxar.

Düüüüüüüüüüüüüüüd.

Bizim meyxanaçılar əksər meyxanaları isə çox əxlaqi, ədəbli, hətta tərbiyəvi xarakterlidir. Olsun ki, klassikdir, mühafizəkardır. Amma daha əxlaqidir. Görünən isə odur ki, camaatın çoxuna da elə meyxanaçıların aşıladığı əxlaqi təfəkkür lazımdı.

Youtube rekordları da, başqa göstəricilər də onların kəmiyyət baxımdan çox irəlidə olduqlarını göstərir. Əgər xalqın əksəriyyəti onları sevirsə, buna maneə yaradılmamalıdı.

***

Birindən soruşurlar:

-Ayıdan qorxursan?

-Yox.

-Niyə?

-Ayı kəndə gəlmir, mən meşəyə getmirəm.

Sən meyxananı sevmirsən, daha dinləyənlərə niyə mane olursan?

# 2725 dəfə oxunub

Oxşar xəbərlər

Fərdiyyətçiliyin ədəbiyyatdakı kökləri - Qismət

Fərdiyyətçiliyin ədəbiyyatdakı kökləri - Qismət

15:00 13 sentyabr 2024
Atlılar, qanadlılar - Mübariz Cəfərlinin hekayəsi

Atlılar, qanadlılar - Mübariz Cəfərlinin hekayəsi

15:00 12 sentyabr 2024
Mariya - Rid Qraçovun hekayəsi

Mariya - Rid Qraçovun hekayəsi

12:00 12 sentyabr 2024
"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

"Heç bir mesajı yoxdur, ortabab mətndir..." - Hekayə müzakirəsi

15:00 11 sentyabr 2024
Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS

Şekspirin Şekspir üçün tikdiyi teatr - QLOBUS

15:00 10 sentyabr 2024
Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

12:00 10 sentyabr 2024
# # #