Kulis.Az məşhur repçi Anar Nağılbazla müsahibəni təqdim edir.
- Anar Nağılbaz kimdir?
- Azərbaycan Respublikasının vətəndaşı Cəbiyev Anar Rizvan oğlu, yəni Anar Nağılbaz, XX əsrin sonlarına yaxın anadan olub, uşaqlıq dövrünü, gəncliyini, yeniyetməlik çağlarını bir quruluşda, XXI əsri isə şükür allaha ki müstəqil respublikamızda yaşayan insan, sıravi vətəndaş.
- Təxəllüsünüz niyə məhz Nağılbazdır?
- Bu təxəllüsü götürməyim sadəcə gənclik çılğınlığından irəli gəlirdi. Yaradıcılığa ilk olaraq nağıllardan başlamışam. Uşaqlıq illərindən nağıllar, şeirlər, hekayələr yazmışam. Mətbuatda çox çap olunmuşam. “Nağılbaz” təxəllüsünü götürməklə hər kəsə aşılamaq istəyirdim ki, hər bir kəs öz həyatının nağılının bazı olmalıdır. Həm də bir nağılçı kimi məişətdə, cəmiyyətdəki nağıllarımızı rep diliylə, şeir diliylə yaradırdım. Və elə oldu ki, həmin bu gənclik çılğınlığı sonradan böyük işlərə keçdi.
- “Kirpi” və “Naxçıvan” qəzetlərində də çalışmısınız...
- Bu qəzetlərdə 16-18 yaşlarımda “stajor” kimi çalışırdım və qonorar alırdım. Yolların bərbad olmasından, hansısa bir polisin rüşvət almasından kiçik felyetonlar yazırdım. Böyük yazılar deyildi.
- Keçmiş millət vəkili Rizvan Cəbiyevin oğlusunuz. Atanızın rep deməyinizə münasibəti necə idi? Repə görə sizə irad tuturdumu və yaxud əngəllər yaradırdımı?
- Rizvan müəllim, məni hüquqşünas, tarixçi, daha doğrusu jurnalist kimi görmək istəyirdi. İstəyirdi ki, jurnalistika fakültəsinə daxil olum. Ancaq ürəyimdəki incəsənət yanğısı, televiziyaya, kinoya olan sevgim üstün gəldi. Bu yolu seçdim. Bilirsinizmi, hər kəs özü öz yolunu seçir və bu yolla irəliləyir. Və elə oldu ki, reperlik sonradan mənim gündəlik işimə çevrildi. Artıq bunun işə çevrilməsini görəndən sonra kim nə deyə bilərdi ki?! Onlar da sonradan, 5-6 ildən sonra məcburi dəstəklədilər. Rep deməyə 1991-ci ildə başlamışdım. Haradasa 1995-ci ildən sonra razılaşıb, dəstəkləməyə başladılar. Ancaq yenə də fikirləşirdilər ki, bu ötəri hissdir, keçər yəqin. Hətta özüm də fikirləşirdim ki, nağılbazlıq ötəri duyğudur, keçib gedəcək. Ancaq belə olmadı. Xalqımız repi sevdi və insanların dinlədiyi musiqilərin arasında onun da yeri var.
- Atanızın dostlarından replərinizə görə sizi sevənlər var idi?
- Vallah, adını xatırlamıram. Milli Məclisdə atamın danışdığı xatirələrdən biridir. Sessiya vaxtı bir deputat tribunadan atama deyib ki, Rizvan müəllim, sizə böyük hörmətim var, amma sizin o kiçik oğlunuz var ha Anar, onun yazılarına daha çox hörmətim var, bir az həqiqəti söyləyir (gülür). Mən Rizvan kişinin oğluyam, insan kimi formalaşmağıma atamın böyük rolu olub.
- Azərbaycanda “Repin atası” kimi sizi kimi görürlər. Ancaq repin ölkədə populyarlaşmağında mərhum Çingiz Mustafayevin də adı hallanır...
- Bunu həmişə demişəm, təkrar olsa da indi də deyirəm ki, şəhid qardaşımız Çingiz Mustafayev ilk dəfə deklomasiya xarakterli bir yazı hazırlamışdı. Çingizin yazdığı “Dünənki keçdi”nin həm rep hissəsi, həm də deklomasiya hissəsi vardı. Və ilkin olaraq bu deklomasiya yaddaşlarda həkk oldu. Mənə isə Azərbaycan repinin ilk pioneri olmaq şərəfi nəsib oldu. Günüm-güzəranım ancaq rep yazmaq, studiyalarda çalışmaq və konsertlər təşkil etmək idi. Azərbaycan dilində repin alındığını hamıya sübut etdim, repin ölkəmizdə inkişafına dəstək oldum.
- 90-cı illərdə “Bakı oğrusu” filmi ilə də gündəm yaratdınız. Filmdə erotik səhnələr, narkotik maddələrə təhrik var idi. Filmə görə ictimai qınağa tuş gəlmədiniz ki?
- Bu film mənim diplom işi idi. Mən heç vaxt açıq-saçıqlığın tərəfdarı olmamışam. Yazdığım mahnıdan bir sitat kimi gətirim: “Birləşsə əgər sülh ilə insan, allaha gələrsə xətt içində, bu dünyada etsə yaradanlıq öz həqqinə itaət içində, batmazdı inan bir də əl qana, ölməzdi yer siyasət içində”. Əgər insanlar hamısı allahı sevsəydi, ibadətlə ömürlərini keçirsəydilər həyat tamam başqa cür, fərqli ola bilərdi. Yeni müstəqillik əldə edən dövlətin şübhəsiz ki, yolları ilk vaxtlar çala-çuxurlu olur. İnsanlar çox əziyyət çəkirlər. “Bakı oğrusu” filmi Azərbaycan Dövlət və Mədəniyyət Universitetində televiziya rejissoru kimi mənim diplom işim oldu. Bu işi bir neçə dostun köməkliyi və konsertlərdən qazandığım pullarla ərsəyə gətirdim. Deyim ki, bu gün film kimi “Bakı oğrusu” filmini çox zəif hesab edirəm. Ancaq ilk işim idi, pulun az olduğunu nəzərə almalıyıq. Bu tələbələrin işidir, ona görə uğurlu sayıram və uğurlu hesab edənlər də var (gülür).
- Həmin bu filmdə sizin oynadığınız obraz bacısını namus üstündə qətlə yetirir. İndi cəmiyyətimizdə namus qətlləri artıb. Bu vəziyyətə münasibətiniz necədir?
- Əslində filmdə köhnə və təzə dövrün müqayisəsini göstərmək istəyirdik. Qeyrət üstündə oğlan girir zindana, çıxır və görür ki, uşaqlıqdan bir yerdə böyüdüyü dostu da dəyişib, hamını başqa cür görür. Qardaşı narkotikaya qurşanıb, bacısı pis yola düşüb. Ortada əsas fikir odur ki, filmin qəhrəmanı düşünür ki, mən zindana düşmüşəm, ailə üzvlərim korluq çəkiblər, ona görə bu yola düşüblər. Ancaq bütün bu bəlalarda onun yaxın dostunun barmağı var. Biz əsas bunu aşılayırdıq ki, o dövrdə insanlar dostcanlı, amma seçimlərində bir az diqqətli olsunlar. Həyatda, atdıqları addımlarına fikir versinlər. Pis şeylərə qurşanmasınlar. Hər deyilən sözdən ayrı bir fikir çıxarmasınlar. Filmin sonunda rəhmətlik Telman Adıgözəlovun oynadığı bir yer var. Orda deyir ki, sən Bakı oğrusunun qızını oğurlayıb, aparırsan. Halaldı, sənə. Yəni ki, məna etibarı ilə odur ki, indi artıq bizim milli-mənəvi dəyərlərimizi xaricilər oğurlayıb aparırlar. Və bizə heç olmasa bu yöndə ayılmaq lazımdı ki, bundan sonra biz güclü millət olaq. Öz milli-mənəvi dəyərlərimizi qorumaq lazımdır. Pak məhəbbətdi, pak dostluqdu, belə ülvi hissləri qorumaq lazımdır. Namus cinayətlərinə isə münasibətim çox pisdir.
- Anar Nağılbaz əvvəl daha çox sevilirdi, ya indi?
- Hər dövrün öz maraqları var. O dövrün marağı onda idi ki, rep musiqi növü kimi yeni idi və daha çox sevilirdi. O vaxt hələ hip-hop mədəniyyətinin yaranacağını heç kəs bilmirdi. Bildiyiniz kimi rep hip-hop mədəniyyətinin bir qoludur. Brekdans oynayanları, qrafikçi rəssamları, kapoeraçıları, DJ-ləri hip-hop mədəniyyətinin nümayəndələri hesab etmək olar. Hələ o zamanlar gənclərin hip-hopa böyük axını vardı. Gənclər rəqs etməyə daha çox üstünlük verirdilər. Həmin o brekdans tipli, hip-hop stilində kapoeraya yaxın rep rəqslər qurulurdu və qruplar həddindən artıq çox idi. Biz bir dəfə konsert təşkil etdik və təxminən 4-5 saat davam edən konsertdə hardasa 60-a yaxın qrup oxudu. O qrupların hərəsinə bir nömrə ayrılmışdı. Həmin qruplar çalışırdılar ki, peşəkar iş görsünlər. Düzdü o qrupların çoxu dağıldı. O vaxt mən də öz qrupumu yaratmışdım: “Canlı klip”. Qrupa ona görə “Canlı klip” adı qoymuşdum ki, səhnədə bir mahnını təfsilatı ilə açırdıq. Bunun üçün bizim bir neçə aktyorumuz, bir neçə rəqs edən üzvümüz var idi ki, onlar tamaşa qururdular. Və mən oxuduğum rep müddətində onlar səhnədə o tamaşanı göstərirdilər. Bu səhnə ilk vaxtdan çox müsbət qarşılandı. Ona görə də davam elədik (gülür).
- İndi daha çox nədən şikayətçisiniz?
- Anar kimi, yoxsa Nağılbaz kimi?
- Həm Anar kimi, həm Nağılbaz kimi.
- Nağılbaz kimi şikayətim Bakıda rep klubun olmamağıdır. Çünki bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hər birində reperlərin klubları var. Rep sevərlər gəlib orda rep deyirlər. Xarici repçiləri də ora dəvət edib, konsertlərini təşkil edirlər. Təkcə bu yox, həm də hip-hop mədəniyyətinə aid paltarların satışı, prodüser mərkəzləri və s. Belə bir klub çoxdan olmalı idi, hesab edirəm ki, vaxtı çatıb və rep klub Bakıda fəaliyyət göstərməlidir. Muğam teatrımız, meyxana teatrımız var, ancaq rep teatrı, klubu yoxdu. Hal-hazırda Azərbaycanda 2000-ə yaxın hip-hopçu var. Kapoeraçılar, brekdansçılar, qrafikçilər, rep oxuyanlar-bunların sayı təxminən 2000-ə yaxındır. Bu artıq böyük təşkilat deməkdir. Elə siyasi partiyalar var ki, onların heç bu qədər üzvləri yoxdur (gülür). Hələ bu gənclərin fanat ordusunu da üstünə gəlsək, inandırım sizi bir milyondan çox olarlar. Bir milyona yaxın olar ki, az olmaz. Bu klub yaransa, gənclik də bizi gələcəkdə yaxşı şəkildə yad edər (gülür).
- Qız fanatlarınız çox olub?
- Qız fanatlarım çox olub. Deyim ki, az olub, olmayıb, çox olub. Xarici müğənnilərin konsertlərində qızların yaratdığı ajiotaj bizim konsertlərdə də çox olub.
- Repçiləri daha çox narkoman kimi xarakterizə edirlər. Bu ittihamlar sizdən də yan keçməyib...
- Bəlkə ilk məşhur olan repim “Narkodünya” olub deyə belə düşünürlər. “Narkodünya” repində belə sözlər var: “qulaqda bir söz var, dil üstdə bir köz var”, yəni ki, artıq dilimizə köz çıxıb, “qulağımızda eyni söz səslənməkdən yığılmışıq boğaza, ay camaat bəsdir bu mənzərələr olmasın”. Girirəm blokda görürəm damara “işləyirlər”, işə gedirəm eyni şey. Hətta artıq qonşularda bu eybəcər mənzərəni görürsən. Həm də bəzi xarici repçilər təqlid edirlər. Məsələ təqlid etməkdə deyil. Yaxşı təqlidin özü də tənqiddir. Yəni ki, baxın, ay camaat, mən bu gündəyəm, uymayın bu yola. Bir ara ona qalsa həmin “iddiaları” meyxanaçılara da şamil edirdilər. Görürsünüzmü, dəstək olandan sonra meyxana teatrı da yarandı. Verilişləri də, konsertləri də keçirilir. Repçiləri narkoman damğasıyla ittiham edə bilməzlər. Reperlər narkoman deyillər. Ola bilər ki, tək-tük içimizdə kimsə ola bilər. Amma bunu hamıya aid etmək olmaz.
- Yazdıqlarınızı kitab halında çap etmək istəyirsiniz?
- Mən bu günlərdə həyatımın “Nə edirəm, nə edəcəm” sualı qarşısındayam. Belə deyək, keçid dövrünü yaşayıram. Müxtəlif dövrdə poema, hekayələr, kiçik povestlər, pyeslər yazmışam. Onları dirildib kitab şəklinə salmaq niyyətim yoxdur. İldən-ilə düşüncələr, fikirlər dəyişir. Haradasa ola bilər müəyyən yazılarımı saxlamaq şərtilə toplu halında buraxım kitabı. Ancaq bu günlərdə kitabın alıcılıq qabiliyyəti aşağı düşüb. Kitabımı böyük tirajla çap etdirməyəcəyəm. Gələcəkdə oxuculuq qabiliyyəti qalxsa, bu haqda düşünmək olar.
- Başınızda papaq, əldə təsbeh, bu, replə nə dərəcədə assosiasiya olunur?
- Çox yaxşı sualdır (gülür). İnternetdə Promete ilə bizim “Qəribə vaxtlar” mahnımızın klipimi yayımlandı. Videonun altında bir komment oxudum, yazıblar ki, elə bil Anarı məcbur ediblər rep deməyə (gülür). Yəni o görünüşdə repçiyə bənzəmir, o geyim reperə yaraşmır. Heç reperə bənzərliyi yoxdur. Yeniyetməlik vaxtlarımda enli şalvarlar- o qədər enli yox-bir az enli şalvarlar geyindiyim vaxtlar olub. Düzdü, bu papaq o vaxtlar imic kimi olub. Hətta saçımı tökən də papaq olub. Amma indi soyuq dəyməsin deyə qoyuram. Artıq imicdən keçib (gülür). Hal-hazırda qaçaqaçdayam, bu qaçaqaçı əlimdəki bu təsbeh sakitləşdirir. Qaçaqaçdan qurtula bilmirik. Həyatımız qaçaqaçdan ibarətdir. Balalarımıza bir tikə çörək aparmaq üçün qaçaqaçdayıq. Sadəcə gündəlik tələbatları ödəmək üçün yaşayırıq.
- Oxuduqlarınıza görə təzyiqlərə məruz qalmısınız?
- Təzyiqlər olub. Hətta deyərdim dəfələrlə olub. “Narkodünya” mahnısı çıxan zaman mənə yalandan hüquq mühafizə orqanlarının işçisi kimi təqdim edən bir nəfər içkili şəkildə dedi ki, filan mahnını oxuyanı axtarıram, onu tutsam belə eləyəcəyəm. Onu basacam “padval”a. Dedim sən kimsən, sözləşdik. Sonradan məlum oldu ki, ümumiyyətlə heç kim deyilmiş (gülür).
- Bəs “narkodünya”dan sizinlə görüşmək istəyənlər olurdumu?
- Həyat bizi haralara atıbsa, sıravi insanlarla müxtəlif vaxtlarda, müxtəlif yerlərdə görüşmüşük.
- Anar Nağılbaz həyat nağılının bazı ola bildimi?
- Mənim köhnə repim var: “Köhnə kişilər”. Orda belə sözlər var: “Mənim nağıllarım bir eşq, bir həyat. Çiçəyin çiçəklə sevgi nəğməsi. Çiçəyin bir qurtum su istəməsi, uzaqda sanmışam nağılı niyə? Hər zaman yandığım nağıl olubmuş. Mənim həyatımda keçən hər sükut, hər sakit dəqiqə, sakit saniyə sonralar andığım bir nağıl olmuş”. Hər bir insan həyatının bazı olmalıdır.