Sürgün gündəlikləri - Yannis Ritsosun şeiri

Sürgün gündəlikləri - Yannis Ritsosun şeiri
16 sentyabr 2023
# 17:00

Kulis.az Kənan Hacının tərcüməsidə Yannis Ritsosun "Sürgün gündəlikləri" şeirini təqdim edir.

Yannis Ritsos XX əsr yunan şeirinin böyük ustalarındandır. Onun başdan-başa metafora ilə süslənmiş poeziyası dünya modern şeirinin inkişafına güclü təkan vermişdir. O, köhnə və yenini bir-birinin içində ustalıqla əridərək əsrarəngiz bir dünya yaradır, əşyaları mənalandıraraq gerçək situasiyaya müncər edir və nəticədə şeirdən alınan təəssüratları dərinləşdirir. Bu, mifoloji təfəkkürün çağdaş formada təcəllisidir. Yannis Ritsos bütün parametrləriylə dünya şeirində bir hadisədir.

Şair siyasi görüşləri üzündən bir müddət sürgün həyatı da yaşayıb. Onun "Sürgün gündəlikləri" silsiləsindən yazdığı üç şeiri sizə təqdim edirik.

Sürgün gündəlikləri

27 oktyabr, 1948

Burada tikanlar çox, -
qəhvə rəngli tikanlar, sarı tikanlar
günboyu, hətta yuxuda belə
yaxamızdan əl çəkməz.
Gecələr tikanlı məftilləri odlayanda
ətəklərindən xırda zolaqlar buraxdı geridə.

Bir zamanlar bizə xoş gələn sözlər
bir qocanın sandığındakı toxunma köynək kimi
rənglərini itirdi,
pəncərə şüşəsində sönən gün batışı kimi.

İnsanlar əlləri ciblərində yürüyürlər,
bəzən, təkrar-təkrar eyni yerə.
Boş bardağın ağzında, ya da daha dərində
onu qəbul edib-etməyəcəkləri bəlirsiz
və israrla eyni nöqtəyə qonan milçəyi
qovurmuş kimi yelləyirlər əllərini.

29 oktyabr

Yuxumuz qış yuxusu - yetmir bizə,
sürgünə göndərilənlər gecə boyu
xorna çəkir,
yorğundu uşaqlar, yamanca yorğun.

Bizdən uzaqda - göy üzündə
ulduzlar sayrışır, böyük ulduzlar.
Vəftizçi Yəhyanın,
ya da bizim Panayotisin kəlləsi boyda
saçları dibindən qırxılmış ulduzlar,
bir də yarpızların dibində daldalanan qurbağalar.
Səhərlər üzümüzə gül rəngli bir günəş doğur,
Arkasion liseyinin pillələrində
satılan ucuz yağlı boya rəsmlərin eynisi
və ən qəribəsi
belə bir günəşi xoşlamağımızdır.

Ya tək, ya da kimləsə ikilikdə,
çox vaxt da həyətdə insan çoxluğu içində,
bir təpə başında dizlərimizi qucaqlayıb
seyr edirik günəşi
və bu günəş bütün gücüylə
üzümüzü yandırır;
badam ağacını var gücüylə silkələyib
son meyvəsini də
düşürmək istəyən yalınayaq kəndlisayaq.

Sonra əyilib ayaqqabılarımıza baxırıq,
torpağa baxırıq,
yerə heç nə düşməyib...

29 oktyabr

Tikanların və tökülən qızıl yarpaqların arasında
dərisi soyulmuş bir eşşək başı
tapdıq -
bəlkə də yazın əvvəli idi,
çevrəsində xırda mavi çiçəklər -
adlarını bilmədiyimiz.

Hasarın o tayından kimsə səsləsə,
Quşüzümü dolu kağız külah kimi
torpağa düşər səsi.

Gecənin bir aləmi təpələrdən gəlir səsləri
Ay işığına dolaşmış təkərini dəyişdirənlərin.

Sonra yenidən
dünya öz nizamına qayıdır,
jaketindən düşmüş qəhvə rəngli düyməni
təsadüfən həyətində tapdığın kimi...
Amma bilirsən - bu düymə
Teatrdakı aktyorların kostyumlarında parlayan
düymələrdən deyil.
Bu düyməni naşı dərzi kimi
jaketindəki düymələrin sırasına tikməyə
məcbursan..

# 3399 dəfə oxunub

Oxşar xəbərlər

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər