Kulis.az Vaqif Nəsibin "Bir ilkin ilkini" adlı yazısını təqdim edir.
Kamal Abdulla, Rafiq Əliyev “Kitabi Dədə Qorqud və qeyri-səlis nəzəriyyə”.
Həmin monoqrafiya müəlliflərinə görə məndə maraq oyatdı. Ən məşhur türk tədqiqatçıların Kamal Abdullanı Dədəqorqudşünaslıq elmi fəaliyyətinə görə onu Qorqud xələfi övladı hesab etdiklərindən xəbərdar idim.
Həmçinin görkəmli alim Rafiq Əliyevin qeyri-səlis elmi sahəsində Lütfizadənin Azərbaycanda bir növ böyük elçisinə çevrildiyini elmi fəaliyyətinə görə yəqin etmişdim.
Kitabla tanışlığın yaratdığı ikin təəssürat bədii ədəbiyyatla qeyri-səlis məntiq elmi arasında yaranan ilk körpü olmasıdır. Həm də sevindirici haldır ki, bu türkçülüyün ilk yazılı abidəsi üzərində elmi çalışmalar aparılmışdır.
Monoqrafiyanın əvvəlindəki qeyd olunan iki deyim də ədəbi abidələrimizin qeyri-səlis məntiq obyektinə çevrilməsinə haqq qazandırır.
1. “Qeyri-səlis məntiq, əslində, qeyri-səlis yox, səlisdir”(Lütfi Zadə).
2. “Kitabi Dədə Qorqud”u tərəzinin bir gözünə, o birinə bütün türk ədəbiyyatını qoysaq tərəzinin Dədə Qorqud tərəfi ağır gələr”(Fuad Köprülü).
Qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını Azərbaycan alimi Lütfi Zadənin qoymasının qürur və iftixar payı nə yaxşı ki, bizə düşür. Elmi ilə bütün dünyanı fəth etmiş fəxrimiz də fəxri xiyabanımızda uyuyur.
1965-ci ilə kimi elmi məntiqi nəzəriyyə qədim yunan alimi Aristotelə məxsus olmuşdur (Ya hə, ya yox şəklində. Yəni çəmən ya yaşıldı, ya yox). Həmin zamandan Lütfi Zadə tərəfindən həmin məhdud çərçivə sındırılmışdı. Öz qeyri-səlis məntiq nəzəriyyəsi ilə böyük alim “ya, ya” nı “nə, nə də” ilə əvəz etmişdir. Bu daha da geniş seçim imkanı yaratmış, Aristotel məntiqindəki iki qütb arasında hədsiz versiyaların iştirakı sübut edilmişdir.
İki elm sahəsinin məşhur nümayəndəsinin əməyi ilə ərsəyə gəmiş bənzərsiz tədqiqat nümunəsi beş fəsildən ibarətdir. Birincisi "Kitabi-Dədə Qorqud" mətni və qeyri-səlis məntiqin "şübhə" daimisi adlanır. Həmin fəsli müəlliflərin sonrakı fəsillərdəki məntiqi elmi mülahizələrinin bələdçisi hesab etmək olar. Həmin fəsildə şübhə daimisinə belə məntiqi haqq qazandırılır: “Qeyri-səlis məntiqə məntiqi filoloji-humanitar yöndən baxdıqda tərəddüdlərin, şübhələrin, gümanların haradasa hətta inamsızlığın ideologiyasından doğur. Hüseyn Cavid deyib:
Şübhələr hər həqiqətin babası
Şübhələr əhli-hikmətin atası
Şübhə etməkdə həqlidir insan.
Hər iki müəllifin öz sahəsinin mükəmməl mütəxəssisi olduğu həmin sintezin məharətlə icra olunmasına yüksək zəmin yaratmışdır. İlk fəsildən sonuncusuna kimi bir ilkin uğurlu tədqiqinin şahidi oluruq. Həmin vəhdətin uğurlu başlanğıc olduğuna səlis məntiq şəklində heç bir şübhə yeri qalmır.
Həmin fəsildə şübhə daimisinin əsas funksiyası “ya” “ya”dan , “nə” “nə”yə keçidin elmi cəhətdən əsaslandırmaqdır. Müəlliflər qeyri-səlis məntiq prinsiplərinin reallaşmasında xüsusi funksiyaya malik şübhə dilemmasının bütün təyinedicilərini məharətlə açıqlamışlar. Mətnlərdə şübhə yaradan qeyri-müəyyənlik bildirən təyinedicilər aşağıdakı kimi müəyyən edilir:
– Şifahi nitqdə geniş işlənən ifadələr: kimi, güman, ehtimal, ola bilər, görünür, mümkündür.
– Kəmiyyət bildirən sözlər: hamısı, çoxu, bəzisi.
– Zərflər: təqribən, bir qədər, əsasən və s.
– Güman bildirən ifadələr: güman etmək, ağla gətirmək, fəxr etmək.
– Fərziyyə, şübhə, təklif bildirən isimlər.
“Dədə Qorqud”un mətni, demək olar ki, özündə şübhələrə, tərəddüdlərə yol vermir. Fikirlərini əsaslandırmaq üçün müəlliflərin gətirdiyi dəlillər şübhə daimisi yazısında qeyri-səlis məntiqlə vəhdətinə heç bir şübhə doğurmur. Fikrimizin sübutu üçün oradakı epizodlardan birinə nəzər salaq:
“Oğuz yiğitləri ol zamanlar yatanda yeddi gün yeddi gecə yatırdılar və həmin müddətdə oğuz yigitini yuxudan oyatmaq heç bir vəchlə mümkün olmazdı”.
Salur Qazan və Qanturalı belə bir halı yaşayırlar. Amma bu halı adlandırmaq lazımdır. Təbii dilin buna gücü çatır. Bu halın adına mətndə “küçücük ölüm” deyilir. Nə əsl həyat var, nə əsl ölüm. Ortadakı reallıq isə üçüncüdür. “Küçücük ölüm” hadisəsini müasir tibb də təsdiq edir. Həmin vəziyyətin bu gün tibdə adı “koma”dır. Yenə də qeyri-səlis məntiq köməyə çatır və üçüncünü istisna qanununun yararsızlığını aradan qaldırır.
Sonrakı fəsillər dastanın bütün mətnini qeyri-səlis məntiqin hücumu ilə mühasirəyə alır. Məhz bundan sonra “Kitabi Dədə Qorqud”un mətni və qeyri-səlis məntiqdə “üçüncünün” axtarışı başlanır. Yəni müəlliflərin axtarışları ətraflı və geniş vüsət alır.
Hər fəsildə qeyr-səlis məntiqin bir əsas maddəsi irəli sürülüb, dastanın mətnlərindən onlara uyğun vəsaitlər seçilir. Beləliklə, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsində söykəndiyi dörd sütun önə çəkilir:
1) Ümumi məntiq sütunu;
2) Qeyri-səlis çoxluqlar sütunu;
3) Epistemik (epistemoloji) sütun;
4) Münasibətlər sütunu;
Məntiq sütunu çoxmənalı məntiqin ümumiləşdirilmiş formasıdır. O doğru və yalan arasında “yer” və “göy” arasında bir körpü salır. Bu körpünün qütblərinin özünün Aristotelinkindən fərqli sonsuz və kəsişməz qolları var. Müəlliflərin həmin fəsildə qeyri-səlis məntiqin görmə bucağından “Kitabi Dədə Qorqud”un mətnində üçüncünün istisna qanununun özünün istisnasından bəhs edir.
Yazıların biri “Sən gözəlin, gözəlindən də gözəlsən” adlanır. Ümumiyyətlə “Dədə Qorqud”u qeyri-səlis məntiq açısından bu yeni baxışı bir vəhdətin ilki, ilkini hesab etmək olur. Arı şanılarında “memarlıq” baxımından iynənin gözü boyda nöqsan tapıla bilmədiyi kimi bu bənzərsiz monoqrafiyada da heç bir doldurulmamış şanılara rastlanmır. “Kitabi Dədə Qorqud” qeyri-səlis məntiqin epistemoloji nuru ilə işıqlanır, onda demokratik düşüncə tərzləri yeni rakursdan öz məntiqi əsasına qovuşur. Arı pətəyinə bənzədilsə monoqrafiyada elmi cəhətdən ballanmamış bir şanısına rast gəlinmir.
Bu kitab iki böyük elm adamımızın böyük zəhməti hesabına ərsəyə gəlib. Həm də həmin yenilik türkçülüyün ana kitabı “Dədə Qorqud” dastanı üzərində aparılıb. İki Qorqud övladı qeyri-səlis məntiqlə söyləsək çünki olub dəyirmançı dastanın mətnini dəyirmanda üyüdüb yeni elmi məhsula çeviriblər. Ümüdvarıq ki, bu Lütfi Zadə ilkinindən doğan ilkininin başqa ədəbi abidə üzərində də davamı olacaq.
P.S. (pərsəng söz) Aşağıdakılar həmin əsərlə tanışlığı sonrası qanadlı fikirləri yaranmış məqalə müəllifinə aiddir. Bəlkə elə onların özü də qeyri-səlis məntiqin təsiri ilə yaranıb.
Azər Əlioğlu adlı tədqiqatçılardan biri Troyalıları türk mənşəli hesab edirdi. Mərhum filosofumuz Aristotelin “Poetika”sını Azərbaycan oxucuları üçün nəşrə hazırlamış Aslan Aslanov da poetika sözünün boy, bayatı, poetika kimi açıqlayırdı.
Aristotelin məntiqinin iki qütbü arasında sonsuzluq yaratmış böyük Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi əsasında monoqrafiya müəlliflərinin haqqında söhbət açdıqları Dədə Qorqud dastanını da bircə türk dilli xalqların poetikası adlandırmaq olar.