Tərcümənin redaktə problemi

Tərcümənin redaktə problemi
24 fevral 2015
# 20:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verib. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Tərcümə mətnlərinin müqayisəli təhlili”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri” “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?”, “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili”, “Poetik tərcümənin çətinlikləri”, “Fəlsəfi mətnlərin tərcümə problemi” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Budəfəki müzakirə “Tərcümə sənətinin mövcud problemləri”dir. Tənqidçi Nərgiz Cabbarlının məruzəsini təqdim edirik.

Bədii tərcümə yaradıcılıq sahəsidir və özünə qarşı məhz bu xarakterinə uyğun yanaşma tələb edir. Yəni yaradıcılıq nümunəsinin keyfiyyətində əvvəlcə istedad, söz duyumu, daha sonra məsuliyyət və zəhmət nə qədər vacib rol oynayırsa, tərcümədə də belədir. Onun keyfiyyətini əsər müəllifi qədər, bəlkə ondan da artıq dərəcədə tərcüməçinin istedadı, işinə məsuliyyəti müəyyən edir. Söz duyumu, mətni hiss etmə və fikri ifadə etmə bacarığı, oxuduğunu və duyduğunu təxəyyülündə canlandırma, təsvir etmə qabiliyyəti, bir də sözsüz ki, gördüyü iş qarşısında məsuliyyət hissi olmayan tərcüməçidən yaxşı iş gözləmək absurddur.

Təxminən 7-8 ildir ki, tərcümə sahəsində müəyyən canlanma əmələ gəlib. Fikrimizcə, bu, ilk növbədə Prezidentin 150 cildlik dünya ədəbiyyatının nəşr olunması ilə bağlı verdiyi sərəncamla əlaqəli idi. Bu proses mütləq olaraq tərcümə bazarına da təsir etdi. Həm canlanma yaratdı, həm də işin istiqamətini bir qədər dəyişmiş oldu. Məsələn, hazırda özəl sektorda klassik dünya ədəbiyyatından daha çox bazara işlək bədii əsərlərin, bestsellərin, yeni Nobel mükafatçılarının, dünya arenasında qalmaqallı reputasiyası olan, yaxud başqa bir şəkildə reklamı təşkil edilmiş ədəbiyyat nümayəndələrinin əsərlərinin tərcümə bumu yaşanmaqdadır (bunların arasında 150 cildliyə daxil edilmiş əsərlərə az rast gəlinir). Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması isə bu işdə rəqabəti artırmaqla bərabər, yaxşı mənada müəyyən “sıxışdırma işi” də aparacaq. Yəni müəyyən tərcüməçilər də, tərcümə işi ilə məşğul olan müəyyən qeyri-peşəkar qurumlar da sıradan çıxarılacaq və ya işi azaldacaq. Bu da mütləq prosesdir. Amma gözlənilənlər sırasındadır.

Hal-hazırda tərcümə işində vəziyyət necədir və əsas olaraq hansı problemlər görünür? Biz bu istiqamətdə danışmağa çalışacağıq.

Əvvəla, birinci dildən tərcümənin azlığı, yazıçı və ədəbiyyatçı olmayanların birinci dildən etdikləri tərcümələrin böyük qismində gözlənilən effektin əldə olunmaması, yazıçı və ədəbiyyatçıların isə daha çox ikinci dillə işləməsi problemləri var ki, bu barədə çox danışılıb və bu, əslində həlli olan məsələlərdəndir. Çox sadə bir yol var – ikinci dildən tərcümə edən yaxşı tərcüməçiləri sahib olduqları dil bazasından asılı olaraq müəyyən istiqamətlərdə təkmilləşdirmə işlərinə cəlb etmək. Və bu görünən istiqamət olsa da, çox böyük və şaxəli prosesdir. Amma nəticənin müsbət olacağı göz önündədir.

İkinci (əslində, sıralamada birinci də ola bilərdi) problem dillə bağlıdır. Və onun hələ ki, həlli mümkün görünmür, səbəbini izah etməyə çalışaq.

Tərcümə sahəsində bum yaşandığı üçün söz sənəti ilə əlaqəsi olmayan insanlar belə (hətta çox ucuz qiymətə!) bu işlə məşğul olmaq istəyirlər (eyni bum müasir mətbuatın, televiziyanın da problemidir. Nəzarət və seçim mexanizmi olmadığından istər ekranda, istər saytlarda, istərsə də qəzet səhifələrində hər cür kadr olmayan “kadrlara” çox rast gələ bilərsiniz). Nəticədə bu sahədə çalışan ana dili bilməyən insanların sayı artır. Amma nəzərə alınmalıdır ki, bir tərcüməçiyə başqa dili öyrətmək mümkündür, amma o öz dilini bilmirsə və genetik olaraq onda dil duyumu yoxdursa, bu prosesin çətin, bəlkə də mümkünsüz olduğunu söyləmək olar. Müasir tərcümə kitablarının böyük əksəriyyətində bu problem o qədər qabarıqdır ki, o mətnlərə baxdıqda müəllif üslubu, müəllif təhkiyəsi kimi məsələlərə diqqət yetirməyə fürsət qalmır. Çünki bərbad və pinti dil oxu prosesinin reallaşmasına mane olur. Bu səbəbdən də xüsusilə bədii tərcümədən söhbət gedirsə tərcüməçinin tərcümə etdiyi dildən daha yaxşı və daha səlis bir şəkildə öz ana dilini – bədii dilini bilməsi tələb olunur. Bütün koloriti, məcaz qatları, frazeoloji tutumu ilə bərabər. Məhz tələb olunur!

İş prosesində tez-tez müşahidə edilən mənzərə belədir: əgər tərcüməçi tərcümə etdiyi dili yüksək səviyyədə bilmirsə, onun hər hansı bir sözü, ifadəni araşdırıb öyrənməsi mümkündür (çoxqatlı olduğu üçün dil hər zaman inkişafda, dəyişimdədir – tərcüməçi də həmçinin). Amma öz ana dilini yüksək səviyyədə bilmirsə, sözü duymaq bacarığı yoxdursa hər hansı sözün, ifadənin düzgün çevrilmədiyini, yerində olmadığını, “yerləşdirildiyi yerə yad gəldiyini” də hiss etməyəcək; daha dəqiqi, doğru olanının tapılmasında çətinlik çəkəcək. Bu səbəbdən də aşağıdakı şəkildə qurulmuş cümlələrə tez-tez rast gəlməli oluruq: “Beyker küçəsində həqiqətən də bizi qeyd gözləyirdi” (A,K.Doyl – qasid), «…işlərində başarısızlığa uğrayanlar, qısacası İspaniya ədliyyəsinin aradığı nə qədər qaçaq, ya da oğru varsa hamısı Eldoradoya gedəcək olan gəmiyə doğru axın edir. » , - «…pis hava şərtləri səbəbiylə briqadalar geri dönmək zorunda qaldılar» (S.Sveyq), “üçüncü oğul yıxıldı, başı yad adam başı kimi yerə dəydi” (Platonov) və s.

Bu problemə yol açan səbəb: tərcüməçi tərcümə etdiyi əsəri oxucu kimi oxumağı bacarmalıdır. Əsas problemlərdən biri budur ki, tərcüməçi oxucu olmağı bacarmır. Əgər mətni oxucu kimi oxumağı öyrənərsə, o zaman bərbad tərcüməni özü belə oxuya bilməyəcək. Yəni yanlışları da, qüsurları da görə biləcək.

Başqa bir problem yaxın dillərdən tərcüməyə meylin artması ilə bağlıdır. Türk dili yaxın dil olduğu və bizdə anlaşıldığı üçün bir çox nəşriyyatlarda dünya ədəbiyyatının ondan tərcüməsinə üstünlük verilir – asan və ucuz başa gəlsin deyə. Tərcümə işi ilə yeni məşğul olmağa başlayanlar da yanlış olaraq yaxın dildən tərcümənin rahat olduğunu düşünür və bu cür işləri məmnuniyyətlə qəbul edirlər. Halbuki yaxın dildən tərcümənin də özünəməxsus problemləri var.

Nəticə: hibrid dilli mətnlər meydana gəlir. Oxuduqda anlaya bilmirsən ki, mətn türkcədir, ingiliscədir, yoxsa Azərbaycan dilində “qurulub”. Türk sözlərinin əksəriyyəti qarşılığı tapılmadan olduğu kimi saxlanılır və ya qarşılıq yanlış seçilir... Bu mətnlərdə nə qədər istəsəniz “başarı”, “zatən”, “karmaşık”, “dikkat etmək”, “şaşırmak”, “şaşkınlık”, “ulak”, “konum”, “ansızın” və s. kimi sözlərə rast gəlmək mümkündür.

İkinci dil kimi Türkiyə türkcəsinin seçilməsi başqa bir problemə də səbəb olur. Bu da əsas kimi götürülmüş mətnin özünün zəif olmasıdır. Bəzən nəşriyyatlar bunun özünü belə yoxlamağa cəhd etmirlər. Halbuki əsər yaxşı tərcümə edilibmi, ciddi bir nəşriyyatın işidir, yoxsa həvəskar işdir və s. bütün bu məsələlər nəzərə alınmalıdır.

Tərcümə zamanı müqayisənin aparılmaması da əsas problemlərdən hesab edilə bilər. Məsələn, bir əsərin ən azı türk dilinə və rus dilinə edilmiş tərcüməsi tutuşdurulduqda həm mətn keyfiyyəti, həm boşluqlar, həm də başqa problemlər ortaya çıxır ki, bu da həm tərcüməçiyə, həm də tərcümənin sifarişçisinə istiqamət göstərmiş ola bilər.

Tərcümənin əsas və heç də az əhəmiyyət daşımayan problemlərindən biri müəllif və əsər adlarının orijinal formada saxlanılıb-saxlanmaması məsələsidir. Bununla bağlı ümumi qayda müəyyən edilməlidir. Hazırda bunu nəşriyyatların özləri istədikləri şəkildə qeyd edirlər. Orijinaldakı kimi saxlanılarsa – türklər etdiyi kimi – oxu prosesində problemlər yaşanacaq. Bu, mütləqdir. Məsələn, İtalo Kalvino İtalo Calvino kimi oxunacaq. Bu problemin bir variantı müəyyən edilməlidir – məsələn, hər iki variantın göstərilməsi kimi ola bilər.

Bədii tərcümənin uğurlu olmasını təmin edən yollardan biri əsasən yazıçıların bu işlə məşğul olmasıdır. İstedadlı yazıçının yaxşı tərcüməçi olması şansı daha artıqdır. Və yaxud, yaxşı ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyatşünas elmi-nəzəri ədəbiyyatın uğurlu tərcüməçisi ola biləcək. Yəni profil mütləq müəyyən edilməlidir.

Tərcümə sahəsinin bu gün üçün ən böyük problemlərindən biri də redaktor problemidir. Əslində, bu yalnız tərcümənin deyil, sözün işləndiyi əksər sahələrin ümumi çətinliyidir. Ancaq təəssüf ki, az əhəmiyyət verilir. Halbuki tərcümə mətninin uğurlu olub-olmadığını da, orijinalla uyğun gəlib-gəlmədiyini də, söz və ifadələrin yerinə düşüb düşmədiyini də, ən nəhayət, problem çoxluğundan sonuncu yerə gələn müəllif üslubunun qorunub-qorunmamasını, yaxın bir yol seçilib-seçilməməsini də hər zaman yaxşı redaktor müəyyən edir (bəzən tərcüməçi tərcümə etdiyi dilin cümlə quruluşunu saxlayaraq “üsluba xələl gətirmirəm” də deyə bilər...). Etməlidir də. Amma təəssüf ki, yaxşı redaktor yetişdirilməsi də bir çox başqa işlər kimi hadisələrin axınına buraxılıb.

# 2045 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #