Pişik yeməyi yeyən, bir deputat maaşı qazanan gənc şair: “AYB-də istedadlı imzalar yoxdu”

Kazım və Kazımoviç, gənc şair

Kazım və Kazımoviç, gənc şair

18 oktyabr 2021
# 09:00

Əvvəlcədən deyim ki, bu yazının janrı yoxdur. Nə müsahibədir, nə reportaj, nə də hekayə. Bəlkə də, ümumiyyətlə, bu yazıda baş verənlərin heç biri real hadisə deyil, sadəcə mənim xəyal məhsulumdur. Bilmirəm.

“Xətai” metrosundan girib “Nəsimi”dən çölə çıxanda, özümü siyasət və ədəbiyyat arasında uzun, incə bir yolda hiss etdim. Fotoqrafımız İlkin Nəbiyev yenə mənə yol yoldaşlığı edirdi.

Kazım və Kazımoviçlə görüşə gedirdim. Ad sizi yanıltmasın, iki yox, bir adamla görüşəcəkdim. Bu adın sizə nə qədər tanış olub-olmadığını bilmirəm, ancaq bircə onu deyə bilərəm ki, Kazım və Kazımoviç gənc şairlər arasında tanıya biləcəyiniz ən əla imzalardan biridir.

Kazım və Kazımoviç “zoo mağaza”da satıcı çalışır. Onu elə mağazanın önündə siqaret çəkərkən görürəm. Görüşürük. Siqaretindən sonuncu qullabı alıb çırtma vuraraq atır, siqaret kötüyü qəribə şəkildə üfüqdə qeyb olur. İçəri keçirik.

Kazım əyləşməyimiz üçün bizə tezbazar yer hazırlayır. Mağazada bir stul olduğundan digər iki stulu plastik qabları üst-üstə qoyaraq düzəldir.

Yerimdə əyləşən kimi ilk iş telefonumun diktofonunu açıb Kazım və Kazımoviçin qabağına qoymaq olur.

- Hara tələsirsən, Ulucay? Müsahibədi də... Bir az rahatlan, kofe içək, sonra verərsən suallarını. – Kazım telefonu əli ilə özündən aralayıb gülümsəyir.

Bunu deyib kofe hazırlamağa başlayır. Daxılından şirniyyatlar çıxarıb bizim üçün xudmani bir süfrə açır.

Kazım dostum olduğuna görə özümü heç müsahibədə kimi hiss etmirəm. Etiraf edim, bu, ilk müsahibələrdən idi ki, heç əvvəlcədən suallar da hazırlamamışdım.

Şirniyyatlardan birini ağzıma bütöv qoyub çeynəyə-çeynəyə ilk sualımı verirəm:

- Kazım, səndən bunu çoxdan soruşmaq istəyirdim, amma fürsət yaranmırdı. Niyə imzanı “Kazım və Kazımoviç” qoymusan?

- “İç” şəkilçisi slavyan xalqlarında “oğlu” mənasını verir. Bunu məndən çox yerdə soruşurlar. Deyirlər, necə olur ki, öz adın da Kazım olur, atanın adı da? Cavabı çox sadədi. Mən hələ anamın bətnində olanda, atam yol qəzasında ölüb, ona görə də atamın adını mənə veriblər.

- Bəs, “və”ni niyə artırmısan?

- Əvvəl elə Kazım Kazımoviç idi, sonra dəyişib “Kazım və Kazımoviç” elədim. Bu açıqlamanı sənə ilk dəfə verirəm, eksklüziv olaraq Kulis üçün! (gülür) Yəqin bilirsən, insan beyni iki yarımkürədən ibarətdi, sağ və sol yarımkürələr. Biri xəyalpərəst olur, biri isə realist. Bu iki yarımkürə arasındakı epifiz vəzi də hər iki yarımkürənin fikirlərindən ortaq qərar çıxarır. Mənim imzamdakı “və” də həmin epifiz vəzini simvolizə eləyir. Kazım sol yarımkürə, Kazımoviç isə sağ yarımkürədi.

- Şeirlərini Kazım yazır, yoxsa Kazımoviç?

- İkisi də “və” ilə birləşib yazır.

- Özündə şeir yazmaq istedadını nə vaxt kəşf eləmisən?

- 8-9 yaşım var idi, bir də gördüm ki, hadisələri başqa cür görürəm. Ən adi şeyləri də nəyəsə bənzədirəm. Bunu bir dostuma dedim. Dedim, “quşların göz yaşıdı güllərin üstündəki şeh”. 12 yaşım var idi onda. Dostum dedi ki, sənin başın xarabdı? Əslində, belə yox, daha kobud dedi, amma onu desəm, yazıda yaza bilməyəcəksən (gülür). Onda zərgər işləyirdim. Ustam kitab oxuyan adam idi. Hiss edirdi ki, məndə yazmaq eşqi var. Deyirdi, yazmaqdan əvvəl çoxlu kitab oxumaq lazımdı. Sonra gəldim Bakıya.

- Bakıda neylədin?

- Bakıda çox qalmadım, dedim elə gedəcəm Moskvaya, orada həyatımı quracam. Bakıdan ora kababçı kimi getdim, bir restoranda ofisiantdan kababçıya, kababçıdan da restoran sahibinə kimi qalxdım. Restoranı arendaya götürdüm. Hər cür şəraitim var idi orda, maşınım, pulum. Bir il orada yaşadım, amma sonra sıxılmağa başladım, gördüm ki, arzum yazmaqdı. Moskvada olanda, bizim Slavyan universitetində Yaradıcılıq fakültəsinin yaradıldığını gördüm. Dedim, qayıdıram Bakıya, mən də o fakültədə oxuyacam. Elə də elədim. Gəlib yaradıcılıq fakültəsinə qəbul oldum. Yaradıcılıq fakültəsində Qismət Rüstəmov mənim şeirə, ədəbiyyata aid olan düşüncələrimi tamam dəyişdi. Düz bir il o fakültədə nə qədər elədilərsə də, öz şeirlərimdən oxumadım, hər dəfə necəsə yayındım. Çünki həmin bir il ərzində heç nə yazmırdım, digər tələbələrin yazdığı şeirlərə deyilən fikirlərə, iradlara qulaq asıb öyrənməklə məşğul idim. Beynimdəki şeir filtrini düzəldirdim. Şeir adamın beyninə onsuz da gəlir, əsas məsələ həmin filtri doğru düzəltməkdi ki, şeir əla alınsın. Bir ilin sonunda ilk dəfə şeirimi oxudum. Qismət dedi ki, əjdahasan!

- İşdə kitab oxumağa da vaxt tapırsan deyəsən. – masasındakı kitabları görüb soruşuram.

- Hə, - deyib Rasim Qaracanın kitabını əlinə alır. - Rasim də məzədi e... Gündə bir dənə janr tapır, internetdə araşdırıb, kitab buraxır. Kefinə düşəndə kitab çap eləyir. Mətbəə özünündü də (gülür).

- Pis şairdi Rasim Qaraca?

- Rasim əjdaha şairdi! Mənə görə Azərbaycanda 4 fundamental şair var: Həmid Herisçi, Salam Sarvan, Səlim Babullaoğlu və Rasim Qaraca. Bu 4 imza Azərbaycan poeziyasının həm keçmişidi, həm bugünüdü, həm də gələcəyi.

- Nəsimi, Füzuli?

- Boş söhbətlərdi onlar.

- Belə də verim müsahibədə cavabını?

- Ver (gülür). Boş söhbətlərdi deyəndə ki, Nəsiminin, Füzulinin kim olduğunu hamı bilir də, elə adını çəkdiyim bu şairlər də çox yaxşı bilir. Nəsimini, Füzulini gözdən salmaq bilirsən nədi? Onları bilməmək, oxumamaq. Onları bilmədən yalandan tərifləmək, haqqında danışmaq elə ən böyük hörmətsizlikdi. Ədəbiyyat elə bir şeydi ki, orada kimin adı qalıbsa, deməli yaxşı şairdi, yaxşı yazıçıdı. Əlavə müzakirəyə ehtiyac yoxdu.

- Yaşıdlarından hansı şairləri bəyənirsən?

- Ən yaxşıları elə mənəm!

Söhbətimiz əsnasında İlkin mağazadakı digər canlıların şəkillərini çəkir. Rəngbərəng papuqaylar, akvariuma məhkum olmuş okean balıqları, balaca “xamyak”lar... Söhbətimiz quşların cikkildəşməsi fonunda davam edir.

Bu məqamda içəri müştəri daxil olur:

- Salam əleyküm! Qardaş, siz də siçan üçün zəhər olur, tabletka kimi? – boğaza yığılmış kimi görünən dayı Kazımdan soruşur.

- Var, dayı, var. – Kazım ayağa qalxır ki, siçan zəhərini tapıb müştəriyə versin.

- Bunu necə istifadə eləməliyik? – dayı soruşur.

- Dayı, özün yemə, qalan necə istəyirsənsə istifadə eləyə bilərsən. – gülüşürlər. - Əlcək taxıb elə çıxararsız dərmanı. Siçan ha tərəfdədisə oralara qoy, şkafın altına, vannanın altına.

- Faydası olacaq bunun deyirsən? – dayı tərəddüdlə soruşur.

- Olacaq, nöş olmur? Narahat olma. – Kazım dayıya ürək-dirək verir.

Sağollaşıb mağazadan çıxmaq istəyən dayı qəfil qapının ağzında dayanıb geri çevrilir:

- Qurd dərmanı yoxdu sizdə?

- Yox dayı, biz ancaq siçan işinə baxırıq. – Kazım yenə gülə-gülə deyir.

Müştərini yola salan Kazım müsahib stuluna (təbii ki, əgər bunu stul adlandırmaq olarsa) qayıdır.

- Bir yandan heyvanlara yem satıb yaşadırsan, o biri yandan da zəhər satıb onları qətl eləyirsən? – qəfil soruşuram.

- Bəzilərini yaşatmaq üçün başqalarını öldürmək lazımdı. – Kazımın cavabı da yetərincə sürətli və sərrast olur.

Bilmirəm, cavabı bədahətən verir, ya daha əvvəl özü də bu sual haqqında düşünüb, ya kimsə bu sualı verib. Əsas odur ki, cavab çox xoşuma gəlir, çünki bunu bütün canlılara şamil etmək olar.

- Vicdanın sızlamır heç? – çalışıram Kazımı qıcıqlandırım.

- Yox e, niyə vicdanım sızlasın? Mənim vicdanım onda rahatlayır ki, camaatın evi sağ-salamat olur.

Gözüm mağazadakı heyvan yemlərinə sataşır. Çeşid-çeşid pişik, it yeməkləri, növbənöv quş yemləri. Quşların fasiləsiz cikkildəşməsi söhbətimizi müşayiət edir.

- Pişik yeməklərinin iyi həmişə mənə ləzzət eləyib e, - birdən deyirəm.

- Dadı da əladı, mən yemişəm, - gülə-gülə deyir.

- Qorxmursan zəhərlənərsən?

- İnandırım səni, bu heyvan yemlərinin tərkibi marketlərdə adamlar üçün satılan ərzaqlardan daha keyfiyyətli, faydalıdı.

- Onda acsaq, bir azdan bir qab pişik yeməyi verərsən də - zarafat edirəm.

Çıxırıq siqaret çəkməyə. Mağazanın qapısının ağzında dayanan sarı, kök bir pişik Kazımın ayaqlarına sürtünməyə başlayır.

- Ac deyil e, qabağına yemək qoyuram yemir, elə oynamaq istəyir. – Kazım pişiklə oynaya-oynaya deyir.

Yerdə qarışqaların topalaşdığını görürəm.

- Kazım, niyə qarışqalar digər canlılardan daha çox zəhmətkeş görünürlər? – yenə verməyə sual tapıram.

- Əslində zəhmətkeş deyillər? – sualımı daha yaxşı başa düşmək üçün soruşur.

- Yox e, deyirəm bəlkə çox balaca olduqları üçün zəhmətkeşlikləri də daha çox görünür?öz sualıma elə sualla cavab verirəm.

- Bu elə konkret şeir misrasıdı, müsahibədə xərcləmə, şeir yazanda işlədərsən! Bu cavabı burada tələf eləmə!Kazım cavabımdan sonra mənə məsləhət verir.

Siqaretimizi çəkib içəri keçirik. Kazım məni mağazadakı canlılarla tanış eləyir. Mən isə diktofonumu söndürsəm də, suallarımı verməyə davam edirəm:

- Şeir ithaf eləmisən burdakı heyvanlara?

- Ağlımda var, Elza Seyidcahanı çağırıb mini konsert də təşkil eləyəcəm! (gülür). Yox e, Ulucay, nə şeir?! Mən o qədər həssas yanaşmıram. Sən heç ət yeyəndə, kövrəlirsən?

- Hə, hərdən pis oluram. - Kazımın sualı ritorik olsa da, cavab verirəm.

- Yox e, soyuqqanlı olmaq lazımdı. Ramiz Rövşəndən çox kabab yeyən yoxdu, amma şeirində “quzunu kabab kimi” xoşlayan adamlara söz atır! (yenə gülür).

İçəri yenə ardı-arası kəsilməyən müştərilərdən biri girir. İt üçün yem və şampun alır. Kazım pulun qalığını qaytaranda kassada xeyli pulun olduğunu görürəm. Müştəri mağazadan çıxan kimi tez növbəti sualımı verirəm:

- Yaman çox pul var kassada. Günlük al-verin nə qədər olur?

- Bir deputat maaşı qədər!

Deputat maaşlarındakı son artımdan xəbərdar olmadığım üçün günlük təxminən 3000 manatlıq al-verinin olduğunu ehtimal edirəm.

- Öz gəlirin nə qədərdi?

- Maaşım 500 manatdı, amma ümumi aylıq 700 manatı keçir.

- Burdakı quşlara, balıqlara ad qoymamısan?

- Yox, axı bilirəm ki, satılacaqlar. Səlim Babullaoğlunun bir şeirində dedidiyi kimi, “insanlara etibar eləmə, onlar ən azından ölürlər”.

Akvariuma məhkum edilmiş okean balıqlarını seyr edirəm.

- Balıqlar gənc şairlərə oxşayır. – Kazım deyir.

- Niyə?

- Okeanlarda elə balıqlar var ki, dişinin diqqətini çəkmək üçün torpaqda rəsmlər çəkirlər. Gənc şairlər də qız tutmaq üçün şeir yazırlar – deyib yenə gülür.

- Sən guya yazmırsan qızlar üçün?

- O qədəəər! Elə özümü misal götürürəm də (gülürük).

Səlim Babullaoğlunun adı çəkiləndən sonra söhbətimiz də məcrasını dəyişir, yönlənir Azərbaycan Yazıçılar Birliyi səmtinə:

- Kazım, AYB-dən nə istəyirsən? Hər dəfə AYB-yə aid tənqidi, yumoristik statuslar yazırsan.

- AYB-də istedadlı imzalar yoxdu, ya da çox azdı. Rasim Qaraca təzədən AYO-nu (Azad Yazarlar Ocağı – red.) qursa, AYB-nən ədəbi çaxnaşma başlasa, Yazıçılar Birliyi onun qabağına hansı gəncləri çıxaracaq? Kim üzvdü ora gənclərdən? Əslində, altdan-altdan hamı üzvdü e.

- Başqalarını deyə bilmərəm, mən üzvəm. – Kazıma cavab verirəm.

- Doğrudan? Vallah, mən heç bilmirdim sən AYB-nin üzvüsən.

- Hə, üzvəm.

- Səndən də bu bədxəbəri eşitdim, beynimdə o məşhur “Her gün eksiliyor bir-bir dostlar masamdan” mahnısı oxunur – qəhqəhə ilə gülür. Mən də ona qoşuluram.

- Əşi, üzvəm, yaxşı eləyirəm. Təqaüd verirlər, alıram, tədbirlərə göndərirlər, gedirəm. Yazı da ki, indiyə kimi nəinki hansısa yazıma, heç hansısa statusuma, fikrimə də müdaxilə eləməyiblər. İstədiyim adamı tənqid də edirəm, istədiyim şeyi də yazıram.

- Bir tərəfdən düz deyirsən e. Bəlkə məni də üzv eləyəsən, təqaüd verələr mənə də? – asta səslə soruşur.

- Rəşad Məcidə deyərəm, həll olunar, narahat olma.

- Zarafatsız, AYB-yə iki şərtlə üzv olaram.

- Hansı şərtlər? soruşuram.

- Birincisi odur ki, bir ayın içində mənə Prezident təqaüdü versinlər, ikincisi də ki, mənə elə vəsiqə versinlər, onu göstərib hər yerdən keçə bilim (gülür).

- Məndə var da o vəsiqədən – deyib, Mayakovskinin “Pasport” şeirindəki kimi kaşelyokumdan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini çıxarıb havada yelləyirəm. Kazımın göz bəbəkləri pasportumu iştahla seyr edir.

Vəsiqəmi cibimə qoyuram, söhbətimizə davam edirik.

- Mən AYB-yə üzv olsam, mənə şərait yaratsalar, gəncləri toplayıb elə bir mühit yaradaram, bu gün meyxanaçı Mahir Cürət “Yazıçılar birliyində şair yoxdu!” deyə bilməz. – Kazım qətiyyətlə deyir.

- Rəşad müəllimə deyəcəm bu sözlərini. – deyirəm.

Kazım bizim üçün bu dəfə çay dəmləyir. Çayı içəndən sonra fotoqrafımız İlkinin çox vaxtını almamaq üçün onu işə yola salırıq. Özüm isə Kazım və Kazımoviç mağazasını bağlayana kimi gözləyirəm. Uzun-uzadı söhbətlər edib mağazanı bağlayırıq. Kazım mağazanın şüşəli qapısını bağlayanda özünün içəridə qaldığını görürəm.

Çevrilib yanıma baxıram. Yanımda içəridəki Kazımın əkizi olan Kazımoviçi görürəm. Mağazanın içində Kazım, çölündə Kazımoviç. Hər ikisi də heyrətlənməyimə gülür.

İçəridə, quşların, balıqların yanında qalan Kazım təbəssümlə mənə əl sallayır.

Gördüyümə inanmayıb gözlərimi ovuşdururam. Yanımda dayanan Kazımoviç qoluma girir:

- Gəl, gedək. Bu gün Kazımın gecə növbəsidi, Kazımoviç isə istirahət eləyəcək.

“Nəsimi” metrosuna girib qeyb oluruq, amma digər şairlər kimi göydə yox, yerin altında...

# 8572 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #