Fərhad Xəlilov: "Hoqqabaz adam rəssam ola bilməz" - Müsahibə

Fərhad Xəlilov: "Hoqqabaz adam rəssam ola bilməz" - Müsahibə
7 iyun 2021
# 15:30
Kulis.az Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq artisti Fərhad Xəlilovun APA-ya müsahibəsini təqdim edir.

Azərbaycan Rəssamlar İttifaqında ittifaqın sədri Fərhad Xəlilovla görüşməliyik. Binanın küçəyə açılan pəncərəsinə gözümü zilləyib, Fərhad müəllimin haçan ordan keçəcəyini gözləyirəm. Baxmayaraq ki, bu günə qədər onu ancaq şəkillərdə görmüşəm, amma içimdə bir hiss var ki, yalnız şəkillərdə gördüyüm bir adamı uzaq məsafədən belə tanıyacam. Hisslərim məni aldatmır. Pəncərədən gördüyüm onlarla insanın içərisində saç düzümünə və fərqli geyim tərzinə malik bir adam görürəm və görən kimi tanıyıram: Fərhad Xəlilovdur. Salamlaşıb otağına keçir, bir neçə dəqiqədən sonra bizi dəvət edir, müsahibə başlayır...

Bütün görüşlərin ənənəsi kimi, öncə əhvalını soruşuram. “Sizcə, Şuşanı görüb gələn adam necə olar? Çox yaxşıyam” cavabını verir.

-O zaman söhbətimizə elə Şuşa səfərinizdən, səfər təəssüratlarınızdan başlayaq.

- Şuşa ecazkar bir yerdir. Mən deyərdim ki, neçə il keçirsə keçsin, bu şəhərin ruhu dəyişmir. O ruh da Şuşanın təbiəti, tarixi, yetişdirdiyi şəxsiyyətlərin ruhudur. Cıdır düzündə olmaq, yenidən o torpaqlara ayaq basmaq, bunları sözlə ifadə etmək mümkün deyil.

- Bəs fırça ilə necə?

- (gülür) Hazırda Qarabağla bağlı əsər işləyirəm.

- Pandemiya Rəssamlar İttifaqının fəaliyyətinə necə təsir göstərdi?

- Əlbəttə, mənfi təsir göstərdi. Hazırda görüşlər keçirə, sərgi təşkil edə bilmirik. Bunlar yalnız online mümkündür ki, onunla da istədiyimiz effekti hələ ki, ala bilmirik. Ümumiyyətlə, online həyat yeni bir mədəniyyətdir. Buna öyrəşmək vaxt tələb edir. Bizim nəsil üçün bu, daha çətindir. Şəxsən mən online adamı deyiləm.

- Rəssamlar İttifaqı Sovet dövründə rəssamları evlə, emalatxana ilə təmin edə bilirdi, indi də edə bilirmi?

- Sovet dövründə çox şey var idi, həm də çox şey yox idi. Mən heç vaxt partiyaçı olmamışam, çünki sənət adamı üçün azadlıq çox önəmlidir. Ancaq o dövrün də müsbət tərəfləri var idi. Məsələn, Sovet dövründə mən yaradılan imkanlardan istifadə edib emalatxana tikdim, evlər payladım. Lakin indi dövr başqadır. Biz dünya ilə ayaqlaşmaq istəyiriksə, kommunizmin qanunları ilə yox, bugünkü dünyanın qanunlarına əsasən davranmalıyıq. Götürək elə Fransanı. Fransada rəssamlara dövlət tərəfindən nə qayğı var? Uzağı, dövlət müsabiqə yolu ilə seçilən rəssamlara təqaüd verir. Cəmi bir il müddətində təqaüd və emalatxana, vəssalam. Ancaq bizdə rəssamlar üçün ilbəil 70 təqaüd yeri ayrılır. Üstəlik ayrı-ayrı rəssamlara evlər də verilir. Bir sözlə, bu gün bizdə rəssamlara olan dəstək orda yoxdur. Orda rəssam ilk növbədə özünü təsdiq etməlidir. Ancaq özünü təsdiq edənə qədər oturub dövlətdən kömək gözləmir, özü öz güzəranını təmir edir. Kimi fəhlə işləyir, kimi müəllim. Mən həmin adamları şəxsən tanıyıram. Nyu-Yorkda Corc Siql adlı bir heykəltəraş vardı, onun emalatxanası hində idi. Çünki o heykəltəraşlıqdan pul qazanana qədər toyuq saxlayaraq dolanırdı. Ta dünya onu heykəltəraş kimi qəbul edənə qədər. Bu gün dünya şöhrətli heykəltəraşdır və həmin hini muzeyə çevirib. Tarixdə də belə nümunələr çoxdur. Dövlət Van Qoqa emalatxana verməmişdi. Ancaq Van Qoq elə Van Qoq idi. İşini sevən rəssam nə olursa olsun, yenə çəkəcək.

- Deyirsiniz ki, indi dolana bilməyən hər rəssam toyuq saxlasın?

- Mən demirəm ki, heç kimə kömək edilməsin, imkan varsa, edilsin, lap gözəl. Ancaq oturub hər şeyi dövlətdən gözləmək düzgün deyil. Bu gün Rəssamlar İttifaqının 2000 üzvü var. Mən 2000 emalatxananı hardan verə bilərəm? Yaxşı haldır ki, bu gün bunu başa düşən gənc rəssamlar var. Mən bu yaxınlarda iki gənc rəssamın emalatxanasında oldum, çox təəccübləndim. Gənclər öz emalatxanalarında çox gözəl şərait qurublar. Deməli, onlar rəsmlərindən qazanır ki, bu emalatxananı saxlaya bilirlər. Dünya bu cür yaşayır. Artıq Stalinin qanunları ilə yox, yeni dünyanın qanunları ilə yaşamağı öyrənmək lazımdır. Niyə Stalin deyirəm? Deməli, 1944-cü ildə Stalin bütün yaradıcı ittifaqları vergilərdən azad eləmişdi. O dəstək yaradıcı adamlara ona görə verilirdi ki, sistemin ideologiyasının yaşadılmasına xidmət etsinlər. Verilən imtiyazların əvəzində də yaradıcı adam azadlığını verməli olurdu. Bu günün rəssamı isə belə yaşaya bilməz.

- Yeni nəsil rəssamlardan söz düşmüşkən, gənc rəssamlarla aranız necədir? Bu gün rəssamlıqda yeni tendensiyalar yaranır və həmin yeniliklərdən bəhrələnən gənc rəssamlar bəzən konservativliyi qəbul etmir. Bu Sizi qıcıqlandırmır ki?

- Xeyr, qıcıqlandırmır. Əgər istedad varsa və bu fərqlilik istedada dayanırsa, bundan qıcıqlanmaq yox, əksinə, dəstək olmaq lazımdır. Elə gənc rəssam var ki, bir ovuc rəngi divara vurub deyir ki, bu əsərdir və o, həqiqətən də düz deyir, onun çəkdiyi əsər olur. Eləsi də var ki, bunu kimdəsə görür, edir və ortalıqda heç bir istedaddan söhbət belə getmir. Bax, bunu düzgün hesab etmirəm. Mən belə adamlara hoqqabaz deyirəm. Hoqqabaz adam da rəssam ola bilməz.

- Sizcə, bu gün Azərbaycan rəssamları niyə dünyaya çıxa bilmir?

- Elə bilirsiniz, Azərbaycan rəssamı bir dəfə özünü göstərməklə onu dünya tanıyacaq? Bu, çox çətin və uzun müddət tələb edən bir işdir. Baxın, Avropanın öz sənət mafiyası var, o mafiyanı yarıb keçmək sizə asan gəlməsin. Bunun üçün düzgün siyasət lazımdır. Sizə bir nümunə deyim. Mən dünyaca məşhur rəssam İlya Kobokovla dostam. Həmin İlya Kobokov ötən əsrin altmışıncı illərindən tanınır. Təxminən altı il öncə onun bir sərgisində iştirak edirdim. Kobokov yanımdakıları mənə göstərib dedi ki, yorulmuşam bütün günü bu kuratorlarla oturub durmaqdan. Ancaq onlardan uzaqlaşa da bilmirəm. Çünki uzaqlaşsam, bilirəm ki, məni məhv edərlər. Bəli, gördüyünüz kimi Kobokov kimi istedadlı bir rəssam da o siyasətlə hərəkət etməyə məcburdur. Müstəqil Azərbaycanın cəmi 30 yaşı var. Bu işlər üçün zaman lazımdır.

- Səhər sizə müsahibənin vaxtını dəqiqləşdirmək üçün zəng vurmaq istəyəndə birinci düşündüm ki, mən rəssam Fərhad Xəlilova zəng edirəm, bəlkə hələ oyanmayıb, çünki biz bilirik ki, rəssamların gecəsi, gündüzü olmur. Bir tərəfdən də düşündüm ki, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov yəqin bu vaxt işdə olar. Azad ruha malik yaradıcı bir adamın qalstuk taxması çətin deyil?

- Sizin verdiyiniz bu sualı mən 30 il qabaq sədr seçiləndə özümə vermişəm. Mən hər ikisini bacara biləcəyəmmi? Bəli, bu gün mən bunu bacarıram. Bəlkə rəssam kimi yanaşsam, hə, siz deyən kimi, mənə saat onda zəng vurub danışa bilməzdiniz, ancaq mən bu gün gördüyüm işin məsuliyyətini bilirəm və ona görə davranıram. Ümumiyyətlə isə hər ikisi ilə də məşğul olmaq mənə çətin deyil. Əgər mən bu gün səlahiyyətlərim daxilində bir adama kömək edə bilirəmsə, bunun özü də mənim üçün xoşbəxtlikdir. Yaxşılıq özü də bir əsərdir.

- 1987-ci ildən bəri sədrsiniz. Yorulmamısınız?

- Yorulana oxşayıram? Xeyr, yorulmamışam.

- Bəs, ittifaqın işləri yaradıcılığınıza mane olmur ki?

- Bilirsiniz, mən qırx yaşına qədər bir gün əlimə fırça almasam, dözə bilməzdim. Bu gün isə elə deyil. Bir sözlə, nə vaxt ki, fırça bütün gün işləməli idi, mən həmin dövrü doya-doya yaşamışam... Bu gün bir ilə görməli olduğum işi bir günə görə bilirəm. Ona görə də işləri çatdırmaq mənim üçün çətin olmur.

- Sizin bir çox mövzuda əsərləriniz olsa da, Fərhad Xəlilov deyəndə ilk ağıla Abşeron gəlir.

- Abşeronda yaşamışıq da. Abşeron bizim canımızdadır. Mən hətta rəsmlərimi də həmişə kənddə çəkirəm. Demək olar ki, şəhərdə heç işləmirəm. Düzdür, bundan sonra ara-sıra şəhərdə də işləməyi düşünürəm. İndiyə qədər mənim şəhərdəki emalatxanamda məcburi köçkünlər yaşayırdı, indi onlar gediblər və indi oranı yenidən emalatxana kimi istifadə etməyi düşünürəm.

- Deməli, emalatxananızı məcburi köçkünlərə vermişdiniz.

- Etdiyim xüsusi bir qəhrəmanlıq deyil. Böyütməyin.

- Çox vaxt sadəliyə qaçırsınız nədənsə. Elə yaradıcılığınızda da. Məsələn, mən Sizin yaradıcılığınızda rokoko, barokko gördüyümü xatırlamıram.

- Zəhləm gedir rokokodan da barokkodan da. Heç vaxt sevməmişəm onları. Mən həmişə sadəlikdən yana olmuşam. Məni başa düşmək istəyən insan başa düşəcək. Ümumiyyətlə, düşünürəm ki, rəssam kiminsə xoşuna gəlmək üçün çəkirsə, o, artıq rəssam deyil.

# 3001 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #