Bu hekayədəki Azərbaycan qondarma deyil – Hekayə müzakirəsi

Bu hekayədəki Azərbaycan qondarma deyil – Hekayə müzakirəsi
9 mart 2023
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Yaşar Bünyadın "Quşlar qayıtdısa..." hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Aqşin Yenisey

"Dinməzcə ölməyi Cabbar kişi “dəb” saldı kəndə..." Əsl Azərbaycan həyatını ifadə edən cümlədir. Yaşar bəyin bu hekayəsinin mövzusu zahirən kənddir. Batinində isə Azərbaycan insanı, onun həyata, ölümə münasibəti, akademik olmayan fəlsəfəsi gizlənib. Nəsrimiz bu insandan çox yazıb, ancaq onu belə gözəl dillə, təbii təsvirlərlə çox az yazıçımız ifadə edib. Bu hekayədəki Azərbaycan qondarma deyil. Daxili dilin üslub kimi seçilməsi mətnə qəribə bir şeir ahəngi qatıb. Sanki, qədim bir şeir oxuyursan. Əslinə qalsa, hekayənin bütün elementləri Azərbaycan şerində at oynadan elementlərdir. Bünyad bəy bir kənd şerini nəsrə tərcümə edib. Hekayəyə gözəl şair Zahid Sarıtorpağın şeiriylə başlaması da bəlkə bunun xəbərdarlığıdır. Bir sözlə, əla hekayədir.

Rəvan Cavid

Hekayə yaşlı bir yazıçının giley-güzarından başqa bir şey deyil. Bu nə qaramat hadisədir, bu nə köhnəlikdir? Elə bil, 50-ci illərin sovet nəsrini oxuyursan. Qurtaraq da bu "qaranquş-sərçə" söhbətlərindən. Kənddən adamlar getdi, kənddə tək qaldım, kəndimizi ölüm yağmaladı, kəndimizə gün çıxdı, qaranquş balaladı, sərçə dən yedi və sair. Yeni nə var bu hekayədə? Yeniliyi qoydum bir qırağa, mən niyə bu uzun ah-vayı oxumalıyam? Yazıblar da bundan. Özü də elə yazıblar ki, bundan sonra iki yüz il də keçsə, oxunacaq. İndi də bu dövrün mətnlərini yazmaq lazımdı da. Yazıçının təsvir etdiyi kimi kənd qalıbsa məmləkətimdə, məndən namərd adam yoxdur. Çobanlar dağda tik-tok çəkir, müəllim də yazıb ki, Əbdül sərçələr qayıtdı. Nə bilim.

Orxan Cuvarlı

Yaşar Bünyadın bu hekayəsini "İlin hekayəsi” müsabiqəsinin qalibləri açıqlanandan sonra oxumuşdum. Müəllifdən çox nəsə oxumamışam, amma məhz bu hekayənin ağır, bitkin atmosferi var. Müəllif bütün ağrıları, təəssüfləri bir kəndin aram-aram tənha qalmasına sığışdırıb. Quşların uçub getdiyi kəndi adamlar da yavaş-yavaş tərk edir. Yaşar Bünyad səhv etmirəmsə, uzun illər xaricdə yaşayıb. Bu hekayədəki qəhrəmanın torpağa, yurda bağlılığını sırf müəllifin qürbət nisgiliylə əlaqələndirirəm. Tanış duyğulardır… Hekayə barədə tək iradım çəllək sözü əvəzinə "boçka" sözünün işlədilməsidir. Bu həcmdə hekayə üçün xırda qüsur kimi görünsə də, Yaşar Bünyad kimi təcrübəli müəlliflər belə səhvə yol verməməlidir deyə düşünürəm. Gözəl hekayədir. Yaşar bəyə yaradıcılıq uğurları arzulayıram!

Sevinc Elsevər

Oxudum. "Nabat" filminin təəssüratını xatırlatdı. Orda qəhrəman qadındır, burda kişi. Üstəlik Nabatın kəndi müharibəyə görə tərk edilib, hekayədəki kənd sosial səbəblərdən. "Nabat"da da etibarlı heyvanlar vardı, burda quşlardır. Bu hekayəni film eləsək, "Nabat"a çox oxşayardı. Sərçələrin yeni qazılmış qəbirə daraşmağı yaxşıydı. Dən səpilməsə də, sərçələr gələrdi. Qazılmış torpaqda quşlar axtarışa girişirlər. Dili axıcıdır. Hekayənin əvvəlində bir az darıxsam da, sonuna doğru dili yüyrəkləşdi. Yüyrək dilli hekayələri sevirəm. Yoxsa tıncıxıb buraxıram. Belə.

Nargis

Hekayə mənə doğma və bir o qədər də yad gəldi. Süjet bizə doğma olan mənzərələrlə iç-içə inkişaf edir, ancaq çağdaşlıq kontekstindən hekayənin dili, istifadə olunan ifadələr mətnə səlislik yox, ağırlıq qatır. Sovetin psixologiyasından artıq xilas olmaq lazımdır. Hekayədə depressivlikdən çıxış yolu kimi “sərçələrin qayıtmağı” bir növ ümid işartısı təsiri bağışlayır. Ümumilikdə, gözəl hekayədir, təsvirçilik əladır. Ancaq, fikrimcə, artıq çağdaş dünya və ədəbiyyatı ilə ayaqlaşmaq vaxtıdır.

# 3201 dəfə oxunub

Oxşar xəbərlər

Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

16:00 31 avqust 2026
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

12:30 30 avqust 2026
Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

12:00 29 avqust 2026
"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın  "Qızıl pillələri"

"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın "Qızıl pillələri"

17:30 28 avqust 2026
Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

10:00 28 avqust 2026
"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

17:30 27 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər