Məşhur psixoloq: "Qadınlar keçmiş ərinin həyatını cəhənnəmə çevirir" - Müsahibə

Məşhur psixoloq:  "Qadınlar keçmiş ərinin həyatını cəhənnəmə çevirir" - Müsahibə
21 iyun 2024
# 09:00

Kulis.az psixoloq Nizami Orucovla müsahibəni təqdim edir.

- Nizami bəy, bildiyimiz kimi abituriyentlərin qəbul imtahanları ərəfəsindəyik. Məncə, elə müsahibəyə buradan başlayaq. Hər il imtahan ərəfəsində abituriyentlərin intihar halları baş verir. İstərdim ki, bu problemin səbəblərindən danışaq.

- Bu problemin ən başlıca səbəbi cəmiyyətimizin, uşaqlara, yeniyetmələrə yüklədiyi məsuliyyətdir. Valideynlər məktəblərə, repititorlara, hazırlıqlara xərclədiyi pulu sərmayə kimi görürlər, bir növ, öz övladlarına yarış atı kimi baxırlar. Təbii ki, yarış atına sərmayə qoyanda onun birinci olmasını istəyəcəksən. Valideynlər uşaqlarını tanımaq, bacarıqlarını, istedadlarını kəşf edib dəyərləndirmək, seçilən ixtisasın gələcək perspektivlərini araşdırmaq əvəzinə uşağın yüksək nəticə ilə ən yaxşı ali məktəbə qəbul olmasına üstünlük verirlər. Nəticə nə olur? Kifayət qədər yüksək balla, ən yaxşı universitetlərdən məzun olmuş tələbələr sırf sevmədikləri, bacarmadıqları sahədə olduqları üçün "yoxa çıxırlar". Ya da iki-üç diplomla iş tapa bilməyən nə qədər insan tanıyırıq. Çünki bu uşaqlara əvvəlcədən seçim haqqı verilməyib, kim olmaq istədikləri soruşulmayıb. Bəlkə də, o uşaq hər hansı bir peşəyə yiyələnsəydi daha uğurlu ola bilərdi. Valideynlərin bu yanlış addımı da, təəssüf ki, bəzən uşağa sürükləmiş olur. Çünki uşağın yeganə məqsədi imtahandan yüksək nəticə qazanmaqdır. Uşaq qınaqdan, danlaqdan xilas olmağın yolunu intiharda görür.


- Bəs həll yolu nədir, bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?

- Əvvəlcə, bunu dərk etmək lazımdır ki, "camaat nə deyər?" fikri ilə uşaq böyütmək, tərbiyə etmək, həyatını yönləndirmək olmaz. Valideyn uşağı ilə söhbət edib onu tanımalı, bacarıqlarını, istedadlarını kəşf etməli; sən kim olmaq istəyirsən, nə etmək istəyirsən - soruşmalı və təbii ki, öz məsləhətlərini də bölüşməlidir. Uşaq ata-anasının dəstəyini hiss etməlidir. Amma onu da qeyd edim ki, son illərdə xeyli müsbət dəyişikliklər var, ildən-ilə abituriyent intiharlarının sayı azalmaqdadır. Amma yenə də bu məsələni başlıbaşına buraxmaq olmaz. Valideyn şüurlu və savadlı şəkildə dərk etməlidir ki, uşağa ilk öncə şəxsiyyət kimi yanaşmaq lazımdır. Əks halda uşaqların düşdüyü çərçivə ömürboyu onlara müxtəlif problemlər yaşadacaq.


- Bəs uşaqlar bu çərçivələrdən xilas ola bilirlərmi?

- Bu çərçivələrdən xilas olmağın yolu özünü inkişaf etdirməkdir və əksər hallarda özünüinkişaf könüllü yox, məcburi, hətta, bəlkə də zəruri seçim olur. Özünüinkişaf deyəndə biz qərbdən dilimizə keçmiş populist psixologiyadan bəhs etmirik. Yəni, "səhər 6-da dur, şəhərdə 7 dövrə qaç, həyata gülümsə" kimi ifadələri nəzərdə tutmuram. Özüninkişaf hansısa bacarığının, xüsusiyətinin təkmilləşdirilməsi deməkdir. Məsələn, hansısa jurnalistin mütləq bir imici olmalıdır, söz bazasını, nitqini inkişaf etdirmək üçün geniş mütaliəsi olmalıdır. Və yaxud başqa bir şəxs səhhəti ilə bağlı sağlam qidalanmaya keçməli, sağlam həyat tərzi sürməli, yuxu rejiminə nəzarət etməlidir. Bütün bunlar özünüinkişafdır.


- Nizami bəy, siz özünüinkişafla bağlı popiulist yanaşmadan bəhs etdiniz, statistik göstəricilərə görə şəxsi inkişaf kitabları bu gün kitab bazarında hegemonluq edir. Gənclər arasında bu kitablara maraq həddən artıq çoxdur. Sizcə, bu kitablar gənclərin inkişafında rol oynaya bilirmi? Bir psixoloq kimi bu haqda düşüncəniz maraqlıdır...

- Bəli, bu kitablar bir gəncin həyatında yolgöstərən bir mayak qədər ciddi rol oynaya bilər. Sadəcə, burada vacib bir məqam var. Əsas odur ki, nə oxuduğunu, kimi oxuduğunu yaxşı biləsən. Çünki bu kitabların çoxu elə qərbdən gəlir. Elə müəlliflər var ki, araşdırsan görərsən ki, heç kimdir, bu adamın ixtisasi belə yoxdur. Götürüb ağzına gələni yazıb. 200 səhifəlik kitab oxuyursan, eyni şeyin dəfələrlə təkrarlandığnı görürsən. Bu tip kitabların təbii ki, heç bir faydası olmayacaq. Amma "Atomik vərdişlər" kitabı çox faydalı kitablardandır. Buna görə də gənclərə məsləhət görürəm ki, kitab seçərkən kitabın mövzusunu, müəllifini araşdırsınlar. Kitab haqqında olan rəylərlə tanış olsunlar. Əllərinə düşən hər kitabı oxumasınlar.



- Populist psixologiyadan söhbət düşmüşkən gəlin bir az da motivatorlardan, yaşam kouçlarından danışaq. Sizcə, bu şəxslər psixoloqların "bazarını öldürmür ki"?


- Bazarı öldürmür, amma psixoloqların sözlərinin kəsərni azaldır. Çünki bunların böyük əksəriyyəti həyat təcrübəsi, ixtisası, elmi olmayan insanlardır. Bir-iki təlim keçirlər, sonra da heç bir elmə, həyatı təcrübəyə söykənməyən tövsiyələr, məsləhətlər verib, insanların həyatına müdaxilə edirlər. Dələrlə olub ki, Türkiyənin ən məşhur yaşam kouçlarının qəbulunda olub, onların tövsiyələrinə uyaraq ölümcül səhvlər etmiş insanlar sonradan mənə müraciət ediblər. Məsələn, yaşam kouçu buna evlən dediyi üçün adam gedib evlənir. Sonradan bunun yanlış olduğunun fərqinə varır.

- Psixoloqların yaşam kouçlarından əsas fərqiniz nədir?

- Psixoloqlar yaşam kouçlarından fərqli olaraq heç bir pasiyentə birbaşa tövsiyə vermirlər. Heç bir psixoloq özünü qarşısındakı insandan ağıllı hesab etmir. Məsələn, bir pasiyent psixoloqa filankəslə evlənim ya yox sualını verəndə heç bir psixoloq ona birbaşa evlən ya da evlənmə deyə bilməz. Amma yaşam kouçları bunu asanlıqla edirlər və sonrakı nəticələr onları maraqlandırmır. Ümumiyyətlə, hələ dünyada yaşam kouçluğu adlı bir ixtisas formalaşmayıb.

- Paylaşımlarınızdan görünür ki, məxfiliyin qorunmasına ciddi önəm verirsiniz. Hal-hazırda dünyada bir çox psixoloq və psixiatrlar seanslar əsasında kitablar yazırlar, pasiyentlərin həyat hekəyələrini filmə çevirirlər. Sizcə, bu məxfiliyin pozulması sayılır?

- Bəli, bu məxfiliyin pozulmasıdır. Bir halda məxfiliyin pozulması sayılmaya bilər ki, psixoloq və ya psixiatr pasiyentdən yazılı icazə alsın. Amma bu halda belə gələcək fəsadlar hesablana bilmir. Bu tip əsərlər, filmlər kimlərinsə həyatına təsir edə, onları hansısa səhvlərdən çəkindirə, onlara nəyisə öyrədə bilər, digər tərəfdən isə bu insanlarda psixoloqlara qarşı yanlış fikir formalaşdıra bilər. Eyni zamanda, həyatı film ya da kitab olmuş şəxsi kimsə tanısa bu gələcəkdə müxtəlif fəsadlar verə bilər, bunu əvvəlcədən hesablamaq mümkün deyil. Buna görə də mən məxfiliyə önəm verirəm. 9 ildir ki, bu sahədəyəm, nə yazdığım kitabda, nə çıxışlarımda, nə də verilişlərdə məxfiliyi pozmamışam.

- Məşhurlaşan "toksik" münasibət, "narsist" insan ifadələrindən də danışaq. Son dövrlərdə birdən-birə lüğətimizə girmiş bu ifadələrin mənası nədir, narsistlər kimlərdir, toksik münasibət necə olur?

- Bu ifadələrin populyarlaşmasının ən birinci səbəbi son dövrlərdə dünyada psixologiyanın məşhurlaşmasıdır. Psixologiya sahəsində əsərlər yazıldı, məqalələr dərc olundu, kanallar yaradıldı və insanlar maarifləndi. Bildiyimiz kimi, narsist sözü yunan mifologiyasından gəlir, bunu uzun-uzadı danışmağa ehtiyac yoxdur. Narsistlər özünə aşiq olmuş, özünü dünyanın mərkəzinə qoymuş, yalnız öz maraqlarını güdən, heç kəslə hesablaşmayan, empatiya hissindən yoxsul insanlardır. Narsizm ciddi şəxsiyyət pozuntusudur. Bu tip adamlarla evli olmaq, həyatını bölüşmək çox çətin məsələdir. Bu özü toksik münasibətdir. Qarşı tərəf psixoloji və fiziki təhdid altına düşür. Bəzi hallarda bu tip münasibətlər boşanmalara gətirib çıxarır.

- Boşanmalardan söhbət düşmüşkən, müsahibələrinizin birində demisiniz ki, azərbaycanlılar mədəni boşana bilmir. Ümumiyyətlə, mədəni boşanma necə olmalıdır?

- Hüquqi prosedurlar başa çatdıqdan sonra, yəni nigah pozulduqdan sonra iki tərəf bir-birinə düşmən olmamalıdır. İki mədəni insan kimi danışıb, bundan sonrakı münasibətləri yoluna qoymağı bacarmalıdırlar, xüsusən də, ortada uşaq varsa. Amma bizdə boşanmaq faciəyə çevrilir. Bəzi qadınlar uşaqdan istifadə edib keçmiş ərinin həyatını cəhənnəmə çevirir, kişilər isə aliment məsələlərində süründürməçilik edirlər. Münasibətlər toksikləşir, uşaq bu proseslərdə alətə çevrilir.

- Sağlamlığa, psixoloqa pul xərcləməyə simiclik edirik. Həmişə də qiymətlərin bahalığından şikayətlənirik. Sizcə, seanslar çox bahalı deyil?

- Azərbaycanlılar, təəssüf ki, toya, geyim-keçimə, əyləncəyə, yeyib-içməyə göz qırpmadan pul xərcləyirlər. Amma psixoloqa, həkimə gələndə isə qiymətlərin bahalığından şikayət edirlər. Bizim adamlarda belə bir xüsusiyyət var ki, pul verəndə qarşılığında əllə tutulan bir şey alsın. Düşünmür ki, psixoloqa verdiyi pul ona indi olmasa belə, 10 il sonra hansı formada kömək edəcək. Mən özümü yetişdirmək üçün əlavə kurslara, təlimlərə qatılıram, kitablara pul xərcləyirəm, təbii ki, bunlar seansların qiymətinə təsir etməlidir. Yəni, bu bir faktdır ki, ölkənin ən bahalı psixoloquyam.

- Maraqlıdır, siyasi arzunuz var?

- Əlbəttə, var. Mən özümü gələcəkdə xalqına xidmət edən ictimai-siyasi xadim kimi görürəm. Özüm milliyətçi ailədən gəlirəm. Millətimizin maariflənməsində, xaricdən gələn təhlükələrdən xalqımın qorunmasında özümü baş ideoloq kimi görürəm. Özümü həm də gələcəkdə prezidentin məsləhətçisi kimi görürəm.

Söhbətləşdi: Günay İsmayıl

# 3027 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #