“Burda kişilər zəif, qadınlar güclüdür” MÜSAHİBƏ

“Burda kişilər zəif, qadınlar güclüdür” <span style="color:red;">MÜSAHİBƏ
28 noyabr 2014
# 09:30

Kulis.az uzun müddət Kanadada yaşamış azərbaycanlı Şəbnəm Süleymanova ilə müsahibəni təqdim edir.

- Şəbnəm, Kanadaya hansı səbəbdən getmişdiz?

- Mən 7 ilə yaxın Fransada yaşamışam, həm oxumuşam, həm də işləmişəm. Avtomobil sahəsində çalışmışam. Sonra Kanadaya getdim və 5 il də orda yaşadım. Əvvəl təhsil, sonra biznes sahəsində. Kanadaya getməyim onla bağlı idi ki, Fransanı artıq bilirdim, tanıyırdım, burda kəşf edəcəyim, bu ölkədən ala biləcəyim bir şey qalmamışdı.

- Bəs Azərbaycana niyə qayıtdınız?

- Azərbaycanda heç vaxt işləməmişəm. Təhsilimi bitirəndən sonra dərhal xaricə getmişəm. Yəni Azərbaycan vətənim olsa da tanımadığım ölkə idi. Həm də özümü yarım azərbaycanlı kimi hiss edirdim. İnsanın özünü dərk etdiyi vaxtda xaricə getmişdim. Ona görə Azərbaycan mənim üçün fərqli bir yer olmuşdu və bura daha çox ailəmdən ibarət idi.

- Kanada deyəndə bu ölkə sizin üçün ilk olaraq nə ilə assosiasiya olunur?

- Sağlam həyat tərzi, gözəl təbiət və sülhsevərlik. Kanadada hamı istər məişətdə, istər davranışda çalışır ki, aqressiya göstərməsin. Orda bir növ yazılmamış qayda-qanundur ki, aqressiya olmamalıdır. Maksimum dərəcədə buna əməl edilir. Hətta məşhur bir ifadə var ki, bir mübahisənin sonunu “kanadavari” bitirmək - yəni “çox sağ ol”la.

- Yaşam tərzi haqda nə deyə bilərsiz?

- Yerli kanadalı və başqa ölkədən bura yaşamaq üçün gələn əcnəbinin yaşam şərtləri arasında sözsüz ki, fərq var. Orda Kanada təcrübəsi deyilən standart tələb var ki, yaşamaq üçün bu, çox vacibdir. Kanadada anadan olmusunuzsa, təbii olaraq, istər təhsildə, istər iş həyatınızda Kanada təcrübəniz var. Əgər ingiliscəniz mükəmməl olsa belə, Kanada təcrübəniz yoxdursa, bu, sizin üçün çətinlik törədəcək.

- Kanada təcrübəsi deyəndə konkret nəyi nəzərdə tutursuz?

- Təhsiliniz olsa belə, Kanadaya gələndə qısa da olsa təhsil kursu keçməlisiniz. Dildən imtahan verməlisiniz. Kanadaya gələndə həm bilərəkdən, həm də üsyan kimi təhsil üzrə kurs keçmədim, çünki Avropada təhsil almışdım, iş təcrübəm vardı, sıfırdan başlamaq istəmirdim. İstəyirdim ki, mənim təhsilimi tanısınlar. Ona görə birbaşa iş axtarmağa başladım. Fransadakı işimdən daha aşağı pillədən başladım. Amma yenə də sıfırdan başlamadım. Orda özümü təsdiqlədim.

- Kanadalılar istiqanlıdırlarmı?

- Kanada insanı ünsiyyətə çox açıqdır. Yeni gələn insanı daha tez qəbul edirlər. Gülərüzdürlər və pozitiv düşüncə onlarda artıq bir həyat tərzidir. Hamıdan da tələb edirlər ki, pozitiv olsunlar, o cür düşünsünlər. Hamını hər şeyə pozitiv baxmağa yönəldirlər. Məsələn, orda rusların inteqrasiya məsələsində çox problemləri olur. Praqmatizmdən gələn pessimistlik onların ordakı həyat tərzinə alışmasına mane olur. Kanadalılar isə hər şeyə nikbin münasibət göstərməyə çalışırlar ən azı. Bunun həm yaxşı, həm də pis tərəfləri var. İnsan özünü həmişə nikbin göstərməyə çalışsa da, bunun həmişə gizli depressiv tərəfi olur. Cəmiyyət səni həmişə xoşbəxt görmək istəyir və amma bu, hər zaman mümkün olmur. Ona görə əminəm, orda depressiyaya düşən insanlar öz hissini çölə vuran şərq insanından daha çoxdur. Kanadada belə qayda var ki, öz problemlərini özün həll eləməlisən, başqalarına mane olmamalısan, onların pozitiv aurasını pozmamalısan.

Yeri gəlmişkən, Vankuverdə bir küçə var. Bütün fərqli həyat tərzi seçənlər hamısı o küçədə yaşayır. Alkol, narkotik istifadə edənlər, evsiz adamlar - onlar öz seçimlərinə görə burda yaşayırlar. Sən fərqli həyat seçirsənsə, o məhəllədə yaşamalısan. Və həmin məhəllə düz şəhəri ortasındadır. Çox qəribə küçədir. Küçənin bir hissəsi isə normaldır. Axşam orda gəzmək təhlükəli ola bilər.

- Mənfi cəhətlərini ümumiləşdirsəniz, hansıları deyərdiniz?

- Neqativ tərəflərindən biri Kanadanın qaynar həyatdan uzaq olmasıdır. Şərqdə, Avropada olan qaynarlıq orda yoxdur. Onlar müəyyən bir inkişaf səviyyəsinə çatıblar və orda dayanıblar. Daha stabil həyatları var. Stabillik olan yerdə monotonluq olur. O monotonluq məni darıxdırırdı. Tutaq ki, ölkəyə mühacirlər gəlir və cəmiyyət onların hamısını bəlli bir stabil vəziyyətə salır.

- Yəni başqa millətlərin öz mədəniyyətini, həyat tərzini gətirməyə imkan vermir?

- Başqa cür mümkün deyil. Kanada mühacir qəbul edən ölkədir, orda hər immiqrant öz həyat tərzini gətirsə çətin olar. Kanada hardasa insanların bir yerdə yaşaması üçün zəruri olan mədəniyyəti yox, yaşam tərzini formalaşdırıb. Bəlkə məhz mədəniyyət çatmır və bu, mənə darıxdırıcı gəlirdi.

- Bizdə insanları daha çox sosial problemlər depressiyaya salır. Tipik kanadalını depressiyaya nə sala bilər?

- Yalnızlıq. İndividual cəmiyyət. Orda individualizm güclüdür, görünür, bundan irəli gələn yalnızlıq hissi var. Bayaq dediyim kimi həm pozitiv olmağa çalışırlar, həm dərdlərini paylaşa bilmirlər, bu halda təbii ki, digərləri də ona qulaq asa bilmir. Azərbaycanda həm bölüşmək, həm də qulaq asmaq marağı var. Ona görə orda insanların həyatında boşluq var. Həm də Kanadada həyat üçün zəruri olan şərtlərin hamısı yerindədir. Yəni gündəlik zəruri olan şeylərin dalınca qaçmırlar deyə bundan yaranan boşluq var. Mübarizə, motivasiya yoxdur. Bakıda səhər durandan bilmirsən nə olacaq. Məsələn, bu gün işdə son dəqiqədə ciddi dəyişiklik oldu. Sonra da mənə deyirlər niyə qayıtdın? Disneylend kimi ölkədir. Yoxsa Kanadada darıxırdım. Burda bir günüm o biri günümə oxşamır.

- Ölkədə sosial yardım necə tənzimlənir?

- Sosial yardım məsələn, Fransa ilə müqayisədə heç nədir, yəni çox azdır. Bir xarici Kanadaya gedirsə, o, heç bir şəkildə sosial yardıma arxayın olmalı deyil. Sosial yardım almaq üçün bunu yaxşı əsaslandırmalısan və verilən yardım da sənin ancaq minimum yaşayışına imkan verir. Yerli əhali ilə immiqrant arasında bu baxımdan fərq yoxdur. Orda hər büdcəyə uyğun həyat tərzi var. Və istənilən büdcə hər bir insanın sağlam yaşaması üçün imkan verir.

- Kanada mühafizəkar cəmiyyətdirmi? Qadın zorakılığı varmı?

- Əsli Britaniyadan olan ailələr daha konservativdir. Asiyalılar da öz ənənələrini çox saxlayırlar. Ailə-Şərq ölkələri ilə müqayisə edəndə iki insanın bir yerdə ömürlük yaşaması üçün qurulmur. Sadəcə iki insanın birgə yaşamasıdır, uşaq dünyaya gətirməsi... İşləyən qadınlar 40 yaşından sonra ana olurlar.

Məzəli bir şey danışım. İşlədiyim şirkətdə həmkarlarımla söhbət edirdim. Onlardan biri dedi ki, kişilərə qarşı zorakılıq var, istəyirəm şikayət yazım. Mən güldüm, düşündüm ki, bunlar zarafat edirlər. Baxdım, hamı ciddidir. Anladım ki, bu, doğrudan problemdir. Kanadada qadınların mövqeyi güclüdür. Fransada hər yerdə qadın hüquqları, feminizm haqda eşidərsən. Amma Kanadada belə deyil, çünki orda qadınlar kifayət qədər güclüdür və kişilərin mövqeyi daha zəifdir. Orda olduğum sonrakı illərdə gördüm ki, kişilər qadınlarla eyni mövqedə olmağa çalışırlar.

- Kişilərin mövqeyinin zəif olması özünü konkret nədə göstərir?

- Həm məişətdə, həm ailə strukturunda. Məsələn, dostlarım çox şikayət edirlər ki, həyat yoldaşları heç nəyi bölüşmür evdə, evin bütün yükü kişinin üzərindədir, o, həm işləyir, həm uşağa baxır, həm yemək hazırlayır. Məişətdə kişilərin üzərinə daha çox yük düşür, nəinki qadınların. İş baxımından diskriminasiya yoxdur. Məsələn, iş üçün müraciət edəndə, sənəddə cinsini, evli olub-olmadığını yazmırsan, hətta fotonu da qoymursan. Heç kim səndən soruşa bilməz ki, evlisən, yaşın neçədir.

- Kanadada mədəni həyat necədir?

- Kitaba bağlılıqları çoxdur. Hər səmtin zəngin kitabxanası var. Uşaqların kitabxanada uzun vaxt keçirməsi üçün hər cür şərait var. Ona görə orda uşaqlar balaca yaşlarından kitaba meylli olurlar. Orda teatr seçimi Parisdəki qədər çox deyil. Muzeylər, teatr Avropa ilə müqayisə ediləcək deyil. Vankuveri xarici qəzetlərdə “ən darıxdırıcı şəhər” adlandırmışdılar, bu da onların xoşuna gəlməmişdi. Ona görə özlərinə hədəf qoymuşdular ki, növbəti on-on beş Vankuveri ən maraqlı yerə çevirsinlər. Ona görə mədəni həyatın inkişafı üçün çox işlər görürlər...

- Kanadalı qadınlar dəbə bizim kimi çox meyllidirmi?

- Dəb anlayışı çox fərqlidir və bir sözlə ifadə eləsəm: rahatlıq. Parisdən sonra Kanadaya gedəndə burdakı dəb məndə aqressiya yaradırdı, çünki zövqlü gəlmirdi. Dəb elə bir şeydir ki, yaşadığın mühitə uyğunlaşdırır, çoxluq necədirsə istər-istəməz ona doğru gedirsən. Qadınlar leggings geyirlər, hər yerə də onla gedirlər. Onların geyimi çox sadədir, söhbət Avropa sadəsindən getmir . Avropada daha fərqli sadəlik var. Yəni bir az daha stilli və bir az rəngli. Kanadalı qadınlar üç il leggings geyərlər. Amma dırnaqları yerində olmalıdır. Manikür onlar üçün vacibdir.

- Mətbəxi haqda nə deyə bilərsiz?

- Mətbəxlərindən danışmayaq. Çünki onların özünə xas mətbəxi yoxdur. Mətbəx orda yaşayan xalqların kanadalıların ağız dadına uyğunlaşdırılmış yeməklərindən ibarətdir. Restoranlarda ən çox sifariş edilən isə balıq və kartofdur.

# 4216 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #