Mağara dağların əsnəməsidir – El Romandan yeni şeirlər...

El Roman, gənc yazar

El Roman, gənc yazar

9 fevral 2022
# 17:00

Kulis.az “Şeir günü” layihəsindən El Romanın yeni şeirlərini təqdim edir.

Yarasalar

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey –
adamlar torpağa, kağız torpağa...

Göyərsə göylərdə bir ağ göyərçin
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,
gəl.
Sən kimin olmusan min illər əvvəl?
adını oxudum cam kasalardan...

Deyən olmadımı vaxtı dayandır?
Tanrıyam, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
məni də bir dəfə yada sal orda...

Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...

Mənə inanmırsan?

Mənə inanmırsan?
gözümlə gördüm,
ayna qarşısında balaca uşaq
pomada sürtürdü
dodaqlarına.

Nikah masasında oturan o qız
stuldan sallanan ayaqlarıyla
tapdaya bilmirdi
yanındakının
qırx altı ölçülü ayaqlarını.

Mənə inanmırsan?
gözümlə gördüm,
ayağı çatmırdı
ayaqlarına...

Aeroport yolunda yavaş sürənlər
nə qədər söyüldü!
Gözümlə gördüm.

Mənə inanmırsan?
özüm də gördüm,
ya ayaq ləngiyir, ya baş fırlanır.
Kimi ayrılıqdan, kimi təklikdən,
Kimi yüksəklikdən qorxduğu üçün
o yolda təkərlər yavaş fırlanır...

Mənə inanmırsan?
inanıram de...

Qadınların yarısı

Bir gün dərdiyin çiçək səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...
Həmin gecə yuxuda özünü görəcəksən-
Dodaqların qırmızı, saçın uzun, laap uzun...

Çöldə eşidəcəksən çirkinliyin səsini,
Evdə atan yeyəcək tikənin yekəsini.
İçində hiss edəndə təklik təhlükəsini,
Səndən soruşacaqlar, kimin qızısan, qızım?

Getmək istəyəcəksən, yolun tən yarısında
Ətirini, donunu, onu unutmasan da,
O gün unudacaqsan bir kitabı masanda
Bir də açılmayacaq otağının qapısı...

Bir az qocalacaqsan, bir az əsəcək dizin,
Bir az huşun itəcək, bir az əlinin duzu,
Yollara baxacaqsan, belə laap uzun-uzun...
Öləndə belə ölür qadınların yarısı.

Bir də açılmayacaq otağının qapısı...
Öləndə belə ölür qadınların yarısı...
"Saçın uzun, laap uzun, dodaqların qırmızı...
Üzüntün tanış gəlir, kimin qızısan, qızım?"

# 6767 dəfə oxunub

Oxşar xəbərlər

"Bu qədər yadlaşma kimə gərəkdir?" - Firidun Ağazadə Fikrət Qocanın kötücəsinə şeir yazdı

"Bu qədər yadlaşma kimə gərəkdir?" - Firidun Ağazadə Fikrət Qocanın kötücəsinə şeir yazdı

14:07 16 mart 2026
Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

12:00 15 mart 2026
Bir vaxtlar doğmam idi ad günüm - Anardan ad günü şeiri

Bir vaxtlar doğmam idi ad günüm - Anardan ad günü şeiri

11:04 14 mart 2026
Tanrını bətnimdə oğurlayıb aparıram... - Hədiyyə Şəfaqətin şeiri

Tanrını bətnimdə oğurlayıb aparıram... - Hədiyyə Şəfaqətin şeiri

14:47 2 mart 2026
Kiyev tərəflərin nə çəkdiyini çırpına-çırpına sarı sim bilir - Günün şeiri

Kiyev tərəflərin nə çəkdiyini çırpına-çırpına sarı sim bilir - Günün şeiri

11:00 25 fevral 2026
Sənin gözlərinin dərinliyində... - Günün şeiri

Sənin gözlərinin dərinliyində... - Günün şeiri

12:00 20 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər