Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə

Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
23 noyabr 2020
# 16:02

Bu gün Xalq şairi Vahid Əzizin doğum gündür. Onun 75 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairi təbrik edir və onunla ad günü söhbətini oxucuların diqqətinə çatdırır.

- Doğum gününüz münasibətilə sizi təbrik edirik. İndiyə kimi ad günlərinizi necə qeyd etmisiniz, bu gün necə qeyd edəcəksiniz?

- Çox təşəkkür edirəm. Açığı, uşaq vaxtı ad günümü qeyd etmirdim, çünki atam vəzifəli adam idi və Sovet dövründə belə şeylər dəbdə deyildi. Tələbəlik illərimdə də artıq yetim uşaq idim, atam yox idi, ona görə qeyd etmirdim. Sonra Bakıya gəldik, ailə qurduq, uşaqlarım böyüyəndən sonra başladılar mənim ad günümü qeyd etməyə. Yəni, mənim ad günüm olduğunu, ümumiyyətlə, dünyaya gəldiyimi uşaqlarım yadıma saldı, yoxsa, özüm çoxdan unutmuşdum. Bu, həm zarafat, həm də gerçəkdir. Ad günlərimdə adətən, doğmalarımla bir araya gəlirik, deyirik, gülürük.

- 75 yaşı həm də qalib dövlətin şairi kimi qeyd edirsiniz...

- Bəli, 75 yaşım tamam olur və şükür ki, bu yaşımda Böyük Vətən Müharibəmizdə qələbə qazandığımızı gördüm. Var olsun dövlətimiz, var olsun ordumuz! Bütün şəhidlərimizin ruhu şad olsun! Yaralılara Allah şəfa versin! Və var olsun Ali Baş Komandanımız ki, xalqımızı bir yumruq kimi birləşdirib düşmənin başını əzə bildi. Bundan böyük səadət yoxdur və bunu doğum günümə ən böyük hədiyyə kimi qəbul edirəm.

- Vahid bəy, təxminən bir il əvvəl “Xalq şairi” adına layiq görüldünüz. Bu ad sizə özünüzü necə hiss etdirirdi?

- Gerçək bir şey deyim, mənə onsuz da “xalqın şairi” deyirdilər və buna çox sevinirdim. Sağ olsun ölkəmizin başçısı xalqımızın böyük hissəsinin, ya nə bilim, balaca hissəsinin mənə olan sevgisini qiymətləndirdi və “Xalq şairi” adını verdi. Tək mənə yox, gözəl şairlərimiz Ramiz Rövşənə və Musa Yaquba da. Mən də bu qayğını, diqqəti yüksək qiymətləndirirəm. Mən həmişə vətəndaşlıq borcumu ən yüksək səviyyədə yerinə yetirmişəm, düzü, buna görə başım çox bəlalar çəkib və hələ də çəkir. Vətənimi həmişə sevdiyim üçün yuxarılarda işləyən bəzi adamlar məni 52 yaşımdan işsiz qoydular, artıq 23 ildir ki, azad sənətkaram, amma dövlət başçımızın bu qayğısı ürəyimdəki bütün nisgili, incikliyi aradan qaldırdı. Bununla o, dedi ki, Vahid, haqq-ədalət axır-əvvəl yerini tapar, səni incidənlər incitdi, mən də onları rədd eləyib cəhənnəmə vasil elədim, sən ədəbiyyatda qalacaqsan. Bu da mənim üçün qürur yeridi.

- Şuşanın azad olunması sizə necə təsir elədi?

- Sizə maraqlı bir şey danışım, buna aid şeirim də var. 1982-ci ilin iyun ayında rəhmətlik Heydər Əliyev məni qəbul elədi və mən oldum Mərkəzi Komitənin təlimatçısı. O zaman Heydər Əliyev zona müşavirələri keçirirdi. Pambıq yığımı vaxtı yetişmişdi, məncə, oktyabr ayı idi. Qatarla Yevlaxa gəldik, ordan maşınlarla Bərdəyə, Bərdədən Xankəndiyə, oradan da Şuşadakı sahələrə yollandıq. O vaxt İlham Əliyev 10, ya 11-ci sinifdə oxuyardı. O da Heydər Əliyevlə bir maşında idi və mənim yadıma gəlir ki, Şuşada məscidin yanındakı meydanda Heydər Əliyev əlini İlham bəyin çiyninə qoymuşdu və ona ətrafı göstərərək nəsə deyirdi. İlham Əliyev də diqqətlə ətrafa baxaraq qulaq asırdı. Heydər Əliyevin ona nə dediyini eşitmədim, amma İlham Əliyev onu sonradan hamımıza dedi... Şuşa işğaldan azad edildikdən sonra o, dedi ki, atasının vəsiyyətini yerinə yetirdi. Bəlkə də elə o vaxt Heydər Əliyev ona deyibmiş ki, bizim bu şərəfsiz, alçaq, ləyaqətsiz, qədirbilməz qonşularımızı bilmək olmaz, onlar nə vaxtsa öz havadarlarına arxayın olub bu torpaqlara basqın eləyə bilərlər və elə bir şey olsa, sən bu torpaqların azad olunmasında mütləq iştirak eləməlisən. Mən əminəm ki, İlham Əliyev prezident olmasa da, lap əsgər kimi də gedib bu torpaqların azad olunmasında iştirak edəcəkdi. Amma nə yaxşı ki, elə dövlət başçımız kimi iştirak elədi, müdrik siyasəti ilə həm xalqı birləşdirdi, həm ordunu formalaşdırdı. Azərbaycan bu 44 gündə dünyaya qarşı savaşdı, ermənilərə qarşı yox. Fransanın prezidenti Makron kimi neçə liderə qarşı vuruşdu. Makron isə unutmamalıdır ki, Fransanın azadlığı uğrunda Əhmədiyyə Cəbrayılov vuruşub, Paşinyanın faşist babası yox.

Şuşasız Azərbaycan qaşı düşmüş üzük kimi idi. Şuşa bizim tariximizdi. Və biz Pənahəli xanı, Natəvanı istənilən düşmənin gözünə soxub deyə bilərik ki, bu bizim tariximizdi. Onlara demək lazımdı ki, ay fransız, ay bədbəxt, sənin Aleksandr Düman Şuşaya gəlib Natəvanla şahmat oynayıb, hansısa Ayrapetin nəvəsi Haykanuşla oynamayıb.

- Siz əslən Qərbi Azərbaycandan, Dərələyəzdənsiniz və yəqin ki, ermənilərə az-çox bələdsiniz. Sizcə, bundan sonra bizim xalqımız onlarla birgə yaşaya biləcək?

- Bəli, Dərələyəzdənəm və inanıram ki, oralara da qayıdıb nəvəmə ad günü keçirəcəm! Ermənilərlə birgə yaşamağa gəldikdə, yaşaya bilərik, çünki biz çox ürəyi yumşaq xalqıq, biz hətta ilanla da yola gedərik. Mən ermənilərlə birgə yaşamaqdan qorxmuram. Mən qorxuram ki, bizim xalqın içindən yenə Yanıq Kərəmlər çıxar, gedib o keşiş nəvələrini, övladlarını gətirib doldurar evlərimizə. Azərbaycan xalqını yıxanların kökündə də elə həmin o evimizə gətirdiyimiz keşiş nəvələri dayanıb. Bir şeirimdə də yazmışdım bunu: “Yıxdı evimizi şorgöz kişilər, Kirvəlik nə yaman girəvə imiş”. Biz bundan qorumalıyıq özümüzü, buna son qoymalıyıq. Ümumiyyətlə, son 30 ildə baş verənlər, bu müharibə xalqımıza böyük dərs olmalıdır. Prezidentin də dediyi kimi, məmur özbaşınalığı olmamalıdır. Çünki o məmurun bəlkə də heç bütün nəslindən döyüşə yollanmış bir əsgər yoxdur, amma insanlar bu Vətən uğrunda canından, qanından keçir. Ermənilərin öhdəsindən bilirsinizmi kimlər gəldi? Ermənilərin öhdəsindən Birinci Qarabağ Müharibəsində yetim qalmış uşaqlar gəldi. Ataları ermənilər tərəfindən öldürülən, anaların dul böyütdüyü uşaqlar qalib gəldi erməniyə. Qarabağı anasının bətnində tərk edən uşaqlar qalib gəldi düşmənə. Vətənə sevgiylə yanaşı düşmənə nifrət də bu qələbədə çox güclü rol oynadı. Əgər gələcəkdə düşmən yenə həddini aşmaq istəsə, bu gün yetim qoyduqları uşaqlar onlara həddini göstərəcək.

- Bəs rus sülhməramlıların gəlişi ilə bağlı nə düşünürsünüz? Bundan narahat olan insanlar var.

- Əbədi müharibə heç vaxt ola bilməz. Mənə elə gəlir ki, Rusiyanın da bizə olan münasibəti dəyişib. Əslində, ora rus sülhməramlıların gəlişi yaxşı oldu. Çünki ermənilərə etibar yoxdur, təxribatlar edib bizim boynumuza ata bilərdilər. Həmçinin dövlət başçımızın dəfələrlə Türkiyə ordusunun da bura gəlməsini istəməsi çox vacib bir hadisədir. Sülhməramlılardan isə məncə, narahat olmağa dəyməz, çünki bilmək olmaz, bəlkə, heç burada 5 il də qalmayıb elə lap tezliklə gedərlər. Dünyanın da mənzərəsi artıq dəyişib. Ümumiyyətlə, dünyanın işi qəribədir. Görürsüz, dünya gözə görünməyən bir virusla bacarmır, amma gözə görünməyən nüvədən atom bombası düzəldir. Gərək dünya liderləri bu atom bombasını-filan bir qırağa qoyub koronavirus kimi problemlərlə maraqlansın.

- Vahid bəy, yaradıcılığınızda vəziyyət necədir?

- Çox yaxşı. İki həftə əvvəl “Ədəbiyyat qəzeti”ndə müharibə başlayandan sonra yazdığım 15-16 şeir çap olundu, dünən də bir səhifə yeni şeirlərim çap olundu orada. Yaradıcılıq çox əla gedir. Hətta istədim 70 yaşımdan sonra yazdığım şeirləri toplayıb, təxminən 100-200 səhifəlik bir şeirlər kitabı çap edim, gördüm, 70-dən sonra 2000-ə yaxın şeir yazmışam, o da 3 cild kitab eləyir (gülür).

- Təşəkkür edirəm sizə, Vahid bəy. Bir daha təbrik edirik.

- Mən təşəkkür edirəm. Yada saldığınız üçün çox sağ olun!

# 4055 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #