Kulis.az Alpay Azərin “Boyat zaman” hekayəsini təqdim edir.
“Yaddaş eskizləri” silsiləsindən
Yay tətilində rayonda anamın əmisi qızı Ziba xalagilə tez-tez getməyimin bir səbəbi də vardı, – görünüşündən doymadığım, mənə qeyri-adi gələn tünd göy rəngli, yastı, oval qənddanlarıyla qəribə şəkildə doğmalaşmışdıq, içəri girən kimi bir-birimizə baxırdıq.
Nənəmgillə qalan kiçik xalam, yoldaşıyla arada Moskvaya gedirdilər, qayıdanda, Bakıda alverçilərdə belə tapılması müşkül olan, ağızda xırçıldayan “Snejok”, turş “Meçta” karamelləri alıb gətirirdilər. Nənəmə tez-tez “Çay istiyirəm” deyəndə, o, hər dəfə “başa düşdüm” mənalı təbəssümüylə dolaba tərəf gedirdi... Çayı yarıya qədər içəndə, “Snejok”la, “Meçta”nı artıq yeyib qurtarırdım. Ziba xalagildə cürbəcür mürəbbələr, konfetlər olsa da, onlar ağzımda gedən dad həzzi yarışında az qala, göy qənddandakı qəndlərə çatırdı.
Otağa girib qənddanla üzbəüz oturub qapağını açmağımdan, ordan götürdüyüm qəndi yekə kişilər kimi iki dəfə qənddanın qırağına vurub (tozdan təmizlənirmiş.) ağzıma aparıb iştahla çay içməyimə qədər olanlar mənimçün məhrəm bir mərasimiydi. Çaya batırandan sonra belə ağızda çətinliklə əzilən qəndlərin dadı bambaşqaydı. Ola bilsin, instinktiv elə bilirmişəm, qənddan qəndlərə özəl dad verir, yəni masada plastmas, ya xrustal qəndqabıda qənd olsaydı, hələ dilimə dəyməmiş, onlar dadsız gələcəkdi mənə. Altıncı sinifdə oxuyurdum və o qabın qədimliyindən, tünd göy rəng fondakı qəndlərin cazibədarlığından gözüm doymurdu.
O qənddan keçən yüzilin səksənlərin ortalarında sanki öncəki on illərə körpü atmışdı. Ziba xalanın oğlu Şamillə küçələrdə veyillənib onlara qayıdanda, xəyalımda qənddanın bayaqdan yolumu gözlədiyini canlandırırdım, içəri girən kimi dostumla salamlaşırdıq.
Nəhayət, bir gün utancaqlığımı yenib nənəmə dedim, Ziba xalaya zəng etsin, sözarası o qənddandan dəhşət xoşum gəldiyini çatdırsın. Əminiydim ki, həmişə xoş münasibət gördüyüm Ziba xala Bakıdan gəlmiş qonağına, ən əsası, əmisinin ilk oğlan nəvəsinə istədiyini “Qurbandı sənə” deyib verəcək. Ertəsi gün həmişəki kimi məni mehribanlıqla qarşıladı, qabağıma yemək, çay, cənnət alması mürəbbəsi qoydu, gözümü sehrli qənddandan çəkmədən, ordan götürdüyüm kələ-kötür qəndlərlə iki stəkan çay içdim. Ziba xala otağa girəndə, onu guya yanımda hiss etmirmiş kimi, amma gözündə qıraqdan çox da sırtıq kimi görünməyim deyə, qənddanın qapağını ehmalca qaldırıb yerinə qoydum. Dınq səsi çıxmadı və ən əsası, hiss etdim ki, qapağı qaldırıb qoyduğumu gördü, – mənə elə bu, lazım idi. Heç sırtıq kimi (“lap ağ elədim” məsələsi) görünməyim deyə, “Nə qəşəng qənddanınız var” deməkdən güclə özümü saxladım...
Yol boyu pərt, kefsiz halda gedə-gedə öz-özümlə danışırdım: “Görən niyə belə elədi Ziba xala? Bəlkə yadından çıxdı? Gördü axı qapağını qaldırıb qoymağımı. Bəlkə nənəm hələ ona heç nə deməyib?” Sonuncu sual ümidimi közərtdi, evə çatan kimi pörtmüş sifətlə nənəmə dedim: “Bəs sən qənddan məsələsini Ziba xalaya deməmisən?” – “Məsləhət deyil, qadan alım. Mən sənə ondan yaxşısını taparam”. Yadımda deyil, nəsə mızıldandım, “Heç axtaran deyilsən” ürəyimdə ona dedim. Elə də oldu.
Kin, hikkə səbəbindən bir neçə gün Ziba xalagilə getmədim. Sonrakı günlər onlarda olanda, çalışırdım qənddana gözümün ucuyla belə baxmayım, sanki günahkar o idi, acıqdan qoz, gilas mürəbbəsiylə çay içirdim, həm də istəyirdim, Ziba xala bunu görüb xəsisliyinə görə utansın. Qənddana baxmamağımın bir səbəbi qürur, o birisi əşyadan asılılıq hissini öldürmək istəyim idi. Arada nənəmgildə tək olanda öz-özümlə danışırdım: “Pahh, onu mənə versələr, dünya dağılardı ha. Elə bil, bunlardan Qaz 24 maşını istəmişəm”.
Bir ay öncə erməni Roza xalanın Vısotskinin şəklini mənə bağışladığı halda – ermənilərlə davamız artıq başlamışdı, – anamın doğmaca əmisi qızının qənddanı mənə qıymamasını heç cürə sinirəmmirdim. Həmin yay anamın uşaqlıq dostu Roza xalagildə fanatı olduğum məşhur rus müğənnisi Vladimir Vısotskinin şəklini görəndə, xalamla xəbər göndərmişdim ki, o şəklə görə gecələr yata bilmirəm. Roza xala şəkli gizlicə mənə çatdırıb demişdi: “Amma Aşota heç nə demə ha. Bilsə ki, onu sənə vermişəm, evimizdə qırğın qopacaq”. O biri günlər oğlu Aşotla söhbətlərimizdə bütün diqqətimi ona yönəltdim ki, Vısotskidən söz düşməsin. Elə bilirdim, Aşot məsələdən xəbər tutsa, anası həmin axşam nənəmgilə gəlib şəkli geri alacaq. Həmin yay Krasnodara köçüb getdilər, şəkil mənə qaldı.
Bir dəfə Şamil gözüylə qənddana işarə edib pıçıldadı: “İstiyirsən, bunu axşam sənə çatdırım, – sifətimdəki həyəcanı görüb əlavə elədi: – Narahat olma, evdə soruşsalar, deyəcəm ki, salıb sındırdım, apardım zibilliyə atdım”. Ani tərəddüddən sonra dedim: “Yox, yox, elə şey ola bilməz”. Bir müddət dürüstlüyümə görə içimdə özümlə qürrələndim və əmin oldum ki, nənəm xahişimi çatdırsa da, Ziba xala mədəni şəkildə “yox” deyibmiş ona.
Bu yaxınlarda, – indi qırx səkkiz yaşın içindəyəm, – Mərkəzi Univermaq tərəfdə, ilk dəfə gördüyüm antikvar mallar mağazasına daxil olarkən satıcıya ilk dediyim bu oldu: “Sizdə köhnə qənddan var?” – “Var,” – deyib həmin formada, həmin rəngdə olan qənddan göstərdi. “Bu da sənə intuisiya,” – gülə-gülə satıcıya dedim. İki dəfə çırtma vurdum, sanki o səs səksənlərdən gəlib qulağıma çatdı, hər tərəfinə baxdım, defekti-filan yoxuydu. Qiymət öldürmədən iyirmi manatı satıcıya uzatdım.
Evə gətirən kimi içini, çölünü qaynar suyla yaxalayıb, qozlu qəndlərlə doldurub qapağını örtdüm, əllərimi çənəmə söykəyib ona baxa-baxa özümü həmin uşaq kimi hiss etdim, sonra özümə sual verdim: “Onda daha çox xoşbəxtiydim, indi?” Cavab sadə oldu: “indi”, çünki onda o, mənim deyildi, indisə özümünkü gözümün qabağındaydı. Yaxşı, tutaq ki, o vaxt Ziba xala qənddanı mənə versəydi, mən onu qabağıma qoyub indiki kimi həzz alardımmı? Sözsüz ki, hə və sonda belə bir nəticəyə gəlirəm: mən indi qırx səkkiz yaşında yox, Allah ömür versə, səksən yaşında da on üç yaşındakı həzzi aldığıma görə göy qənddan mənim uşaqlığımı, cavanlığımı və yaxınlaşan qocalığımı birləşdirəcək, onda həzz bir növ, öz zaman kontekstini itirəcək. Yeri gəlmişkən, indi Ziba xalanın göy qənddanı mənə verməməsinin səbəbini anlayıram və birmənalı haqq qazandırıram ona. Çox güman, qənddan onu keçmişlə bağlayan məhrəm bir bağ idi.
İki ay öncə görüşdüyüm sinif yoldaşlarım mənə bir az keçmişimi qaytarmışdı. İndi onlar, elə mən də qocalmağa doğru gedirik, göy qənddansa həm qocadır, həm cavan.
Neçə gündür o qənddandakı qozlu qəndlərlə çay içirəm və görəndə ki, kimsə içini konfetlərlə doldurub, əsəbiləşirəm: “Demişəm axı, bunun içinə ancaq qənd, ya da noğul qoymaq olar”. Elə bilirəm, kağıza bükülmüş konfetlər qənddanın beynimdəki zaman konstruksiyasını, zaman məhrəmliyini pozur. Hər dəfə qapağını açanda, yaranan “dıınq” səsi havada yüngülvarı əks-səda verir, bu dəfə qənddanın xarizması bir az da artır, sırf səs həzzinə görə mən qəndi götürməzdən öncə bir neçə dəfə gümüşü rəngli metal qapağı açıb yerinə qoyuram. Onda öz zaman libasını geyinən göy nəsnə yenidən qədimləşir, müdrikləşir, sanki “mən qocayam ha” deyir. Mənə elə gəlir, səs estetikası baxımdan, qənddanın dıınq səsi qədim divar saatının uzun əqrəbinin aramla yellənərkən çıxartdığı klassik zəngdən geri qalmır.
Gün ərzində artıq tam mənimkiləşmiş göy qənddanı gah mətbəxdə, gah da yataq otağındakı masanın üstünə qoyub ordan götürdüyüm kəllə qənd parçalarıyla çay içə-içə boyat zamanı ağzımda dada gətirirəm, beləliklə, keçmiş zaman evimizdə kiçik səyahətlərini etməkdədir.
Gecə qənddanı yanan yaşıl abajurlu masaüstü lampanın altına qoyuram. Ağ masanın üstünə düşən göy kölgə nağılvari alatoranı xatırladır. Qənddanla bağlı üç şey, – qapağını açarkən çıxan cingiltili səs, alatoranı xatırladan rəng və müdrik qoca ilə assosiasiya olunan yastı forma müstəqil nəsnələrdi və qənddanın gözəlliyi elə bu üçlüyün harmoniyasından yaranır.
Göy qənddanın şəklini çəkib “Bunun xüsusi adı varmı? Nə bilirsizsə yazın. Google, yandex kömək etmədi” cümlələriylə bir yerdə votsap statusumda, feysbuk profilimdə paylaşıram. Məqsədim o dövrdə qənddanla bağlı yaddaşımda gizlənmiş əlavə məlumatları üzə çıxarmaqdır. Şərhlərdə qane edən cavab almıram.
Bir neçə gün sonra qənddanın şəklini Ziba xalanın qızı Şəhlaya vatsapa göndərib yazıram: “Bu qənddan yadındadı?” – “Hə, bundan bizdə varıydı”. – “Evdə soruş gör, bununla bağlı nəsə yadlarında qalıbmı?” Az sonra Şəhladan cavab gəlir: “Nənəmdən qalmışdı, sonra yerə düşdü sındı, atası olduq”. Sağollaşırıq, masanın üstündəki qayıtmış zamana baxıb sevinirəm.
Bu qənddan günü-gündən mənə daha doğma gəlir, işdən gələndə, arada ona salam verirəm. İçindəkilər boşaldıqca, noğulla, peçenyelərlə, xurma qurusuyla doldururam deyə, o, indiki zamanın sakini olur. Amma elə ki istifadə olunmur, yəni içindən şirniyyat götürmürəm, onda o, müdrikcəsinə susur, yenə öz antikvar libasını geyinir.
5 iyun – 28 dekabr, 2022
Bakı – Şəki – Bakı