Arif Babayev: "Onu son nəfəsdə bağışladım" - Müsahibə

Arif Babayev. Xalq artisti

Arif Babayev. Xalq artisti

18 noyabr 2021
# 16:30

Kulis.az Xalq artisti Arif Babayevin APA-ya müsahibəsini təqdim edir.

Evdə üç nəfərdirlər: Arif müəllim, həyat yoldaşı və həkimi. Arif müəllimin həyat yoldaşı Gültəkin xanım bizi gülərüzlə qarşılayır. Müsahibəyə başlamadan öncə bir xeyli söhbət edirik. Arif müəllimin səhhətindən, Ağdama getməyindən danışır. Gültəkin xanım söhbət əsnasında yayılan yalan xəbərlərdən də gileylənir. “Yazırdılar ki, guya Arif müəllim...” Arxasını demir, Arif müəllimə baxır. Əslində, bilirəm nə demək istədiyini. Ümumiyyətlə, fikir vermişəm, insanlar yaxınları haqqında danışanda çox vaxt ölüm sözündən istifadə etmirlər - Gültəkin xanım kimi. Dərhal söhbəti dəyişirəm. “Arif müəllim, maşallah, çox yaxşı görünür”.

Xeyli vaxt idi, Arif Babayevdən müsahibə almaq istəyirdik, alınmırdı. Bu günə qismətiymiş. Onunla görüşmək, danışmaq bir dövrə, bir tarixə şahidlik etmək kimi bir şeydir. Muğam, xalq musiqisi ilə qoşa çəkilib hər zaman Arif Babayevin adı. Yetişdirdiyi sənətkarların sayını heç özü də bilmir. Həmişə göz qabağında, həmişə xalqın qəlbində olub Arif Babayev, ağdamlıların, qarabağlıların çox vaxt, sadəcə, “Babayev”, “Hacı” deyə müraciət etdiyi ustad, səhnəmizin Məcnunu... Elə sualımıza da musiqi dilində desək, Məcnunla ayaq verdik...

- Necədir, səhnəmizin Məcnunu?

- Məcnunu? (Gülür) Məcnunu idim. Artıq yaşa dolmuşam. Uzun müddət Məcnun oldum, ancaq bir vaxt baxdım ki, artıq getmək lazımdır hörmət-izzətlə. Deyəndə ki, operadan getmək istəyirəm hamı məəttəl qaldı ki, hara gedirsən, niyə gedirsən? Dedim, yox, gedirəm. Artıq mənim gedən yaşımdır, indi cavanların vaxtıdır, yaxşı cavanlarımız var, qoy, onlar gəlsin. 1966-67-ci illərdə gəlmişəm operaya. Operaya gələndə cavan, arıq, hündürboy oğlan idim, indiki kimi deyildim. Elə Məcnuna da oxşayırdım. Neçə-necə Leylilər gördüm...

- Özü də qəşəng-qəşəng Leylilər...

- Hə, Leylilər çox idi o vaxt, Məcnunlar az.

- Ən qəşəng Leyliniz hansı olub?

- Hamısı bir-birindən qəşəng idi. Hərəsinin özünün sənəti, səs dünyası vardı. Görkəmləri də bu obraza uyğun gəlirdi. Leyli ki rola yaraşmadı, bax, belə oldu (əli ilə köklüyü göstərir), nəyə lazımdır? Belə Leylini görəndə də yazıq Məcnun deyir ki, “Sən Leyli deyilsən, ey pərizad”. Gərək adamın görkəmi də səhnəyə yaraşsın.

- Bəs, səs?

- Əsas səs lazımdır, ancaq görkəm də vacibdir. Ümumiyyətlə, tək operada yox, hər yerdə gərək adam özü baxsın olduğu yerə. Getmək lazım olanda da hörmətlə getsin.

Operadan sonra da getdim filarmoniyaya. Milli konservatoriya açılanda da ora dəvət olundum. Konservatoriyada muğam kafedrası yarandı, orda çalışmağa başladım. İndi də orda müəlliməm, yaxşı tələbələrim var.

- Arif müəllim, toy və opera bir-birindən çox fərqlənir. Hər iki sahədə olmaq sizə çətin olmurdu?

- Operanın yolu başqadır, xanəndəliyin yolu başqa. Operanın öz incəlikləri var.

Mən onları bir-birindən ayırmağı bacarmışam. Toy da ki öz yerində. Mən gözümü açıb toy görmüşəm. Ömrümün axırına qədər də xanəndə kimi oxumuşam.

- Leylilərdən bu gün kiminlə əlaqə saxlayırsınız? Məsələn, Zeynəb Xanlarova ilə əlaqəniz varmı?

- Nə yalan deyim, indi əlaqəm yoxdur. Amma yubileyimə çağırmışdım, gəlib, yaxşı da iştirak etmişdi.

- Siz Flora Kərimova ilə də “Leyli və Məcnun”u oynamısınız.

- Hə, bir dəfə olmuşam. Pis oxumadı, öhdəsindən gəldi Flora. Tamaşaçılar da onu sevir, axı. Çoxlu əl çaldılar. Asan deyil e, “Leyli və Məcnun”u səhnədə oynamaq.

- Həyatda da Məcnun rolunda çıxış etmisinizmi?

- (Gülür). Gördün də mənim Leylimi (həyat yoldaşını göstərir). Mənim Leylim odur.

- Leyliniz Sizi dağa-daşa salıbmı?

- Yox (gülür). Mən gözümü açmışam, oxumuşam, işləmişəm. Axı, mənim sevgidən danışan yaşım deyil. Amma onu da deyim ki, sevgi var. Sevgi dünyanın xilaskarıdır.

- Bu gün hansı tələbənizi görəndə “Bax, bu mənim tələbəmdir” sözünü ürəkdən deyirsiniz?

- Nəzakət Teymurova, Aygün Bayramova, Nuriyyə... (düşünür) çoxdur, vallah. Adlarını çəkmək istəmirəm e. Birini deyirəm, biri qalır. Sonra inciyirlər məndən. Çox yaxşı tələbələrim var. İndi tələbələrimin çoxu müəllimdir, onların öz tələbələri var. Onları görəndə sevinirəm. Ağac bar gətirəndə necə sevinərsə, bax, o cür.

- Bəs, bu gün oxuyanlardan kimi dinləyirsiniz?

- Mirələm Mirələmovu. Çox gözəl oxuyur Mirələm. Arada ona qulaq asıram. Ürəklə oxuyur.

- Mirələmin səsində nəsə tamam başqa bir şey var. Gözəl səsdən daha artığı.

- Bilirsən, məsələ səsin olmağında yox, səsin qəlbə toxunmağındadır. Səs qəlbə toxunmalıdır e, toxunmalıdır. Bunu izah etmək mümkün deyil. Bir də görürsən deyirlər ki, Elnarə (Elnarə Abdullayeva - red. ) mərsiyə oxuyur. Ay kişi, hər necə oxuyur, əsas odur ki, oxuduğu toxunur adama.

- Deməli, yaxşı səs təhsildən də vacibdir?

- Yox-yox, səs lazımdır, səs. Təhsil də olsa, yaxşı olar, əlbəttə. Amma birinci səs. Adama toxunan səs. Səs mənim qəlbimə toxunmalıdır, yeri gəlsə, ağlatmalıdır. Bir də görürsən deyirlər ki, kişi ağlamaz, niyə ağlamır ə? Ağlayır. Elə səs var ki, qəlbinə toxunub, hönkür-hönkür ağladır səni...

- Bəs axırıncı dəfə nə vaxt hönkür-hönkür ağlamısınız?

- Sarıcalıda. Ağdama gedəndə...

- Yəqin Ağdamdan gələndə də ağlamısınız.

- Otuz ildən çox idi çıxmışdım Ağdamdan. Yaxşı yadımdadır, hadisələrin qarışan vaxtı idi. Bir dəfə dedim ki, nə olursa-olsun, gedib atamın-anamın qəbrini ziyarət edəcəm. Orda qəşəng bir ev də tikdirmişdim, iki mərtəbəli. Bülbüllər cəh-cəh vururdu o evin pəncərəsində. Dedilər ki, getmə, nəsə edər ermənilər sənə, yaxındadırlar. Heç kimin sözünə qulaq asmadım. Getdim ordakı evə. Onda artıq ermənilər Şahbulağa qədər gəlmişdi. Qəbirləri ziyarət etmədən öncə dedim gedib evimi də ziyarət edim. Hələ də gözümün qabağındadır, aralı qalan darvazam. Gəldim evimin otaqlarını son dəfə bir-bir gəzdim, həyətimi doyunca dolandım. Heç yadımdan çıxmaz. Çıxıb getmək istəyəndə sonuncu dəfə dönüb evimə baxdım. “Dedim, ay Allah, bu nə fəlakətdir? Yəni mən doğulub-böyüdüyüm bu yerə bir də görməyəcəm? Ay Allah, bu cənnətdən, bu havadan bu sudan ayrı necə yaşayacam? Bir ağlamaq tutdu məni. Xeyli ağladım, xeyli... Sonra birtəhər özümü toplayıb çıxdım. Bir az getmişdim gördüm ki, hər qapıdan bir tanış çıxdı. Sən demə, mənə deməmiş məni qorumağa gəliblər ki, ermənilər birdən kişini aparar. Uzun sözün qısası, axırıncı gedişim o oldu (Fikrə gedir). Orda qəşəng ev var, evin içində hər şey var, qəşəng mebellər (elə bil keçmiş zamanda danışmağa dili gəlmir).

- Arif müəllim, daha nə o ev var, nə də o mebellər...

- Hə... İndi heç yeri də qalmayıb. Mənim iki qızım vardı. Sonra Yaşar oldu. Daha bildim ki, məni bir çiynində aparan olacaq. O doğulandan sonra Ağdamda həmin evin bünövrəsini tökdürdüm, gözəl bir ev tikdirdim. Bülbüllü bir bağçada. Bülbüllər pəncərəmin qabağında cəh-cəh vururdu. Ordan çıxanda da ona ağlayırdım ki, o bülbüllərdən ayrılıram. Mən orda bülbüllü bağçalar qoyub gəldim...

- İllər sonra ora qayıdanda Sizi ən çox yandıran nə oldu?

- Atamın-anamın qəbrini tapa bilmədim e. Şumlamışdılar oranı. Halbuki bir dəstə gül götürmüşdüm ki, onların qəbrinin üstünə qoyum. Onların qəbrini tapa bilmədim, ona görə də tanımadığım birinin məzarına qoydum gülləri. Bilirsən, torpağımı görən kimi öpdüm, bağrıma basdım, cibimə doldurub gətirdim. Şükür ki, bu gün torpaqlar qayıtdı. Ordumuzun, İlham Əliyevin gücünə qayıtdı bu torpaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

- O dağılan evi yenidən tikmək istəyərsinizmi?

- Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun.

- Axı, ev yoxdur.

- Tikəcəyik də...

- Bayaq dediniz ki, Yaşar olanda düşündünüz ki, Sizi çiynində aparan olacaq. Görəsən, niyə adamlar kimin çiynində gedəcəyini, kimin onun ağlayacağını bu qədər çox düşünür?

- Axır mənzildir də, ordan o yana yol yoxdur, axı...

- Bəs, Fəxri Xiyaban davaları?

- Deyim də sənə, çünki insan şöhrəti sevir, xüsusilə də sənət adamları. Elə adamlar var ki, onlara Fəxri xiyabanlar halaldır, çünki onlar böyük adamdırlar. Dövlətimiz qədirbilən dövlətdir. Əlli il əziyyət çəkənə, əlbəttə, orda basdırılmaq halaldır. Axı, adama nə qalır öləndən sonra? Ən azından övladları valideynə verilən dəyəri görəndə onunla fəxr edir.

- Bağışlayan adamsınız?

- Hə, bağışlayan adamam. Tez keçir əsəbim. Yumşaq adamam, bu da yaxşı deyil heç.

- Canəli Əkbərovu bağışladınız?

- Əlbəttə. Son nəfəsdir, axı. Əlbəttə, keçməli idi o inciklik. İnsanıq da. Hamı gedəcək bu yolu. O mənim xanəndə yoldaşım idi. Canəlinin bu sənətdə zəhməti olub. Aramızda olan xırda-para şeylər də keçdi. Allah ona rəhmət eləsin. Hər şeyi qoyuruq bir kənara, son mənzildə necə kinli olmaq olar?

- Siz həm də Hacısınız.

- Hə, bir də görürsən heç adımı demirlər, elə Hacı deyə müraciət edirlər. Düzü, qatı dindar deyiləm. Amma o kişiyə çox bağlıyam. Bilirsən, mənim səhvlərim çoxdur. Bir az səbirsizəm. Tez alışıb, tez sönürəm. Bəzən buna görə səhvlər edə bilirəm. Ancaq onu da deyim ki, səhvimi boynuma alan adamam.

- Övladlarınızdan niyə Sizin sənəti davam etdirən olmadı?

- Səs, yaxşı istedad olsaydı, deyərdim hə, amma yox idi. İstedad varsa, bu sənətə niyə də getməsin, niyə əngəl olum ki? Qızlarım üçün yox, oğlum üçün deyirəm bunu.

- Niyə qız yox?

- Mən illərdir bu sənətdəyəm, görürəm bu sənətin əziyyətlərini. Uzaq yollarda, yuxusuzluq, çətinlik. Düşünürəm ki, qadın üçün daha çətin olardı. Buna görə deyirəm.

- Arif müəllim, son dövrlərdə xanəndələrin muğam oxuyarkən müxtəlif boğazlar, improvizasiyalar etdiyini görürük. Sizcə, muğam klassik sənət ənənələrinə daim sadiq olmalıdır, yoxsa yeniliklər daha yaxşıdır?

- Baxır yeniliyə. Bu yol klassik yoldur. Yeni yollara da üz tutmaq olar, ancaq əndrabadilik yox. Boş yeniliklərlə razılaşmıram. Məsələn, Alim (Alim Qasımov - red.) oxuyur, improvizələr eləyir, etdiyi yeniliklər də yaraşır. Ancaq bir başqası onu yamsılayanda, məni açmır.

- Üslubu da, oxu tərzini də başa düşdük. Ancaq ümumi şəkildə baxsaq, xanəndələrin çərçivələri daha çoxdur. Məsələn, xanəndə niyə həmişə kostyumda olmalıdır? Tutaq ki, xanəndənin gözəl səsi var, gözəl oxuyur. Amma şortikdə oxuyur.

- Mən də sərbəst geyinməyi xoşlayıram. Ən çox da Qaxda olanda. Həyətdə sərbəst geyinirəm, heç kim də görmür məni. Amma səhnədə, ciddi yerdə yaxşı geyinmək lazımdır. Hökm deyil ki, bahalı kostyum olsun, əsas odur təmiz və səliqəli olsun. Muğam ustası ciddi olmalıdır. Muğam ciddi sənətdir. Onun nümayəndəsi də özünü yaxşı aparmalıdır. Çünki camaatın gözü qabağındadır.

- Sizi Şuşada keçirilən Xarıbülbül Festivalında görmədik.

- Onda səhhətimdə problemlər vardı. Mehriban xanım sağ olsun, köməkçiləri zəng vurub məni dəvət etdilər. Özümü yaxşı hiss etmədiyim üçün təəssüf ki, gedə bilmədim.

- Arif müəllim, səhnə həyatınızda başınıza gələn ən maraqlı hadisələrdən birini danışa bilərsinizmi?

- Deməli, bir dəfə “Gəlin qayası”nda Camal rolunu oynayıram. “Dolandım hər yanı, gəzdim hər yanı” oxuya-oxuya zalı gəzirəm. Birdən zaldakılardan biri ayağa durub dedi ki, “Arif müəllim, 9-na boşsan?” Mən də duruxdum qaldım, cavab da verə bilmədim, dirijor da orda çaş-baş qalıb. Sonradan mənə deyir ki, “sən orda neynirdin, axı? Daha demir ki, məndən ayın 9-na toy soruşurlar. İnsandır da. Yəqin, məni görmüşkən sözünü demək istəyib (gülür).

Gülüşünə mane olub, növbəti sualı vermək gəlmir içimdən. Gülə-gülə də müsahibəni bitiririk...

Söhbətləşdi: Aytac Sahəd

# 44203 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #