Haqqını almamış adam - SEYMUR BAYCAN YAZIR

Haqqını almamış adam - <span style="color:red;">SEYMUR BAYCAN YAZIR
10 iyul 2015
# 07:30

Bəri başdan etiraf edək ki, çox adam Abdulla Şaiqi “Xoruz” və “Keçi”, bəziləri isə “Tülkü həccə gedir” şeirindən tanıyır. Çox adam Abdulla Şaqin xatirələrindən, yaradıcılığının digər sahələrindən, pedoqoji fəaliyyətindən xəbərsizdir.

Abdulla Şaiq bir imza kimi nə qədər məşhur olsa da haqqını almamış adamdı. Adı məktəblərə, küçələrə, teatra, kitabxanaya verilmiş bir şəxs haqqında haqqını almamış adam sözünü işlətmək yazını oxuyan adamlardan bəzilərinə qəribə gələ bilər. Abdulla Şaiq uşaq ədəbiyyatının inkişafına öz töhfələrini verdi. O, demək olar ki, uşaq ədəbiyyatının yaradıcılarından biri idi. Onun adı çox məşhurdur. Bəli, belə hallar olur, hətta şəxs nə qədər məşhur olsa da həqiqi və layiq olduğu adı, hörməti qazana bilmir. Çoxları Abdulla Şaiqin pedoqoji fəaliyyətindən xəbərsizdir. Pedoqoji fəalliyət - bu sözün o vaxtlar nə qədər böyük məsuliyyət, fədakarlıq, iradə, inam və ümid tələb etdiyini bir az anlamaq üçün gərək o dövrün şərtlərindən az-çox xəbərdar olasan. Əks halda pedoqoji fəalliyətin o dövr üçün nə məna daşıdığını anlamaq çətindir. Təsəvvür edin, adamlara rəsmən lənətlər oxunur, onları kafir adlandırırlar. Abdulla Şaiq Tiflisdə doğulmuşdu. Bir müddət İranda yaşamışdı. Bakıda isə müəllimlik etmişdi. Bununla yanaşı imkan düşəndə kəndleri, bolgələri gəzmiş dövrünün muəllimləri mütərəqqi ziyalıları ilə münasibətdə olmuşdu. Kəndlərdə , bölgələrdə adamların həyatını yaxından müşahidə etmişdi. Onların yaşayışından xəbərdar idi.

Mənim başqa Abdulla Şaiqlə tanışlığım “Köç” povesti vasitəsiylə baş tutmuşdu. O vaxt oxuyarkən təbiət təsvirlərinə diqqət etmirdim. Daha çox süjetin və hadisələrin ardınca qaçırdım. İşin sonunu bilmək istəyirdim. Təfərrüatlar və təsvirlər məni yorurdu. “Köç” povestini oxuyarkən başladım təbiət təsvirlərinə diqqət eləməyə. Beləliklə yavaş-yavaş ədəbiyyatın daha bir həzzi ilə tanış oldum. Proses uzun sürdü. Bu povest təbiəti tanımağı, gördüklərimi qiymətləndirməyi, onun qədrini bilməyi öyrənməyimə köməklik etmiş oldu. Sonralar əsəri oxuyarkən təbiət təsvirlərinə daha çox diqqət etməyə başladım. Amma nə gizlədim, ədəbiyyatdakı təbiət təsvirləri ilə təbiətin özü arasındakı bağları tapmaq çox da asan başa gəlmədi. Hər dəfə əsərdə yaxşı təbiət təsvirinə rast gəldikdə, bilmirəm nədənsə istər-istəməz ədəbiyyat müəllimimizi xatırlayıram. Çox yaşlı bir müəllimə idi. Məktəbi o vaxt oxumuşdu ki, bir kitabdan otuz uşaq dərs hazırlayırmış. Biz qudurğanlıq edəndə, o, bu haqda oxumağın o vaxt necə çətin olmağından çox danışırdı və sözün həqiqi mənasında oxumaq üçün hər bir imkan olduğu halda uşaqların niyə oxumadığını başa düşə bilmirdi. Əlbəttə bütün bunları sonralar başa düşdüm. Çox çətinliklə oxumuş bir insan hər bir imkan olduğu halda oxumayan uşaqları necə başa düşə bilərdi? O, dərsdə hekayələri, şeirləri özü oxuyurdu. Yaxşı cümləyə rast gəldikdə oxumağını dayandırır, cümlənin altından qələmlə xətt çəkir, “ci-ci-ci” səsləri çıxarırdı . Biz də nə baş verdiyini başa düşmürdük. Ən yaxşı halda dərsi, şeri, hekayəni əzbərləyib qiymət alırdıq. Bu o müəllimələrdən idi ki, onların sayı çox az qalmışdı. Artıq sıraları xeyli seyrəlmişdi. O qədər yaşlanmışdılar ki, məktəbdəki müəllimlərin çoxu vaxtı ilə onların şagirdi olmuşdu.

Abdulla Şaiq çox gənc yaşlarından müəllimlik etməyə başlamışdı. O öz xatirələrində yazır:

“Mən müəllimlərimi çox sevirdim. Bilmirəm, mənmi həddindən artıq xəyalpərəst uşaq idim, ya onlar doğurdan da, bu qədər nəcib insanlardır? Mən onları uşaq xəyalımda dərəcə-dərəcə böyüdür, bir növ, bizim kimi adi insan olduqlarına inana bilmirdim. Onların hər bir hərəkəti, rəftarı məndə coşqun hisslər, yüksək düşüncələr oyadırdı. Dərsə olan sonsuz həvəsim və yorulmadan gecə-gündüz çalışmağım da müəllimlərimə sonsuz məhəbbətimdən irəli gəlirdi. Səhərlər alaqaranlıqda oyanır, dərslərimi lampa işığında təkrar oxuyub hazırlayırdım. Böyüdükdən sonra, müəllim olduğum zamanlarda belə , o müəllimlərimi unuda bilmirdim. Həmişə özümü onlara bənzətməyə çalışırdım.”

Abdulla Şaiqin atası ruhani idarəsində işləyirdi. Özünün yazdığına görə atasının Mirzə Fətəli Axundovla şəxsi tanışlığı varmış. Mirzə Fətəli onlara gəlib atasından dini kitablar götürürmüş. Mübahisə edirmişlər. Atası isə deyirmiş: “Çox ağıllı, bilikli, xeyirli adamdı, heyif ki, etiqadı xarabdı”.

Bu yaxınlarda “Xan” nəşriyyatında Abdulla Şaiqin “Xatirələr”i yenidən nəşr olunub. Bu xatirələr əsrin əvvəllərində baş verən hadisələr barədə təsəvvür yaradan azsaylı mənbələrdən biridir. Abdulla Şaiq Tiflisi belə təsvir edir:

“Xalqın şüurunda dini görüşlər, avamlıq və mövhumat çox möhkəm yer tutmaqda idi. Xalqın çoxu savadsız idi. Fala, duaya, pirlərə, caduya inam möhkəm idi. Avam arvadlar bir xəstəlik, ya da bədbəxtlik üz verən kimi falçılara fala baxdırır, altıbarmaq seyidə dua yazdırır, Tiflisin məşhur ruhanilərindən olan Mir Neymətulla Ağanın ocağından nicat, sağlamlıq və xoşbəxtlik istəyirdilər. Mir Neymətulla ağanın evi botanika bağının yanında idi. Atam danışırdı ki, Mir Neymətulla Ağanın həyətində iri, şaxəli, qoca bir tut ağacı var imiş. Bir gün qonşuluqda yaşayan avam bir qadın gecə qaranlıqda həmin ağacın altında işıldayan atəş böcəyini görüb, onu şama oxşatmış, səhər ətrafa səs salmışdı ki, gecə tut ağacının altında səhərə qədər şam yanmışdır. Həqiqəti anlamayan bu qadın ertəsi günü axşamçağı tut ağacının altında birinci şamı özü yandırmışdı. Beləliklə tut ağacı ocaq olur. Ona hər yandan nəzir-niyaz gəlməyə başlayır. Uşağı olmayan, ya da bir fəlakət üz vermiş qadınlar nəzir edib, tut ağacına əski bağlaya-bağlaya hər dərdin dərmanı bildikləri bu ağacı axırda qurutdular. Bundan sonra ağanın ocağını yaşatmaq üçün tut ağacının yerində böyük bir günbəz tikild”i.

Tiflis o zamanlar Qafqazın mədəniyyət mərkəzi olmasına baxmayaraq burda da cəhalət tüğyan edirdi. Abdulla Şaiq öz xatirələrində yazır ki, bu mövhumatın yayılmasında İrandan gələn mollalar, din xadimləri, dərvişlər xüsusi rol oynayırdılar. Abdulla Şaiq o zamanın tanınmış din xadimlərindən birini belə təsvir edir:

“Molla Həsən Ağa ucaboy, qarayanız və sağlam bir kişi idi. Vücuduna nisbətən kiçik başına qazan boyda iri bir əmmamə qoymuşdu. Təxminən altmış yaşlarında olan bu molla Tiflis camaatının əksəriyyətini öz təsiri altına ala bilmişdi. Minbərdə üzünü camaata tutub deyirmiş:

- Hər kəsin xanəsində rusca kitab olsa, hər kəs özünü rusa bənzədib, rus əlbisəsi geyinsə, kim uşaqlarını rus məktəblərində təlim və təhsil almağa qoysa qiyamət günü allah təalanın və peyğəmbərimizin hüzuruna üzüqara gedəcəkdir. Bizə ancaq din və şəriət elmi lazımdır, vəssalam, mabəği elmlər şeytan elmidir. Onlardan qaçın, vücudunuzu cəhənnəm odundan qoruyun”.

Abdulla Şaiq hadisələrin canlı şahidi idi. Xatirələrdə yoxsul insanlar haqqında yazdığı bir cümlə xüsusən diqqəti cəlb edir:

“Bu insanlar sanki ancaq dərd və qüssə üçün yaranmışdılar”.

Onun Xorasan səfərini, Xorasanda gördüklərini bir sözlə ifadə etmək olar- dəhşət. Abdulla Şaiq özü isə vəziyyəti belə ifadə edir:

“Şərq həyatının elə qaranlıq guşələri vardır ki, oraya günəşlə bərabər ensən, yenə də onun dərinliklərinə nüfuz edə bilməzsən”.

Bakıda da vəziyyət yaxşı deyildi. Abdulla Şaiq Bakıdakı vəziyyəti belə təsvir edir:

“Kapitalizmin inkişaf etməsi köhnə Bakıya iqtisadi-ictimai, siyasi və mədəni yeniliklər də gətirmişdi. Bu yenilikləri həzm edə bilməyən mühafizəkar feodal qalıqları öz köhnə adət, həyat və görüşlərindən ayrılmaq istəmirdilər. Mütərəqqi ziyalılar ilə köhnəlik arasında mübarizə açıq və gizli şəkildə davam eləyir, gündən-günə kəskinləşirdi. Bu mübarizə müxtəlif şəkillərdə, həyatın müxtəlif sahələrində öz əksini tapırdı. Maarif sahəsində bu mübarizə əsasən müxtəlif növlü tədris ocaqlarına olan münasibətdə özünü göstərirdi. Qabaqcıl ziyalılar gənc nəsli yeni üsullu məktəblərdə, müasir elmləri təlim edən tədris ocaqlarında oxumağa dəvət etdiyi halda, mollalar, mühafizəkar ziyalılar uşaqları mollaxanalarda, mədrəsələrdə, axundların yanında təhsil almağa çağırır və qabaqcıl ziyalıları allahın yolundan çıxmaqda təqsirləndirirdilər... Ruhanilər və cəhalətpərəstlərlə mübarizə ziyalılardan çox böyük iradə, cəsarət və mətanət tələb edirdi. Çünki xalqın böyük bir hissəsi onlara inanır və dediklərinə əməl edirdi. Cahil qoçular başına şlyapa qoyan, qalstuk bağlayan ziyalıları küçələrdə saxlayıb qalstukunu açırdı, şlyapasını başından alıb yerə atırdılar. O zaman qız gimnaziyalarında oxuyan qızların ayaqlarından tufliləri çıxarırdılar. Hətta bir dəfə aktyorumuz Mirzağa Əliyevin qalstukunu çıxartmaq istəmişdilər...”

Abdulla Şaiq Süleyman Sani Axundovla, Nəcəf bəy Vəzirovla, Abbas Səhhətlə, Sabirlə, Məhəmməd Hadiylə, Haqverdiyevlə, Nəriman Nərimanovla şəxsən tanış idi. Cəfər Cabbarlının isə müəllimi olmuşdu. Cəfər Cabbarlı haqqında yazdığı bir xatirə çox maraqlıdır:

“Bir dəfə sinifdən çıxıb müəllimlər otağına getdiyim zaman Cəfər qarşıma çıxdı. Üzü mənə tərəf danışa-danışa dalı-dalı yeriməyə başladı. Onun bu hərəkəti mənə qəribə göründü. Heç gözlənilmədən dedim:

- Cəfər, ya sən çox böyük adam olacaqsan, ya heç bir şey. Ancaq birincidən olmağa çalış.

Mənim bu sözüm ona çox təsir etdiyindən həmişə xatırlayardı.”

Abdulla Şaiq xatirələrində bəzi hadisələri detallarla yazdığı halda bəzi hadisələrin üstündən sükutla, bəzilərinin üstündən tez-tələsik keçir. İfadə azadlığının olmadığı sovet zamanında yazılmış xatirələrdə bəzi hadisələrin üstündən müəllifin tez-tələsik keçməsi, təfərrüata varmaması təəssüf doğurur. Beləliklə, biz nə qədər adamlardan və hadisələrdən yenə də xəbərsiz qalırıq. Halbuki müəllif hadisələrin üstündən tez-tələsik keçsə də, təfərrüata varmasa da biz onun ürəyinin nə qədər dolu və yazmağa nə qədər çox sözü olduğunu hiss edirik.

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #