Çingiz Abdullayevin ev verdiyi məşhur yazıçı - Qanunsuz adamın faciəvi həyatı

Çingiz Abdullayevin ev verdiyi məşhur yazıçı - Qanunsuz adamın faciəvi həyatı
29 may 2024
# 15:00

Kulis.az yazıçı Namiq Abdullayev haqqında Qorxmaz Şıxalıoğlunun hekayətlərini təqdim edir.



Gözəl insan, fantast yazıçı Namiq Abdullayev 1988-ci ilin sentyabrında evsizlikdən, çarəsizlikdən yazıçıların Şüvəlandakı Yaradıcılıq Evinə gəlib çıxmışdı. Mən də burda işləyirdim. Onu hələ əvvəllərdən tanıyırdım. Yaradıcılıq Evinin direktoru, hamının əsl ziyalı kimi hörmət elədiyi Əli Həsənov ona köhnə korpusda bir otaq ayırdı. Namiq müəllimin dost-tanış evində, dənizqırağı oturacaqlarda, vağzallarda, zirzəmilərdə, bağ evlərində, bir sözlə, təsadüfi yerlərdə keçən əzablı gecələri, nəhayət ki, sona yetmişdi. Heç olmasa, indi bir tikə yeməyə çörəyi, gecələməyə yeri vardı. Onu da deyim ki, o vaxt Namiq müəllim artıq özünün dediyi kimi “27 il 3 ay 11 gün” işlədiyi (deyəsən, belə idi) Teleradio Verilişləri Komitəsindən işdən çıxmışdı. Yalnız ştatdankənar əməkdaş kimi televiziyanın uşaq verilişləri redaksiyası üçün
«Əlifba teatrı», «Pəncərəmə ay qonub» adlı ssenarilər yazırdı. 80-ci illərin sonunda televiziyaya lap az-az gedirdi. Şüvəlandan AzTV-yə gedib çıxmaq Namiq müəllim kimi yaşlı və ağırçəkili bir adam üçün zülm idi. Ruhu məni bağışlasın, o, görkəmcə «Uzaq sahillərdə» filminin qəhrəmanı Mehdi Hüseynzadənin dostu Visilinin atasına oxşayırdı. Oxucunun onu yaxşı təsəvvür etməsi üçün bunu xatırladım.
O, Yazıçılar İttifaqının üzvü olmadığı üçün hər an Yaradıcılıq Evindən çıxarılacağından qorxurdu. Orda-burda qalmaqdan, qovulmaqdan bezmişdi. Həm də ki, yaş, daha o yaş deyildi, 60-ı haqlamışdı. İlk aylar Yazıçılar İttifaqının üzvü olan qələm sahiblərinin adına Namiq müəllimdən ötrü xahişlər yazıb yazıb vəziyyətdən çıxmaq olurdu. Lakin, necə deyərlər, şeytan heç vaxt ölmədiyi üçün Namiq müəllimin başı üstündə qara buludlar görünməyə başladı.



I hekayət

Bir gün Əzizbəyov Rayon Partiya Komitəsindən direktor Ə.Həsənova zəng elədilər ki, bəs Yaradıcılıq Evində qanunsuz adam saxlayırsınız. Raykomdan zəng eləyən ixtiyar sahibinin “qanunsuz adam” ifadəsi, əslində, Namiq müəllimin bütün xarakterini özündə ehtiva edirdi. O, doğrudan da, məişətdə, davranışda, söhbətlərində çoxlarımızın qəbul etdiyi qəliblərə sığmırdı, hər cür kompleksdən uzaq idi. Adamla görüşəndə ürək üzən hal-əhval tutmağı artıq və axmaq bir iş bilirdi. Söhbətə birbaşa başlayardı.
Ə.Həsənov beş-altı ay idi direktor təyin olunmuşdu və raykomla cəng-cidala çıxmağa gücü yox idi. Bu, o vaxt, həm də mənasız idi. O yan-bu yan elədin, yoxlamalar gəlib tökülməliydi, qaşıya-qaşıya qan çıxarmalıydılar. Ə.Həsənov çox götür-qoydan sonra Namiq müəllimi rəsmi qaydada - əmrlə Yaradıcılıq Evinə gözətçiliyə götürdü: təki o, tapdığı bu ala-babat rahatlıqdan uzaq düşməsin.
...O, gözətçilik işində bir həftədən artıq dözmədi. Onun əmək kitabçasında qeyd olunan o həftənin sonuncu günü idi, deyəsən. İşə gəldim. Gözətçi otağında oturmuşdu. Məni görən kimi ayağa qalxdı:
- Partlayıram, daha dözə bilmirəm. Mən necə gözətçi işləyim? Qoy məni qovsunlar! Səhərdən mən burda işləməyəcəyəm!
Yaradıcılıq Evində həmişə daha çox Rusiya şəhərlərindən istirahətə gələnlər olardı. Ona görə də bura yerli uşaqlar tez-tez gəlirdi. Və gözətçi də Yaradıcılıq Evinə gəlib-gedənlərə nəzarət etməyə, nizam-intizama cavabdeh idi. O gündən sonra N.Abdullayev daha gözətçi işləmədi. Ə.Həsənov da onu min bir yolla - bunu bir özü bilir, bir də Allahı - axır ki, yola verdi. O, 1990-cı il yanvarın 20-nə kimi, sovet-rus qoşunları Yaradıcılıq Evini zəbt edənə qədər orda qala bildi. Daha doğrusu, o yanvardan sonra Namiq müəllim orda 4-5 ay yaşadı. Lakin ona «yaşamaq» demək olmazdı. Hərbçilərin kobudluğu, qaba davranışları onu tezliklə Yaradıcılıq Evindən uzaqlaşdırdı.

* * *
Hörmət etdiyi adamın çiy bir sözü, soyuq bir hərəkəti o dəqiqə qəlbinə dəyərdi. Belədə çalışardı ki, bunu büruzə verməsin, ancaq bacarmazdı - rəngi dəyişərdi. Tez bir söz tapıb həmin adamın bilərəkdən, ya bilməyərəkdən dediyini rəndələyərdi. Belə xırdalıqlara görə dostdan inciməzdi. Böyük ürəyi vardı. Əkin-biçin adamı taxılın toz-torpağını, qabığını yığmağa xırmanın qırağında yer ayırdığı kimi, Namiq müəllim də savad və qanacaq sarıdan piyada olanlara ürəyində bir künc ayırmışdı. O küncə boylanmağı yox idi, yəni qoy, yaşasınlar. Həmişə yaxşı adamlardan, yaxşılıqdan danışardı. Xırda bir yaxşılığı dağ boyda görərdi. Belə ürək yiyəsi idi.



Namiq Abdullayev



II hekayət

Bir dəfə işə gələndə onu çox kefikök gördüm. Qəribə, özünəməxsus bir sevinc vardı üzündə. Onun belə halı az-az olardı. Həmişə olduğu kimi, tez-tez danışmağa başladı:
- Dünən, - dedi - dayanmışdım həyətdə, gördüm ki, Fikrət Qoca gəlib keçdi yanımdan. Özü də salamsız-kəlamsız. Çox pis oldum. İnanmadım gözlərimə. Baxıram ki, on-on beş addım getməmiş qayıtdı geri - düz üstümə. İkiəlli mənimlə görüşüb başladı üzrxahlıq eləməyə ki, bəs, bağışla, Vallah, tanımadım səni...
Namiq müəllimin gözləri yaşarmışdı. F.Qoca respublikada Namiq müəllimin çox hörmət elədiyi beş-altı ziyalıdan biri idi. Və bu inciklik, qəhər də bu dərin hörmətdən irəli gəlirdi. Ömrü boyu laqeydliyin, biganəliyin soyuğunda üşüyən, ağrı-acı, əzab-əziyyət içində yaşayan bu adam, F.Qocanın bu adi və insani hərəkətindən uşaq kimi kövrəlmişdi:
- Əşi, Fikrət müəllimdə günah yoxdur... Üzümü bir həftədir qırxmıram. Qulyabanıya oxşayıram. Yazıq məni hardan tanısın?
Namiq müəllim ömrünün sonuna kimi F.Qoca ilə bağlı bu söhbəti bütün münasib məclislərdə sevinə-sevinə, kövrələ-kövrələ danışardı.
O, sevinməyi bacarırdı.

* * *
1989-cu ilin dekabrı sona çatırdı. Respublikadakı gərgin ictimai-siyasi vəziyyət, Qarabağ hadisələri, mitinqlər Yaradıcılıq Evində də söhbətin əsas mövzusu olsa da, arada yaxınlaşan Yeni il gecəsindən də söz açan olurdu. Belə söhbətlərin birində Namiq müəllim mənə, - hamınız Yeni il gecəsi evdə olacaqsınız, - dedi, - mən qulyabanı kimi burda tək qalacağam, ürəyim partlayacaq.
- Elə şey olar, Namiq müəllim?, - Tez də onu arxayın elədim, - Dekabrın 31-i günorta səni evdə gözləyirəm. Yeni ili birlikdə qarşılayırıq. Yaxşıca da vururuq. Gecə də qalırsan bizdə.
Üzündə sıxıntılı bir təbəssüm yarandı. Bizdə çox olmuşdu. Onda Vtorçermet qəsəbəsində - həyət evində yaşayırdıq. Kəndimizdən ali məktəbə qəbula gələn, əsgərliyə gedən, Bakıya xəstə gətirən... bizə təşrif buyurardı, bir sözlə, qonaq sarıdan korluq çəkmirdik. Qohum-qardaş, dost-tanış bizim evə zarafatla «qərargah» deyirdilər. Uşaqlarım da - onda 2 qızım vardı - Namiq müəllimi çox istəyirdilər. Nəyə görə deyə bilmərəm, görünür, balacalar özləri təmiz olduğu üçün, təmiz adama da qanları tez qaynayır.



III hekayət

Dekabrın 31-i səhər 11-12 arası gördüm ki, bizim balaca dəmir darvaza döyülür. Namiq müəllim bütün əzəməti ilə girdi içəri. Əlində də sellofan torba. «Əzizbəyov»dakı (metrostansiyanı nəzərdə tuturdu) «ovoşnoy»dan (meyvə-tərəvəz mağazalarına onda çoxu belə deyərdi) uşaqlara meyvə almışam, - dedi. Palçıqlı alma və xurma idi aldığı. Onun bu «bazarlığı» mənə ləzzət eləyirdi. Deyək ki, Namiq müəllim bazara getsin, par-par parıldayan alma alsın, səliqəli bir əl torbasına yığsın... Vallah, inanın ki, onda o, Namiq müəllim olmazdı. Onun gözəlliyi elə bu cür səliqəsizliyində, daha doğrusu, təbiiliyində idi. Paltarı nimdaş, ütüsüz olsa da, üzünü qırxmışdı. Bildim ki, «qonaq getməsəydi», üzünə hələ 3-4 gün lezva dəyəsi deyildi. Bir stəkan çaydan sonra pıçıltı ilə, - Yeni ilə hələ 12 saat qalıb, - gəl, bir 100 vuraq, - dedi.
Bir də gördüm ki, Yeni il gecəsi üçün aldığım araqların ikincisi yarıya çatıb. Namiq müəllimin ürəyi açılmışdı:
- Dillər İnstitutunun ingilis dili fakültəsini qurtarandan sonra məni təyinatla öz rayonumuza - Siyəzənə göndərdilər. Müəllim işləyirəm. Bir gün gördüm ki, «Uşaqgəncnəşr»in direktoru Hacı Hacıyevdən mənə məktub gəlib. Çox təəccübləndim. Çünki Hacı müəllimi ömrümdə görməmişdim, tanışlığımız yox idi. Məktubda yazırdı ki, «Pioner» qəzetindəki hekayən çox xoşuma gəlib, səni nəşriyyata işə dəvət edirəm. Elə həmin dərs ilinin sonunda gəldim Hacı müəllimin yanına, məni işə götürdü. Sonra onu Dövlət Teleradio Verilişləri Komitəsinə - radionun «Xəbərlər» proqramına baş redaktor təyin etdilər. Məni də özü ilə apardı. Redaksiyada ştat olmadığı üçün məni studiyada dispetçer işinə götürdü. Sonra da ki, bilirsən... (köhnə dillə desək, Namiq müəllim dispetçerlikdən televiziyanın elm-təhsil baş redaksiyasının baş redaktoru vəzifəsinə qədər yüksəlmişdi).
Namiq müəllimin təşəbbüsü ilə vaxtından əvvəl qarşıladığımız Yeni ilə hələ 8 saat qalırdı. Mətbəx tərəfdən bir-iki saata başa gələsi aşın və yarpaq dolmasının qoxusu söhbətimizə daha da şirinlik qatırdı.
Namiq müəllimin kefi kökəlmişdi. Yeni ilə qalan hər saatı bir gün kimi uzatmaq, daha doğrusu, hər saatdan bir günün ləzzətini almaq ovqatında idi. Vaxt - saat, dəqiqə onun söhbəti ilə dada gəlirdi.
Ertəsi gün axşam getdi Namiq müəllim. Nə qədər elədim, qalmadı. - Ayıbdır, dedi -, sənin də elə yerin yoxdu. - Onu saxlamaq istədim. Bildim ki, Yaradıcılıq Evində darıxacaq. Ancaq xeyri olmadı. O, məndən yolda oxumağa jurnal istədi. Köhnə bir «Oqonyok» verdim ona. Namiq müəllimi evin yaxınlığındakı dayanacaqdan 93 saylı avtobusla yola saldım. O, metronun “M.Əzizbəyov” stansiyasında düşüb, 24 saylı avtobusa minib Mərdəkana, ordan da 18 saylı avtobusla Şüvəlana - Yaradıcılıq Evinə getməli idi. «Oqonyok»la o, bu uzun yolun zülmündən az-çox xilas olmaq istəyirdi.
İndi də 1990-cı ilin o ilk soyuq, küləkli yanvar axşamında Namiq müəllimi avtobusla yola saldığım gün yadıma düşəndə ürəyimin başı göynəyir.

* * *
Ömrünün sonuna yaxın bir qrup yazarın təkidi və Yazıçılar İttifaqının katibi Çingiz Abdullayevin köməyi ilə ona Şərq bazarına yaxın - Qarabağ kücəsində iç-içə olan balaca otaq və mətbəxtdən ibarət köhnə bir mənzil vermişdilər. Əlbəttə, sağ olsun Çingiz müəllim. Onu da deyim ki, Namiq müəllim o evdə az yaşadı. Ölüm aman vermədi.
Arada baş çəkməyə gedərdim ona.


IV hekayət

Deyəsən, 91-cı ilin apreli idi. Bir gün televiziyadan çıxanda mənə dedi ki, könlümə göy qutabı düşüb. Sabahı 6-cı günə açılırdı. Evdə 4 göy qutabı bişirtdirib (bizdə qutabları böyük bişirirlər, ikisi bir adama bəs eləyir) yoldakı qastronomdan da bir büküm 250 qramlıq kərə yağı və araq alıb getdim Qarabağ 26-ya - Namiq müəllimin yanına... «Məclis» başa çatdı, çay içdik, sonra evə getmək istədiyimi hiss edib dedi: «Çox sağ ol ki, gəlmisən». Bu sözləri bu cür deyilişdə ilk dəfə ondan eşidirdim. Ona böyük hörmətim vardı və düzü, bu «çox sağ ol» toxundu mənə:
- Namiq müəllim, necə «çox sağ ol» ki, gəlmisən? Bu nə deməkdir? Adam adamın yanına gələr də.
Rəhmətlik dərindən ah çəkib qəmli-qəmli dilləndi:
- Sən bilmirsən. Bilmirsən ki, təklik necə dəhşətli şeydir. Allah təkliyi düşmənə də qismət eləməsin. Yanıma bir adam gələndə, bilirsən, nə qədər sevinirəm?!

ardı var...

# 3776 dəfə oxunub

Oxşar xəbərlər

XXI sərin əsrin ən çox satılan kitabları - Siyahı

XXI sərin əsrin ən çox satılan kitabları - Siyahı

17:00 14 iyun 2024
İblis onları saqqız kimi çeynəyir... - Cəhənnəmin neçə qatı var?

İblis onları saqqız kimi çeynəyir... - Cəhənnəmin neçə qatı var?

17:00 11 iyun 2024
"Həyatım təhlükə altındadır..." - Bəxtiyar Vahabzadə Əkrəm Əylislini niyə müdafiə edirdi?

"Həyatım təhlükə altındadır..." - Bəxtiyar Vahabzadə Əkrəm Əylislini niyə müdafiə edirdi?

12:00 11 iyun 2024
Ölkəni talayan, korrupsioner, mafioz qazaxlılar - Uğursuzluqlarının heyfini Səməd Vurğundan çıxanlar

Ölkəni talayan, korrupsioner, mafioz qazaxlılar - Uğursuzluqlarının heyfini Səməd Vurğundan çıxanlar

11:12 10 iyun 2024
Bağırov Şaginyanı Bakıdan nə üçün qovmuşdu? - Stalinin qərarını dəyişdirən adam

Bağırov Şaginyanı Bakıdan nə üçün qovmuşdu? - Stalinin qərarını dəyişdirən adam

12:00 9 iyun 2024
Onun tənhalığına adamın heyfi gəlirdi - İlqar Fəhmi

Onun tənhalığına adamın heyfi gəlirdi - İlqar Fəhmi

12:00 8 iyun 2024
#
#
# # #