"Müəllif özü də nə yazacağını bilməyib" - Hekayə müzakirəsi

"Müəllif özü də nə yazacağını bilməyib" - Hekayə müzakirəsi
24 avqust 2023
# 12:40

Kulis.az “Hekayə müzakirəsi” layihəsində Xəyyam Rəfilinin "İt sarayı" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

Xəyyam çox geniş və qeyri-adi zəmin hazırlayaraq hekayəyə başlayır. Oxucu zənn edir ki, yəqin hoteldə nəsə qeyri-adi bir hadisə baş verəcək. Adətən hotel mövzulu əsərlərdə bu cür olur. Və hekayə irəlilədikcə itin keçmiş sahibinin hekayələri də bura daxil olur. Lakin sonradan hekayə qəfil novellavari sonluqla yekunlaşır.

Mənə elə gəlir ki, müəllifin bunu etməkdə məqsədi oxucunu ilk növbədə fokus nöqtəsindən yayındırmaq və hekayənin mərkəzini oxucudan bir növ gizlətməkdi. Çünki hekayənin başlanğıcında ilk baxışda əhəmiyyətsiz görünən bir məqam var: “Qızımın altı il əvvəl çəkilmiş şəkillərinə baxdım. Hamısında da ya oturub, ya da qucaqdadır. Onda hələ yeriməyə başlamamışdı. Nəfəsimin daraldığını hiss elədim.”

Nəfəsi niyə daralır? Bunlar sirrdir. Müəllif danışmır, məlumat vermir.

Müəllif personajın əsas kədərini bax bu cümlələrdə gizləyib, lakin onu faş eləməyə can atmır, gözdən nihan edir, saqınır. İtə görə sondakı yersiz (əsər üçün yox, qəhrəman üçün) isterika da personajın daxilində yığılıb qalmış sarsıntısıdır ki, adi it üzündən vulkan kimi partlayır.

Ömürlük sırğa - Alpay Azər

Alpay Azər:

Azərbaycan nəsrində hekayələri ilə özünü təsdiq etmiş qələm və ruh dostum Xəyyamın maraqlı təhkiyə ilə yazdığı bu hekayəsində itlərin yaşadığı bir hotel, mühit olaraq özlüyündə maraqlı, yaxşı tapıntıdır. Hekayə “süjet tipli” olduğundan, mətnin ortasında ya sonunda nəsə qeyri-adi bir şeyin baş verəcəyini gözləyirdim. Düzü, sonluq çox standart gəldi mənə, maraqlı obraz (sahibləri faciəli şəkildə ölmüş it) var, amma sarsıdıcı, heç olmasa, maraqlı hadisə yoxdur. Yəni kədərli, faciə yaşamış bir itin itməsi, qeyb olması sıradan bir detal kimi gəldi mənə.

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

Hekayə "baş roldakı" itin əhvalatına qədər mənə reportaj təsiri bağışladı. Bədii çalarlar özünü qəbulda oturan oğlanın it haqqında danışdığı hekayədə və finalda göstərir. Qalan bütün hisslər müəllifin reportaj və hekayə janrı arasında gəlib-gedən yarımçıq bədii-publisistik üslubunun mətnidir. Bir neçə yerdə hekayəni xilas etmək üçün şansları olsa da, etməyib. Əsas nüanslardan biri - hotelin it sarayı kimi təqdim olunması hekayənin yarımçıq bədii ovqatında həll olunmayıb. Xülasə, mətn nə qədər oxunaqlı olsa da, bədii cəhətdən zəif və yarımçıqdır. Düşünürəm ki, hekayəni oxunaqlı edən də reportaj ab-havasıdır. Yoxsa müəllifin seçdiyi hadisədə heç bir orijinallıq yoxdur.

Ramil Əhmədin yeni kitabı çap olundu

Ramil Əhməd:

Müəllifin çox yaxşı hekayələrini oxumuşam. Bu səbəblə, sorğudan əvvəl imzasını görən kimi yeni hekayəsini oxudum. “Hekayə” sözünü burada şərti olaraq sayta istinadən deyirəm, inciməsin. Əgər İstanbuldan reportaj və ya esse olsaydı, maraqlı olardı. Amma üzərinə hekayə yazıb təqdim etdinmi, iş biraz qəlizləşir. Oxuyanda hiss etdim ki, müəllifin özünə hələ nə yazacağı aydın deyil. Hansısa xatirənin, emosional vəziyyətin, avqust məzuniyyətinin imkanından istifadə edilib yazılmış mətndir. Həm müəllif, həm mətn tələskənliyini sezdim. Hekayədə ciddi mənada zaman problemi vardı.

Bu, sosial müdafiə yox, sosial hücumdur - Gənc yazıçıdan etiraz

Təvəkkül Boysunar:

Xəyyam Rəfilinin bu hekayəsinin dili əvvəlki hekayələrinin dilindən daha yaxşıdı. Bir çox yerdə elastik, sürətli, axıcıdır ki, bu da həm oxucuya xoş gəlir, həm də onu axıra qədər hekayədə saxlamağa kömək edir.

Hekayədə mənə görə bəzi artıq hissələr var idi. Məsələn, o hissələrdən birini qeyd edirəm:

"Cavan oğlan danışdıqca, beynimdə “ev iti” sözü əks-səda verir, internat məktəbdə böyümüş dostumu xatırlayırdım. Bir dəfə yanımızdan keçən birini göstərib, “bu adamla uşaq vaxtı hər gün dalaşırdıq”- demişdi. “O da sizin yataqxanadandır?”- soruşanda, verdiyi cavab mənə sillə kimi dəymişdi. “Yox, o, ev uşağı idi. Yataqxananın yanında yaşayırdı”- demişdi. Leksikonumda “ev uşağı” sözünün olmaması, yəni dostumun qəsd etdiyi mənada olmaması məni elə sarsıtmışdı ki, özümü bütün kimsəsizlərin səbəbkarı, günahkarların ən böyüyü kimi hiss etmişdim" .

Yazıçının oxucunu məqsədli şəkildə təsirləndirməyə çalışması, nə vaxtsa özünün təsirləndiyi bir hadisəni bu cür ötəri və bədiiləşməmiş şəkildə mətnə daxil etməsi, məncə, uğurlu deyil və mətndə artıq görsənir.

Müəllif itin kədərini oxucuya çatdıra bilir, ancaq sonluğun yaxşı alındığını düşünmürəm. Artıq məqamlar mətndən çıxarılsa və sonluq üzərində işləsə, hekayə daha yaxşı vəziyyətə gətirilə bilər.

Ümumiyyətlə, itlərin sədaqəti ilə bağlı xeyli mətn yazılıb, film çəkilib. Bu baxımdan, məncə, mövzu seçimi o qədər də uğurlu deyil.

# 2041 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #