A qoç, ağlama...

A qoç, ağlama...
13 yanvar 2015
# 15:43

Kulis.az Qorxmaz Şıxalıoğlunun “A qoç, ağlama” hekayəsini təqdim edir.

Payız günü idi. Günortaya yaxın biz dördüncülər axırıncı dərsdən çıxıb, deyə-gülə məktəbin böyük taxta darvazasına sarı gedirdik. Qəfil eşidilən zurna səsi ilə, uşaqların qışqırmağı bir oldu:

- Odee… toy gəlir.

Yenə də hamının səsi bir-birinə qarışdı:

- Kimin toyudu?

- Kənddə toy yoxdu axı.

- Arzuman dayının qızı Gülgəzi aparmağa gəliblər, qonşu rayondandılar.

Arzuman kiçi naxırçı idi. Kolxozun mal-qarasını otarırdı. Anamdan eşitmişdim ki, o, bizim kəndə 1943-cü ildə ailəlikcə qonşu Qəbələ rayonundan, aclığın əlindən köçüb gəlib. Atam da söz düşəndə, onun haqqında deyərdi: Çox halal adamdı. Doğrusu, o vaxtlar bu “halal” sözünün mənasını elə də anlamırdım. Mənə görə, iki cür adam vardı: yaxşı, pis. Arzuman dayı qızını, deyəsən, elə öz doğma rayonlarına vermişdi.

Kəndimizin qabağı böyük dikdirdir. Bakı-Tbilisi şosesindən kəndə ayrılıb gələn torpaq yol bu dikdirdən keçir. Qayda idi: çalğıçılar-onlar həmişə üstüaçıq QAZ-51, yaxud da QAZ-52 yük maşınında gələrdilər-dikdirin başına çatar-çatmaz, zurnanın zənguləsi yeri-göyü bürüyərdi…

Yük maşının arxasınca iki “Moskviç” gəlirdi. Əslində, kəndimizin dilində bütün minik avtomobillərinin bir adı vardı: balaca maşın. Kəndə hələm-hələm eyni vaxtda iki balaca maşın gəlməzdi. Bu hal biz balacaların marağını lap artırırdı. Axı, biz heç doyunca balaca maşın da görməmişdik. Görəndə də, çox vaxt qorxudan yaxına getməzdik. Bunu evdən bizə tapşırırdılar- birdən maşını cızıb eləyərik.

Dikdirin yamacında-qəbiristanlığın tuşunda zurnanın səsi kəsildi. Dədə-babadan qəbiristanlıq olan həndəvərdə musiqi səsləndirmək günah sayılardı.

Maşınlar qəbiristanlığı keçən kimi, yenə zurnanın səsi kəndi başına götürdü.

Mənə həmişə elə gəlirdi ki, toy səsinə tək kənd yox, ətrafdakı dağ-dərə də sevinir. Hərdən də qəribə bir fikir gəlirdi beynimə: bu kəndin binəsini qoyanlar, yəqin ən əvvəl toyu düşünüblər. Çünki, səs yuxarıdan- dikdirin başından üzü aşağı çox rahatlıqla yayılır. Hətta üst kəndlərə də gedib çatırdı…

Az qala, bütün kənd Arzuman dayının həyətində idi. Hamı, qoca-cavan, kişi-qadın, təbii ki, uşaqlar da öz yerində-həyətin ortasında dövrə vurmuşdular. Çalğıçılar çox həvəsli görünürdülər. Oynayanlar bəy tərəfinin adamları idi. Adətən, gəlin həyətindəki çal-çağır bir, uzağı da saat-yarım çəkərdi. Anam da qadınların arasında idi. Mənimlə bir partada oturan Tofiqin anası Nübar xala ilə yan-yana dayanıb oynayanlara tamaşa edirdi. Çox sıxlıq idi. Balacalar qabağa keçməyə can atırdılar. Çalğıçılarla üzbəüz tərəfdə iri zoğal çomağını çənəsinə dayaq verən Abdulalı oynayanlara çox fəhmlə baxırdı…

Bu yazı elə Abdulalı haqqındadır.

Kəndimizdə Abdulalı kimi gözəl oynayan yox idi. O, uca boylu, iri cüssəli olsa da, çox yüngül oynayardı, sanki mağarda quş kimi süzərdi. Dəyişməz bir havası vardı-Ləzgihəngi. Oynaya-oynaya oturub-durmağı adamı heyran edirdi. Onun buruq-buruq zil qara saçları, eşmə bığı, qalın səsi və sədəf kimi ağappaq, süfahi dişləri var idi. Sol əlinin barmaqları üstündə təvəllüdü yazılmışdı-1927. Ancaq rəqəmlər çətin görünürdü, çünki onların üstünü tük basmışdı. Abduləli “Mazandaran pələngi” filmindəki qəhrəmanı oynayan pəhləvana oxşayırdı, daha doğrusu, elə bil, bir almanı iki yerə bölmüsən.

Bütün kənd ona “dəli Abdulalı” deyirdi. Əslində, onda dəlilik adına heç nə yox idi. Sadəcə, bu ad ona iş-gücdən qaçaq düşdüyü üçün verilmişdi. Nə kolxoz işinə gedərdi, nə də həyət-bacada çalışardı. Böyüklər tənbəl uşaqlara “Abdulalı” deyərdi. Onu dilə-dişə salan tək bu deyildi. Bütün kənd dikdirə baxırdı. Nə işdisə, Abdulalının dikdirin yamacında-balaca yastanadakı birgözlü evi üzü kəndə sarı tikilmişdi. Hələ bu harasıdı. O, qarlı havalarda köynəkdə gəzər, evinin qabağındakı buz tutmuş göldə çimərdi. Və onda kənd uşaqları gölün qırağına tamaşaya yığılardılar. Siqaret çəkən adamın yanında belə durmazdı. Nəinki içkini, heç limonadı da özünə yaxın qoymazdı. Çay da onluq deyildi. İçdiyi su, ayran, qatıq və dovğa idi. Abdulalını kənd saxlayırdı. Evində ağartısı olanlar onu yaddan çıxartmazdı. Hərdən özü də simsar bildiyi adamların qapısını döyərdi. O, bizə də gələrdi. Həmişə çörək yeyib gedəndən sonra anam: “Halal xoşu olsun. Neynək, yazığı Allah qınayıb da”– deyərdi. Abdulalı tək-tənha yaşayırdı. Qohum-qardaşdan heç kimi yox idi. Bu yerdə anaamın danışdığı bir əhvalatı yerli-yataqlı yazmaq istəyirəm: “Qış günü idi. 11-12 yaşım olardı. Ölkədə müharibə gedirdi. Salyan (anamın xalası oğlu) dedi ki, gedək Minəxalagilə. Onların əvvəlki evləri aşağıda, bizə yaxın idi. Salyan məndən iki yaş böyük idi. Qar, soyuq, küçələr palçıq, aclıq da baş alıb gedir. İçəri keçdim, ev nə gəzir, suyu sovulmuş bir dəyirman. Gördüm ki, Minə xala, iki oğlu – Abdulalı və Cilovxan büzüşüb oturublar buxarının qabağında. Az qala ocağın içinə girsinlər. Ataları Xanalı kişi müharibədən əvvəl rəhmətə getmişdi. Aclıqdan danışa bilmirdilər. Sənin baban Məsim (atasını deyir) kolxoz mühasibi olduğundan, az da olsa, bizim vəziyyətimiz yaxşı idi. Ancaq biz də çox vaxt gecələr aclıqdan yata bilmirdik. Abdulalıgilin üçünün də sifəti sapsarı saralmışdı. Yavaşca Salyana dedim ki, səhər-səhər qapımızdan aşağı yolda, palşığın içində bir çəpiş gördüm-ölüb qalıb orda. Salyan fikrimi göydə tutdu. İkimiz növbə ilə palçıqlı çəpişi sürüyüb gətirdik düz Abdulalıgilə. Bıçağı götürüb başladıq çəpişin bud tərəfindən dərini soymağa. Gücümüz çatmır, bıçaq da küt. Axırı, iki qarışlıq dərini kəsib araladıq. Ətdən üç-dörd uzunlama tikə kəsə bildik. Şiş tapdıq, yarıçiy, yarıkül, bala, inanmazsan gözlərinə təprilər. Məni ən çox yandıran da o oldu ki, duz tapa bilmədik. Nə duz? Heç nə yox idi. Qənd, çay, çörək… Elə o qış Minə xala öldü. Ondan bir az əvvəl kənddən yetimxanaya uşaq yığırdılar. Cilovxan da o uşaqların arasında getdi. Sonra da ondan heç bir səs-soraq çıxmadı.

Abdulalı iki dəfə evlənib-ayrılmışdı, uşağı olmamışdı. Kənd dili ilə desək, sonsuz idi. Amma söz-söhbətində heç vaxt giley-güzar, şikayət görməzdin, həmişə Allaha şükür edərdi. Şaqqanaq çəkib güləndə də ki, az qala, yer-göy titrəyərdi. Arada iki-üç kənd qadını gedib evini, həyət-bacasını yığışdırar, səliqə-sahmana salar, pal-paltarını yuyardı. Hamı bu işi böyük savab bilərdi.

Ağlım kəsəndən Abdulalı məni adımla yox , “Qoç” deyə çağırardı. Təzə-təzə buna görə ondan ürəyimdə inciyərdim. Sonralar bu ada öyrəşdim…

Yadımdadır, bir dəfə üst evdə kitab oxuyurdum, birdən anam məni çağırdı: “A bala, düş aşağı, deyəsən, Abdulalıya nəsə olub, uşaqlar küçə yuxarı qaçırdılar”. Qaranəfəs özümü onun həyətinə çatdırdım. Eyvanın qabağı uşaqla dolu idi. Qanadı qana boyanmış bir qartalı ayağından məftillə eyvanın sütununa bağlamışdılar. Qartal ora-bura çırpındıqca, uşaqlar daha da bərkdən qışqırırdılar. Bir azdan qartalın tamaşasına gələnlərin sırasına böyüklər də qoşuldu. Sonralar Abdulalı deyərdi ki, güllə yarası alan o qartal özü gəlib həyətinə düşübmüş. Fikri qartalı sağaltmaq imiş. Amma nə illah eləyib, qartal onun əlindən heç nə yeməyib. O da məcbur olub, bu vəhşi heyvanı aparıb Uyux tərəfdəki sıldırıma yaxın yerdə açıb buraxıb. Uyux qartallar məskənidir.

Hərdən o qartal söhbəti düşəndə, anam deyərdi: -“ Hər Abdulalı bizə gələndə, istəyirəm soruşam ki, o yazıq heyvanı aparıb buraxanda, görən ayağındakı məftili açıbmı? Hər dəfə də yadımdan çıxır. Bir də fikirləşirəm, birdən soruşaram, Abdulalı acıqlanar, qayıdıb deyər ki, məni nə sayırsan, heyvan-zadam mən?..”

Bir dəfə məndən yaşca böyük kəndçimiz, hüquqşünas Namizəd Kərimov maraqlı bir əhvalat danışdı: “Yay günü uşaqlarla kəndin qabağındakı göldə çimirdik. 10-11 yaşımız vardı. Birdən yuxarıdan Abdulalının səsini eşitdik: “Tez bura gəlin!” Hamımız ondan qorxurduq. Tələsik paltarımızı əynimizə keçirib, onun yanına qaçdıq. Bizi yaxınlıqdakı evinə gətirdi. Onun göstərişi ilə, yerdən bir metr hündürlüyündəki torpaq eyvanda sıralama oturduq. Abduləlinin əlində rəngi bilinməyən bir kitab var idi. O, bizi gözdən keçirib amiranə səslə dilləndi: “Bilirsiz, Koroğlu kimdi?” Hamı xorla:- “Bəli”,-dedi. “İndi sizə “Koroğlunun durna teli səfəri”ni oxuyacam. Birinizin səsi çıxmasın”. O, dastanın qoşma yerinə çatanda, zoğal çomağını saz kimi sinəsinə basıb, aşıq kimi oxuyurdu. O gündən sonra daha Abdulalı bizi çağırmamış gedərdik yanına. Amma nədənsə, sonralar o bu xasiyyətini tərgitdi. Heyf ki, siz bunu görmədiz.”

Abdulalı rus, ləzgi və erməni dillərini bilirdi. Deyirdilər ki, lap cavanlığında, hardasa 20 yaşından “Neft Daşları”nda işləyib. Sonra Bakıda bir cinayətkar dəstəyə qoşulub. Həmin vaxtlar tez-tez Tiflisə, İrəvana gedib-gəlirmiş. Arada bir müddət Dağıstanda yaşamalı olur. Sonra nə olubsa, kəndə qayıdıb. Ancaq ömrünün o illəri haqqında heç vaxt danışmazdı…

Anam deyirdi ki, Abdulalı bizim rzalılar tayfasındandır, özü də, babalarımız əmizadə olublar. Düzü, bu “əmizadə” sözünün indi də hansı qohumluq anlamına gəldiyini bilmirəm. Hər-halda, Abdulalı anama “əmiqızı” deyirdi. Yeri gəlmişkən deyim ki, kəndimizdə rzalılarla yanaşı, ərəblilər, şəməylilər, nəfçilər, kosalılar, ovçular, bağlılar (atam bağlılardandır) deyilən başqa tayfalar da var. Anam hərdən Abdulalının Koroğlu kimi çox çətin doyduğuna, yəni çox çörək yediyinə istehza edib deyərdi: “O, bizim rzalıların sərkərdəsidir”. Bu əhvalatı da anam danışıb mənə: “Yazın ilk günləri idi, çobanəppəyindən dovğa bişirmişdim. Ondan böyük bir bərni doldurub (o vaxtlar bizdə şüşə bankaya “bərni” deyirdilər), ağ parçaya da iki təndir çörək büküb, qonşu Adikə ilə getdim Abdulalıgilə. Hara getsə, yenə bizim övladdandır (Anamın dilində “övlad” sözü “tayfa” anlamında idi), həm də kimsəsizdir, Allaha xoş gedər. Insan yiyəsi, o bir bərni dovğayla iki təndir çörəyi beş dəqiqəyə uddu. Bala, yemədi eee… uddu. Baxıram ki, evin qapısı sallanıb, yerə dəyir. Bəs nə olub? Qapının həncaması qopub. Deyirəm ki, ay Abdulalı, bu qapını qaldır o həncamaya bir-iki mismar vur da. Bəs hər gün o qapını necə açıb-bağlayırsan? Qayıdıb mənə nə desə yaxşıdır: “Əmiqızı, düz deyirsən. Doğrusu, bir-iki dəfə qərəzlənmişəm onu düzəldim. Ancaq hələ ki, qalıb da. Görək neynirəm”.

Anam ara-sıra bu əhvalatı danışanda, az qala, gülməkdən qəşş eləyərdik. Sonra da bu söhbətə o, bir az da şirinlik qatardı: “Evi dağılmışın oğlu, götür ora bir-iki mismar vur da, kişi Allah qoymasa, hələ qərəzlənib.”

İndi də anamın bu sözləri yadıma düşəndə, gülürəm…

Bu söhbəti bütün kənd bilir. Abdulalı ikinci arvadından ayrılandan bir qədər sonra bizə gəlir-nənəm Balaxanımın yanına. Deyir ki, ay Cicimamay (“cici”, yəni gözəl, “mamay” da bibi deməkdir) bəs mən nə qədər belə qalacam, mənə bir arvad alın daa… Balaxanım nənəm anamla bir nəsildən idi. Əksər kəndlərimizdə olduğu kimi, nənəm də yeganə oğluna qohum qızı almışdı. Nənəm rəhmətlik də sözü şərt şəkildə adamın üzünə deyən idi. Qayıdıb Abdulalıya kı, hesab elə, arvad mən, de görüm gedib harda oturacam? Çəpər yernən bir, ev dağılıb gedir, özün də günortaya qədər yıxılıb yatırsan. Dur ayağa!

Ondan sonra, Abdulalı bir daha evlənməkdən danışmadı.

Yaz günləri, qaş qaralanda Abdulalı eyvanda oturub tütək çalardı. Anam onda çox kədərlənərdi: “Bədbəxt oğlu elə qəmli çalır, az qala adamın ürəyi parçalansın. Özü də radioda olmayan şeyləri çalır”…

İndi qayıdıram Arzuman dayıgilin həyətindəki toya.

… Ortadakı bəy tərəfin adamlarından-caydaq bir kişi Abdulalının qabağında oynayır və hərdən də onu meydana çəkmək istəyirdi. Abdulalının ağ köynəyi (o, həmişə ağ köynək geyinərdi) ala-tala görünürdü, tərləmişdi. Görünür, bir az əvvəl oynayıb çıxıbmış ortadan. Bütün kənd bilirdi ki, o, toyda cəmi bircə dəfə oynayır. Lap öldürəsən, ikinci dəfə mağara girməzdi. Caydaq kişi elə Abdulalı kimi təxminən 35-40 yaş arasında olardı. Birdən o, əl atıb Abdulalının çənəsinə dayaq verdiyi zoğal çomağı dartdı. Abduləli ləngərlənib qabağa gəldi, ancaq tez də müvazinətini tarazlayıb, yenə də çənəsini çomağına söykədi. Yadımda deyil, kənd ağsaqqallarından kimsə toyda qanqaraçılıq düşər deyə, Abdulalı yola gətirmək istədi:

- Ay Abdulalı, qonaqdır, bir də, Arzuman dayının xətrinə bir-iki dövrə vur, çıx, heç nə olmaz.

Qıraqdan da ağsaqqalın sözünə qüvvət verdilər. Elə bu vaxt caydaq kişi yenə də Abdulalının zoğal çomağına ət atdı. Bayaqkı vəziyyət bir də təkrar olundu. Ancaq dünya Abdulalının vecinə deyildi.

- Əə, meydana çıx, güləşək, sənin oynamağını neynirəm, - caydaq kişi oynaya-oynaya və dövrələmə dayanan adamları lovğa bir baxışla süzüb qeyzlə qışqırdı.

Abduləlidən yenə səs çıxmadı. Ürəyim partlayırdı. Yəni Abdulalı qorxur? Gözlərimdə yaş gilələnmişdi. Tez əlimin içi ilə gözlərimi sildim. Gördüm, xeyri yoxdur, gözümün yaşı dayanmır. Özümü ələ ala bilmirdim. Uğultu çoxalırdı. Anama tərəf baxdım. Gördüm ki, o, məndən də pis gündədir. Fikirləşdim ki, indi yəqin ürəyində Abdulalıya qarğış edir: “Görüm, bizdə yediyin o qatıqla çörək gözündən gəlsin!”

Birdən Abdulalıdan bir hayqırtı qopdu. Elə bil, çalağan kəklik üstünə cumdu. Caydaq kişinin belindən yapışdı, ancaq onun ayaqlarını yerdən ayıra bilmədi. Çalğıçılar həmin dəm də havanı dəyişdilər, “Cəngi” çalmağa başladılar. Caydaq kişi Abdulalının əlinin əlindən çıxa bilmirdi. Çox möhkəm tutaşmışdılar. Uğultu getdikcə daha da artırdı. Ürəyim, elə bil qulaqlarımda döyünürdü. Birdən, sanki yer-göy lərzəyə gəldi. Bircə onu gördüm ki, Abdulalı caydaq kişinin sinəsində oturub. Onu necə yerə çırpmışdısa, kişinin qalxmağa heyi qalmamışdı. Bəy tərəfin adamlarından sarıyanız bir cavan yerdə sərələnmiş və gözlərini bağlamış caydaq kişinin qolundan tutub qaldırmaq istədi. Ancaq o qalxmaq halında deyildi. Yəqin utanırdı. Çalğıçılar çoxdan səslərini kəsmişdilər. Caydaq kişi handan-hana gözlərini açıb sakit səslə dilləndi:

- Mən tariximdə yıxılmamışdım.

Sarıyanız cavan, sanki onun cavabını çoxdan hazırlamışdı:

- Sənin tarixin bu gün tamam oldu.

Birdən yanımdan keçib gedən Abdulalının səsini eşitdim:

- A Qoç, ağlama!

Çalğıçılar “Vağzalı” çalırdılar.

Göz yaşım qurumuşdu…

Əvvəllər anam mənə qatıqdan, dovğadan verib Abdulalıgilə göndərəndə, can çəkərdim, o toydan sonra isə qaça-qaça gedərdim...

Yazımın sonudur. Qoy Abduləli ilə bağlı bir əhvalat da danışım.

Bakıya təzə gəldiyim vaxtlar idi. Metronun “İçərişəhər” (onda “Bakı Soveti” adlanırdı) stansiyasının qabağında təsadüfən Abdulalını gördüm. Məni görən kimi, iri palıd yarmaçalarına oxşayan qolları ilə boynumu qucaqladı: “A Qoc, Allah səni hardan gətirib çıxartdı bura?” Dayanıb ona baxırdım. “Gəl, bulvara düşək, iyirmi ilə yaxındır oraları görmürəm. Aprel ayı, bazar günü idi. Bulvar qaynayırdı. Abdulalı yenə də ağ köynəkdə idi. Keçib gedənlər, istər-istəməz, çevrilib pəhləvana oxşayan Abdulalıya baxırdılar. Mən onun yanında fəxrlə yeriyirdim. Sonra “NZS” qəsəbəsində kirədə qalan qardaşım Aydının yanına getməyi qərarlaşdırdıq. Metroda vaqona oturandan sonra gördüm ki, Abdulalı çox narahatdır. Elə hey yerində qurcuxur. Səbrimi basa bilmədim: “Axı sənə nə olub, niyə otura bilmirsən? ”-dedim. O, günahkar adamlar kimi sakitcə dilləndi: “Qarnıma tütək batır”. Təəccüblə: - “Nə tütək?” – deyə soruşdum. O, ayağa durub, şalvarının cibindən sarıya çalan bir tütək çıxartdı. Demə, ona əziyyət verən, bütün günü Bakını ələk-vələk eləyib hansı mağazadansa tapdığı bu tütəkmiş. Oturduğu üçün, şalvarın cibinə qoyduğu tütəyin başı qarnına batırmış…

İllər keçdi, əsgərliyə gedib qayıtdım, universitet bitirdim, ailə sahibi oldum. Ancaq kəndə gedəndə və aara-sıra Abdulalıyla rastlaşanda yenə uşaqlıq illərində olduğu kimi, mənə: -“A Qoç, necəsən?”-deyərdi. Beləcə, o, ömür boyu məni adımla çağırmadı. Və heç vaxt da soruşmadım ki, mənə bu adı hardan, niyə verib?

Abdulalı 2001-ci ilin yanvarında haqq dünyasına qovuşdu. Kəndin bütün xeyir-şərinə getsəm də, bu hüzrdə ola bilmədim. Çünki onun ölümündən gec xəbər tutdum. Sağ olsun kənd camaatı. Dədə-baba qaydası ilə yasını veriblər, qəbrinin üstünü götürüblər…

Yenə tez-tez kəndə gedirəm. Dikdirdən üzü aşağı düşəndə, Abduləlinin həyəti ovuc içi kimi görünür. İndi evinin bircə boş yeri qalıb. Hər dəfə bu dikdirdən keçəndə, o uzaq illər, Abdulalının yaz axşamlarında torpaq eyvanda oturub qəmli-qəmli tütək çalmağı yadıma düşür. Kədərlənirəm. Amma tez də, onun səsini eşidirəm. “A Qoç, ağlama”.

01.12.2014

# 1153 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #