Tanınmış tərcüməçi: “Beynəlxalq səviyyəli yazıçımız yoxdur demək insafsızlıq olardı” – Müsahibə

Tanınmış tərcüməçi: “Beynəlxalq səviyyəli yazıçımız yoxdur demək insafsızlıq olardı” – Müsahibə
29 iyun 2021
# 13:55

Kulis.az tanınmış tərcüməçi Vilayət Hacıyevlə müsahibəni təqdim edir.

- Vilayət müəllim, hazırda Azərbaycanın ən təcrübəli tərcüməçilərindən birisiniz. Ədəbiyyatımıza xidmət etməkdən yorulmamısınız ki?

– Bu dəyərə görə təşəkkür edirəm, ancaq gəlin çox şişirtməyək. Ola bilsin, təcrübə məsələsində haqlısınız, çünki 70-ci illərin əvvəllərindən bu işlə, fasilələrlə də olsa, məşğulam, yəni, az qala 50 il eləyir ki, bu da müəyyən təcrübə toplamağa imkan yaradır. Çox sağ olun ki, tərcümə fəaliyyətini də ədəbiyyata xidmət kimi qiymətləndirirsiniz. Çoxları bunu hobbi, əlavə qazanc mənbəyi və s. hesab edir. Mən həmişə demişəm və yenə də bu fikirdəyəm ki, tərcümə müxtəlif xalqlar, millətlər arasında ünsiyyət, anlaşma vasitəsi olmaqla bərabər, həm də ədəbiyyatların, mədəniyyətlərin zənginləşməsinə xidmət edir. Əgər biz doğrudan da qloballaşırıqsa, insanlar bir-birini daha yaxından tanımalı, bir-birilərinin mədəniyyətlərini, mental dəyərlərini öyrənməlidirlər və bunlar da, şübhəsiz ki, ünsiyyət vasitəsilə mümkündür. Lakin xalqlar çox, millətlər çox – və hamının da çox dil bilməsi, necə deyərlər, poliqlot olması mümkünsüz... Belə olan halda, bu deyilənləri qismən də olsa, dilləri bilənlərin, yəni tərcüməçilərin köməyilə reallaşdırmaq mümkündür. Deməli, bu baxımdan, tərcümə işi ədəbiyyata, mədəniyyətə xidmət hesab oluna bilər və ondan da yorulmaq günahdır.


- Azərbaycan oxucusuna Hesseni, Kafkanı, Remarkı, Böllü dilimizdə sevdirən bir tərcüməçi kimi imzanızı tanıyıb sevənlər çoxdur. Bəs siz necə, öz tərcümələrinizdən razısınız, yoxsa hələ də mükəmməllik axtarışındasınız?


– Nəyə işarə vurduğunuzu başa düşürəm, ancaq yenə də öz fikrimdə qalıram – heç bir halda mükəmməl tərcümədən söhbət gedə bilməz. Desəm ki, etdiyim tərcümələrdən razıyam – bu, düz olmaz. Oxucuların, bu sahədə az-çox səriştəsi olan adamların dediklərinə inansaq – çox narazı olmağa da haqqım yoxdur. Bilirsinizmi, tərcümə, xüsusilə də bədii tərcümə yaradıcılıq prosesidir və burada an, ovqat, psixoloji durum və sair məsələlər var. Hərdən boş olanda və yaxud kimsə nəyisə irad tutanda tərcümələrimə baxıram. Düzünü desəm, belə hallarda ikili hisslər keçirirəm. “Yalquzaq”la “Zəfər tağı”nda elə yerlər var ki, məni ayrıca bir otağa salıb desələr ki, bunu özün tərcümə etmisənsə, təzədən elə! Ay tövbə, heç bənzədə də bilmərəm Yəni bəzən elə məqamlara rast gəlirəm ki, özüm də təəccüblənirəm: doğrudanmı mən belə adi şeyləri görməmişəm?! Bəzən də içimdən bir qorxu hissi keçir. Bilirsiniz, nədən qorxuram? Məsələn,... ancaq hələlik bircə şeylə təsəlli tapa bilərəm ki, indiyə qədər ciddi tənqidə tuş gəlməmişəm.


- Tərcüməçilik çox zəhmət tələb edən, az gəlir gətirən sahədir. Siz də bu fikirdəsiniz?

– Tərcüməçiliyin çox zəhmət tələb etməsi fikrilə tam razıyam. Əbəs yerə də “qul əməyi” hesab olunmur. Bu əməyin az gəlir gətirməsi məsələsində isə bəzi məqamları dəqiqləşdirmək lazımdır. Konfrans tərcüməçiləri (sinxronistlər), şirkətlərdə tərcüməçi işləyənlər pis qazanmırlar. Mən özüm də cavanlığımda tərcümənin bu növlərilə məşğul olmuşam. İndini deyə bilmərəm, ancaq o vaxtlar tərcüməçiliklə dolanmaq olurdu. Bədii tərcüməyə gəldikdə isə vəziyyət tamamilə başqadır. Əslində, bu sahələrin ən çətini məhz bədii tərcümədir. Lakin görünür, həyatda hər işin praktik, görünən tərəfi, konkret nəticəsi əsas götürüldüyündən, bu sahəyə, necə deyərlər, “investisiya qoymaq” istəmirlər. Halbuki, bu sahənin ictimai-mənəvi həyatda necə əhəmiyyətli olduğunu indicə dedim. Özü də təkcə bizdə belə deyil. Mənim xaricdə də çoxlu tərcüməçi dostlarım, tanışlarım var, onlar da bu sarıdan narazıdırlar. Fərq bircə ondadır ki, onlar hər səhifə üçün 20-25 avro (yəni 40-50 AZN), biz isə 6-8 AZN (yəni 3-4 avro) almağımızdan narazıyıq. Bəs belə olan halda niyə tərcümə edirik? Çünki hər bir işin maddi tərəfi ilə bərabər, mənəvi tərəfi də var. Görünür, peşəkarlar ikinci tərəfsiz keçinə bilmirlər. Bir də bayaq dediyim kimi, tərcümə, xüsusilə bədii tərcümə yaradıcılıq prosesidir. Hazırda yazıçılarımızın, şairlərimizin də bu baxımdan vəziyyəti yaxşı deyil, lakin ədəbi proses dayanmır, arzuladığımız səviyyədə olmasa da, şeirlər, nəsr əsərləri yaranır.


- Sovet dönəmini bir tərəfə qoyaq, müstəqillik dövrünə qədəm qoyandan sonra, deyərdim ki, bədii tərcümə sahəsində canlanma yarandı, çoxlu tərcümə kitabları nəşr olundu, təzə imzalara rast gəldik. Sizcə qonşu ölkələrdə olduğu kimi, artıq bizdə də tərcümə məktəblərinin yaranmasından danışmaq olarmı?

– Tamamilə haqlısınız, bu dönəmdə tərcümə bumu yarandı, saysız-hesabsız, keyfiyyətli-keyfiyyətsiz tərcümə məhsulları yarandı və bu proses deyərdim ki, hələ də pərakəndə şəkildə davam edir. Ancaq mənə elə gəlir, bizdə tərcümə məktəblərinin yaranmasından danışmaq hələ tezdir, çünki tərcümə tənqidimiz demək olar ki, yox səviyyəsindədir, daha doğrusu, “söz”, “cümlə” səviyyəsindən yuxarı qalxa bilməyib. Əlbəttə, demək istəmirəm ki, tərcümə tənqidi ilə yaxşı tərcüməçi yetişəcək. Ancaq bununla belə, ümumiləşdirmək, nəyin yaxşı, nəyin pis olduğunu müəyyənləşdirmək, istiqamətləndirmək olar, nəzəri məsələlər çözülməklə ayrı-ayrı məktəblər yaranar.

Maraqlıdır ki, dünyanın hər yerində Tərcüməşünaslıq ayrıca elm sahəsi kimi qəbul olunduğu halda, mən bilən, bizim AAK-ın ixtisaslar təsnifatında belə indeks yoxdur. Ona görə də tərcümə məsələlərinə həsr olunan azsaylı dissertasiyalar da Müqayisəli dilçilik və ya Dünya ədəbiyyatı üçün ixtisaslaşmış Müdafiə şuralarında müzakirə olunur. Dünya ədəbiyyatı ixtisasının tamamilə başqa istiqamət olduğunu bir tərəfə qoyaq, müəyyən yaxınlıq olsa da, heç Müqayisəli dilçilik üzrə ixtisaslaşmış şuralarda da tərcümənin nəzəri məsələlərinin müzakirəsi məqsədəuyğun deyil. Çünki tərcümə nəzəriyyəsi əslində, dillərin müqayisəsindən sonra başlayır. Daha doğrusu, dilləri müxtəlif aspeklərdə, müxtəlif səviyyələrdə qarşılaşdıraraq müəyyən elmi nəticələrə gəlməklə dilçi alim öz işini bitirmiş olur.

Tərcüməşünas isə yalnız oxşar, fərqli cəhətləri və s. məsələləri müəyyənləşdirməklə kifayətlənmir, onların bir-birinə transformasiyasının yollarını araşdırır. Belə olan halda, hansı tərcümə məktəbindən, tərcüməşünaslıqdan danışa bilərik? Halbuki, bayaq dediyimiz kimi, ən azı müstəqilliyimizin 30 ili ərzində xeyli tərcümələr olunub, Emil Ağayev, Nadir Qocabəyli, Sevil Gültən, Mahir Qarayev və s kimi peşəkar tərcüməçilər yetişib və bunların hər birinin də tərcümə sənətinə ümumi prinsiplərlə bərabər, fərdi yanaşma tərzi var, hamısı araşdırılmalı, ümumiləşdirilməli və əsas istiqamətlər müəyyənləşdirilməlidir.

- Söhbət, necə deyərlər, “yaralı yerlərimiz” düşmüşkən, bir vacib məsələ haqqında da sizin fikrinizi bilmək istərdim. Biz indi yaxşı-pis tərcümə edirik, bəs bizim ədəbiyyatımız necə, tərcümə edilirmi, yayılırmı? Nə vaxtsa bizim də yazıçılardan, şairlərdən kiminsə hansısa nüfuzlu beynəlxalq mükafata layiq görüldüyünün şahidi ola biləcəyikmi? Bu sahədəki vəziyyət sizi qane edirmi? Yəni burada dönüş yaratmaq olarmı? Olarsa, necə?

– Bir az çətin sual oldu...Bəri başdan deyim ki, mükafat əsas meyar ola bilməz, uzaqbaşı stimul verə bilər. İkincisi, tərcümə olunmaq, yayılmaq üçün ilk növbədə yaxşı yazmaq lazımdır ki, necə deyərlər “sponsorsuz” diqqəti cəlb etsin, tərcümə edilsin, yayılsın. Ancaq onu da unutma olmaz ki, hamı Hesse, Markes, Kafka deyil. Deməli, heç olmasa ilk mərhələdə – biz indi elə bu mərhələdəyik – özümüz də nəsə etməliyik, istedadlı yazarlarımızı tanıtmalıyıq. Bu sahədə heç bir iş görülmür demək də olmaz, çünki Azərbaycan Dövlət Tərcümə Mərkəzi, imkanları daxilində, işlər görür. Yeni yaranmış Azərbaycan Peşəkar Tərcüməçilər Asossiasiyasının da, bildiyim qədər, bu sahədə geniş fəaliyyət proqramı var, lakin təəssüf ki, pandemiyaya görə hələlik nəzərdə tutulan layihəyə başlaya bilmir.

Beynəlxalq səviyyəyə çıxa biləcək yazıçımız, şairimiz yoxdur demək də böyük insafsızlıq olar. Mən deməzdim ki, Kamal Abdulla, Ramiz Rövşən, Afaq Məsud, cavanlardan Şərif Ağayar, Mübariz Örən və başqaları indi bəh-bəhlə tərcümə edib oxuduqlarımızdan zəif yazırlar. Yeri gəlmişkən, bir faktı deyim: əsərləri artıq dünyanın bir çox dillərinə tərcümə olunmuş görkəmli yazıçımız Kamal Abdullanın son bir ildə Almaniyanın nüfuzlu nəşriyyatlarından birində dalbadal üç kitabı nəşr olundu. Az-çox bələd olduğum alman naşirləri, çoxu bədii ədəbiyyat olmaqla, ildə 80 mindən çox kitab çıxan bir ölkədə kitabın yayılacağına əmin olmasalar, onu nəşr etməzlər. Daha maraqlısı odur ki, bu kitablardan biri – “Yarımçıq əlyazma” 2013-cü ildə ildə Avstriyada Goldegg nəşriyyatında alman dilində nəşr olunmuşdu. Kitabın tərcüməçisi azərbaycanlı olsa da, alman redaktor onu ciddi redaktə etmiş, necə deyərlər, yüksək səviyyədə “almanlaşdırmışdı”. Fikrimcə, pis də tərcümə deyildi, ancaq görünür, bu tərcümə naşiri qane etməmiş, milliyətcə alman olan bir türkoloqa təzədən tərcümə etdirmişdi. Yeri gəlmişkən, “Sehribazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarını da həmin türkoloq K.H.Kiil tərcümə edib. Deməli, naşir Kamal Abdullanın romanlarında çağdaş alman oxucusunu maraqlandıra biləcək məqamlar görüb, onlar nəşr edib.

- Sizinlə razıyam, ancaq oturub kiminsə uğur qazanacağını da gözləmək olmaz, biz də nəsə etməliyik. Bayaq özünüz də dediniz ki, biz elə mərhələdəyik, istedadlı yazarlarımızı tanıtmalıyıq. Ancaq hansı yollarla? Deyirsiniz xaricdə çoxlu tərcüməçi dostlarınız, tanışlarınız var, əlaqələriniz var, oralarda bu iş necə qurulub?

– Bunun yolları çoxdur. Elə götürək bizdə nəşr olunan Almaniya, Avstriya müəlliflərinin kitablarını. Çoxunda belə qeyd var: Almaniya Göte-İnstitutunun dəstəyi ilə çap olunur. Bizdə belə qurum var? Əlbəttə, yox. Maraqlıdır ki, həmin qurum tösiyə olunan müəlliflərin siyahısını da hazırlayır və üstünlüyü də gənc, çağdaş yazıçılara verir, çünki Hessenin, Remarkın, Mannın, Böllün əsərlərinin onlarsız da tərcümə olunduğunu bilirlər.

Vyanadakı “Ədəbiyyat Cəmiyyəti” Avstriya müəlliflərini çevirən tərcüməçini dörd həftəlik müddətə ölkəyə dəvət edir, təqaüd ayırır, oturub işləməsi üçün şərait yaradır. Öz ölkələrində peşəkar tərcüməçi kimi qəbul olunan şəxslər hər iki ildən bir bu təqaüdü ala bilər. Üstəlik, uğurlu tərcümələr üçün “Tərcümə mükafatı” da verirlər. Yeri gəlmişkən, bu mükafatı Kafkanın “Qəsr” və “Məhkəmə” romanlarının tərcüməsinə görə mərhum Çərkəz Qurbanlı da, mən də almışıq. Almaniyanın Stralen şəhərciyində “Tərcüməçilər evi” ( Europäiesches Übersetzer- Kollegium) var. İlin on ayı ərzində dünyanın hər yerindən ora tərcüməçilər gəlir. Onlardan bəziləri öz hesabına gəlirsə, əksəriyyəti özünün büdcəsi olmayan Evin onlar üçün hansı fonddan, təşkilatdan, lap elə dövlət qurumundan aldığı təqaüd hesabına orada qalıb işləyirlər. Məsələn, mən özüm iki dəfə – hərəsində dörd həftə olmaqla həmin Evdə qalıb işləmişəm. Maraqlıdır ki, burda hansı dildən hansı dilə tərcümə olunmağı əsas götürülmür, vacibi tərcümə ilə məşğul olmaqdır, ancaq mən hər iki halda alman ədəbiyyatını başqa dillərə tərcümə edənlərin sayının daha çox olduğunu müşahidə etdim.

Belə bir Ev İsveçrədə də var (Übersetzerhaus Looren) . Eyni sistemdir, ancaq orada da, İsveçrə ədəbiyyatını tərcümə edənlərə xüsusi təqaüd verilir. Avropa ölkələrində belə qurumlar çoxdur. Uzağa getməyək, mən Azərbayacan Dövlət Tərcümə Mərkəzində işləyəndə demək olar ki, bütün Avropa, eləcə də Cənubi Amerika ölkələrinin səfirlərinin tez-tez Mərkəzə gəlib ədəbiyyatlarının tərcümə olunub yayılması üçün birgə layihələr təklif etdiklərinin şahidi olmuşam...

- Yaxşı, tutaq ki, dediyiniz Evdən biri də Azərbaycanda yarandı. Bəs kiminsə gəlib orada qalacağına, Azərbaycan ədəbiyyatını öz dilinə çevirəcəyinə inanırsınızmı? Siz ona görə gedirsiniz ki, alman dilini bilirsiniz, başqaları da ingilis, fransız, ispan dilini bilirlər. Xaricdə isə Azərbaycan dilini bilən tərcüməçilər yoxdur.

– Əlbəttə, mən demirəm ki, o Ev həmin dəqiqə dolacaq. Ancaq unutmayaq ki, aparıcı Avropa, Amerika ölkələrində türk dilindən tərcümə edən mütəxəssislər, türkoloqlar var. Maraqlandıra bilsək, onların Azərbaycan dilinə keçmələri üçün ik-üç ay kifayətdir. Kamal Abdullanın romanlarını türkoloq tərcümə etəməyib? Lap elə türk, rus dilləri vasitəsi ilə də tərcümə etdirmək olar. Dar ayaqda, sətri tərcümə əsasında... Yadımdadır, o vaxt Tərcümə Mərkəzi yarananda rəhbəri mərhum Aydın Məmmədov bizi toplayıb Azərbaycan ədəbiyyatının, ən azı, üzdə olan nümunələrini alman, fransız, ingilis dilinə sətri tərcümə etməyi tapşırdı, mən bilən, işə başlandı da. Ancaq sonralar məlum səbəblərdən davam etdirilmədi... Bilirsinizmi, yollar çoxdur, mən bir neçəsini dedim, sadəcə olaraq, istək lazımdır. Yəqin ki belə bir el məsəlini siz də xatırlayırsınız: “Çobanın könlü olsa, təkədən də pendir tutar”...

- Alman ədəbiyyatını sevən və oxuyanlara hansı tövsiyələri verərdiniz?

– Əlbəttə, hər bir xalqın özünəməxsus ədəbiyyatı var və onların hansının daha yaxşı olduğunu demək olmaz, ancaq ümumiyyətlə götürəndə, alman ədəbiyyatı həmişə öz ciddiliyi ilə səciyyələndirilib. Daha doğrusu, klassik alman fəlsəfəsinin təsiri bu ədəbiyyatda həmişə duyulub. Tomas Mannın, Herman Hessenin intellektual romanlarını xatırlamaq kifayətdir. Müharibə, onun insan psixologiyasına təsiri, törətdiyi faciələr Böllün yaradıcılığında o qədər dəqiq, əhatəli, canlı təsvir olunur ki, adam özünü həmin hadisələrin içində hesab edir. Çağdaş alman yazarlarının əsərləri də istər struktur, istər mövzu baxımından çox maraqlıdır. Mən deyərdim ki, yeni nəsil haradasa fəlsəfi düşüncə tərzini incə yumorla birləşdirməyə çalışır.

TEAS-PRESS nəşriyyatı bu yaxınlarda çağdaş alman yazıçısı Daniel Keelmanın “Dünyanın arşını” romanını nəşr etmişdi. İnanın ki, özüm tərcümə etdiyimə görə demirəm, ancaq oxuculara, xüsusilə də gənc yazarlara postmodernist üslubda yazılmış bu əsəri oxumağı məsləhət görərdim... Ən azı, yazı texnikasına görə...

- Gənc tərcüməçilər haqqında fikirləriniz?

– Bu da çətin sualdır. Buna cavab vermək üçün onların yaradıcılığını diqqətlə izləmək lazımdır. Təəssüf ki, bəzi səbəblərdən son illərdə mən bunu edə bilməmişəm, ona görə də kimisə seçməyə mənəvi haqqım yoxdur. Ümumi götürəndə, onların bu işə həvəsindən, sosial şəbəkələrdə tez-tez müzakirələr açmalarından razıyam. Heç kəs anadan tərcüməçi doğulmur, yalnız ağır zəhmət nəticəsində uğur qazanmaq olur. Ona görə də bütün gənc tərcüməçlərə uğurlar, dözüm arzulayıram. Sevimli şairimiz Zakir Fəxri demiş: Qalmaz belə, qalmaz dünya... Onların zəhməti hədər getməyəcək.

-Yaradıcılıq sirri deyilsə, hazırda hansı əsər və ya əsərlər üzərində işlədiyinizi də bilmək istərdik.

– Burda elə bir sirr yoxdur. Səhhətimlə bağlı indi heç bir tərcümə üzərində işləyə bilmirəm. Gələcəkdə necə olacağını isə Ulu Tanrı müəyyənləşdirəcək.

- Müsahibəyə görə sağ olun.

- Mən də diqqətinizə görə təşəkkür edirəm.

Modern.az

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #