Sabir Rüstəmxanlı: “Universitetlərin qapıları üzümüzə bağlıdır” – Müsahibə

Sabir Rüstəmxanlı: “Universitetlərin qapıları üzümüzə bağlıdır” – Müsahibə
20 may 2021
# 15:41

Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Onun 75 yaşı tamam olur. Kulis.az bu münasibətlə Sabir müəllimlə müsahibəni təqdim edir.

- Sabir müəllim, sizi yubiley münasibətilə təbrik edirik.

- Çox sağ olun! Təşəkkür edirəm!

- Yubileylərə münasibətiniz necədir?

- Bəzən yazıçıların, sənət adamlarının köhnə adətlərlə yubileylərinin qeyd olunmasına qısqanclıqla yanaşılıb, amma mən buna normal baxıram. Xalqa və sənətə xidmət etmiş adamlara yubileylərinin təntənə ilə qeyd olunmasını niyə çox görək ki? Bu gün konkret olaraq mənim belə bir problemim yoxdur, heç belə bir imkan da yoxdur, heç ummuram da. Mən hər üç ildən bir gözəl yaradıcılıq gecələri keçirmişəm. İndi pandemiya ilə bağlı bu mümkün deyil, açığı, heç həvəsim də yoxdur.

- Dünyada yaradıcılıq gecələri yubileylərdən daha aktualdır. Yubileylərin qeyd olunması bir az da sovet ənənəsi sayılır.

- Hesab edirəm ki, hər sənət adamının özü üçün yaradıcılıq gecəsi keçirməyə haqqı var. Ona qulaq asan, dinləyən, izləyən varsa, sevən varsa, gəlsin. Mən də Dövlət Filarmoniyasında, Milli Dram Teatrında yaradıcılıq gecələri keçirmişəm. 50 illik yubileyim isə Opera Balet Teatrında keçirilib. Düşünürəm ki, bu seçim sərbəst olmalıdır. Əgər hansısa dairələr sənət adamlarına, yazıçılara yubileylər təşkil edəcəksə, bu da olar. Zəruri deyil ki, hər yubiley yaşı olanlar üçün təşkil edilsin, amma məncə, yaradıcılıq gecələri çox vacibdir.

- Sizə hansı daha doğmadır? Yaradıcılıq gecəsi, yoxsa yubiley tədbiri?

- Yaradıcılıq gecəsi. Düzü, 50 illik yubileyim həmişə yadımda qalacaq. Orada Heydər Əliyevin iştirak etməsi, başqa ölkələrdən dostlarımın gəlməsi... Hamısı xoş idi. İndi yaradıcılıq gecəsi keçirmək, oxuculara hesabat vermək, şeirlərimi səsləndirmək daha vacib və daha maraqlıdır.

- Ad günlərində keçirdiyiniz ən dərin duyğu hansıdır?

- Ad günlərimdə bir az kədərlənirəm. Əvvəla, bütün təbriklərin birgünlük olduğu üçün. Ad günlərimdə, adətən, şəhərdən qaçıram. İşə getmirəm, kənara çıxıram, dağa gedirəm. Dağla üzbə-üz. Sanki qədəh-qədəhə otururam. Bütün o təbriklər bitəndən sonra Bakıya qayıdıram. İndi Milli Məclisdəki bəzi işlərimə görə şəhərdən çıxa bilmədim.

- İlk təbrik edən kim oldu?

- Dünən axşam mənim qədim dostum, həmkarım, akademik İsa Həbibbəyli bizə qonaq gəldi və mənim üçün çox maraqlı bir sürprizlə gəldi. Gördüm, əlində “Xalq şairi Sabir Rüstəmxanlı” adlı fundamental, elmi, az qala 500 səhifəlik bir kitab var. Ədəbiyyat İnstitutu mənim yaradıcılığımı bütün istiqamətlər üzrə təhlil edib bu kitabı ərsəyə gətirib. Daha sonra qardaşım, oğlum gəldi, oturub çay içdik. Yəni, yubileyi dünəndən qeyd etməyə başlamışıq. Gecə saat 1-ə düz 1 dəqiqə işləmiş digər oğlum, Cəmil, məni təbrik eləməyə gəldi. Elə həmin vaxtlarda da böyük qızım Aydan mənə təbrik mesaj yazdı. Bir növ, yaxınlarım arasında kim ilk təbrik mesajı yazacaq yarışı gedirdi (gülür).

- Sadə insanlarla keçirdiyiniz ad günlərinizdən xüsusi xatırladığınız varmı?

- Mən nəinki ad günlərini, bütün həyatımı o cür sadəliklə yaşamışam. Nə Millət vəkilliyi, nə nazirlik, nə də başqa bir şey mənim o həyat tərzimi dəyişməyib. Bu gün də mənə zəng edib təbrik edənlərin çoxu rayonlardan, ucqar kəndlərdən olan sadə adamlardır.

- Siz həm də tribunalarda şeir deyən şair olmusunuz, auditoriyanız geniş olub. İndi pandemiyaya görə yubileyinizin belə sakit keçməsi sizi darıxdırmır ki?

- Darıxdırır. Pandemiya indi var, ancaq artıq 25 ildir Azərbaycan universitetlərinin qapıları bizim üzümüzə bağlıdır. Niyə? Başa düşmürəm. Hər rektor universitetdə öz hakimiyyətini qurub. Millət vəkili, Xalq şairiyəm, heç vaxt nə xalqımızın, nə də dövlətçiliyimizin əleyhinə bir fikir səsləndirməmişəm. Həmişə qılıncın ağzıyla yerimişəm, yenə də xalqımızın, dövlətimizin əleyhinə bir şey deməmişəm, bəs niyə universitetlərin rəhbərliyi bizə qarşı belə davranır? Fakültələrdən mənə zənglər gəlir ki, sizlə görüşmək istəyirik. Sonra zəng edirlər ki, üzrlü sayın, rəhbərlik icazə vermədi. Niyə? Bax məni narahat edən budur. Yenə, heç olmasa bu yaxınlarda pandemiya şəraitində ADA universitetində gənclərlə bir görüşüm keçirildi. Bir-iki gün əvvəl də “Davam” Gənclər Təşkilatı ilə... Biz cavanlığımızda Mirzə İbrahimovu, Süleyman Rəhimovu, Əli Vəliyevi, İsa Muğannanı, İsmayıl Şıxlını, Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni, Cabir Novruzu, Fikrət Sadığı, Fikrət Qocanı belə görüşlərlə tanımışdıq, sevmişdik. Bəs bizi niyə gənclərdən ayrı salırlar? Bu görüşlər milli şüurun inkişafına, dövlətçiliyə, vətəndaş həmrəyliyinə çox ciddi təsir edir.

- 75 yaşınızı həm də azad olunmuş Qarabağla qeyd edirsiniz...

- Bu gün yubileyə, xüsusi təbriklərə ehtiyacımın az olmasına da əsas səbəb elə budur. Çünki məni Azərbaycanın Prezidenti, Ali Baş Komandanı artıq ən yüksək mükafatla mükafatlandırıb. Bu, Qarabağın azad olunmasıdır. Gözümüz kölgəliydi, camaat içinə çıxa bilmirdik. Qarabağın azad olunması tək mənə yox, hamımıza böyük bir hədiyyə oldu.

- Bu gün hansı şeirinizi xatırladınız?

- Bir çox şeirimi xatırladım. “Ad günü” şeirim var idi, onu xatırladım. Bir də “Zaman məndən keçir” şeirini...

Zaman məndən keçir, keçir durulur
Ürəyim sehrli sevgi süzgəci,
Sevgi ürəyimdən keçir durulur.
Günəşin işığı, ayın işığı
Qayğılı gözümdən keçib durulur.
Fikir burulğanı dağ çaylarıtək
Sıxılmış sözümdən keçib durulur.

Nəyi saxlamadım, nəyi saxladım?-
Dəyir sınaqların zərbəsi mənə.
Keçirtdim tarixi əsəblərimdən,
Dünənlə sabahın körpüsü mənəm!

Bitmişəm yer ilə göy arasında –
Bu birlik ilahi iradəsidir.
Kimsə eşitməyən nəğmələr keçir.
Ulduz pıçıltısı, duman səsidir.

Keçir ürəyimdən millətin ruhu.
Bir üzü ucalıq, bir üzü qorxu.

Min ilin qanıdır – içimdə diri,
Dünyada kim ölür? Yaddaşı itən!
Ürəyim bir qaçqın düşərgəsidi,
Keçir körpələrin göz yaşı məndən.

Keçir qardaşların məğlubiyyəti,
Üç qitə yolunda ayağım yorğun.
Vətən güclüdürsə, ucadı bayraq,
Vətən çəkiləndə bayrağım yorğun...

İlk nədi, son – ürəyim duyur.
Keçmişə yol alan köçürmüş məndən.
Zamana qoşulub bir ömür boyu
Tanrının özü də keçirmiş məndən.

Hərdən zarafatla dostlara deyirəm ki, elə bil 75 il yox, 75 əsrdir yaşayıram. Çünki, bu ölkənin, bu xalqın bütün tarixinin, hətta Allahın özünün də mənim içimdən keçdiyini düşünürəm.

- Çox sağ olun! Sizi bir daha təbrik edirik.

- Təşəkkür edirəm!

# 3194 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #