Çox yaşa, Barış Manço!

Çox yaşa, Barış Manço!
2 yanvar 2013
# 14:37

Dünyaya Barış gəlir

İkinci Dünya Müharibəsinin ortalarında, 1943-cü ildə İstanbulun Üsküdar əyalətində Konyalı Karamanco tayfasına məxsus ailədə bir oğlan uşağı dünyaya gəlir. Müharibənin bitməsini arzulayan ata, övladının adını Barış qoyur. Barışın üç yaşı olanda valideynləri ayrılır. Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi - anası ilə tez-tez görüşür. Anasının musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Litseyində oxuduğu müddətdə musiqi ilə maraqlanmağa başlayır.

Üzü Avropaya

Bu maraq onu Belçika Kral Akademiyasına aparır. Barış Kral Akademiyasında təhsil almaq üçün Belçikada yaşayan böyük qardaşı Savaşın (1941-ci ildə dünyaya gəldiyinə görə atası ona bu adı verib) yanına gedir. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulçu işləyir.

Barış hələ Belçikaya gedərkən yolüstü Parisə dönmüş, tanınmış müğənni Henri Salvadorla görüşərək, Fransada yaşamaq və musiqisahəsində çalışmaq arzusunu bildirmişdi. Onun fransız dilində zəif danışmasını bəhanə edən məşhur müğənni bu türk balasını başından eləmişdi.

...Barış Belçikada Andre Soulac adlı bir şairlə tanış olur və ondan fransız dilini mükəmməl öyrənməyə çalışır. Sonra dostlar yaradıcılıqlarını birləşdirmək qərarına gəlirlər. Andre Barışın musiqisinə şeirlər yazır. Barış kiçik konsertlər verərək ­fransızca oxumağa başlayır.

Bir gün Barışı fransız radiosu pop musiqi məzmunlu bir proqramına dəvət edir. O, öz mahnılarını radio vasitəsilə yayımlayır. Lakin Fransanın məşhur bir sənətçisi aksentlə oxuduğuna görə Barışın mahnılarının səsləndirilməsinə qadağa qoyur.

İstanbula qayıdış

Avropadakı musiqi karyerasının bitdiyini düşünən Barış, yenidən İstanbula dönür.

Biz Barışı yenicə tanımağa başlayanda, onun mahnıları artıq hitə çevrilmişdi. Uzun saçlı, qalın bığlı, dərviş çuxalı, çarıxlı, biləkləri qolbaqlı dərviş Barış Manço türk musiqisini rok və cazla qarışdıraraq, tamamilə yeni musiqi altında, sevimli bir səslə oxuyurdu. Onun epik mahnılarının hər birində bir əfsanə, bir insan taleyi, bir dərviş əhvalatı yatırdı. Lakin mühafizəkar Türkiyə cəmiyyəti onun qeyri-adi imicini, uzun saçlarını qəbul eləyə bilmirdi. Hətta buna görə, Barışın həyatı dəfələrlə təhlükə altında qalıb. Belə ki, Barış Manconun sənətçi dostları ilə getdiyi xüsusi avtobusu ayrı-ayrı illərdə iki dəfə partladıblar. Sui-qəsdlər uğursuz olduğuna görə onlar canını salamat qurtara bilmişdi.

Yaşadığı qadınlar

Barış həyatında üç qadınla duruş gətirə bilib. İlk yaşadığı xanımla təsadüfən tapışırlar. Belçikada qardaşıgildə olarkən, kiməsə zəng vurmalı olur. Evdə telefon işləmədiyinə görə, Barış yuxarı mərtəbədəki qonşunun qapısını döyür. Qapını onun üzünə gözəl bir xanım açır. Gənc xanımın gözəlliyindən özünü itirən Barış qapı ağzında bir xeyli dayanıb ona tamaşa eləyir. Həmin evdə qonaq olan, türk dilini bilən belçikalı gözəl Maria Klaudi gülərək, onu içəri dəvət edir. Zəng elədikdən sonra Barış ilk dəfə gördüyü Mariaya belə deyir: “Məni sevərsənmi?” Maria saçlarını gözünün üstündən kənara ataraq: “Əlbəttə!” cavabını verir. Beləcə, əl-ələ verərək, altı aya yaxın birgə yaşadıqdan sonra ayrılırlar. Bu ayrılığın səbəbi indi də sirr olaraq qalır.

Bir neçə ildən sonra Barış, Türkiyə gözəllik yarışmasının kraliçası seçilmiş Əzra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur.

Üçüncü dəfə Lalə Çağlar ilə baş-başa verib yaşayan Barış, ömrünün sonuna qədər ondan ayrılmır. Bu evlilikdən onların Batıxan və Doğuxan adlı iki oğlu dünyaya gəlir.

“Gülpəmbə”nin sirri

Lakin, dayanın! Bu iki oğlan uşağının təvəllüdü arasındakı zamanda onların bir qızı da dünyaya gəlibmiş. Heyhat, qızcığaz cəmi bir neçə ay yaşaya bilir. Barış onun adını Gülpəmbə qoyubmuş. Dərvişin “Gülpəmbə” mahnısındakı yanğı da bundan imiş! Barış uzun saçlarını ağartdığı zamanlarda da “Gülpəmbə”ni ağlaya-ağlaya oxuyurdu:

Sən gülüncə güllər açır, Gülpəmbə

Bülbüllər həp sənə söylər

Biz dinlərdik, Gülpəmbə.

... Yüz yağmurlar yağa

Bir gün köçdün getdin

İnanamadım, Gülpəmbə

Bizim illər səssiz

Bizim illər sənsiz olamadı, Gülpəmbə!

Dodağımda son bir türkü

Halə həp səni söylər

Həp səni çağırar, Gülpəmbə!..

Bayaq bu mahnıya yenidən qulaq asdım. Barmaqlarında iri üzüklər, biləklərində qolbağılar, uzun saçları ağarmış, üzü qırışmış Barış yenə o məsum qızını ipək səsilə əzizləyirdi: “Gülpəmbəəə!”

Qızı dünyaya gələndə Barışın bir ata kimi nə qədər sevindiyini, səsindəki bu kədərin dərinliyindən, musiqinin gözəlliyindən tam duymaq olur...

Dərviş Barış

Bəli, Barış bir dərviş idi, Türkiyəni, türkləri, bütün insanları sevirdi. Barış ən kiçik bir insan xatirəsini belə, gözəl nəğməyə çevirə bilirdi. Şeirləri özü yazır, musiqini özü bəstələyir, nəğmələrini özü oxuyurdu...

Barış Mançonu dünyanın hər yerində sevirdilər. Avropada onu dinləməyə gələnlər konsert zalına, stadionlara sığmır, aşıb-daşırdı. Barış Yaponiyaya səfər edəndə yapon cocuqları sevindiklərindən bayram paltarı geyinirdilər.

Onun oxuduğu nəğmələrdə Şərqlə Qərb birləşir, qaynayıb-qarışırdı. Bu iki əks mədəniyyəti yalnız Barış barışdıra bilirdi. Onun şərqilərindən təkcə insanlara deyil, ümumilikdə heyvanlara, təbiətə, bütöv kainata sevgi saçılır.

Eşşəyin arkadaşı

Barış kənddən şəhərə qayıtmış şəhərli cocuğun adından kənddəki eşşəyə öz nəğməsilə məktub göndərir. Sən demə, cocuğun özü eşşəkdən məktub gözləyirmiş. Ona görə sevimli eşşəyinə “unutdunmu məni?” yazır. Cocuq yazdığı məktubunda həyətdəki heyvanların da halını soruşur:

Çilli horuz kedilərlə savaşıyormu,

Oğlaqlarla quzular sevişiyormu?..

Barış eşşəyi “Arkadaşım!” deyə səsləyir.

Əslində, Barış Manco gördüyü hər şeylə - əşyalarla, ağaclarla, bitkilərlə, heyvanlarla, böcəklərlə danışa bilir. Dağlara “Qurban olum!” deyə oxuyur:

Dağlar, dağlar!

Qurban olum, yol ver keçim

Sevdiyimi son bir anda

Yaxından görüm...

Ürəyi istəyəndə şəhər küçəsinin ritmini öz nəğmələrinə calayır. Küçə alverçisinin bağırtısına, söz düzümünə musiqi bəstələyir: “Domates, biber, patlıcan!”

Barış sevgi-ayrılıq haqqında oxuyanda istənilən adamın xatirəsi vərəqlənir:

Qurumuş bir çiçək buldum

Məktubların arasından

Bir tək onu saxlıyorum,

Onu da çox görmə bana...

Bu nəğmədə “unut məni!” deyib məktublarını, şəkillərini geri istəyən sevdiyinə dərvişanə oxuyur:

Ben nasıl unuturum seni

Can bedenden çıkmayınca?

“Qol düymələri” nəğməsində bir gözəlin nə vaxtsa ona bağışladığı bir cüt qol düyməsindən söz açır. Sevdiyi insanın hədiyyəsindən kədərli bir xatirə danışır. Sevənləri qovuşdurmaq arzusu ilə, köynəyin qollarında ayrı düşən düymələri axşamlar birləşdirərək bir qutuya qoyur:

İki küçük kol düymesi

Büyük bir aşk hikayesi...

Həm də hədiyyəni aldığı günü bütün detalları ilə necə xatırlayır:

Hatırlaram bu gün kimi

Səssiz keçən son gecəyi

Başın önə əyik bir suçlu kimi

Bana verdiyin hediyyeyi...

Barış şair idi, bəstəçi idi, oxuyan dərviş idi. Barış uşaqlar və böyüklər üçün kültür-əyləncə proqramı olan “7-dən 77-yə” adlı son dərəcə maraqlı bir verilişin yaradıcısı və aparıcısı idi. Barış “Milliyyət” qəzetində “Oku, bakalım!” rubrikası altında gündəlik həyatdan yazılar yazırdı. Barış həm də bugünki ev-muzeyini zənginləşdirən əntiq əşyalar toplayırdı...

Elçibəy sevgisi

Barış siyasətçi deyildi, heç bir partiyanın da üzvü olmadı. Lakin bir dəfə prezident olmaq arzusunu dilinə gətirmişdi. O, Türkiyə ictimai-siyasi həyatına yeni çalar, rəng, ritm gətirmək üçün bu arzuda olduğunu bildirmişdi. “Xalq seçməli olsaydı, bilirəm ki, bütün Türkiyə məni seçər!” demişdi.

Biz hamımız Barış Manconu, Barış da Əbülfəz Elçibəyi çox sevirdi. Ölkə başçısı olmaq onun ağlına, ola bilsin, Elçibəyin prezidentliyindən sonra gəlmişdi. Kim bilir, bəlkə də bu yolla Süleyman Dəmrəldən Elçibəyin öcünü almaq istəyirmiş...

Ölümlərin ən gözəli

Barışın qəfil ölümü hamımızı sarsıtdı. Bu gözlənilməz ölümün səbəbi kimi, sevgilisi ilə oteldə olarkən, onun yüksək dozada “Viaqra” qəbul etdiyi şayiəsi yayıldı.

Mən o zamanlar ağlamağı tərk etmiş yaşda idim, lakin sevdiyim insanın ölüm xəbərini eşidəndə bütün günü göz yaşlarımı saxlaya bilmədim. Barışın ölümünə mənimlə birgə ağlamaq üçün 80-ci illərin tələbəlik yoldaşı tatar əsilli dostum Sergey Qəniyev Moskvadan zəng eləmişdi. Biz telefonda səs-səsə verib, xeyli hönkürdük.

Barış Manconun dəfn mərasimini televizordan izləyirdim. Bu böyük insanı son mənzilə yola salan izdiham ölümün acığına əl çalırdı. Türkiyənin al bayrağına bükülmüş, güllərə bələnmiş cənazə bütün yol boyu alqışlanırdı. Yəni, gözəl yaşadın, Barış Manco, çox yaşa!

# 5568 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #