Onlar da Kulisin yarışmasına şeir göndərdilər – Mətnlər

Onlar da Kulisin yarışmasına şeir göndərdilər – Mətnlər
30 sentyabr 2019
# 18:20

Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.


Elşən Mehdi


Polkovnik Rəşad Atakişiyevə

Polkovnikə mən yazıram

Göyün qapısında növbə var.
Göylər yerdən dərindi.
Yüksəklikdən qorxmamaq daha ürpədicidi,
qorxmaq yox

İnsan torpağındı, yerindi.
Polkovnikə uzaq bir yerdən yazıram
Səma ildırım barmaqlarını şaqqıldadanda,
Eyni dildə qorxurlar
Quşlar və pilotlar.
Biri qanadlarını, biri çiyinlərini çəkər...
Çiynindəki ulduzlar göydəki ulduzların əksi
Gözləri səmavi göylərə baxmaqdan mavi.

Polkovnikə göylərdən yazıram
Üfiqdə iki göyərçin
qanadlarıyla "x" işarə edir göylərçün,
Yer yoxdu
Göyün qapısında növbə var deyir.
Uşaqlar ölümdən anlamaz
Onların oyuncaq təyyarələri qırılsa da
şirəli barmaqlarının arasında uçar,
Səmadasa qəzalar bağışlanılmaz
Polkovnikə qədərdən yazıram.
Bir gün çərpələngə aşiq olar yaşlı qağayı

Uçmağını gözləyər, çərpələngsə
uçmaz tir-tir əsib qalar bu sevdaya
Hə, bu nə yerdəki məftil sərhəddi,
nə də divar
Göyün qapısında növbə var
Bu da iki dünya arasında yol ayrıcı
Şəkillərinə son dəfə baxdım,

Sinəndə qırıcı yazılmışdı, qırıcı

Polkovnikə mən yazıram.
Pəncərəmdən yazıram
Üzü göylərə.

***

Alidə Mehdizadə

Baş-ayaq

Tanrı bəndələrinə küsüb elə bil istefa verib,
İqtidarı əldən gedib, baş götürüb uzaq gəzib
Şeytanlar idarə edir bu məlun cahanı artıq,
Biz hələ də gizli-aşkar ədaləti axtararıq.
İblis möhkəmdir yerində, sallanmır heç kreslosu,
Beyinlər duman içində, kömək etmir yardım SOS'u.

Bütün cahan uyuşuqdur, elə bil ki nəişələnmiş,
Dünyanın işi şuluqdur, ayıq ikən səndələmiş.
Yuxudadır, durmamaqçün öz-özünə layla çalır.
İnsan, axır, nə haldadır, xilaskarı hara baxır?!

***

Lalə Məhərrəmli

İntihar oyunu

1.

İndi yaxınlıqdakı dönər qoxusu qədər
uzaq idi ona bütün çarələr.
Ayağına dəyən daşlar kimiydi
Dəyib keçən soyuq-soyuq çiyinlər.
Üşüyürdü...

Qucaqladı özünü.
Biraz sıxdı özünü.
Biraz boğdu özünü.
Cılızlaşmaq istədi bəzi insanlar kimi.
Cılızlaşmaq, kiçilmək,
bapbalaca bir quşun bədəninə yığılmaq,

uçub-uçub bir yuvaya sığınmaq.
İstədi, çox istədi.
Kiçilmək istəyəndə
nə gözəldir boğulmaq.

Kiçildi... lap kiçildi... uşaqlığına qədər...
Cilik-cilik etdiyi, rəngli-rəngli
şüşələr görən torpaq altında xəzinəyə dönübdür?
Gülümsəmək istədi, dartılmadı dodağı.
Yollar ayaqlarını, ayaqları bədənini dartırdı.
Öz evinə qayıtdı.

Yığıldı ürəyinə
dürtə-dürtə ayağının ucunda evə gətirdiyi daşlar.

Ürəyi daşa dönüb sinəsindən asıldı.
O gün özünü asdı...

2.

İnsanların döngəsində binalar görüşər,
pəncərələr öpüşər.
Ev-ev, otaq-otaq paylanar günahlar.
İnsanların döngələri günahların kölgə yeri.

Qara-qara kölgələrə sancılar,
azad-azad dalğalanar günahlar.

İnsanların döngəsində
dağ da dağa rast gələr.
Qusar bütün ahların insanın sinəsinə.
Yüngülləşər içində.
Yollar çərpələng ipi...düyünlənər dağlara.

Dağlar da azad-azad uçuşar zirvəsində.
Sevinər çərpələng uçuran günahlar.
Çərpələngdən bezəndə intihar oynayarlar.

***

Nemət Tahir

Mənəm

Çəkilməyən, dözülməyən,
Dediyiniz o dərd mənəm.
Qova-qova namərd edib,
Söydüyünüz o mərd mənəm.

Özümə də bir az yadam.
Bir az suyam, bir az odam.
Həm küləyəm, həm torpağam.
Bildiyiniz o dörd mənəm.

Dostu azdır, düşməni çox,
Qarnı acdır, gözləri tox,
Kölgəsinə güvəni yox,
Yalquzağam, bozqurd mənəm.

Qan qoxuyur çiçəkləri,
Kəfənsizdir şəhidləri,
Kimsəsiz “ruhlar şəhəri”,
-Gördüyünüz o yurd mənəm.

***

Şəfa Vəli

Salam, cənab dirijor!
saxla əlini bir az...
daha oxumasın xor,
eşqsiz oxumaq olmaz!


adam eşqdən oxuyar,
adam dərdi söyləyər...
gün gələr, dən qoxuyar

daraqtanımaz tellər...

ver, qırıb atacağam
"sehrsiz çubuğunu"...
sənə anladacağam
eşqin nə olduğunu...

dayan, cənab dirijor!
dinlə..
bu səs eşqindi...
ruhumuzda bəyazlar,
məsum həvəs eşqindi...

dəyişək yerimizi...
mən sevilim, sən də sev...
bizə yetər sevgimiz,
bir kitab, bir taxta ev...

gülüşümlə yu, axıt
üzündəki qrimi...
sən heyrət etdiyim büt,
mən-eşqin din xadimi!

***

Tural Cəfərli

İçəsən buludların sağlığına...

Əvvəl özünün unudasan,
Sonra qonşudakı itin adını.
Ümidləri itirəsən biryolluq,
Qaçırasan tənhalığın dadını.

Uzaq bir şəhərə bilet alasan,
Yükün bir çamadan “azadlıq” ola.
Son qəpiyi dilənçiyə verəsən,
Zəngin arzularla çıxasan yola.

İçəsən buludların sağlığına,
Göy “təşəkkür” edə sənə yağışla.
Sonra məktub göndərəsən Allaha,
Yazasan ki, gedənləri bağışla...

***

Vüsal Yurdoğlu

Bətül

Ərəb işğalından qurtulduğumuz minillik
geridə qaldı artıq,
Və indi İslam kəsərli bir qılınca bənzəmir
yaşamadığımız dünyada...
Yeni əsrdir,
yavaş-yavaş abadlaşır
came görkəmində tikilmiş katolik kilsəsi,
mövzu azan olsa da.
Müharibəyə səbəb olur
dəyirmi masada əyləşən
böyük məmurların kiçik mübahisəsi.
Elə çoxumuza maraqsız gəlir
həyatımızı dəyişə biləcək şəxslərin
dəyişməyən mülahizəsi.
Kişilik meyar deyil,
İndi xəbərlərdə aktualdır
kişilərin öz qadınının başını kəsməsi...

Bətül,

səninlə çıxdığımız yolda su tapılmır,
ölüm tapılır,
Əqrəblər keçir üst-üstə
ömrün sona çatdığını bildirmək üçün,
hələ yeni başladığımızı zənn etdiyimiz saatlarda...

Təklənmiş ruhumuz
ikili standartdan qurtulmaq istəyir,
bacarmır,
Bu dünya ki var,
burda insanlar qocalır, şeytan qocalmır.

Səni arzum bilərək çatdığım anda
nə ilkimiz, nə sonumuz bəlli.
Yalnız ölüm ola bilər
yaşamağı bacarmayanlara təsəlli.

Ömür dediyin,
başını kəsəcək kişini itirməyin,
Ölüm isə o kişini tapmağındır, safım...
Bil ki,
səni döymək istəyim
sinəmə döymə bacarığımla düz mütənasibdir.
Axı, sən qabırğamdan

Tanrının çəkib çıxardığısan,
Adın?!

-Bətül...
Ərəb işğalından qurtulduğumuz minillik
geridə qalıb artıq,
Yeni dövr adamıyıq,
Nə olsun?!

Sənə bir şans verirəm ismətini qorumağa,
behiştə qayıtma!
Qayıtsan yenə məni aldadacaqsan.

İndi xəbərlərdə
bir qadın yeni doğulmuş körpəsindən
imtina etdi rahatlıqla.
Ər arvadının başını kəsib oraqla,
sevinclə dedilər namus gözətçiləri.
Qan tutdu gözümü,
gözümdə bir ümid sığacaq yer qalmadı...
Bəs necə?!
Olanlara səbəb
Həvvanın Adəmə verdiyi almadır.

Dünən başlamışam ibadətə,
bu gün mömin bıçağıyla
7 nəfərin başını bədənindən üzüb
cəhənnəmə göndərmişəm ki,
özüm düşüm cənnətə..

Bətül,
Çətin olsa da, məni başa düş,
yoxsa başın asanlıqla düşəcək çiyinlərinin üstündən..,
Mən kişiyəm.
Kişilik meyar deyil, ənənədir.

Mən bu ənənəni davam etdirməliyəm,
Bağışla!

***

Mirvari Əhmədli

Qüssə

Salam qüssə, necəsən?
Yenə mi sən gəlmisən?
Bizdə qonağı qovmaq,
Adət deyil biləsən!

Gəlmisənsə keç barı
Otur, dinlən birazca
Özündən danış biraz
Sakit səslə, astaca.
Kimsə görməsin səni

Mənim yanımda bu gün
Bir kimsə hiss etməsin
Qonağısan ömrümün
Qapıda qalma, əyləş
Əliboş mu gəlmisən?
Deməyə lüzum yox ki,
Ya dərdi gətirmisən,
Ya da xoş arzuları
Bir anda məhv etmisən..

Kəsilən ümidləri
Bir-bir yerdən yığaraq,
Mənə pay gətirmisən...
Yaxşı,nə deyim sənə?..
Əı qayıtmaz geriyə
Söylə, düşün de niyə?
Bu yolu seçmisən sən?

Niyə sevgisizliyə
Hakimlik eyləyirsən?
Axı nə istəyirsən..

Bağışla, qüssə məni
Qonağa mühakimə
Yaxşı çıxmır bilirəm
Amma sən gələn gündən
Göz yaşımı silirəm
Gətirdiyin ümidlər

Kəsik, qırıq, yararsız!
Elə pay gətirmisən
Nə dərmanla düzəlir
Nə düzələr dərmansız...
Qüssə, yaraşırmı heç?
Yayıldığın cahana
Bu cürə hörmətsizlik?!
Beyinlərə durmadan
Yayırsan çarəsizlik
İnadkar olma belə
Dayandır bu savaşı
Alıb qəlblərdən yazı

Yerinə qoyma qışı
Səndən bir xahişim var,
Riyakar, soyuq qəlbə
Can atmasın ürəyin
Etdiyin ədavətə,

Sevinməsin gözlərin
Çoxmu oldu diləyim?

Məncə axı çox deyil
Səndən gözləntim böyük
Ya sənə bağlanmışam
Ya da salmışam meyil
Artıq adın gələndə
Donub, baxıb qalmıram
İnan elə yaxınsan

Bəzən heç "sevincin"də
Salamını almıram
Çox yaxınsan qəlbimə
Artıq təsirin də var
Bu ümidsiz beynimə

Şüurumda gəzirsən
Sanki sevinc gələrkən
Onu hiss eləyirsən
Bəlkə də qısqanırsan?..
O hissi ömrümə
Amma öyrəndim səndən

Öyrətdiyin hislər var
Duyub, kədər qoxusunu
Ağlamağı öyrəndim
Və bir də yol gedərkən,
Silib göz yaşlarımı

Qəhərdən boğularaq
Yaşamağı öyrəndim
Sən məni tək qoyanda
Sevindim, güldüm biraz
Sevinc adlı duyğunu
Özgələrdə axtardım,

Özgələrdən diləndim
Qüssə gəlmə daha sən
İstəmirəm sənin tək
Belə aciz qonağı
Dərdi yaşadan qonaq,
Artıq vermirsən maraq!

***

Aygün Salmanova

Yuxusuz gecələr buraxmır rahat
Yuxumu günahkar, yoxsa gecəmi?
Yatmayıb düşünsəm səhərə qədər
Tanrı bu duamı qəbul edərmi?

Desəm ki, bircə cüt qanad istərəm
Sonsuz səmalarda uçurardımı?
Desəm ki, nağıltək dünya istərəm
Cənnət bağçasında qaçırardımı?

Xülyadır, xəyaldır nə fərq edər ki?
Uçursan, qaçırsan qadağalarsız
Qovsan da ağlından hara gedər ki?
Yerdəsən, göydəsən vaxtsız saatsız.

***

Ulucay Akif

(şeir bu məmləkətin gözəl, günəşli günlər görməsi üçün çalışan hər kəsə ithaf olunur)

dostlar!
sizinlə çiyin-çiyinə verib
çox vuruşacağıq hələ, çox,
hələ çox qələbələr görəcəyik,
bəlkə məğlubiyyətlər də...
eybi yox!

eybi yox, dostlar, eybi yox!
Çünki biz
yalın əllərimizlə də olsa
öldürəcəyik üç meymunun üçünü də,
bəlkə bu, bəlkə gələn yaz...

- ilahi, nağılımızçün
cənnət almasından üçünü dər,
üçünü də bu məmləkətin payına yaz!

dostlar!
əlbət bir gün bu məmləkətin
dənizi dəniz, ağacı ağac,
dağları da dağ kimi dayanacaq arxamızda...


bir gün savaşa gedən atalarımız kimi
istifadə edəcəyik neftdən,
yandıracağıq günəşin qarşısını kəsmək istəyən hər kəsi,
heç kim dura bilməyəcək qarşımızda...

əlbət bir gün bu məmləkətin
dənizi dəniz, ağacı ağac,
dağları da dağ kimi dayanacaq arxamızda...
heç kim qalib gələ bilməyəcək bizə,
əlbət bir gün ən gözəl atların belində qayıdacağıq evimizə!


mən də bir ağac olacam,
bir ağac olacam sizə!
amma nə kölgə,
nə də meyvə verən ağac olmayacam...

elə ağac olacam ki,
məndən asacaqsınız
üç meymunun üçünü də...

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat

İkinci yer: 300 manat

Üçüncü yer: 200 manat

Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.

Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.

Şərtlər

Şərtlərdə yenilik

Göndərilən mətnlər

Yeni mətnlər

Növbəti mətnlər

# 3442 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #