Ermənilər onu öldürüb neft quyusuna atmışdılar - Baş nazirin qardaşı haqqında

Ermənilər onu öldürüb neft quyusuna atmışdılar - Baş nazirin qardaşı haqqında
9 sentyabr 2023
# 09:00

Kulis.az Fidan Əzraqın publisist Cəfər Bünyadzadə haqqında yazısını təqdim edir.

Cəfər Xocabəy oğlu Bünyadzadə 1890-cı ildə Bakı qəzasının Fatmayı kəndində anadan olub.

Ailədə beş qardaş olublar: Əliəşrəf, Adil, Dadaş, Məmmədhüseyn, Cəfər.

Cəfər 1909-cu ildə darülmüəllim seminariyasını bitirib "Nəşri – maarif" cəmiyyətinin məktəblərində ibtidai sinif müəllimliyi edir.

Əlabbas Müznibin qardaşına, oğluna, bacı oğlanlarına dərs deyir.

"Səfa" xeyriyyə cəmiyyəti 1912-ci ildə məhz Cəfər Bünyadzadənin təşəbbüsü ilə təşkil olunub. Hüseyn Cavidlə dost olublar.
Cəfər Bünyadzadənin nəşr etdiyi "Kəşkül və yaxud nəğmələr məcmuəsi"ndə Namiq Kamal, Tofiq Fikrət, Hüseyn Cavid, Əhməd Kamal, Səməd Mənsur, Həsən bəy Zərdabi, Balaqardaş Muradzadə, Rəşid bəy Əfəndizadə kimi görkəmli müəlliflərin şeirləri dərc edilib. Kitabın titul səhifəsində belə yazılmışdı:

"Milli sözlərin intişarı qəsdilə təbinə cəsarət etdiyim həmin kitabçanın bir neçə təbi tez zamanda satılmaqla bərabər müəllim arqadaşlarımın hüsnü-təvəccöhlərin qazandığı üçün ikinci dəfə bir çox möhtərəm ədib və şairlərimizin yeni inşad etmiş olduqları nəğmələri də (icazə hasil etdikdən sonra) əlavə edərək təbinə mübadirət etdim”
Onun qardaşı, Azərbaycan SSR-in ilk xalq maarif komissarı olmuş Dadaş Bünyadzadənin də Hüseyn Cavidə böyük rəğbəti vardı.

Belə ki, "Cavid ocaqları" məhz onun dəstəyilə təşkil olunmuşdu.

Cəfər Bünyadzadənin ilk felyetonları 1909-cu ildə Əlabbas Müznibin redaktorluğu ilə nəşr olunan “Zənbur” satirik jurnalında və Haşım bəy Vəzirovun "İttifaq" qəzetində dərc olunub.

"1918-ci ildə indi Komissarlar Şurasının sədri olan Bünyadzadə yoldaş ilə (Dadaş Bünyadzadə) məhəlli təşkilatlarda birgə çalışdığım kimi, qardaşı Cəfər ilə də "Turan"mətbəəsində çap edilən "Hümmət" qəzetəsini idarə etmişdim." - Əlabbas Müznibin xatirələri.

1910-1913-cü illərdə dostu Haşım bəy Vəzirovun "Səda" , "Sədayi-həqq", "Sədayi-vətən" qəzetlərində fəaliyyət göstərib. Haşım bəy vəfat edəndə Cəfər Bünyadzadənin özünün buraxdığı "Tuti" satirik jurnalında nekroloq dərc olunub.

Haşım bəy Vəzirov Gəncə mədrəsəsinin müəllimi Mirzə Abbas Abbaszadənin "Birinci il" kitabı haqqında resenziya yazmağı Cəfər Bünyadzadəyə tapşırmışdı.

Cəfər Bünyadzadə 1911-ci ildə "panislamizm" ittihamı ilə çar jandarmları tərəfindən dövrünün görkəmli mətbuat xadimləri ilə birgə həbs edilmişdi.

1911- ci ilin sonlarında Cəfər Bünyadzadənin qardaşı, "Bakıhəyatı" qəzetinin redaktoru Dadaş Bünyadzadə həbs edilib Türküstana sürgünə göndərilmişdi.

1914-cü il 27 dekabrda ilk nömrəsi çıxan siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi "Tuti" Cəfər Bünyadzadənin redaktorluğu, Tağı Nağıyevin isə naşirliyi və dəstəyilə nəşr edilirdi. Bu jurnalın 1914-1917-ci illərdəki fəaliyyəti dövründə 112 nömrəsi buraxılmışdı. Sonrakı il "Tuti"yə müdirliyi Dadaş Bünyadzadə dəröhdə etmişdir.

Satirik jurnal Cəfər Bünyadzadənin qardaşı, neft maqnatı Məşədi Adilin ciddi maliyyə dəstəyi ilə nəşr edilirdi. Jurnalın elanlarında Məşədi Adilin papaqçı dükanına rast gəlmək olur. Fəhlələrin, eləcə də dövrün tanınmış ictimai-siyasi xadimləri arasında hörmət sahibi olan Məşədi qardaşları Cəfər və Dadaşın inqilabi fəaliyyətinə dəstək olurdu. Cəlil Məmmədquluzadə tez-tez onun qonağı olurdu.

Məşədi Adil Sovet dövründə "Bakı xəz-dəri" kooperativinin sədri işləyib. Fatmayı qəbiristanlığında dəfn olunub.

Cəfər Bünyadzadə dram janrına da müraciət etmişdi. Onun 1910-cu ildə "Məişət" , 1911-ci ildə "Ovçular məişəti", Azərbaycan Cümhuriyyəti illərində isə (1919-cu ilin iyunun 6-da) "Üç yoldaş" pyesi səhnələşdirilmişdi.

Cəfər Bünyadzadənin ilk kitabı uşaqlar üçün yazılmış "Mən məktəb istəyirəm" adlı hekayələr kitabıdır. Kitab 1910-cu ildə nəşr edilib.

İkinci kitabı "İgid oğul və yaxud vətən məhəbbəti" isə 1912-ci ildə işıq üzü görüb.

Məhəmməd peyğəmbəri kainatın fəxri adlandıran Cəfər Bünyadzadə, "Aləmi-islam" başlığı ilə dərc olunan silsilə məqalələrində İslam ölkələrinin, ümumiyyətlə, İslamın XX əsrdəki vəziyyəti haqqında yazırdı.

Cəfər Bünyadzadə daşnaklara qarşı həm "Tuti" satirik jurnalında, həm də "Hümmət" qəzetində kəskin yazılar yazmışdı.

Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olub. Onu öldürüb neft quyusuna atmışdılar...

“Tuti” satirik jurnalının şərəfinə Tuti adlandırdığı azyaşlı qızı da onun ölümündən sonra vəfat edib...

Qeyd edim ki, Cəfər Bünyadzadə ilk "Uşaq nəğmələri" kitabının tərtibatçısıdır.

# 6327 dəfə oxunub

Oxşar xəbərlər

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı  feminist yazıçıdan sitatlar

"Biz düşünməyə yox, inanmağa məcbur edilmişdik..." - Amerikalı feminist yazıçıdan sitatlar

15:00 3 iyul 2026
"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər