Yarışmaya göndərilən yeni şeirlər

Yarışmaya göndərilən yeni şeirlər
3 oktyabr 2019
# 16:30

Kulis.az “Bir şeir” müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.


Malik Atilay

Diqqət! Diqqət!
Darıxır Bakı...


Şəhərin biləklərinə vurulan zülmət qandalı
Həm mənim
Həm küçələrin ürəyini sıxır
Parkların yanından keçirəm
Kafelərə heç baxmıram,
Nəsə yoxdu
Nəsə çatmır
Günəş əllərini cibinə salıb getmiş uzaqlara
Susub hər yer
İçimdə həsrət yalquzağı oyaqdır, yatmır
Diqqət! Diqqət!
Bakı darıxır...

Ucuz kafelərin birindən
domino səsləri qaçır bayıra
Süpürgəsindən bərk-bərk yapışıb
Yuxuya gedib süpürgəçi
Üstü-başı təmiz
Ürəyi kirli adamların əlindən
Amanda ola biləcəyi tək yerdi yuxusu
Külək evi dağıdan dəcəl uşaqtək
ora-bura atır sükutunu şəhərin

Ümidi çörəyindən bol olan həbsxanada
Közərən siqaretin işığına
məktub yazır dustaq
Həyətlərindəki nar ağacına
Bakının boğazına dişlərini keçirən zülmət
Onun ürəyinə dırnaqlarını sancmış
Şəhərlə birgə darıxır dustaq
Dustaqdan xəbərsiz darıxır şəhər...

Günəş qırmızı ləkəyə dönür göy üzündə
Uzun illər tufanlar görüb
Qasırğalar atlamış yelkənə
yamaq vuran balıqçı ümidiylə
Günəşə sarı açır əllərini dustaq
Şütüyən maşınların siqnal səsləriylə
Üzlərdən,gözlərdən silinir yuxu
Zülmətin çürük və qara dişlərindən səhərə çıxır
Amma yenə də
Bakı darıxır...
Darıxır Bakı...

***


Anar Gülümsoy

Lap uşaqlıqdan...

uşaqlıqdan öyrəşmişik
evcik tikib uçurtmağı,
ev-eşiksiz yaşmağı.
uşaqlıqdan öyrəşmişik
ögey, soyuq nəvazişə,
yad baxışa,
yad görüşə.

uşaqlıqdan öyrəşmişik,
Tanrıya dua edərkən
bir küncə qısılmağı,
küsməyin nə olduğun bircə Tanrıya göstərməyi,
üz döndərib Tanrıdan
yenə, yenə Tanrıya qayıtmağı.

uşaqlıqdan öyrəşmişik
"ana" sözün qoxlamağı,
varaqlara şəkil çəkib:
ana şəkli,
o şəkilə sarılmağı,
öpməyi, oxşamağı,
qucaqlayıb yatmağı,
qəfil durub yuxudan,
sonra, sonra cırıb atmağı...

uşaqlıqdan öyrəşmişik,
uşaqlığın nə olduğun bilməməyi,
nəvazişsiz, məhəbbətsiz
saat, saat böyüməyi.
qəlbiqırıq, boynubükük,
qayğılara bölünməyi...

uşaqlıqdan öyrəşmişik
ayrılığı,
tərk edilməyi,
böyüklərin günahıyla
kiçilməyi...
uşaqlıqdan saxsı qabtək
sındırmışıq ümidləri,
dəfn etmişik arzuları,
sevməmişik yuxuları
biz "detdom" uşaqları...

***

Kənan Rza

Ən gözəl qadınlar

Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.

Taleyi əzəldən qara gətirir,
Ömrünün cavanlıq çağın itirir.
Həyatın ən gözəl bahar çağında
Qəlbində qəm əkir, kədər bitirir.

Ən gözəl qadınlar ən gözəl sevər,
Amma ki, sevilməz sevdiyi qədər.
Xəyanət acısı sızladar qəlbin,
Bu nə cür yazıdı, bu nə cür qədər!?

Ən gözəl qadını tanrı qısqanar,
Ən gözəl qadını tanrı sevməzmiş.
Ən gözəl qadına sahib olan kəs,
Heyif ki, qədrini heç vaxt bilməzmiş.

Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.

***


Mirzə Laçınov

Səni sevmək -
Hər şeyə rəğmən
Ən zülmət qaranlıqlarda,
buludların arasında
günəşi gözləmək kimi...

Səni sevmək -
Qanad açmaq
uçurumlar üzərində
və yalın qayalıqlarda
yeni məskən salmaq kimi...

Səni sevmək -
Asi olmaq,
Aşiq olmaq təzadlara,
Sığal çəkmək zəncirlərə,
tənə etmək azadlara...

Səni sevmək -
Üşümək,
Titrəmək gün işığından
və üst-üstə geyinmək
səndən gələn hər duyğunu...

Səni sevmək -
Boşluqların
arasında divar çəkmək
Fırtınalı bir dənizdə
təkbaşına avar çəkmək...

Səni sevmək -
Qasırğanı,
dumanı və çəni sevmək,
Səsin ilə yolu tapmaq
göz-gözü görməyincə

Səni sevmək -
Ərşə qalxmaq,
imək ulduzlar içində,
Həyatın son nöqtəsində
var olmaq buzlar içində...

Səni sevmək -
Alışmaq
və ərimək şam kimi
Sonunda susub kirimək
bu qərib axşam kimi...

Səni sevmək -
Sevinmək
yaşadığına, varlığına
Dirənmək, boyun əyməmək
həyatın qəddarlığına...

Səni sevmək -
Ürəyimdə
doğulan həyatı daşımaq
Səni sevmək,
hər şeyə rəğmən
Yaşamaq, yaşamaq!

***

Tural Atəş

Tərs yön

Tərs yönə gedirsən, qadın, tərs yönə...
Allah bu tərəfdədir, o yandakı dinlərdir.
Kişilər vəhşi deyil.
Kişi qadın anlayışı da yoxdur,
insan faktoru var.

Tərs yönə gedirsən, qadın...
Vurulmayan zərbələr gözümüzü göyərtməz,
ürəyimizi göynədər.
Bəzən sözlər yumruqlardan çox ağrıdar,
zərbəsindən nəfəsimiz tıxanar.

Tərs yönə gedirsən, qadın...
Sevgi olmayan tərəfə.
Sevgisizlik öldürür, ondan qurtuluş yoxdur.
Özünü sev,
özündən sonrakıları da.
Heyvanları, uşaqları sevməyənləri sevməsən də olar.

Tərs yönə gedirsən qadın...
İnsanlardan qaçmaq da nə yoldur?
Döydüyümüz körpələr anasından qaçmaz ki,
ona əl qaldıranların dizinə sarılıb ağlayar.
Qaçma adamlardan,
sənə diş qıcayanlardan.
Çünki onlarsız da həyat yoxdur.
Qaçmaq nəyi düzəldəcək bilmirəm.
Qal...
Yeni,
duyğuları olan insanlar yarat...

Tərs yönə gedirsən, qadın.
MƏNƏ gəl.
ÖZÜNƏ.
Üstündə oturub ağladığın daş mənəm
Gedərkən çırpdığın qapı mənəm
Sevir-sevmir demədən yolduğun çobanyastığı mənəm
Yeməyə doğradığın səni "ağladan" "zəhrimar" mənəm
Dərman töküb öldürdüyün böcəklər mənəm
Sən mənəm.

Tərs yönə gedirsən, qadın.
İnsan özündən qaça bilməz.
Düzəldə bilmədiyin
şeyləri atmaq ya onları öldürmək olur,
ya da güc vermək.
Sən sevmək və yaratmaq üçün varsan
Nifrət və cəhalətə getmək nədir?
Tərs yönə gedirsən, qadın, tərs yönə...

***


Xəyal Zeynal

Son

Başımı götürüb çıxıb gedərdim,
Çıxara bilsəydim yerin dibindən.
Bütün xəyalları yıxıb gedərdim,
Tutmazdım dünyanın qırıq ipindən.
Dünyada nə varsa doğmadı mənə,
Mən özüm hər şeyə, hər kəsə yadam.
Bu dünya bir sevinc doğmadı mənə,
Dünyaya yad oldu, boğulur adam.
Yerdə yer tapmadım, Yer də yoruldu
Yorulmuş ruhumun yalvarışından.
Çıxıb, buludların üstündə durdum,
Yenə də islandım qəm yağışından.
Baxdım Qarabağa...
Bic dığaları
Dağların göz yaşı çimizdirirdi.
Gördüm əsirlikdə bizim qızları,
Erməni çocuğun əmizdirirdi.
Qəzəbdən əl-ayaq titrədi, əsdi,
Acı mənzərənin odunda bişdim.
Gözüm Qarabağda, yerə şığıdım,
Qayıdıb əvvəlki yerimə düşdüm.
Alışıb-yanmağım nə verdi mənə,
Ərimək bilmədi qəlbimin buzu?!
Hər nəfəs alışım kədərdi mənə,
Hər nəfəs verişim ölü bir arzu.
Suyuma bir ovuc Vətən qatmışam
içib, iniltilər duyuram hər gün.
Xəcalət tərimdən göl yaratmışam,
Kirli vicdanımı yuyuram hər gün.
Fikirlər ox olub beynimi dəlir,
Beynim fikirlərin qəfəsindədir.
Daha yaşamın da yuxusu gəlir,
Yuxu da yaşamaq həvəsindədir.
Başımı götürüb çıxıb gedərdim
Çıxara bilsəydim yerin dibindən.
Bütün xəyalları yıxıb gedərdim
Tutmazdım dünyanın qırıq ipindən.

***

Seymur Oruc

Şair, səndən keçibdir!

Şair, otur önümdə, sənə şeir deyəcəm!
Demə ki, nə bilirəm, həqiqətdən deyəcəm.
Sənə nə lazımdırsa, həqiqətən deyəcəm.
Biz iki dost kimiyik, incimə bu sözümdən!
Şair, səndən keçibdir, at qələmi, çörək ye!

Bilirsən də tarixi, məndən yaxşı bilirsən.
Yaxşı bəs sən Caviddən, Müşfiqdən çox bilirsən?
Ayıltdılar da xalqı, millətə bax, görürsən?!
Yatmağı çox sevirik, incimə bu sözümdən!
Şair, səndən keçibdir, at qələmi, çörək ye!

Gəl sənə bir iş verim, otur, işlə astaca!
Üç-beş maaş olacaq, üç-beş də qarı-qoca
Pensiya düzəldəndə sənə yaxşı olacaq.
Fikir etmə, nə olar, incimə bu sözümdən!
Şair, səndən keçibdir, at qələmi, çörək ye!

Dərhal da yox deyirsən, uşaqların toxdurmu?
Cəmiyyətdə hörmətin barı məndən çoxdurmu?
Deyirsən camaatın ləyaqəti yoxdurmu?
Bircə ömür yola ver, incimə bu sözümdən!
Şair, səndən keçibdir, at qələmi, çörək ye!

Şairindən çox nə var bu qara camaatın?
Şair var saraylarda sürüb-gedir həyatın,
Şair də var sən kimi pozmaq istəmir zatın.
Goruna söysələr də, incimə bu sözümdən!
Şair, səndən keçibdir, at qələmi, çörək ye!

Demirəm səhv deyirsən, demirəm düz deyirəm.
Sadəcə həqiqətdən əlini üz deyirəm.
Yazsan da, yalanları şeirinə düz deyirəm.
Əgər bacarmırsansa, incimə bu sözümdən!
Şair, səndən keçibdir, at qələmi, çörək ye!


***

Ruzbeh Məmməd

Atamın qayıdışına

Atama məktub

İlk dəfə sənin kitablarını görəndə
onda darıxdım
bir səhər ayılıb gördüm ki,
kitablarınla bizi tərk etmisən.
Bax, mən onda ilk dəfə tərk edildim,
o gündən mən qorxaq böyüdüm.
Kəndçimiz - Elgün təkcə sən olanda
məni qorxuda bilmirdi
əgər yadımda düz qalıbsa bir qış günü
tərk etmişdin bizi.

Evimizin yanından axan arxın yanında
oynayanda eşitdim,
sonra mən hər gün eşitdim ki,
ata yoxluğu ilk övlad üçün çətin olurmuş.
Gəl məsləhət verim, atalar tərk edəndə
oğullar çəlimsiz olur.

Mən ən çox Gülnarla ağlayırdım,
və deyirdim ki, ağlama, sənin
yaşın çatmır ağlamağa.
Məndən bir yaş böyük idi ona görə
qadınlar da kişi olmadıqca baxımsız olur
və elə ona görə də anam da qocaldı.
Siz qocaldıqca mən də qocaldım
ki, sizi tək qoymayım övladlıq borcu üçün.
Daha bizim yapışmağa yerimiz qalmamışdı.
Həm də qadınlar kövrək olur,
bacılarımı mənə buraxıb getmişdin,
mən onda anladım ki, qadınlar müqəddəsdir.
Sənin qalstuklarını vurub əynimdən
yekə köynəklərini geyinirdim.

Ata qoxusunu dayılarda axtarmaq çətindi,
əşyalara hopmuş qoxuda kövrəkliyi
öyrənmək isə işgəncədi,
sonra sənin əl radion, bir də şərflərin
daha çox xatırladırdı səni.
Bilirəm, məndən utanırsan
hamıya döyüldüyüm üçün.
sən istəyirdin ki, mənlə fəxr edəsən.
Mən isə heç vaxt səni sevindirə bilmədim,

oğulluq borcumu tez-tez qocalmaqla
yerinə yetirirəm.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

Növbəti mətnlər

# 4905 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #