Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı
26 iyul 2024
# 15:30

Kulis.az Vüsal Bağırlının "Kosmik tualet" adlı yeni yazısını təqdim edir.

Bizim şəhərin ictimai tualetləri əsl macəra, sərgüzəşt məkanıdır. Bəzən orda elə hadisələrlə rastlaşıram ki?!

***

Hündürboylu, şişman qarınlı bir nəfər mərkəzi küçələrindən birində ictimai tualetin qarşısında yellənir, yırğalanır. Florensiyanın məşhur Pizza qülləsi kimi əyilir. O qədər əyilir ki, az qalır yıxıla, amma aşma anında hansı möcüzəyləsə tarazlığını birtəhər qoruyaraq, qamətini düzəldir.

Sərxoş olsa da, pozitiv insandır. Gələn-gedənə, tualetə girib-çıxana sarı gülümsəyərək əl edir, yandan-böyürdən ötən hər kəsi salamlayır. Əhvalı yüksək, kefi kökdür. Ruh halı göylə gedir. Elə adamlar da ona gülüşlə, təbəssümlə cavab verirlər. Həm də görünür ki, buralarda məşhur adamdır, hamı onu tanıyır.

Tualetə sarı burulanda, rastlaşdıq. Öz-özümə düşündüm. O, kimdir, burda niyə dayanıb?

Bütün günü küçələrdə keçən, gələcəyin bomju, xroniki əyyaşı, yoxsa təbii ehtiyacını ödəmək üçün yaxınlıqdakı restoran-kafelərdən özünü bura yayındıran sıravi sərxoş?!

Məni görən kimi əl-ayağa düşür. Səntirləyərək oyan-buyanıma keçir, “belə etmə, lazım deyil”, sözlərimə məhəl qoymadan düz tualetin girişinə qədər məni ötürür.

“Müəllim ordan keçmə, burdan keç”. “Həmişə siz gələsiniz”. “Başımız üstdə yeriniz var”.

Soruşdum ki, kimsən, nəçisən, burda niyə dayanmısan? Cavab verir ki, məni tanımırsan, tualetin “nəçənniki”yəm də.

Çıxanda gördüm, yenə qapının ağzındadır. Ayaqları dolaşa-dolaşa mənə yanaşdı. Spirtin iyi aralıdan vururdu. Elə bildim pul istəyəcək. Amma başqa şey dedi.

- Müəllim sorğu keçiririk. Xidmətimizdən tazı qaldınızmı? Beş ballıq sistemlə bizə neçə qiymət verirsiniz?

Barmağımın beşini də açaraq ovcumu ona göstərdim.

- Əla...

Elə sevindi ki...

***

Yenə şəhərin mərkəzindəyəm. Yenə ictimai ayaqyolu. Girişdə qəpikləri yaşlı qadına sarı uzadıram. Pulu götürməmişdən əvvəl qadının qaşları alnında dartılır, mənə təəccüblə süzür: - A bala, az iç də pivədən.

Heç nə anlamıram:

- Necə bəyəm?

- Xəbərin var, səhərdən əl çəkmirsən e burdan. Bizi hələk-yesir eləmisən. Elə hey gəlib gedirsən. Azı yüz dəfə girib çıxmısan.

- Ay xala, nə danışırsan, birinci dəfədir bura gəlirəm!?

Gözlərini qıyıb diqqətlə üzümə zillənir. Baxır-baxır, birdən əllərini dizinə vurub uğunur.

- Bıy başıma xeyir, ay bala, səni başqası ilə səhv salmışam. Bağışla, sən canı. Bir sarı gədə səhərdən dincəlmir, girir-çıxır. Bir suyu sənə oxşayır.

***

Ayaqyolu mövzusunu davam etdirmişkən, söyləyim ki, hər şeydə yeniliklər, qeyri-adiliklər etməyi bacaran amerikalılar “Crew Dragon” adllı kosmik gəminin təpəsində 360 dərəcə dönmə bucağı olan dairəvi tualet-kabinə quraşdırıblar. Kosmik tualet. Öz-özümə düşünürəm, texnikanın, inkişafın gücünə bax də...

Gərək ayaqyoluna da gedəndə beləsinə gedəsən e. Yoxsa, bizim şəhərin ictimai tualetləri!?

Əksəriyyəti üfunətli, natəmiz. İy-qoxusu baş çatladır. Əsl xəstəlik, infeksiya, yara-xora, antisanitariya mənbəyi. Oraya girəndən, ta çıxana qədər, səninki sənə gəlir, bütün həyatın kinolent kimi göz önündən keçir. Ödün ağzına gəlir. Elə iyrənirsən, ta olmayan qədər. Söyə-söyə gedib o biri dünyanı görüb gəlirsən.

Kosmik tualet isə tam başqa aləmdir. Təsəvvür edin: sensor aftafa, elektron unitaz, pultlu sifon, sürətli internet, vay-faylı soyuducu. Hər şey son dəb texnikaya, ultramüasirliyə və VİP rahatçılığa hesablanıb.

Bəh-bəh!

Bəzən deyirlər ki, hər bir adam öz həyatının müəyyən hissəsini yuxuda keçirir, nə bilim, neçə faizini isə oyaq, şüurlu vəziyyətdə olur. Bəs görəsən, insan övladı öz həyatının nə qədər vaxtını ayaqyolunda keçirir?

Fikirlər müxtəlifdir. Baxın, tualet bu gün müasir insanın əsas məşğuliyyət otağıdır. Burada, biz kitab oxuyur, telefonda qurdalanır, sosial şəbəkələrdə fəlsəfi statuslar paylaşır, virtual oyunlar oynayır, elmi kəşflər üzərində baş sındırırıq.

Hətta hekayə, roman yazan da var.

Həqiqətən, araşdırma üçün yaxşı mövzudur, elə deyilmi!?

Görəsən, bəşəriyyət tarixində neçə məşhur əsərin, romanın, proza nümunəsinin təməli məhz həmin xudmani, xəlvəti guşədə, ayaqyolunda, unitaz, pisuar üzərində qoyulub?

Amerikalıların 360 dərəcəlik kosmik tualeti yadıma bir lətifəni saldı. Biri kənddən gəlir şəhərə. Tarqovını, bulvarı gəzir, Fəvvarələr meydanını dolaşır. Hər yan abadlıq, gözəllik, inkişaf. Fərəhlənir, ürəyi açılır.

Sonra da, mayonezli "fəst fuddan" yeyib, düşür qarınağrısına. Zavallı hara baxır, hara boylanır, içini boşaltmağa düz-əməlli yer tapmır. Tualet o tərəfə, heç xəlvəti, qaranlıq yer də yoxdur. Hər tərəf işıq, park, küçə, izdiham, tıxac. Hara gedir qadağa, hara gedir cərimə təhlükəsi.

“Vay, mən neyləyim?” deyincə, yazıq qalır avara. Axırda ona turniketli zirzəmi-tualeti nişan verirlər. Giriş də əlli qəpik.

Oğlan əlini atır dizinə, üzünü tutur göyə və deyir, “Ey dağlar, dərələr, indi görün bu hesabla mənim sizə nə qədər borcum var?”

Amma bu dəfə iş fərqlidir. Lətifəlik deyil. Məsələ daha qəliz, daha qlobal xarakter daşıyır. Çünki bu dəfəki borc qalaktikaların, kəhkəşanların, kainatın ayağına yazılacaq.

Siz bir anlıq həmin tualetin kosmik gəmidəki mövqeyinə, ordan ətrafa açılan panorama baxın. Təsəvvür et, hər hansı astronavt, yaxud kosmonavt oturub içəridə gücənə-gücənə həm işini görür, həm də ətraf mühiti seyr edir.

Zordur də...

Aşağı Saturn, Yupiter, yuxarı Merkuri, Venera, əlini alnına tutub sola boylanırsan, qaz-toz dumanlığı, gözünü sağ tərəfə qıyırsan, qara materiya. Ətrafda hər şey fırlanır, dövr edir, fasiləsiz dövrandadır. Sən də ucsuz-bucaqsız kainatda onlarla bərabər hərəkət edirsən, fırfıra kimi fırlanırsan. İndi fikirləşin, bu boyda haqq-hesaba, həngaməyə mədə-bağırsaq dözər?

Onsuz da kosmosda hər şey, yer-göy, aşağı-yuxarı anlayışı nisbidir. Yəni üz-gözünü turşudub hara gücənirsən, gücən, fərq etmir, onsuz da hər tərəf kəhkəşan, qalaktika, sonsuzluq, çəkisizlik, vakuumdur.

İndi mənə bir şey maraqlıdır. Bildiyiniz kimi, nəcis kütləsi, peyin torpağa düşdükdə təbii gübrəyə çevrilir. Ağaclar boy atır, bitki cücərir, təbiət oyanır, inkişaf edir. Bəs kosmosda, cansız, ölü mühitdə o hansı prosesə rəvac verir, hə?

# 2577 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #