Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə

Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
2 avqust 2020
# 09:01

Bu gün Xalq artisti Fəxrəddin Manafovun 66 yaşı tamam olur. Kulis.az yubiley münasibəti ilə aktyoru təbrik edir, onunla ötənilki müsahibənin davamını təqdim edir. Müsahibənin ilk hissəsini buradan oxuya bilərsiz.

- Rasim Ocaqovla iş prosesini nə təşkil edirdi? Rolun həllini daha çox siz təhlil edirdiniz, ya Rasim müəllimin özünün dominantlığı vardı?

- Çox güclü dominantlığı vardı. Amma bu ona görə deyildi ki, o, rejissor idi və ya özünü kinoda, çəkiliş meydançasında hegemon, oranın böyüyü kimi aparırdı. Yox. Çünki Rasim müəllim konsepsiyanı çox gözəl bilirdi. Hər bir kadrın şəklini çəkirdi və titrindən tutmuş mizanlarına kimi hər şey o konsepsiyanın tərkibində idi. Əgər aktyor o konsepsiyanın çərçivəsində nə isə təklif edirdisə, onu dəqiqliyi ilə çatdıra bilirdisə, heç bir dominantlıq göstərmirdi. Yox əgər aktyor onun konsepsiyasından kənara çıxırdısa, Rasim müəllim deyirdi, bağışla, belə mümkün deyil. Dünya dağılsa da, imkan verməzdi. Onunla iki filmdə mübahisəmiz oldu. Bunlardan birincisi “Park” filmində baş verdi. İlk dəfə idi ki, Rasim Ocaqovla işləyirdim. Sankt Peterburqda şəhərdən kənarda, meşəliyin içində Lenfilmin filialı vardı. Film orda çəkilirdi. Filmdə belə bir səhnə var ki, mənim qəhrəmanım yuxudan ayılır və Vika ilə danışır. Orda adi, sadə bir mizanı Rasim müəllim mənə başa salanda, etiraz etdim. Dedim ki, yox, başqa cür olmalıdı. Digər tərəfdən isə Ocaqovun filminə çəkildiyim üçün də xoşbəxtəm. Buna baxmayaraq məhz həmin mizanda Rasim müəllimlə mübahisə etdim. Ocaqov mənim bu hərəkətimdən çaşdı. Orda isə Aleksandr Kalyaqin, Qalina Polskix, Qalina Belyayeva var. Qalina Belyayeva onda gənc idi, amma “Park” filmindən əvvəl “Mənim sevimli və zərif heyvanım” filminə çəkilmişdi. Bu aktyorlar da məətəl qalmışdılar ki, bu cavan oğlan nə etməyə çalışır. Mən isə həmin filmdən əvvəl “İşgüzar səfər” filminə çəkilmişdim. Aradan iki il keçmişdi, işsiz-gücsüz, boynubükük qalmışdım. Ona görə hamı təəccüb içində baxırdı ki, niyə rejissorla kəllə-kəlləyə gəlmişəm. Digər tərəfdən də hələ filmin çox az hissəsi çəkilib. Bu cür mübahisə baş versə də, verməsə də Ocaqov məni hər an çəkilişdən uzaqlaşdıra bilər.

Rasim müəllim çox hirsləndi, fasilə deyib getdi Kalyaginlə şahmat oynamağa. Mən də çox əsəbləşmişəm, amma bir tərəfdən də ürəyimdə özümü məzəmmət edirəm ki, ağlını yığ başına, bu Rasim Ocaqovdu, onun “Yaşıl qapı”, “İstintaq”, “Ad günü” kimi filmləri var. Başqa otağa keçib telefonla Bakıya teatra zəng vurdum, Vaqifi çağırtdırdım. Vaqif dəstəyi götürən kimi qəzəblə ilk sözü belə oldu: Orda nə isə eləmisən? Vaqif yenə deyirəm, dahi idi. O, biləndə ki, zəng vuran mənəm dərhal anlamışdı ki, çəkiliş zamanı ona zəng vurmuşamsa, deməli nə isə baş verib. Onunla telefonla danışdıq. Təbii ki, məni necə lazımdır tənbeh elədi və çəkilişə qayıtmağı məsləhət gördü. Mən geri qayıdıb Rasim müəllimdən üzr istədim.

Gallery

- Növbəti mübahisə isə “Otel otağı” filmində baş verir?

- Elədir. Rasim Ocaqov bu filmi çəkməyə hazırlaşanda mən Slovekiyada Maratın, qardaşımın yanında idim. Xəbər gəldi ki, Rasim Ocaqov zəng vurub. Rasim müəllim qardaşımla hal-əhval tutandan sonra dedi ki, bəs mənə yeni filmin çəkilişlərinə başlamaq üçün mənə Fəxrəddin lazımdır. Qardaşım ondan soruşdu ki, Fəxrəddin sizə nə vaxta lazımdır. Rasim müəllim xırda bir pauzadan sonra cavab verdi ki dünəndən... Marat dedi ki, Fəxrəddin dünəndən sizin yanınıza gəlir. Bakıya gəldim.

Bu barədə Vahidəyə tez-tez deyirəm. İndi də deyim. Bizim evdə Rasim müəllimin portreti var. O portreti əlli dəfə də görəndə səslə olmasa da, fikrimdə ondan üzr istəyirəm. Deyirəm ki, Rasim müəllim, əgər sizi hardasa əsəbləşdirmişəmsə, sizi dinləməyib özünüzdən çıxarmışamsa, deməli mən sizi bizi tərk edib getməyə yaxınlaşdırmışam. Bu tərk edişdə mənim də günahım var. Buna görə dönə-dönə sizdən üzr istəyirəm. Gənc idim, anlamırdım...

İnsan qəribə və unutqan məxluqdur. Qardaşımın yanında olanda artıq altı, yeddi ildi ki, filmə çəkilmirdim, unutmuşdum hər şeyi. Peşə isə elə bir şeydir ki, gərək mütəmadi məşğul olasan. Ona görə də Rasim müəllim məni çağıranda Bakıya uça-uça gəldim. Hətta Marat da gülə-gülə mənə baxıb dedi ki, nə tez məni atıb getdin? Ona dedim ki, gedim filmə çəkilim, yenə yanına qayıdacam. Filmin büdcəsi az olduğundan Marat dedi ki, Fəxrəddinin gediş, gəliş və orda yaşamaq xərclərinin hamısını öz öhdəmə götürürəm. Bu mənim üçün də Marat tərəfindən böyük hədiyyə idi. Çünki üstündən bu qədər vaxt keçəndən sonra Rasim müəllim məni çağırmışdısa, deməli mən lazım idim. Amma yenə deyirəm ki, bir balaca təkəbbürlü idim. Yaxşı yaşayırdım, geyinirdim, gəzirdim. Xasiyyətim bir balaca dəyişmişdi.

- Bəzən şərait özü də nələrisə diqtə edir.

- Əlbəttə. Oradakı münasibətlər, qanunlar, insanların bir-biri ilə ünsiyyəti təsirsiz, diqtəsiz ötüşə bilməzdi. Adam özü bu qaydalara riayət etdikcə, alışmağa da başlayır. Beləliklə gəldim, çəkilişlər başladı. Filmdə universitetin qapısında sadə bir səhnə çəkilirdi. Bu səhnədə Vaqif İbrahimoğlu da çəkilirdi. Mən də universitetin qarşısında siqaret çəkə-çəkə onu gözləyirdim. Vaqib mənə yaxınlaşanda, siqaretin kötüyünü atıb, ayağa qalxmalıydım. Rasim müəllim mənə izah etdi ki, siqaretin kötüyünü dalğın, fikirli formada atım. Razılaşmadım, nə fərqi var dedim. Mübahisə yarandı, çox pis əsəbləşdi. Onda bir anlıq sarsıldım, ayıldım və öz-özümə dedim ki, Fəxrəddin, axı sən kimsən ki, bu boyda insanı belə hala çatdırırsan? Ondan sonra bilmədim onu qucaqlayım, ya üzr istəyim ki, könlünü ala bilim. Onu qucaqladım, dedim, Rasim müəllim, qurban olum, hər şey qaydasındadı. Və dərhal da çəkilişə başladıq. O, kənara çəkilib motor dedi. Mübahisədən əvvəl necə demişdisə, elə də elədim. Üstündən bir müddət keçəndən sonra filmə baxanda anladım ki, o, haqlı olub. Həmin əhvalatdan mənə yadigar həmin gün onunla çəkdirdiyim, ən çox sevdiyim foto qaldı.

Gallery

- Rasim müəllimlə son görüşünüz nə zaman oldu?

- Yeni filmin çəkilişlərinə başlamaq istəyirdi. Kinoittifaqda rastlaşdıq. Məni saxladı, dedi ki, ssenari hazırdı, çəkilişlərə başlayacam. Sən orda baş rollardan birini ifa edəcəksən və bu mənim şah əsərim olacaq. Biz sağollaşdıq. O, getdi, amma mənə elə gəldi ki, Rasim müəllim sanki ürəyində deyir, səhhətim imkan versə...

- “Mərasim” tamaşasından sonra Ərşad Ələkbərovun müsahibəsində bir fikirlə rastlaşdım. O, deyirdi ki, tamaşanın məşqləri zamanı Mehriban Zəki və Fəxrəddin Manafov arasında dərin, ruhi bağlılıq hiss etdim. Sizcə tərəf müqabili məsələsində bu ruhi bağlılıq və enerji mübadiləsi tamaşalarda həll edici rol oynayır, ya hər şey peşəkarlığa bağlıdır?

- Gözəl sualdı. Böyük məmnuniyyətlə cavab verərəm. İlk növbədə sən dedin ki, bu fikri Ərşad deyib. Ərşad isə tamaşanın rejissorudu. Təbii ki, rejissorun prosesi belə sezməsi, görməsi mütləqdir. Çünki mən bu tamaşaya başlayanda ona dedim ki, Ərşad, mən təkəm. Mənim məktəbimin, yəni Vaqif məktəbinin bir nümayəndəsi burda mənimlə tərəf müqabili olmalıdır. Bu adam isə Mehriban Zəki olmalıdır. Və tamaşadakı kraliça da eyni ilə mənim düşündüyüm kimidir. Əgər sən bunu etsən, yəni Mehribanı mənim tərəf müqabilim olan kraliça roluna dəvət etsən, bu mənim üçün böyük dayaq olar. Razılaşdı, dedi, çağıraq, baxaq, məni qane etsə, niyə də olmasın. Sənə deyim ki, o, çox tərs adamdı. Amma bu tərslik peşəkarlıqdan irəli gəlirdi. Mənim isə bir ümidim vardı ki, “Müsyö İbrahim xan və Quran çiçəkləri” tamaşasında Mehriban da vardı. Ona görə də ümid edirdim ki, Ərşad yox deməz.

Bir məqamı da vurğulayım ki, Mehribanla yaradıcı işə başlayanda bizim aramızda şəxsi münasibətə aid sən, mən söhbəti yox, işimizə, peşəyə aid olan söhbət ola bilərdi. Biz artıq qapını bir-birimizə açanda döymədən aça bilərik. Çünki bir məktəbin nümayəndəsiyik. Bu baxımdan Ərşada bu təklifi elədim. O, da Mehribanı çağırdı, söhbət elədi, dedi, onu çox istəyirəm, mənimlə də bir tamaşada işləyib. Böyük məmnuniyyətlə onu tamaşaya dəvət edirəm. Yalnız teatr razılıq versin. Çünki Mehriban başqa teatrın aktrisasıdı. Sağ olsun Ədalət müəllim və teatrın baş rejissoru da razılıq verdilər. Beləliklə tamaşaya başladıq. Sənin sualına, ruh məsələsinə gəldikdə isə deyə bilərəm ki, məktəb eyni şeydi. Məktəb Vaqifin məktəbidi. Ona görə də biz bir-birimizin dilini başa düşürük. Mən öz rolumu quranda bilirdim ki, hər ikimizin ifası bir-birindən keçməlidi. Çünki tamaşa Mehribanla başlayıb, onunla da bitirdi. İndi tam məsuliyyətlə deyirəm ki, əvvəlcə mən qorxurdum ki, səhnəyə tək çıxacam, ifa mənim öz xəttimlə qurulacaq. Burada Mehriban mənə çox lazım idi. Əgər həmin an Mehriban olmasaydı, başqa tələbəsi olsaydı, onunla işləyəcəkdim. Amma böyük təəssüflə deyirəm ki, Vaqifin tələbələrindən onun davamçısı kimi qalan bircə Mehribandı. Başqasını bilmirəm, tanımıram. Ona görə o, mənə lazım idi. Mehriban isə bu işin öhdəsindən çox yaxşı gəldi. Ərşadın dediyi ruh bağlılığı da ondan yaranırdı ki, biz Vaqifin metodologiyasına o qədər dəqiq riayət edir, bir dildə danışırdıq ki, Ərşad bunu ruhi bağlılıq kimi qəbul edib. O metadologiya ilə işləyəndə ruhi bağlılıq da yaranır.

Gallery

- Müsahibədən əvvəl dediniz ki, ov ovlamağı, balıq tutmağı xoşlayırsınız. Kişilərin ov sevgisini qadınlar anlamırlar, hətta bəzən bu onlarda təəccüb doğurur.

- Təəccüb doğurar. Qadınlar ov söhbətlərini o qədər də anlamazlar. Əgər arxetipə gedib çıxsaq, kişilərin ilk peşəsi ovçuluq olub. Qadının peşəsi dünyaya uşaq gətirmək, evdarlıqla məşğul olmaq olub, kişininki isə ov. Hərçənd bunu da tam bilmək olmaz. Bəlkə lap qədimlərdə qadınlar da ov ovlayıblar. Amma kişinin genetikasında ovçuluq olub, hətta qadına özünü sevdirmək də bu peşədən gəlir. Mən uzun müddətdir ki, ov tüfəngimi bir kənara qoymuşam. Çünki bir dəfə ov vurdum və başa düşdüm ki, mənim diri, canlı varlığı öldürməyə heç bir haqqım yoxdur. Bu barədə danışmaq istəmirəm, emosional hislər keçirirəm. Vurduğum heyvanın çırpıntılarını hələ də unuda bilmirəm. Ona görə də o əhvalatdan sonra tüfəngi yerə qoydum. Amma balıq dilsiz-ağızsızdı. Ona görə də hələ balıq ovuna getməyi xoşlayıram.

- Sizə həm də Fərhad deyə müraciət edirlər. Adın yaranma tarixi maraqlıdır...

- 16 yaşımda aktyor evinə işə düzəldim. O zaman orda direktor müavini Sərxan müəllim vardı. Yanılmıramsa, soyadı Mustafayev idi. O, bir gün dedi ki, Fəxrəddin əvəzinə sənə Fərhad deyəcəm. Dedim, necə istəyirsiniz elə də deyin. Ondan sonra adım elə Fərhad qaldı. Hətta bir neçə filmin titrlərində də Fərhad gedib. Amma əlbəttə ki, əsl adım, dayım tərəfindən mənə verilən ad Fəxrəddindi. O dövrdə münasibətlərdəki danışıq dili qısa olanda daha rahat olurdu. Çünki hamımız rusdilli idik. Rasim müəllim də mənə Farxadik deyirdi. İndi nədənsə istəyirəm ki, məni Fəxrəddin deyə çağırsınlar.

- Son illər fikirlərinizi mətnlə, yazı ilə çatdırmağa çalışırsınız. Ədəbiyyata, sözə bu meyillilik nədən qaynaqlanır? Bu ifa ilə çatdıra bilmədiklərinizi mətnlə çatdırmaq istəyidir, ya daxili tələbat?

- Yox, fikrimi ifa ilə çatdıra biməməyim mümkün deyil. Mən aktyorluqla da bunu ifadə edirəm. Fikir vermisənsə, yazımı da sonradan ifa edirəm, oxuyuram. Bunun başqa səbəbi var. Tək indi yox, otuz il əvvəldən də yazmağı çox xoşlayıram. Sadəcə olaraq o zaman yazdıqlarımı bir dolaba atırdım. Onları heç vaxt üzə çıxarmamışam, çünki hərə öz peşəsi ilə məşğul olmalıdır. Mənim peşəm isə aktyorluqdu. Nəyə görə indi, son zamanlar yazıram sualına gəlincə isə deyim ki, yazmaq üçün zaman indi daha çoxdu. Həm də yazı düşünməyin başqa bir formasıdır. Sadəcə yazı zamanı yazdığımı pozub yenidən yaza, düzəliş edə bilərəm. Ona görə yazıram ki, həm ən azından mənim yazdıqlarım oxunsun, həm də mənim tərəfimdən, aktyorluq tərəfindən deyilə də bilsin. Çünki yazının təsiri başqadır. Tutalım, biz oxuduğumuz əsərlər əsasında bir müddət sonra filmlər çəkilir. Hər dəfə bu barədə kiminləsə söhbət edəndə deyirlər ki, kitab daha güclüdür, nəinki film. Burda həqiqət var. Əsəri oxuyan hər kəs əsəri öz baxışı, dünyagörüşü ilə qəbul edir. Ola bilsin ki, yazdıqlarımda öz düşüncəmi, bacarığımı təqdim edirəm, amma onları oxuyan özü necədirsə, mətni elə də qəbul edir.

- Fuad Poladov teatrdan gedəndə, teatrın qarşısında onu gözləyən pərəstişkarlarına dedi ki, hər şey yaxşı olacaq. Dedi və getdi. Siz də “Mərasim” kimi böyük və əziyyətli tamaşadan sonra teatrdan getdiniz. Getmək isə bütün hallarda ağrılı prosesdi. Bu gedişin sizin yaradcılığınıza nə kimi təsiri oldu?

- Aydındı. Mən sadəcə məkan olaraq yerimi tərk etdim. Ümumilikdə isə heç nə əbədi deyil, hər şey müvəqqətidir. Amma mən sənətimi, peşəmi dəyişməmişəm. Peşəm, bacarığım, düşüncələrim, istəyim hamısı mənimlədir. Gələcəkdə nə iş görəcəmsə, onunla bağlı planlarımda mənimlədir. Son zamanlar özüm üçün Ərşadı kəşf etmişəm və onunla artıq bizim planlarımız da var. Yəqin ki, bu pandemiya problemləri aradan qalxandan sonra biz o işləri yerinə yetirəcəyik. Bu işləri görərkən bizim təqdim edəcəklərimiz maraqlıdır, məkan yox. Məkan vacib deyil. Qarşıda görüləsi işlərim hələ çoxdur.

Gallery

- Ümumiyyətlə məkan axtarışında olmusunuz?

- Ətrafına nəzər sal, gör hər tərəf nə qədər gözəldi. İndi biz fiziki olmasa da, xəyalən, fikrən bu gözəlliklər olmayan məkana getsək və mən orada özümə bir gözəllik tapa bilməsəm, deməli bir yaradıcı insan kimi ölmüşəm. Ancaq səni inandırıram ki, orda da bu gözəlliyi tapacam. Yəni məkanın fərqi yoxdu. Fərq insanın daxilində və fikrindədi. O fikir insanda varsa, o, hər bir məkana uyğunlaşa bilər. Mən teatrdan gedəndə də bunu hadisəyə çevirmək fikrində deyildim. Belə şeylərdən uzağam. Sadəcə bir şeyin peşindəydim ki, verdiklərimin əvəzində mənə şərait yaradılsın. İndi ora, o mövzuya qayıtmaq istəmirəm. İndi elə bir ərəfədəyəm ki, bir həftədən sonra mənim 65 yaşım tamam olur. Bu ərəfədə yadıma İtaliya rejissoru Paolo Sorrentinonun “Möhtəşəm gözəllik” filmi düşdü. Filmin baş qəhrəmanı da qəribədir ki, 65 yaşındadı. O, filmdə belə bir fikir işlədir ki, mənim 65 yaşım var, vaxtım çox azdı. Buna görə də boş-boş şeylərə vaxt itirmək istəmirəm. Mən də eyni ilə o qəhrəman kimi boş şeylərə vaxt itirmək istəmirəm. Düşünürəm ki, çox sevdiyim insan, şəxsiyyət, sənətkar Fuad Poladov da teatra məhz bu baxımdan yanaşırdı. Məkan onun üçün vacib deyildi. O, istədiyi teatrda çıxış edə bilirdi. Fuadın məkana yox, məkanın Fuada ehtiyacı var idi. Mənim üçün də məkanın fərqi yoxdu. Qarşıya qoyulan məqsəd, fikir vacibdi. Düşünürəm ki, bu baxımdan Fuad deyirdi ki, hər şey yaxşı olacaq.

- Uşaqlıq insanın vətənidir deyirlər. Çox-çox uzaqlarda qalan bu vətən sizə nə deyir?

- O, həmişə mənimlədir. Mən gözümü yumub yuxu görürəm. Bu yuxuda özümü hər bir zamanda görə bilirəm. Uşaqlığımı, yeniyetməliyimi, orta yaş dövrümü də bu yuxularda görə bilirəm. Amma qəribədir ki, bu yaşımı yuxuda görmürəm. Nə gözəl ki, görmürəm. Çünki görsəm, artıq yekun olar. Bu fikirlə yeni heç nə icad etmirəm. Kimdən soruşsan ki, ruhunun neçə yaşı var. Hər bir insan özünü neçə yaşda hiss edirsə, elə yaşda olur. Mən də ruhumu çox gənc hiss edirəm.

- Deyəsən, elə sona qədər insanın qəlbi gənclikdəki kimi döyünür...

- Onu deyə bilmərəm. Bəzən elə bir gənclə rastlaşmışam ki, otuz yaşı olub, amma yetmiş yaşlı insana bənzəyib. Deməli, o adamın ruhu artıq ölüb. Vacib olan ruhdu, fizika yox. Ona görə söhbətimizin əvvəlində dedim ki, vacib olan fikirdi. Hər halda özümdən deyirəm. Mən dünyamı dəyişəndə yaddaşım, fikirlərim mənimlə qalacaq. Ruhum harda olacaqsa, yaddaşım, fikirlərim də orda olacaq.

- Tarkovski 1981-ci ildə verdiyi müsahibələrin birində deyirdi ki, Fassbinderin filmlərini anlayıb, qəbul etmək bütünlüklə fərqli mənəviyyat tələb edir. Bu baxımdan bu gün çəkilən filmlər sizə nə deyir və yaxud da siz onların haqqında nə deyə bilərsiniz?

- Tarkovskinin xeyli fikirləri olub. Onun bir sitatını da demək istəyirəm. O, deyirdi ki, yaradıcılıqda ən vacib olan ruhdu. Ruh varsa, yaradıcılıq olacaq. Mən isə film çəkəndə heç vaxt süjet barədə düşünmürəm. O bu barədə haqlıydı. Elə götürək “Stalker” filmini. Yadıma gəlir ki, Vaqiflə yalan olmasın bəlkə də on yeddi dəfə gedib o filmə baxmışıq. O filmdə simvolika daha çoxdur. Ümumilikdə götürəndə, həmin filmdə süjet çox sadədir. İnsanlar xoşbəxtlik ardınca gedirlər. Bununla da süjet bitir. Tarkovski isə simvollarla ruhun öndə olmasının vacib olduğunu üzə çıxartmışdı. O vaxtı mən gənc idim. Filmdə, xüsusilə də sonda Kaydanoskinin ifasını görəndən sonra öz-özümə dedim ki, o, bundan sonra heç bir filmə çəkilməsə də olar. Amma sonra fikirləşirsən ki, yox, filmlərə nə qədər çox çəkilsən, bir o qədər yaxşıdı. Filmin sonunda Kaydanovski Alisa Freyndlixə baxıb ağlaya-ağlaya deyir ki, onlar məni başa düşmürlər, anlamırlar. Onun fəryadı əslində Andreyin fəryadı idi. Bu fəryad həm də Andreyin atasın Arseninin bütün şeirlərində, misralarında var. Mən Arsenini çox sevirəm. Adətən deyirlər ki, mərmi bir yerə iki dəfə düşmür. Yəni dahinin törəməsi bir o qədər də güclü olmur. Amma onlar ikisi də dahi idi.

Gallery

- Ancaq ata oğul kimi münasibətləri gərgin olub.

- Bunun mənə dəxli yoxdur. Əgər Arsen olmasaydı, Andrey eyni fəlsəfəyləmi davam edərdi? Sadəcə o, ailəsini atıb, gedib başqa qadınla ailə qurub. Bunun isə yaradıcılığa adiyyatı yoxdu.

- Müəyyən zədələr var ki, onlar insanı həm də inkişaf etdirir.

- Olur. Uşaqlıqda olan zədə insanın həyatının sonuna qədər onu müşahidə edir. Amma nə gözəl ki, Andreyin yaşadığı zədə onu sənətkar kimi bəşəriyyətə bəxş edib. Kaş ki, belə zədələrdən çox olaydı. Onda bəşəriyyət də xoşbəxt olardı. Arsenin şeirlərindəki fikirlər mənim fəlsəfəmdi. Təsəvvür edə bilməzsən ki, onu, Çexovu, Şekspiri, Dostoyevskini, Turgenevi, Puşkini, Lermantovu oxuduqca nə qədər qidalanıram. Bunun da ancaq bir səbəbi var, o da ruhdu. Ruh varsa, yaradıcılıq da olacaq. Yaşayıb, yaradacaqsan. Ruh ölən gün isə insan insanlıqdan çıxır. Ruhun yoxdursa, deməli bitdin, batdın, məhv oldun.

- Tarkovski həm də deyirdi ki, qadının mahiyyəti eşq uğrunda boyun əymək və alçalmaqdı.

- Tarkovski dahi idi. Və əgər dahi nə isə deyirsə, sən onu necə inkar edə bilərsən. Mən necə Tarkovskinin dediyi fikri inkar edə bilərəm. Mən qəbul edə və ya etməyə bilərəm, amma inkar edə bilmərəm. Amma yenə söhbətimizin əvvəlinə qayıdıb sənin yadına salmaq istəyirəm ki, yalnız sevgi üzərində qurulan ailədə, sevgidən dünyaya gələnlər güclü və yaradıcı adam olurlar. Andreyin valideynləri ayrılmışdılar, amma kim deyə bilərdi ki, onlar evlənəndə bir-birlərini sevməyiblər. Seviblər. Və ona görə də Andrey dünyaya gəlib. Tarkovski mənim günahımdan keçsin, mənə qalsa, imkanım daxilində olsaydı, qadınları taxtda əyləşdirərdim. Onlara heç bir əziyyət verməzdim. Həyatın isə öz qanunları, reallıqları var.

- Bu yaxınlarda Nizaminin “İsgəndərnamə” əsərini oxuyurdum. Orda Dara ilə İsgəndərin müharibəsi Daranın məğlubiyyəti ilə başa çatır. İsgəndər Daranı öldürənləri öldürür və düşmən olsa da, bir hökmdarın ölümündən sarsılır. Bu barədə bir ədəbiyyat dostumla danışanda, müasir dövrdən gileylənəndə o, mənə dedi ki, indi orta əsrlər deyil.

Fəxrəddin müəllim, indi heç XX əsrdə deyil. Kubrik “Kosmik Odissey” filmində bu günkü insanın bilgisayara məğlubiyyətini peyğəmbərcəsinə hiss etmişdi. İndiki smartfon, bilgisayar, internet əsrində gələcək sizə necə görsənir?

- İndi mənə verilən zaman elədir ki, inanmıram gələcək dövrü çox görə bilim. Lakin müəyyən şeylərə özümü hazırlamışam, ona görə də normal qəbul edirəm. Sənə indi orta əsrlər deyil deyən o adamla da razıyam. Bizə məlum olan tarixdən, yəni ibtidai icma dövründən ta bu günə qədər nəzər salsaq, gəlib inkişafa çıxacayıq. Nəzərinə çatdırım ki, sən elm adamı ilə yox, aktyorla danışırsan. Çünki belə getsə, bizim söhbətimiz kosmosa qədər gedib çıxacaq. Amma eybi yox, gedək. İmkanım daxilində fikirlərimi bildirməyə, ifadə etməyə çalışacam. Uzun-uzun əsrlər keçəndən sonra insan oda, barıta keçdi. Barıt çıxandan sonra böyük sürət dövrü başlandı. Radiodan sonra bu sürət daha da gücləndi. İndi mən əlimdəki telefonun funksiyalarına cavab verməyi çatdıra bilmirəm. Bir də görürsən ki, qarşında oturan beş yaşlı uşaq əlində tutduğu planşetdə elə qəliz əməliyyatlar edir ki, təəccüblənməyə bilmirsən. Öz-özümə fikirləşirəm ki, beş yaşım olanda, "vilka"nı elektrik cərəyanına qoşa bilmirdim, qorxardım. Nəinki qorxmaq, həm də elə bilirdim ki, "vilka"nı ora sancmaqla, radiodan, televizordan səsin gəlməsi, ütünün isinməsi çox böyük icaddır. Bu insandan asılı inkişaf deyil. İnsanı inkişaf elətdirirlər. Bunlar kimlərdi, bilmirəm. Şəxsən mənə elə gəlir ki, biz insan olaraq artıq gecikirk. Ona görə də son yüz ildə insanın inkişafı çox sürətlidir ki, bunun heç bir düşüncəyə sığmaması da normaldı.

Almaniyada hərbi xidmətdə olanda ordan evimizə məktublar yazardım. Məktubların hamısının girişi belə başlayırdı. Əziz və hörmətli atam, anam. Bu sözlərin ardınca başlanırdı hal-əhval tutmaq, baş verənlərdən xəbər almaq və.s. O zaman tək mən yox, hər kəs məktuba belə başlayırdı, bu mütləq idi. Amma indi kompüter, internet və telafonla hər şey ani həll olunur. Üstəlik sözlə də yox, smayliklərlə. Beş müxtəlif smaylik qoyulursa, bu artıq bir cümləni ifadə edir.

Gallery

- Amma alimlər deyirlər ki, yazın, yazı vərdişinizi itirməyin.

- Alimlərin yazdığı ilə mən də tanışam. Çox kəskin də olsa, deməliyəm ki, zaman keçdikcə insan öz mövqeylərini düşüncəni, zəkanı, ağılı əldən verir. Biz məhdudlaşırıq. Biz hər şeyi düymə ilə həll edirik. Yenə qayıdırıq Karneqinin fikrinə ki, insan üçün daş daşımaq, düşünməkdən daha rahatdı. İnsanın bu qədər sürətlə inkişaf etməsinə səbəb onun eqosudur. İnsan eqoizminin önündə duran isə mübarizədir.

- Son sualımı vermək istəyirəm. Vaqif İbrahimoğluna nə üçün təşəkkür etmək istərdiniz?

- Mənim iki müəllimim olub. Vaqif İbrahimoğlu və Rasim Ocaqov. Onların ikisi də ruhla bağlı adamlar idilər. Onların ruhlarının mənim ruhumu duyduqlarına görə onlara təşəkkür edirəm. Qalan şeyləri ya bacarıb öyrənirsən, ya da əksinə. Amma ruhun duyulması və qəbul edilməsi çox böyük şeydir. İndiyə qədər təəccüb edirəm ki, necə oldu ki, onların ruhu məni gördü. Mən sadəcə kinomexannik idim. Amma onların ruhu məni özlərinə tərəf çəkdi. Və onlar mənə inandılar. Buna görə hər zaman, indi də müəllimlərimə təşəkkür edirəm. Ruhların doğmalığı, bağlılığı insanlarda nələrisə qoyub gedir. Vaqifin də, Rasim müəllimin də ruhu məndə qaldı. Bizdən, o ruhlardan da kiminsə yaddaşında nələrsə qalacaq.

- Bayaq səmadakı təyyarənin ardınca iki dəfə çevrilib baxdınız...

- Təyyarənin səsini xoşlayıram. Ümumiyyətlə təyyarə mənim üçün möcüzədir. Möcüzəyə baxıram. İnsan anlamadığı nəyəsə möcüzə deyir. Əlbəttə bilirəm, o təyyarədi, içərisində mühərrik var. Amma yenə də bu mənim üçün möcüzədir, elə həyatın özü kimi...

2020

# 19556 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #