Kulis.az Fransada yaşayan azərbaycanlı Könül Qasımovanın son terror aktı barədə qeydlərini təqdim edir.
Faciəvi hadisələrdən 12 gün sonra belə müzakirələr eyni qızğınlıqla davam edir. İlk günlər insanların reaksiyaları daha çox hiddət, dəhşət və qorxu çalarlı idi. Facebookda yazdığım kimi, havada qəribə bir narahatlıq vardı. Lap 20 yanvar ərəfəsində Bakıdakı ab-havanı hiss edər kimi olmuşdum. Söz vaxtına çəkər deyiblər... O vaxt qonşularla yığışıb Azadlıq Radiosunda Bakıya Sovet ordusunun yeridiləcəyi barədə Mirzə Xəzərin narahat səsinə qulaq asırdıq ha, onu xatırlamışdım. Kafelərdə- filan hər kəs radio dinləyir və qızğın müzakirə gedirdi...
Sadə insanlarla söhbətlərdən belə nəticəyə gələ bilərəm ki, təhsil səviyyəsindən asılı olaraq reaksiyalar dəyişir: təhsilli, dünya görüşlü şəxslər daha sakit reaksiya versələr də, sadə vətəndaşlar daha hiddətli idilər. Məsələn, hadisələrdən iki gün sonra iki rəfiqəm arasında təxminən belə bir söhbət oldu:
- Bu, dəhşətdir, bizim uşaqlığımızın qəhrəmanını (karikaturaçı Şarbı nəzərdə tuturdu ) öldürüblər.
- Əlbəttə, Fransa üçün böyük məsələdi, amma Fələstində hər gün nə qədər insan ölür... Nisbiləşdirmək lazımdır. Biz bilməliyik ki, biz də terrordan, ədalətsiz ölümlərdən sığortalanmamışıq.
İkinci fikri deyən fransız qadın Fələstin məsələsinə çox həssasdır. Onun Facebook səhifəsi demək olar ki, bu problemə həsr olunub. Hər iki qadın 2-3 nəsildən bəri immiqrant qarışığı olmayan, Fransada franko-fransız adlandırılan, bizim “ağ fransız” dediklərimizdəndir (Burda kiçik bir qeyd edim ki, Fransada milli azlıqlar qanunvericiliklə tanınmır. Kökün hardan olmasının fərqi yoxdur, olmayaraq hüquq nöqteyi-nəzərindən hamı fransızdır).
Düzünü deyim ki, iştirak etdiyim söhbətlərdə karikaturaçıları öldürənlərə “terrorist” deyirdilər. Bir dəfə də olsun, nə müsəlman, nə də TV-lərdə daha çox istifadə olunan “cihadçı” və ya “islamçı” ifadələrinin işləndiyini eşitmədim. Bunun mənim əhalisinin əksəriyyətinin müsəlman olan ölkədən gəlməyimlə əlaqəsi yoxdur, çünki görünüşcə müsəlmanla assosiasiya edilmirəm və daha çox söhbət etdiyim yaxın çevrəm də mənim dinsiz olduğumu bilir. Ona görə, mənim məsələyə hər hansı həssaslığımın olmasına görə, hər hansı xüsusi korrektlik nümayiş etdirdiklərinə inanmıram.
Rəfiqəmin ad günü qeyd etmək üçün getdiyimiz barda çox güman kimi ünsiyyət aclığı çəkən yaşlı bir adam bizə yaxınlaşıb söhbət etməyə başlamışdı:
- Mən həyatımda bir dəfə “Şarlı Hebdo” almışam, tərzlərini həddindən artıq sərt və əxlaqsız hesab etdiyimdən bir daha almadım. Katolikəm, onlar da həmişə Müqəddəs Məryəmi, İsanı və Papanı həddindən artıq açıq-saçıq ifadə və karikaturlarla tənqid edirdilər, ona görə mənim onlara elə bir simpatiyam yox idi, əksinə, daha çox acığım gəlirdi. Lakin fikirlərini ifadə etdiklərinə görə öldürülmələri qəbuledilməzdir. İndi hər şey dəyişəcək. Artıq Fransa başa düşdü ki, onun dünya qarşısında borcu var, terrorizmlə mübarizə aparmalıdır, çünki Suriya, İraq və ya Nigeriyada vəhşilik törədənlərin çox rahatca burnumuzun önünə qədər gəlib bizə də eyni şeyləri edə biləcəyini gördük”.
Yaşlı adamın fikrini burda yazmağımın səbəbi budur ki, belə fikirlərə demək olar bütün müzakirələrdə rast gəlmək mümkündür.
1. Heç də bütün fransızlar “Şarli Hebdo”nun tərzini bəyənmirdilər. Bu jurnalın özünəməxsus marjinal və vulqar tərzi vardır. Bizim Əli Əkbərin yazıları kimi, vulqar və provokativ tərzini çoxumuz sevməsək də, tənqidin mahiyyəti ilə çox vaxt razılaşırıq. Əslində, bu mənada “Mən Şarliyəm” ifadəsi, Fransada mitinqlərə toplaşmış milyonlarla insanın bu tərzi bəyənməsi və ya edilən tənqidlərlə razılaşması anlamına gəlmir. Mərkəzçi Beyrunun da dediyi kimi etirazlar daha çox “mən zərbə almışam” deməkdir.
2. Bu kütləvi toplantılar ümumi olaraq söz azadlığı prinsipinin bir dəfə daha ictimai təsdiqi forması idi.
3. Bir qayda olaraq, insanlar bu aktı törədənləri terrorist olaraq görür və özlərini terrorun digər qurbanlarından ayırmır.
4. Hadisələrdən sonra Fransanın beynəlxalq arenada terrorizmlə daha aktiv mübarizə aparmalı olduğunu düşünənlərin sayı artır.
Parisdəki Respublikaçı yürüşdə bir yaşlı kişi zənci polisi qucaqlayıb öpürdü. Marseydə Fransa himni oxunanda başıbağlı ərəb qadınların o məşhur qışqırıqları eşidilirdi. Bir ravvin, bir məktəb direktoru və bir gənc imam qucaqlaşmışdılar... İnsanların əllərində "mən müsəlmanam, yəhudiyəm, polisəm, Şarliyəm" yazılmış plakatlar vardı. Gözəl səhnələr idi, amma....
Terror aktlarından sonra Fransa müsəlmanlarına münasibətin pisləşəcəyi ilə bağlı ilkin proqnozlar müəyyən mənada özünü doğruldur. TV-lərdəki müzakirələrə həmişə hər hansı məğrib mənşəli (Şimali Afrika) fransızın dəvət edilməsi ilə bu fikrin əksinə mesajlar verilməsinə baxmayaraq, sadə xalqda müsəlmanlara münasibətin birmənalı olmadığını demək olar. Mənim belə fikirləri yanımda deyəcək qədər cəsarətli, səmimi münasibətim olduğum sadəcə bir rəfiqəm var. Rəfiqəm növbə gözlədiyi zaman eşitdiyi söhbəti mənə nəql eləmişdi. Söhbət həkimlə katibəsi arasında olub.
- O təxminən dedi ki, karikaturaçılar istədiklərini tapdılar. Onların müqəddəs peyğəmbəri təhqir etmək hüquqları yox idi. Üstəlik o bu fikirdədir ki, bunu hökumət özü təşkil edib, hadisədən müsəlmanlara qarşı istifadə etmək üçün. Mən onda soruşdum ki, o necə belə bir fikir söyləyə bilər, o necə fransızdır? O da mənə dedi ki, o fransız deyil, türkdür.... Təsəvvür edirsən, o Fransa vətəndaşı ola-ola özünü fransız yox, türk sayır, üstəlik bu vəhşiliyə haqq qazandırır. Mən bir dəfə daha əmin oldum ki, bütün dinlər bu cürdür. Bütün dinlər-istisnasız. Biz xristianlıqla birtəhər mübarizə apara bildik, indi kilsə hər şeyə burnunu soxa bilmir.
Bura qədər hər şey normal idi. Amma burdan sonrası məni dəhşətə gətirdi...
- Amma bunlar gəlib bizə Fransada necə yaşamaq lazım olduğunu öyrətmək istəyirlər. Bizdə həmişə fikir azadlığı olub, biz həmişə hər şeyi ələ salıb gülürük, ən çox da özümüzü. Mən ona dedim ki, xoşuna gəlməyən getsin... Bağışla, amma mən başa düşdüm ki, mən türklərə nifrət edirəm. Mən bir də sənlə türk kafesinə getməyəcəm. Nə də “Liban” restoranına. Mən ora gələn adamları sevmirəm. Onlar bizim kimi deyil. Sənin kimi, mənim kimi deyillər. Qapqara geyinirlər, çirkli görünürlər. Bax adi misal: krasovkanı corabsız geyinirlər. Qadınlara gözlərini zilləyib baxırlar, söz atırlar. Hamısı öz dilində danışır, adam heç nə başa düşmür....
Bu sözlər hüquq, ictimai-siyasi elmlər sahəsində təhsili olmayan, sıravi vətəndaşın spontan olaraq və ərki çatan adama dedikləri idi. Bu söhbət özümü yaxın hiss etdiyim türklərə qarşı bir ümumiləşmə olduğundanmı, yoxsa insan haqları aşiqi biri olaraq ksenofob fikirlərdən iyrəndiyimə görəmi məndə çox ağır təəssürat buraxdı. Üstəlik, teraktı ərəb mənşəlilər törətmişdi, o isə türklərdən danışırdı. Evə gəldikdən uzun müddət sonra da bu hissin təsirində qaldım və rəfiqəmlə münasibətlərimi bir də gözdən keçirməli olduğumu düşündüm. Səhəri gün bizə gəlib dünən qızışdığına görə üzr istəsə də, məncə daha heç nə əvvəlki kimi olmayacaq. Ümumiyyətlə, indi hamının tez-tez dediyi kimi, heç nə əvvəlki kimi olmayacaq...
Əslində bu teraktın uzunmüddətli qurbanı müsəlmanlardır. O hadisə zamanı öldürülən, teraktın hədəfi olmayan və buna baxmayaraq həyatını itirən polis Əhməd kimi. Ona görə gərək müsəlmanlar bu terroru heç bir “əmma” qoymadan pisləyəydilər. Buna az rast gəlindi, müsəlman uşaqlar fransız məktəblərində terror qurbanlarının anmaq üçün təşkil edilən 1 dəqiqəlik sükut aksiyasında iştirak etmədilər, “mən Şarli deyiləm”, “mən Kouachi-yəm” haştaqları altında terroristlərə haqq qazandıran yazılar yazıldı (Artıq “terror aktına bəraət” ittihamı ilə şübhəli şəxs qismində 69 şəxs tutulub və ardından Fransanın özünün söz azadlığının məhdudlaşdırması ilə bağlı yeni qızğın müzakirələr başlayıb).
Üstəlik, bu azmış kimi, müxtəlif komplo versiyaları səsləndirildi. Bu komplo barədə fikirlər məni Xocalı soyqırımında Eynulla Fətullayevin iyrənc hesab etdiyim iddiaları qədər narahat edir. Düzü, bu mənada rəfiqəmin hiddətini anlayıram...
Dediyim kimi, hadisələrdən on gündən artıq müddət keçməsinə baxmayaraq, müzakirələr əvvəlki qızğınlıqla davam edir. Hadisələrdən sonra terrorla səmərəli mübarizə çərçivəsində ilk tədbirlərdən biri ibadət yerlərinin müdafiəsinin möhkəmləndirilməsi idi. Burda əsasən məscidlərin radikal sağçıların mümkün vandalizm aktlarından qorunmasından söhbət gedirdi (buna baxmayaraq, bəzi vandalizm aktları qeydə alınmışdı).
Terroristlərin öldürülməsindən sonra onların basdırılması məsələsi güclü narahatlıqlara səbəb oldu. Fransa qanunvericiliyinə görə, hər bir şəxsin ya daimi yaşayış yeri üzrə, ya da öldüyü yer üzrə, insan ləyaqətinə uyğun şəkildə basdırılmaq hüququ vardır. Qəbirlərin sonradan şəhidliyə çevrilməsi və fundamentalistlərin sitayiş və ziyarət yerinə çevrilməsi riski olduğundan adətən merlər dəfn icazəsi verməkdən imtina edirlər. 2012-ci ildə yəhudi məktəbinin girişində 3-ü uşaq olmaqla 4 mülki şəxsi və 3 hərbçini qətlə yetirən Merah adlı terroristdə də belə olmuşdu. Müzakirələrin nəticəsində öldürülən qardaşların ayrı-ayrılıqda və yaşayış yerləri üzrə, həmin şəhərlərin merlərinin xahişi ilə, yuxarıda dediyim risklər nəzərə alınaraq anonim qəbirdə basdırılmasına qərar verildi.
İlk günlər, bütün mediada əsas ana fikir ümumən müsəlmanlara, İslama qarşı hər hansı fikrin səsləndirilməsinin qəbuledilməz olması barədə idi. Buna nə dərəcədə əməl və ya nail olunurdu, bu, mübahisəlidir, əlbəttə. Son günlər isə müzakirələr daha çox gələcək istiqamətlidir, və mahiyyətçə “azadlıq, yoxsa təhlükəsizlik” seçimini andırır.
Dünən axşam TV-də gördüyüm simvolik bir müzakirədə opponentlərdən biri Fransanın öz mövqeyinə yenidən baxmasının və anqlo-sakson dünyası kimi balsfemdən (“küfr”- hüquqi mənada Tanrı və ya dinlərdəki müqəddəslərin tənqidi) uzaq durulması lazım olduğunu qeyd edirdi. Qarşı tərəf isə deyirdi ki, Fransada tarixən blasfem cinayəti olmayıb və blasfem söz azadlığının məhdudlaşmasına səbəb olmamalıdır.
Qeyd edim ki, son sorğularda iştirak edən fransızların 42 faizi, yəni hər 10 fransızdan 4-ü Məhəmməd peyğəmbərin karikaturalarının nəşr olunmasını doğru saymır. Amma çoxluq (bayaq qeyd etdiyim sorğunun nəticələrinə görə 57 faiz) bu fikirdədir ki, əgər Fransa geri addım atarsa respublika tarixində söz azadlığı və demokratiya sahəsində geriyə hərəkət edəcək.
Daha heç nə əvvəlki kimi olmayacaq. Necə olacağını demək üçünsə, hələ tezdir, görək nə olur. Necə deyərlər, borclu borclunun sağlığını istər. Siz sağ, mən salamat, yaşayaq
Zəruri qeyd: Mən Fransa üzrə mütəxəssis deyiləm və bu yazını Fransada yaşayan sıravi əcnəbi olaraq şəxsi müşahidələrimə, eşitdiklərimə, gördükərimə, oxuduqlarıma əsaslanaraq hər hansı araşdırma nəticəsi kimi deyil, spontan olaraq yazmışam.