Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi
1 oktyabr 2024
# 10:32

Kulis.az Yaşar Bünyadın "Dilənçi və dönərçi" adlı yeni hekayəsini təqdim edir.

“İki yumurta, bir pomidor… Yağsız… Bir az su qatsam, tavaya yapışmaz… Çörək var, dünənki… Deyirlər, boyatı xeyirlidi çörəyin… Ruslar həmişə boyat çörək yeyir…”

Ürəyində danışa-danışa ovcundakı qəpikləri bir də saydı. Sağ cibi cırıq idi. Əlini sol cibinə salıb eşələdi ki, bəlkə dibində ilişib qalan qəpik ola. Bayaqdan bəlkə yüz dəfə qurcalanmışdı cibində. Boş idi.

Mədəsi kökdən düşmüş kamança kimi cırıldayır, əttökən küyü başına düşürdü. Dəqiqəbaşı da ağzını acılaşdıran seliyini udhauddaydı. Günü-gündən balacalaşan mədəsini beləcə aldadırdı.

Dünəndən qiyməti iki dəfə qalxan yumurtalara baxa-baxa öz aləmində qayğanaq bişirirdi. Hələ ki, yağsız…

İbtidai sinifdə yaxşı oxumuşdu, hesabı bilirdi. Üstündəki qəpikləri bir də sayıb əmin oldu ki, yağla pomidora pulu çatmayacaq…

“Belə yaxşıdı, hər gün pomidor-yumurta olar? Eyni şey yeməkdən mədə yara tökər.”

Özünə təskinlik verirdi. Yalanına gözləri yaşarınca gülərdi, amma əksinə, üç gündü boyat çörəklə dönər dükanı qarşısındakı masalarda müştərilərdən qalma, çəkinə-çəkinə yığıb ikilitrlik fanta butulkasına boşaltdığı ayranla dolandığını yadına salıb kövrəldi.

“Qarnımdakı sancı elə o ayranın zibilidi. Lənətə gəlmişlər, Allah bilir nədən qayırırlar. Bir də sancı tutsa, gərək kolluğa verəm özümü. Çatdıra bilsəm…”

Nəfəs borusu qıcıqlandı, elə bil udlağına pişpişə otu düşmüşdü. Öskürdü. Gözləri yaşaranacan öskürdü.

“Xəstələnməsəm, qalan hər şey düzələr. Təki iynə-dərmana möhtac qalmayım, kimdi mənim qayğıma qalan? Olmaz xəstələnmək...”

Skamyaları boş görünən parkın girişində dayandı. Xəyali qayğanağını yeyib su əvəzinə bir udum hava alıb qurtarırdı ki, tində, qəzet-jurnaldan savayı min cür xırdavat satılan “Mətbuat yayımları” köşkündən “ştuçni” siqaret götürüb yırğalana-yırğalana parka tərəf gələn kişini görüb tanıdı. Özünün fəxrlə dediyi kimi, neçə-neçə cəmiyyətin fəxri üzvü, qalaq-qalaq diplomların sahibi, tanınmış şair-jurnalist idi. Qoltuğunda da həmişəki kimi iki kitab. Qabaqlar qalmaqal azarkeşi olan kütlənin sevimlisinə çevrilmiş məşhur saytı vardı. Dilə-ağıza düşməkdən ehtiyat edən məmurlar, bəzi deputatlar, hətta bir neçə nazir onu gizlincə “qret” eləyirdi, amma sonradan, özü demiş, paxıl həmkarları ayağının altını qazıb saytı bağlatdırdılar. Çoxdan görsənmirdi. Yəqin Rusyətdə olub. Arada xaricə getməyi var axı. Kitaba maraqları olmasa da, restoran, kafe, mağaza işlədən həmyerliləri “patriot” şairin kitablarını ancaq keflənib onunla selfi çəkdirəndə əllərinə alsalar da, insafən, qürbət elə qonaq gəlmiş el sənətkarını əli boş yola salmazdılar. Hə, bir dəfə Arkan ustaya da özünəməxsus pafosla: “Kitab olmazsa məhv olar bəşəriyyət!” – deyib, “yeddi iqlim qurşağında” yerləşən vətənimizin bütün bölgələrinə həsr etdiyi şeirlər kitabını bağışlamış, əvəzində həm doyunca yeyib-içmiş, əlli manat da pul alıb o gedən getmişdi. Heç Arkan usta o kitabı bir dəfə də açıb baxmamışdı ki, görsün kitabın içində əlli manata dəyən nə yazılıb... “Əslində, xalq öz şairini, aşığını ovcunun içində saxlamalı, dolandırmalıdı”, – deyirdi şair. Ağlına gəldi ki, “neçə gündü acam” deyə yaxınlaşıb pul istəsin, sinəsinə döyən məşhur şair heç olmasa bircə dəfə kasıb ellisinin qarnını doydursun, amma o andaca parkın qənşərində bir ağ “cip” dayandı, içində oturanlar “qadan alım, ay elli!” deyib şairi çağıran kimi iti addımlarla maşına tərəf tələsdi, heç çevrilib ona tərəf də baxmadı. Şairi aparan cip gözdən itəndə ağlındakı söz ağzında, qolları da yanında qaldı.

“Əvvəllər dolu olardı buralar. Uşaqlı-böyüklü... Eh, adamlar adam içinə çıxmaqdan utanır elə bil. Camaatın necə yaşadığını biz dilənçilər daha yaxşı hiss edirik. Deyəsən, vəziyyət günü-gündən ağırlaşır, day əl açana da baxan yoxdu bu şəhərdə. Dilənməyə çəkinir adam… Görürəm, rəhmləri gəlməyinə gəlir, amma verməyə pulları yoxdu çoxunun. Əl açana pul verə bilməyən kasıb da xəcalət çəkir. Bizi dolandıran kasıblardı axı, imkanlıların küçə-bacada nə azarı var? İmkanlılar onsuz da dilənçi görəndə elə bil qutuda ilan görürlər. Allah kasıblara bərəkət versin! Bu dövlətlilərin elə bil cibləri olmur e... Keçən ay bahalı şadlıq sarayının qənşərinə getdim, dedim, bəlkə toy adamları əliaçıq olar, amma nəinki qonaqlar, heç bəy də əlini cibinə salmadı. O yekəlikdə maşının başına pir kimi dolanıb ürəkdən o qədər xeyir-dua eləmişdim ki!.. Halal xoşları... Adama yer eləyir ki, tank boyda maşında gəlin gətirəsən, bircə manata qıymayasan...”

Yadına düşdü ki, toy adamlarından biri gəlin maşınından uzaqlaşdırmaq üçün ona kağız pul vermişdi, yəni, a gədə, izal ol burdan!.. Pul da nə pul. Səhərisi gün valyuta dəyişmə məntəqəsində o kağıza minnətnən bir manat vermişdilər. İran puluymuş, özü də ən dəyərsizi...

“Əvvəllər yaxşıydı... Arkan ustanın yanında işə başlayana qədər o tindəki çörəkçi əmi hər səhər bir təndir çörəyi, ya şirin qoğal, göyərti satan xala da otuz, bəzən əlli qəpik uzadardı heç əlimi açmamış. Bilirdim ki, yazığı gəlir. Özü qəpik-quruş qazanır, canı sağ olmuş, hələ mənə də əl tuturdu. Polislər polkasını dağıdıb qovdular, deyəsən, yerpulu verə bilməmişdi, daha gəlmir buralara...”

Metronun çıxışıyla üzbəüz dönərxana vardı. Elə indi də var, amma əvvəllər onu türk dönərçi işlədirdi: Arkan usta. Müştərisi bol idi. Səhərdən axşamacan növbə olurdu. Müştərilərin çoxu tələbə idi. Alanlar tərifləyirdi ki, çox dadlıdı, əti, tərəvəzi bol, üstəlik, ayran da müftə.

“Arkan usta məni dönərxanaya işə götürəndə bərk-bərk tapşırmışdı ki, gözdə-qulaqda olum, qoltuğu papkalıları görəndə aradan çıxım. İşləmək üçün yaşım az idi axı. Daha dilənmirdim. Masaları yığışdırmaq, silib təmizləmək, zibilləri atmaq mənlik idi. Deyirdi ki, ayağım yüngüldü, mən işləyəndən alver iki dəfə artıb. Arkan usta sağ olsun, üç dəfə yemək verib qarnımı doyuzdururdu, iş bitəndə də beş manatımı alırdım... Hayıf, indi yoxdu burda. Deyirlər, qazandığına İstanbulda mülk alıb, köçüb, obyekti də satıb bu zəhləmgetmiş yekəqarına. “Alverim yoxdu, səndən ötəri başımı əngələ sala bilmərəm”, deyib məni işdən qovmasaydı, təzədən dilənməyə başlamazdım... Məncə, Arkan usta qayıdacaq. O gün parkdakı kişilər danışanda qulağım çaldı ki, Türkiyədə vergilər çox yüksəkdi... Bizdə isə çox rahatdı, vallah rahatdı. O yekəqarın dönərçi deyir ki, nə vergibazlıqdı, uçastkovunun haqqını ver, başı-qulağı sakit işlə. Hamı kimi... Bilirəm, orada çox dözən deyil, beş-altı aya bir də gördün, qayıtdı. Bura öyrəşən orda dözməz. Qayıdacaq... Bu yekəqarın isə çox acgözdü. İnsafsız, müştəridən qalan artıq-urtuğa da göz dikir. Özü də guya Allah adamıdı. Yalansa...”

Bir dəfə utana-utana hansısa müştərinin nimçədə yarımçıq qalmış dönərini götürmək istəyəndə, “kirli əlini nimçəyə vurma, sürüş burdan, küçük!” deyib elə çığırmışdı ki, polis çağıracağından qorxub əkilmişdi.

“Hə, o dönərçi, deyir, iki it saxlayır bağında, buldoqdu-nədi, onnan, guya müştərilərdən qalan artığını da onlara aparır. Buldoqa haa! İnanan daşa dönsün! Buldoq dönər yeyib ayran içir ki?...”

Bəlkə də sadəlövhlüyündən inanmaq istəmirdi ki, bu zəmanədə qudurğanın iti dönər də yeyər, dana basdırması da, hələ suşi də, özü də vasabi ilə...

Şirəsi süzülən (əslində, şirəsi də qurumuşdu) boş mədəsi xəyali yeməkdən doymadı. “İki yumurta... bir po... po...” Dili söz tutmurdu. Qarnında qaydasız döyüş davam edir, içi qarmon kimi açılıb-yığılırdı. Fikrini mədəsində, bağırsaqlarında tüğyan edən gurultudan yayındırmağa çalışdı. Bacarmadı. Xəcalət çəkə-çəkə yanından ötənlərə nəzər yetirirdi ki, görəsən içini parçalayan, səsi beynini dağıdan bu hay-küyü eşidən varmı? Sanki gözəgörünməz idi. Ona məhəl qoymadan hərə öz dərdini daşıya-daşıya harasa tələsirdi...

Yemək...yemək...

Addımbaşı adamın gözünə girən iri reklam şitlərində üstü küncütlü bulkanın yarığından katleti, holland pendiri, pomidor dilimi görsənən burqerlərin iştahalı görünüşü onun ağzını sulandırmasaydı, bəlkə bir az da dözərdi. Nə illah elədi ağlına yeməkdən savayı nəsə gətirsin, alınmadı. Və birdən, hardan yadına düşdüsə, o yekəqarın dönərçinin üzünü heç vaxt görmədiyi itini kinoya baxırmış kimi təsəvvüründə canlandırdı. Canlandırmağına canlandırdı, amma tərslikdən o da yemək yeyirdi. Təmtəraqlı yay restoranında palma ağacının kölgəsində masa sifariş vermiş adam kimi ədəb-ərkanla oturub, sağında onun əmrlərinə müntəzir dayanmış qırmızı “kəpənək”li ofisiant, qənşərində cürəbəcürə eqzotik nemətlər, içkilər, sinəsində kraxmallı salfet... çəngəl-bıçaqla döşənib qızardılmış steykin canına...

Sancıları getdikcə çoxalırdı. İniltiyə dönən ağrılara dözə bilməyib qarnını bərk- bərk qucaqladı, kimsə halının pisləşdiyini duymasın deyə asta-asta parkdakı nəhəng mərmər heykəlin dibinə çökdü...

Elə bildi ağzından köynəyinə süzülən qanlı steykin tomatlı sousudu. Əlinin ardıyla onu sildi. Çənəsindən üzüaşağı qırmızı köpüklü ağız suyu axırdı...

Soyuq daş döşəmədə qıvrılıb qalmışdı. Huşunu itirir, qapanan gözlərinə getdikcə qaranlıq çökürdü.

Kiminsə heybətli əli çiynindən yapışıb onu silkələdi. Əl çox güclüydü. Sanki taraz saxlamaq istədiyi başı zəifləyib haldan düşmüş bədənindən ayrılmışdı, meyvəsi çırpılan zərif tut budağı kimi əsim-əsim əsdi. Gözlərini qıya-qıya çiynindəki ağır əlin sahibinə baxdı. Arkan ustaya oxşatdı. Yuxuda gördüyünü zənn elədi, baxdı, baxdı... Gülümsədi. “Qayıtdın, abi?” - soruşmaq istədi. Quruyub çatlamış dodaqlarını açıb yumdu. Adamlar üçün darıxan parkın göyərmiş daş döşəməsinə çöküb, güclə pıçıldadı: “Pisəm, abi... çox pis...”

Nəinki indi çox uzaqlarda olan Arkan usta, hətta bayaqdan qolundan yapışıb ona yardım etmək istəyən park nəzarətçisi də onun nə pıçıldadığını eşitmədi...

# 2025 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #