"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında
24 fevral 2024
# 10:00

Kulis.az tənqidçi Elnarə Akimova və Cavanşir Yusiflinin Alpay Azərin "Bubu və qatar" hekayəsi haqqında fikirlərini təqdim edir.

Elnarə Akimova - Qatar - keçmiş və gələcək arasında mediator kimi

Alpay Azərin "Bubu və qatar" hekayəsinin qəribə atmosferi var. Əgər ömründə bircə dəfə də olsun, qatara minmisənsə, qəhrəmanla birlikdə onun xatırladığı detalları anacaq, ötənlərə köks ötürəcək, çox uzaqlıqda qalmış xatirələrin qoxusunun belə həsrətini çəkəcəksən.

Hekayədə görünən hər detalın altında qəhrəmanın uşaqlıq və gənclik tarixçəsi yatır. Gedişatdan məlum olur ki, qəhrəman ailəsi ilə birlikdə Bakı-Tbilisi qatarı ilə səfərə hazırlaşır. Bu səfəri onun yolu kimi də xarakterizə etmək mümkündür. Çünki hekayənin təhkiyəsində təsvir edilən məkan və zaman obrazlarını yazıçının təhtəlşüur simvollarına aidləmək olar.

Bədii sənətdə keçmişə səyahət daim təkrarlanan mövzulardan biridir. Amma bunu uğurlu detalyaratma strategiyası quraraq addım-addım tale yolunun xatirələri müstəvisində gerçəkləşdirmək, belə deyək, ömür mətninə çevirmək nadir hallarda baş tutur.

Qatar ümumiyyətlə, ədəbiyyatın çox müraciət olunan xronotoplarından biridir. Hər yazıçının yaratdığı bu obraz onun qəhrəmanının ruhi-psixoloji durumu, yaşantısı ilə birlikdə assosasiya olunur. Xatırlayıram, ilk dəfə qatara minəndə Tolstoyun sevimli qəhrəmanını, Anna Kareninanı göz önümə gətirmiş, təlaşla baxdığım qatar relsləri məni üşəndirmişdi. Amma qatar obrazı mənim yaddaşıma ayrılıqların başlandığı yer kimi qədəm qoyub. İlk dəfə bu məqamı Anarın "Sizsiz" roman-xatirəsində iliklərimə qədər hiss edib ağrımışdım. Qatar bu əsərdə ölüm və həyatı ayıran mistik sərhəd deyildi, amma yazıçı onu öz sevimli valideynlərinə münasibətdə keçmiş və gələcək arasında bir mediatora çevirməyi bacarmışdı: "Bir foto da var. Bu foto həmişə ürəyimə məlhəm çiləyir, məni ovudur, sakitləşdirir elə bil. Qatar vağzalında, perronda dayanıblar. Artıq cavan deyillər, amma hələ qocalmayıblar da. Harasa gedirlər. Onları yola salırıq. Fotoda olmasaq da, perronda varıq, dayanmışıq, onlarla söhbət edirik. İndicə fit səsi eşidiləcək, onlar vaqona qalxacaqlar, qatar yola düşəcək. Ayrılacayıq. Amma bu əbədi hicran deyil. Müvəqqəti ayrılıqdır. Bir müddətdən sonra yenə görüşəcəyik".

Sonra Elçinin "Qatar. Pikasso. Latur.1968" hekayəsi... Cansıxıcı münasibətləri, insan tənhalığını amansız üslubda üzə çıxardan məkanın mistik cazibəsi! İsi Məlikzadənin "Qatarda" hekayəsindəki ibrətamiz məqam - sosial statuslu insanların yığışdığı yer, insan xislətini bəlirləmək üçün qurulmuş kiçik, dar interyer, tipik xarakteri üzə çıxarmaq üçün yaradılmış tipik situasiya! Çoxdur belə nümunələr. Son yazılan mətnlərdən biri kimi İlham Əzizin "Elvira" hekayəsindəki həyatına rəng qatmaq, yeni münasibətlərə rəvac vermək üçün seçilmiş qatar obrazı. Bu fərqli bədii anlam yüklənmiş mətnlərin hamısını birləşdirən amil isə onlarda ehtiva olunan insan dramlarıdır. Alpay Azərin "Bubu və qatar" hekayəsi də bu dramdan xali deyil.

Hekayədə zaman və məkanın ikiləşməsi baş verir, biz təsvir edilən gerçəklərin arxa planında bir də nə vaxtsa olmuş, baş vermiş hadisə, situasiyaları görürük. Sanki dejavu yaşanırmış kimi. Elə qəhrəman da hər an özünü dejavunun içində hiss edir. Bu dəfə o heç nəyi qaçırmamağa, sanki qatarın ruhunu dərk etməyə çalışır: "mənə indi Bubunun son dərəcə heyrətlənməyi o dövrü təkrar yaşamağımçün lazımdır. Mənə elə gəlir, Bubu da mənim uşaqlıq vaxtlarımdakı kimi yekə, yaşıl qutunun içində uzaqlara getdiyini hiss edir və ona beş yaşlı Alpay baxışlarıyla baxan mən dillənirəm:

- Qəşəng gedirik hə, Bubu?"

Hekayə qəhrəmanı öz uşağı ilə birgə uşaqlığına qayıdır. Qatarların qoxusu, rəngi, tambur, elektrovoz, bələdçi belə qəhrəman üçün uşaqlıq və gəncliyinin bir parçası olmaqla yanaşı, həm də həyatın yaddaqalan məqamlarını əks etdirir özündə. Qarabağ ağrısı, gülüşlə dolu tələbəlik illəri, qayğı və kədərlə xatırladığı uşaqlığı, qardaşı ilə bağlı nigaran məqamlar, pandemiya dönəminin hələ də davam edən çətinlikləri. Qatardan baxışın bir də bu işi var. Onun pəncərələri bəzən açıq çölləri, bitib-tükənməz təbiət gözəlliklərini əks etdirsə də, insanın içinə yönəlməsi üçün fürsətə dönür. Bu kiçik məkandan rastlanan hər hadisə, eşidilən hər səs keçmişlə bağlı hansısa situasiyaların işarə mənasını anlamağa imkan yaradır. Məsələn, personajın öz həyat yoldaşına ünvanladığı suala verilmiş cavab oxucu üçün sarsıdıcı olur. Yəqin ki, sualı verən qəhrəmanın özü üçün də:

"Bir dəqiqə... Sən iyunda semestr imtahanları vermişdinsə, iyunun axırı niyə getmədin rayona? Ən azından iyulda gedə bilərdin.

- Əslində, elə iyunun axırı getmək planımdaydı, amma hər dəfə evə zəng eliyəndə, papam deyirdi, nəbadə gələsən ha, rayonda vəziyyət çox pisdi, ermənilər hər gün şəhərə qrad atır. Avqustda ara bir az sakitləşdi deyə, qatara bilet aldıq, dayımla getdik rayona, ikicə gün qaldıq orda. Qradla başladılar rayonu vurmağa, qonşumuz, beş uşaq anası həyətdə paltar sərəndə öldü. Atamın dostunun iki qolu qırıldı. Nə isə, axşam qatara mindik ki, qayıdaq Bakıya, İmişlidə dayandırdılar qatarı, Bakıya buraxmadılar. Bir gün qatarın içində qaldıq, sonra mindik maşına, gəldik bura. Təsəvvür elə, o vaqonlarda illərlə qalanlar oldu, o vaqonlardan gəlin köçürdülər, gəlin gətirdilər ora".

Bu sual hekayədə gözlənilmədən verilir, amma məlum olur ki, bu gözlənilməzlik obrazların həyatı ilə birbaşa vəhdətdədir. Elə bütövlükdə xalqın keçdiyi tale yolu ilə də. Bu təsvirlər obrazın yaşantılarına addım-addım yanaşmaq yolu ilə yazıçının dilinin halqavari sintaksisində ehtiva olunur.

Qatarlar qəhrəmanın dünyasında yalnız keçmişlə bağlı anıları ifadə etmir, həm də onun metafizik dünyasında mühüm funksiyaları gerçəkləşdirən vacib simvol funksiyası daşıyır. Xaotik dünyadan huzurlu dünyaya, bozluqdan sirli aləmə, adilikdən möcüzələr diyarına keçid kimi məsələn: "Hə, onu deyim, beş-altı yaşımdan bu yana, hər dəfə qatara minəndə inanılmaz bir rahatlıq dolur içimə, sanki başqa bir dünyaya ayaq basıram, o biri tərəfdən, qatar bu dünyanın cənnətidir mənimçün. Vağzalda qatarı görərkən həyəcan qarışıq həzdən tutmuş, perronda var-gəl etməkdən, vaqonun tutacaqlarından tutub dəmir pilləkənlərə ayaqlarımı basana qədər keçirdiyim hisslərin analoqu yoxdu. Bu hisslər illərdir içimdədir, arada həmin ləzzəti yaşamaqçün o səhnəni təsəvvürümdə təkrar-təkrar canlandırıram".

Hekayədə yalnız xatirələr yox, hətta səslər belə uzaqlardan gəlir, özü ilə birgə munis duyğuların təkrarını yaşamaq istəyi gətirir. İki polis arasında dialoq, səs dalğasının əks-səda verərək çox uzaqlara yaydığı sözlər illərin bu tayından yenidən haray salıb qəhrəmanın qəlbini titrətməyi bacarır. Yazıçının vizual yaddaşının gücü həm də bu səsləri unuda bilməməsindədir: "Aralarında gedən şirin söhbət təxminən bu cür yadımda qalıb: biri soruşur "Necəsən?", o biri də cavab verir ki, əlayam, - sözlər əks-səda verir: Necəsən? Necəsən? Necəsən? Əlayam, Əlayam, Əlayam. Nələrisə xatırlayırlar, kiminsə haqqında danışırlar, o deyir, bu deyir, bu deyir, o deyir, səsgücləndiricilərin sayəsində əks-səda verən, elə bilirəm, göyəcən gedib çatan sözlər, qəhqəhəli gülüşlər (ən çox bığlı milis gülür.) bir-birinə qarışır, sanki şüşə kimi çiliklənib havaya səpələnir, yerə düşəndə qar dənəcikləri kimi yox olur".

Alpay bu təsvirləri ilə eşitdiklərini belə görümlü etməyi bacarır, təbiət çalarları ilə eyniləşdirib vizuallıq yaratmağa nail olur. Bütün iri-xırdalı xatırlanan bu məqamlar yazıçının qatar səyahətini onun özü üçün həm də meditasiya forması kimi qəbul etməyimizə imkan yaradır:

"Təyyarə bizə faniliyi xatırladır, qatar əksinə, bunu unutdurur, təyyarə sürətlə start götürüb göyə uçmağa başlayanda, yerə enəndə biz həyəcanlanırıq, inanclılar sağ-salamat evlərinə çatmaları üçün "Fatihə", "Fələq", "Nəs" surələrini oxuyur, Allaha dualar edirlər. Qatar yerindən tərpənəndə əksinə, içimizə rahatlıq dolur, bəziləri həmin ayələri, duaları oxumağı unudur, lazım olan stansiyaya çatanda isə qəribə darıxma hissiylə üzləşirlər".

Amma məncə, elə deyil. Bütün fərqli toxunuşlarla bərabər, qatar həm də dünyanın və insanın faniliyinə bir işarədir: "Uzaqlaşan qatar mənimçün, sanki uzaqlaşan adam idi, sadəcə, bu hiss şüuraltımda gizlənmişdi deyə, onu dərk edəmmirdim". Bu mənada, perronda dayanıb vaqondakılara "əl yelləmək", yaxud əksinə, vaqondakıların aşağıdan pəncərələrə həsrətlə zillənən baxışların müşayiəti altında məkandan uzaqlaşmaq anını gerçəkləşdirən bu "sirli, yekə qutular" mistik məna enerjisi ilə bu faniliyi sonda talelərin proyeksiyasına çevirən, "gedib də dönməmək var, dönüb də görməmək var" ovqatını xarakterizə edən metafizik obrazdır. Buna baxmayaraq, hekayə başqa bir yaşam fəlsəfəsini də təlqin etməyə nail olur. Çağın reallığı, bu reallığın içinə səpələnmiş təəssüf nidası, ötən günlərə "əl yelləmək" sevdası və hər zaman uşaq qalacaq, uşaqlıqda yaşamış xatirələrin izinə düşüb yaddaşının oyaq saxladığı anların həzin cazibəsində olmaqdan həzz alan, göz qırpmadan günəşə baxmağı bacaran insan ruhsallığını: "Pandemiyadan sonra gecə qatarlarını deyəsən, ləğv etmək qərarına gəliblər. İndi sürətli, modern qatarlar səhərlər, günortalar Bakıdan Gəncəyə, Qəbələyə, Ağstafaya yola düşür və çox güman, istifadədən çıxarılan yaşıl qatarları tez, ya gec metaləritmə zavoduna göndərəcəklər. Amma bir vaqonu vağzalda muzey kimi saxlayacaqlar və mən qocalıb əldən düşənə qədər vəfalı sərnişin kimi arada axşamlar bilet alıb o vaqona daxil olacam, içəri keçib kupelərdən birində oturacam, pəncərədən çölə baxacam, gözlərimi yumub bədənimi yırğalaya-yırğalaya, xəyalən yola düşəcəm, sonra özümlə götürdüyüm termosdan dəmir altlıqlı stəkana çay süzüb bərk qəndlə içəcəm. Lap axırda üst yerə çıxaraq qarnı üstə uzanıb bir müddət işıqlı platformaya baxacam, sonra yenə gözlərimi yumaraq Yevlax stansiyasındakı milislərin dialoqunu öz içimdə səsləndirəcəm. "Necəsən? Necəsən? Necəsən?" - "Yaxşıyam. Yaxşıyam. Yaxşıyam"... "Kupe məni, doğmaları, yadları oyaq, ya yuxuda yırğalaya-yırğalaya uzaqlara aparan bir otaq, beşik (böyüklərçün) idi. Bunları yadıma sala-sala, qırx beş yaşımda, hələ də beş yaşlı uşağa çevrilməyimə sevinirəm".

Doğrudan da, V.Səmədoğlu demiş, "yoxdur qocalıq yer üzündə, yoxdur"...

Cavanşir Yusifli - Bubu və Alpay, yaxud hekayə zlənti kimi

Bu hekayəni oxuyanda ilkin bunu hiss etdim: deyəsən, Alpay bu dəfə qələmi yerə qoyub yazır. Artıq hardasa düz olsa da, bir-birinə dolaşan cümlələrin sırası seyrəlib, mətn bir nəfəs kimi doğulub, hisslərin, duyğu və düşüncələrin dinamikası gözəldir, hekayədə, yəni təhkiyə səviyyəsində yaxşı mənada bir yüngüllük var, bədii mətndə hər şeyi - elə təhkiyəni də formalaşdıran nəfəs müəyyənləşdirir, bunu duymadan hekayənin texnikasını təhlil etmək bir işə yaramaz. İstənilən yazıda belədir: mətləb yoxdursa, yaxud dumanlıdırsa, müəllif olmayan, yaxud dumana bürünmüş nəsnəni (içindən çıxarıb-!) tapanacan yazır və bu uzunçuluq nəfəsimizi kəsir. Alpay vaxt, zaman, məkan işarələrinin, hər şeyin yerli-yataqlı və düzgün verilməsinə cəhd edir, onun ilkin prinsipi doğruçu reallıq təsəvvürü yaratmaqdır (bütün hekayələrində olduğu kimi...), bu həqiqi gerçəkliyin fiktiv gerçəkliyə çevrilmə dərəcəsi isə yazma niyyətini doğuran nəfəslə bağlıdır (təhkiyənin bir məqamında mətn içində mətn stixiyası boy göstərir...), tam olaraq ondan asılıdır. Bu mətnlə bağlı iki hissim yarandı: o, anidən, hansısa bir qarşısıalınmaz təkanla yaranıb, həm də sanki uzun illərdi, müəllif bu hekayənin içindəki duyğularla yaşayıb, indi təhkiyədən də hiss edilir ki, Alpay bu mətndən əsla ayrılmaq istəmir, bu azmış kimi hekayə sonluğuna Bubunun videolarını qoyub, istərsən əvvəlcə o görüntüləri izlə, sonra elə sondan oxumağa başla, mətləb, alacağın mətn təravəti, mətn füsunkarlığı dəyişməyəcək. Hekayənin bağlı olduğu, özü də belə deyək, "göbək ciyəsi" ilə bağlı olduğu mətləblərdən biri isə saflıqdır, uşaqlığına Bubunun gözləriylə qayıtmaq, Bubunu özü kimi görmək, özünü uşağın yerinə qoymaq, iki reallığın kəsişdiyi nöqtədə başqa bir dünyaya qayıtmaq. Bəzən insan içində gəzib-dolaşan işıq zolağını yazıya almaq istər, onu sözlərlə ifadə emək cəhdinə baş vurar, bunu illərlə içində məşq edər, bir gün bunu hər şeyə heyrətlə baxan uşağın gözlərindən keçirib ifadə edər. Hekayənin ilk hissəsindəki "səylik" motivi, xatirələrdən, keçmiş zamandan bu günün pəncərəsindən işıq şüası kimi süzülən ayrıntılar insanın heç zaman dilə gətirmək istəmədiyi mətləblərlə bağlıdır. Qatara minib olduğun yerdən ayrılamq qəribə hissdir, məhz o anda şəhərdən, evlərdən, hay-küydən, insanlardan deyil, özünün içində gəzib-dolaşan işıqdan ayrıldığını kəsdirirsən. Dünya yalnız bu yerdir, indi dayandığın, pəncərəsindən baxdığın nöqtədir, hər şey - sevinc, ağrı, ömür, ölüm... bu nöqtəyə sığınıb. Ya da o işıq zolağını heç zaman hiss etmədiyin dərinlikdən duyarsan, işığın bəxş etdiyi xoşbəxtlik hissi və ağrı - bu ikisi səni zamanın sənin üçün dayandığı vaxta aparar. Bütün ömür fraqmentləri sürətlə ötüşər, yerdə ancaq qardaşına, onun dilsizliyinə baxıb ağladığın an qalar...

Bu, insanın içində həmişə "kül altında" saxladığı hissdir və sırf nəsr - xalis poeziya ovqatını bildirir. Perronda dayanıb tanımadığın adamlara əl eləmək həmin səyliyin ancaq və ancaq "təyyarə faniliyindən" doğduğunun işarəsidir.

Başqa bir məsələ: "yyarə bizə faniliyi xatırladır, qatar əksinə, bunu unutdurur, yyarə tlə start b mağa başlayanda, yerə enəndə biz canlanıq, inanclılar sağ-salamat evlərinə çatmalarıçün Fatihə, q, s surərini oxuyur, Allaha dualar edirlər. Qatar yerindən rpəndə əksinə, imizə rahatlıq dolur, ziləri min ayəri, duaları oxumağı unudur, lazım olan stansiyaya çatanda isə ribə darıxma hissiylə üzləşirlər." Qatarda içində gizli qalan hisslərin ardınca qoşduğunu hiss edərsən, bu, göylərdə qanad çalıb süzməkdən daha gözəldir, ölüm və həsrət adlı nəsnələr unudular...

Ancaq mətndə bu iki nəsnənin birləşdiyi, müəllifin cızdığı sərhədi aşdığı məqam da var və o çox maraqlıdır. Uşaq hissiyatıyla yazıldığına yox, düşünüldüyünə yox, məhz hiss edildiyinə görə bu hekayədə hər şey yaşlı adamın uşaq lisanına yiyələnib danışması anlamına gəlir. Başqa bir şey deyildir. "Elə bilirəm, Məçi min, artıq üzdən tanıdığım imizin olmadığı o biri vaqon yad yerdir, ora keçk istəm, tamburdakı deşiklərdən birindən yerə düşə biləm, qatar üstümdən keçər, ən hşətlisi, m, atam, anam ni heç vaxt tapa bilməz. yalən o deşiyə hoppanıram, ölmüm, şpallara ymən bir anda ruh olub tlə vaqonu k uram, qoy doğmalar ni axtarsınlar, nsə a-a yuxarıdan onlara baxım." Hekayənin hər yerində beləcə uşaq baxışı var, bu uşaq müəllifdən həm yaşlıdır, həm də sanki dünyaya gəlməyib heç...

Və bu, mətn deyil, gözləntidir...

# 1693 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #