Seymur Baycan nəsli kəsilən mamontları xatırladır - Mirmehdi Ağaoğlu

Seymur Baycan nəsli kəsilən mamontları xatırladır - Mirmehdi Ağaoğlu
5 mart 2024
# 13:20

Kulis.az Mirmehdi Ağaoğlunun Seymur Baycanın "Ölüvay gənclik haqqında" adlı yazısına cavabını təqdim edir.

Gənclərin Seymur Baycan əmisi mənim, eləcə də qələm dostlarımın türk sözlərindən istifadə etməsiylə bağlı yazı yazıb. Seymurun bundan əvvəl də eyni mövzuda yazıları olub. O, Türkiyə türkcəsindəki sözlərdən istifadəni israrla rədd edir, kiminsə məqaləsində Türkiyə türkcəsində söz görəndə alovlanır, başından tüstü çıxır.

Elə mənim də Qarabağla bağlı son yazılarımda Türkiyə türkcəsindən istifadə etməyimə əsəbiləşib. Seymurun da yazıda qeyd etdiyi kimi, ikilikdə bu barədə müzakirə aparanda, mən bu prosesin qaçılmaz olduğunu bildirmişdim. İndi də eyni fikirdəyəm.

Hansı dil və ölkə çox inkişaf edibsə, özündən az inkişaf etmiş ölkənin dilini mütləq öz təsiri altına alır. Bunu biz Çar Rusiyası, SSRİ dövründə görmüşük. Hələ də rus sözlərini gündəlik dilimizdən silib ata bilmirik. Gündəlik danışıq dilimizə fikir versək, istifadə etdiyimiz sözlərin rahat 30-35 faizi rusca olur.

Arada girin sosial mediada sadə adamlara qulaq asın. Məsələn, dəllaldır, ev reklam edir, ustadır, avtomobil təmirindən danışır, aşpazdır, yemək resepti təqdim edir, görəcəksiz nə qədər rus sözü işlədirlər. O danışıqları bizim yox, sıravi bir türkün qulağı ilə dinləyin, danışıq dilimizin rus sözləri ilə nə qədər çirkləndiyinin şahidi olacaqsız. Yad sözlərin işlənməsinin qarşısı alınmalıdırsa, bu çirklilikdən qurtulmalıyıq.

Türk dilinə gəldikdə isə, Azərbaycan (mən Azərbaycan, mötərizədə türk dili deyərdim) və türk dilləri qohum, hətta eyni dillərdir. Bunun üçün də türk dilinin Azərbaycan dilinə təsirinin böyük olmasının ilk səbəbi budur.

İkincisi isə, gənclərin Seymur əmisi oturub Tiflisdə türk dilinin Azərbaycanda qarşısıalınmaz yayılma arealının praktiki tərəflərindən məlumatsızdır. Xəbər deyirsən, əksəriyyət türk xəbər mənbələrinə diqqət yetirir. Serial deyirsən, ruslar özləri bizimkilərdən çox türk seriallarına baxır. Telefonda cizgi filminə baxan körpələrdən tutmuş ciddi mütəxəssislərin istifadə etdikləri Yutub kontentlərinə qədər əksəriyyəti türkcədir. Sıralamanı adi məişət səviyyəsinə endirib nə qədər desən uzatmaq olar.

Mən bir neçəsini deyim:

“Trendyol”da özünə idman kostyumu sifariş verən adam bir neçə cəhddən sonra ona avtomatik olaraq “eşofman” deyəcək, çünki o sifariş verərkən heç yerdə “idman kostyumu” sözünə rast gəlmir.

Daha ev təmirçiləri də “şpaklyovka” demirlər, “alçı” sözünü işlədirlər, çünki bu sənəti atıq rus masterlərdən yox, türk ustalardan öyrənirlər.

Seymur xalqdan uzaq düşüb, bu dəyişikliklərdən bixəbərdir.

Yəni deməyim odur ki, dilin təmiz olmağını, lüğət tərkibini yazarlardan, dilçi alimlərdən çox adi insanlar müəyyən edir. Əgər adamlar “idman kostyumu” demək yerinə “eşofman” sözünü işlətməyi TƏRCİH (bu söz lüğətimizdə var) edirlərsə, sən neyləyə bilərsən, heç nə.

Ədəbi cameəni götürsək, oxuduğumuz kitabların əksəriyyəti türkcədir. Səbəb sadədir. Seymurun bəh-bəhlə tərifləməsinə baxmayaraq rus dili əvvəlki dinamikliyini itirib. Elə kitablar var ki, rusca tapa bilmirsən, tərcümə olunmayıb, amma türkcə dəfələrlə çap edilib. Üstəlik rusca kitabların Azərbaycana gəlişi asan deyil, gələndə də od qiymətinə olur. Halbuki Türkiyədən istənilən kitabı asanlıqla və dəfələrlə ucuz qiymətə sifariş verə bilirsən.

Belə şəraitdə türk dilinin təsirindən sitəm eləmək (Seymur, bu söz də dilimizdə var) yersizdir. Çünki dediyim kimi, təsir qaçılmazdırsa, şəraitə uyğunlaşmalısan, özünü əziyyətə salmağın yeri yoxdur.

Dil özünüifadə vasitəsidir, məlumdur, bu da asan yolla baş verməlidir. Əgər sadə insanlar "qeyd etmək" yerinə "kayd etmək", "düyməyə sıx" (necə ağır səslənir) yerinə "tıkla" deyirsə, "lokasiya, məkan at" yerinə "konum-qonum at" deməyə üstünlük verirsə, min Seymur gələ prosesin qarşısını ala bilməz.

Üstəlik, görün “konum-qonum” sözü necə gözəldir, “qonmaq”, “qonşu” sözləri ilə də qohumdur, qardaş-bacıdır. İndi biz bu sözü işlətmək yerinə ağzımız əyilə-əyilə “lokasiya” deyək ki, nədir-nədir bunu türklər (qardaşlarımız) kullanıyor?

Mən məhz bunun "qaçılmazlığından" danışıram. Allah evini tiksin, illərdir bizim mətbuat "parkovşik" sözünün qarşılığını tapa bilmir, Dilçilik İnstitutu isə yatıb, başqa sözlərin qarşılığını necə tapacağıq? Heç olmazsa, Dilçilik İnstitutu dilə olan təsirlərə qarşı müqavimət göstərə bilsəydi, yenə hansısa özünümüdafiədən danışmaq olardı, indiki halda o da yoxdur.
Bir neçə ay əvvəl Ərdoğan "Bir gecə ansızın gələ bilərik" ifadəsini işlətmiş, bizim mətbuat da onu eyni cür vermişdi. Mən əvvəlcə fikirləşdim ki, "ansızın" yerinə "qəfil" işlətmək yaxşı olardı, sonradan Ənvər Məmmədxanlının əsərlərində bu sözə rast gələndə toxtadım. Deməyim odur ki, çağdaş türkcədə işlənən bizim dilimizdə də nə vaxtsa istifadə edilib, sadəcə unutmuşuq, həmən sözləri yenidən diriltməyin nəyi pisdir? Əksinə, lazımlıdır.

Hə, orası ilə razıyam ki, türk dilinin yersiz təsirlərindən qaçmalıyıq. Əlbəttə "məktəb" yerinə "okul" işlətmək yanlışdır. Belə nümunələr yüzlərlədir. Amma elə sözlər də var ki, onlar həm də bizimdir, türkcədədir: toplum, önəm, çağdaş, bilim, bilgisayar kimi... Götür işlət, nə problemi var?

Seymur dostumuzun Türkiyə nifrətinin arxasında nə dayanır, bilmirəm. Ona təəccüblənirəm ki, əvvəllər alovlu beynəlmiləl kimi camaata dərs keçən Seymur dostumuz nədənsə türk dilində reformlar edən Akop Martayanın erməni olmasını əlində dəstəvüz edir. Halbuki ötən əsrin otuzuncu illərində Türkiyədə dil islahatlarının aparılmasını təkcə Akopun adına yazmaq ədalətsizlikdir. Özü də həmən islahatlar zamanı nə qədər öztürkcə sözlərə yenidən nəfəs verilmişdi. O sözləri bizim də işlətməyimiz məqbuldur, dilimiz zənginləşər, söz ehtiyatımız artar.

Seymur Baycanın dil düşüncəsi Sovet dövründə formalaşmış Azərbaycan dili əsasında əmələ gəlib. Məsələn, klassik dilimizdən xəbərsizdir. Onun üçün də özünün lüğətində olmayan, ya da öztürkcədən gəlmə, onun əsasında yaranmış söz görəndə ürəyini tutur.

Qələmə dostumun bu yerli-yersiz mühafizəkarlığı mənə təkamül prosesindən çıxa bilməyən canlıları, məsələn, mamontları xatırladır. Mamontlar da iqlim təlatümlərinə ayaq uydura bilmədikləri üçün məhv olub getmişdilər. Yaşamaq isə yeniliyə uyğunlaşmağı tələb edir.

Xülasə, necə rahatdır, o cür də yazın, təki oxuyanınız olsun.

Seymura sayqılarla...

# 4532 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #