Peyğəmbərin şəklini təhqir eləyənin aqibəti - Hekayə müzakirəsi

Peyğəmbərin şəklini təhqir eləyənin aqibəti - Hekayə müzakirəsi
6 dekabr 2023
# 15:00


Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Orxan Saffarinin "Zəngəzur dağlarında" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Milyon illik tənhalıq - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu:

“Dərd özündən zəiflərin yükü, özündən güclülərin əxlaqıdır. Dərdlə məzələnmək də olar, bir şərtlə ki, ona qıraqdan baxmayasan, onu qanadının altına alasan, onunla öz balanla oynadığın kimi oynayasan. Ağlımız kəsməyən vaxtlarda biz Mirzə Cəlilin Novruzəlisinə, Usta Zeynalına, Məhəmmədhəsən əmisinə gülürdük, ağlımız kəsəndən sonra onların faciəsini anlamağa çalışdıq. Orxanın bu hekayəsində (elə başqa yazılarında da) kolorit var, ancaq sevgi, mərhəmət yoxdur. Çünki Orxan personajlarının taleyini öz içindən keçirməyib, onlara sadəcə qıraqdan tamaşaçı gözüylə baxıb. Bu səbəbdən onları tipaja, obraza çevirə bilməyib. Biz Kafirovun, Xələfin şarj üslubunda təqdim olunan surətini görürük, fəqət onların dərdini, faciəsini görmürük. Onları ümumi aqibətə urcah eləyən yolların da doğmalığı yoxdur: tutalım, Kafirov peyğəmbərin şəklini təhqir elədiyinə görə bu aqibətə tuş gəlib, bəs zavallı Xələfin suçu nədir, sünnətsiz olmağımı? Bu suallara cavab yoxdur. Hekayə kimi deməzdim, əsgərlik xatirəsi kimi maraqlıdır”.

Azərbaycanda sayı on milyon olan bir nəfər yaşayır - Aqşin Yenisey

Aqşin Yenisey:

“Hekayə çex yazıçısı Yaroslav Hasekin “İgid Əsgər Şvayk” romanını yadıma saldı. O romanın dili və mövsusu da bu hekayədə olduğu kimi beldənaşağıdır. Şvayk da sıravi əsgərdir və bu hekayənin qəhrəmanları kimi müharibəni yaradan böyük ideyalardan xəbəri yoxdur. Bu adamlar, sadəcə, müharibə avaralarıdır. Napoleonun böyük ideyalar uğrunda ölümə göndərməyi məqbul saydığı balaca adamlardır. Qorxuları kimi sevincləri də balacadır. Qəhrəmanlıq edəndə belə bunun fərqində olmurlar. Bu hekayədə müharibə məişəti karikaturik cizgilərlə verilib, amma gülməli olana gülür. Yaroslav Hasek tam əksinə müharibədə ağlamalı olana gülürdü”.

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin hekayəsi

İlham Əziz:

“Orxanın mətnlərini min mətnin içindən tanıyaram. Orxan situasiya yazıçısıdı. Hekayələrində bədiilik olmur. Son zamanlar “bədii ədəbiyyat” kəlməsi də dəbdən düşüb. Oxucu estetikadan çox hekayədə həyati situasiya axtarır. Oxucu görmək istəyir, uzun, gözəl cümləlıri oxumağa səbri çatmır. Orxanın sözü gedən hekayəsini oxuyanda iki seçim qarşısında qaldım. Fikirləşdim ki, bəlkə, yaxşı köşə də alınardı. Fəqət mətndəki detalların ədəbiyyat tərəfi sonda ağır gəldi. Orxan sözünü birbaşa deyib, tələsib, çatdırmaq istədiyini nişan verib. Əsas odur ki, izah verməyib. Başlanğıcdakı İsa söhbətini bizim yas məclislərinə bağladığına görə yazıçı tolerantlığı göstərib. Bu mövzular, hekayənin dili yazıçını hər an bayağılığa sürükləyə bilər. Amma Orxan o sərhəddi adlamayıb. Cəsarətli mətndi. Bircə təhkiyəçiyə də ironiya etsəydi, o da bir aləm edərdi. Uğurlar!”

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

“Orxanın özünə də demişdim, ilk abzasda məntiq xətası var. Güllə adamın başına dəyəndə qafanın arxası dağılır, önü yox. Əlbəttə, kiçik bir nüansdır, amma yaxşı hekayədə belə incə səhvlərin olmaması daha gözəl olar. Orxanla mənim əsgərliyim aşağı-yuxarı (şərait olaraq) eynidir. İkimiz də Allahın yadından çıxardığı postlarda əsgər olmuşuq. Orxan bir-iki abzasda o post mühitini çox qəşəng ifadə edib. Hətta oxuyarkən fikirləşdim ki, iki-üç gün olsun (çox olmasın), yenə gedib o postda xidmət edim.
Hekayə minimal və şərtidir. Saffarinin qələmi belə şeylərə yaxşı işləyir. Dostumun yazdıqlarında çatışmayan tək şey yeni müəllifləri tanımamasıdır. Eyni hal Nadir Yalçında da var. Dünya ədəbiyyatında gedən prosesləri izləsələr də, müəllifləri və mətnləri tanımadıqları üçün yaratmaq istədikləri model əyri-üyrü qalır. Təəssüf ki, ədəbi mühitimizdə yeni dövrün ədəbiyyatına cahil qalan çoxdur. Orxan da bu kəslərdən biridir.
Saffarinin özünün meydanı var. Andeqraund mövzular, yəni cayıl mövzular. Hələ ki, Saffari bu mövzuları yazan tək imzadır. Ümid edirəm ki, elə öz meydanında ən yaxşı qolları vuracaq. Onsuz da onun meydanına girmək hər kişinin işi deyil.
Mən hekayəni bəyəndim. Məncə, çox adam bəyənəcək. Çünki səmimi və həyatın içindəndir”.

Quyu - Əli Novruzovun hekayəsi

Əli Novruzov:

“Orxanın yeni hekayəsini birnəfəsə oxumuşam, amma bu hekayə məni həm də çətinə salıb. Orxan burada bəzən hətta bir cümlədə, yarım cümlədə böyük mətləblərdən əslində danışmır, amma diqqətli oxucunu həmin böyük mətləblər barəsində ciddi düşünməyə vadar edir. Zəngəzurun dağlarında, 3600 metr yüksəklikdə təkcə ulduzlar yaxın görünmür; burada həm də xeyir və şər, cinayət və cəza öz essensiyasından məhrum olur, insan cəmiyyətinin məhək daşlarını təşkil edən meyarlar öz qüvvəsini itirir, həyat bütün şərtiliklərdən arınaraq öz ilkin, ibtidai, təbii təzahürünə qayıdır. Daha nə qorxaq, nə cəsarətli; nə zalım, nə məzlum; nə dost, nə düşmən; nə iman, nə şübhə mövcud deyil. Bu kiçik hekayənin bizə göstərdiyi— üzərindən sivilizasiyanın tül pərdəsi götürülmüş həyatın özüdür.

Orxanın əvvəlki hekayələrinə gələn tənqidlərdən ehtimal edirəm ki, bu dəfə də onun üslubuna və dilinə dair iradlar səslənə bilər. Orxanın üslubu və dili ilk baxışdan bir az kobud və köntöy təsir bağışlayır, bunu bir az da naturalist tərz hesab etmək olar. Azərbaycanın dağlıq yerlərində qədimdə ev tikmək və hasar hörmək üçün kobud yonulmuş çay daşlarından və ya qaya parçalarından istifadə edərdilər. Baxırsan ki, yonulub, amma divara yaxşı oturacaq qədər. Bəzən hekayədə yanıqlı avaza məst olan, ağacların koğuşuna sığınan, ilıq havada xumarlanan qaratoyuqlara hacət olmur. Orxanın bu hekayəsində də bütün daşlar—nə qədər kobud yonulsa da—öz yerinə oturub və müəllif bizim qarşımızda ancaq iki seçim qoyur: bəyənmək və ya bəyənməmək. Mən şəxsən bəyəndim”.

# 1806 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #