Aclıq ustası - Frans Kafkanın hekayəsi

Frans Kafka

Frans Kafka

13 may 2023
# 14:05

Kulis.az Vilayət Hacıyevin tərcüməsində Frans Kafkanın "Aclıq ustası" hekayəsini təqdim edir.

Son onilliklərdə aclıq ustalarına maraq çox azalıb. Əvvəllər özfəaliyyət əsasında bu cür tamaşalar hazırlamağa dəyərdi, ancaq bu gün belə şeylər mümkün deyil. Onda başqa zəmanə idi, bütün şəhər aclıq ustaları ilə məşğul idi, onlarla maraqlananların sayı günbəgün artırdı. Hər kəs istəyirdi ki, aclıq edən adamı ən azı gündə bir dəfə görsün. Sonralar elələri də olurdu ki, abunə yazılır, günlərlə dəmir qəfəsin önündə otururdular. Gecələr də ona baxmağa gələn çox olurdu və tamaşanı daha da baxımlı etmək üçün məşəllər yandırılırdı.
Hava yaxşı olanda qəfəsi bayıra çıxarırdılar və çox vaxt da onu uşaqlara nümayiş etdirirdilər. Bu tamaşa böyüklər üçün əyləncə idi və əksəriyyət də dəb xatirinə gəlirdi. Uşaqlar isə ağızlarını ayıraraq heyranlıqla qara trikodakı rəngi qaçmış, qabırğaları çıxmış kişiyə baxır, hətta bir az qorxduqları üçün də bir-birinin əlindən yapışırdılar. O, kreslodan da imtina edərək qəfəsə tökülmüş quru samanın üstündə oturur, nəzakətlə başını tərpədə-tərpədə, yorğun təbəssümlə suallara cavab verir, qollarını yuxarı qaldırır, necə arıq olduğunu nümayiş etdirir, sonra yenə də öz dünyasına çəkilir, heç kəsə məhəl qoymur, qəfəsdəki yeganə əşyaya, eləcə də onun üçün çox vacib olan saata da fikir vermir, yarıyumulu gözlərini uzaqlara zilləyir, hərdən də balaca stəkanda qoyulmuş su ilə dodaqlarını yaşlayırdı.
Tez-tez dəyişən tamaşaçılardan başqa, elə onların özlərinin seçdikləri üç nəfər daimi nəzarətçi, – qəribədir ki, adətən, qəssablar olurdu, – gecə-gündüz aclıq ustasının yanında dayanıb baxırdı ki, birdən gizlincə nəsə yeyər. Əslində, bunu forma xatirinə, camaatı arxayınlaşdırmaq üçün edirdilər, çünki təşkilatçıların özləri də yaxşı bilirdilər ki, aclıq edən heç vaxt, heç zaman, hətta məcbur da eləsələr, nəsə yeməz, sənətinə hörməti buna yol verməz. Məlum məsələ idi ki, hər nəzarətçi bunu başa düşmürdü və bəzən elələri də tapılırdı ki, gecə növbəsinə başdansovdu yanaşırdılar, qəsdlə uzaq bir küncə çəkilib kart oynayırdılar ki, aclıq ustası ağzına nəsə bir şey atsın. Fikirləşirdilər ki, haradasa nəsə gizlətmiş olar. Aclıq ustası üçün bu cür nəzarətçilərdən pisi yox idi, belə olduqda kefi pozulur, aclığa dözməyi daha da çətinləşirdi.
Bəzən bacardığı qədər zəifliyinə güc gəlib mahnı oxumağa başlayır və bununla da camaata göstərmək istəyirdi ki, ǝbəs yerə ondan şübhələnirlər, ədalətsizlik edirlər. Ancaq bunun da köməyi olmurdu, ona heyran qalırdılar ki, çox çevikdir, mahnı oxuya-oxuya nəsə yeyir. Onun üçün qəfəsə lap yaxın oturan nəzarətçilər daha yaxşı idi. Onlar zalın zəif gecə işığı ilə kifayətlənməyib, qəfəsin içini inzibatçının verdiyi elektrik cib lampaları ilə işıqlandırırdılar. Gur işıq ona mane olmurdu, çünki onsuz da yata bilmirdi, istəyəndə zəif işıqda da, gur işıqda da, zal dolu olanda da, səs-küydə də, hər an, hər saat, uzaqbaşı bir az mürgü döyürdü. Aclıq ustası belə nəzarətçilərlə bütün gecəni yuxusuz keçirməyə hazır idi. Onlarla zarafatlaşardı, gəzərgi həyatından maraqlı əhvalatlar danışardı, söhbətlərinə qulaq asardı, nəzarətçilərin yatmaması üçün hər şeyi edərdi ki, qəfəsdə yeməyin olmadığını, onun doğrudan da ac qaldığını görsünlər. Halbuki onların heç biri bunu bacarmazdı. Aclıq ustası səhər açılan kimi onun hesabına nəzarətçilərə bol səhər yeməyi gətiriləndə özünü daha da xoşbəxt hiss edirdi. Bütün gecəni güclə oyaq qalmış bu sağlam kişilər iştahayla özlərini yeməyin üstünə salırdılar.
Ancaq elə adamlar da tapılırdı ki, nəzarətçilərin bu müftə yeməyinə başqa cür baxır, onu təsir vasitəsi hesab edirdi. Onlardan soruşanda ki özləri səhər yeməyi olmadan, işin xatirinə gecə növbəsini çəkə bilərlərmi, onda aradan çıxırdılar, ancaq şübhələrindən də əl çəkmirdilər. Əslində, bu qədər ac qalmağın özü də bir az şübhəli görünür və buna görə də belə söz-söhbət yaranırdı. Axı heç kəs gecə-gündüz, ara vermədən aclıq ustasının yanında oturub ona nəzarət edə bilməzdi və deməli, heç kəs də öz gördüklərinə əsasən təsdiq edə bilməzdi ki, o, həqiqətən də, qaydaları pozmadan ac qalıb. Bunu yalnız aclıq ustasının özü deyə bilərdi. Aclığından razı qalan tamaşaçı özü idi.
Bununla belə, başqa bir səbəbdən heç vaxt razı qalmırdı. Bəlkə də, aclığa, eləcə də, təəssüflər olsun ki, onun görkəminə dözə bilmədikləri üçün tamaşaya gəlməyənlərə görə belə çox arıqlamamışdı. Yalnız ona görə belə arıqlamışdı ki, özündən narazı idi. Təşkilatçılar yox, məhz onun özü bilirdi ki, ac qalmaq çox asan məsələdir. Dünyada bundan asan heç nə yoxdur. Bunu heç gizlətmirdi də. Ancaq ona inanmır, ən yaxşı halda bunu təvazökarlıq hesab edirdilər, çox vaxt da özünüreklam adlandırırdılar. Bəziləri də deyirdi ki, fırıldaqçıdır, ac qalmağın yolunu bilir və utanıb-qızarmadan da bunu dolayısı ilə boynuna alır. Hamısına dözməli olurdu, çünki illər uzunu bunlara öyrəşmişdi, ancaq özündən narazılığı həmişə içini didib-dağıdırdı. Bununla belə, aclıq vaxtı başa çatandan sonra – gərək ona bu barədə şəhadətnamə veriləydi – heç vaxt öz xoşuna qəfəsi tərk etməmişdi. İnzibatçı aclıq üçün qırx gün təyin eləmişdi və bu qırx gündən sonra onu ac qalmağa qoymurdu. Dünyanın bütün şəhərlərində belə idi və bunun da öz səbəbi vardı. Təcrübə göstərirdi ki, gündən-günə gücləndirilən reklamlarla şəhər əhlinin diqqətini yalnız qırx gün ərzində cəlb etmək olur, sonra tamaşaçıların sayı nəzərəçarpacaq dərəcədə azalır.
Əlbəttə, bu məsələdə şəhərlə kəndin bir az fərqi vardı, ancaq, bir qayda olaraq, müddət qırx gün təyin olunurdu. Beləliklə, qırx gündən sonra güllərdən çələng hörülmüş qəfəs açılırdı, vəcdə gəlmiş tamaşaçılar amfiteatrda yerlərini tuturdular, hərbi orkestr çalmağa başlayırdı, iki həkim qəfəsə daxil olub onun vəziyyətini yoxlayırdı, nəticələr səsgücləndirici ilə zala elan olunurdu və axırda da bu iş üçün seçildiklərinə görə özlərini xoşbəxt hiss edən iki gənc qadın gəlib onu bir-iki pilləkən aşağı düşürdərək üstünə yüngül yeməklər düzülmüş balaca stolun yanına gətirmək istəyirdi. Ancaq elə həmin anda aclıq ustası etirazını bildirirdi. Düzdür, könüllü şəkildə sümüyü çıxmış əllərini qadınların ona tərəf uzanmış əllərinin üstünə qoyurdu, ancaq ayağa durmaq istəmirdi.
Axı niyə qırx gündən sonra aclığı dayandırmalı idi? Axı o hələ çox, lap çox dözə bilərdi. Niyə məhz indi, aclığın zirvə nöqtəsinə çatanda, daha doğrusu, hələ tam çatmamış onu dayandırmalı idi?! Nə üçün onun şöhrətini əlindən alır, aclığı davam etdirərək bütün dövrlərin ən yaxşı aclıq ustası olmağına mane olurdular? Bəlkə də, belə ən yaxşısı idi, ancaq niyə imkan vermirdilər ki, nəyə qadir olduğunu özünə sübut etsin?! Axı onun ac qalmaq qabiliyyəti sərhəd tanımırdı... Niyə ona heyran qalan kütlə bu qədər səbirsiz idi?! Əgər özü bundan sonra da aclığa dözməyi bacarırdısa, kütlə niyə dözə bilmirdi? Bundan əlavə, yorulmuşdu, samanın üstündə rahatca oturmuşdu, indi gərək dikəlib ayağa dura, yeməklǝrǝ tərəf gedəydi... Yeməyin özü bir yana, xörəkləri təsəvvürünə gətirəndə belə ürəyi bulanırdı, ancaq qadınlara hörmət əlaməti kimi qusmağını güclə saxlayırdı. Və o, altdan-yuxarı üzdən mehriban görünən, əslində isə qəddar olan qadınlara baxıb, nazilmiş boynuna ağırlıq edən balaca başını bulayırdı. Sonra da hər şey təkrar olunurdu: inzibatçı gəlir, dinməzcǝ, – onsuz da musiqi danışmağa imkan vermirdi, – əllərini onun başı üzərində göyə qaldırır, sanki Tanrıya deyirdi ki, yaratdığına - samanın üstündə oturan məxluqa, bu binǝva şəhidə baxsın. Əslində, aclıq ustası, doğrudan da, şəhid idi, ancaq tamamilə başqa mənada...
Sonra aclıq ustasının nazilmiş ortasından yapışıb son dərəcə ehtiyatla qaldırır və bununla sanki demək istəyirdi: elə kövrəkdir ki, yerə düşsə, sınar. Ancaq onu gizlicə bir az yellətdiyi üçün aclıq ustasının başı bir tərəfə, ayaqları o biri tərəfə gedirdi və elə bu vəziyyətdə də onu meyit rəngi almış qızlara verirdi. Bundan sonra aclıq ustası heç nə hiss eləmirdi. Başı sinəsinə əyilir, sanki diyirlənib haradasa necə gəldi dayanırdı. Bədəni elə bil, yoxa çıxır, ayaqları dizdən qatlanıb yerlə sürünür, sanki göydə imişlər kimi dayaq axtarırdı. Bədəninin bütün ağırlığı, – əslində, heç ağırlıq da qalmamışdı, – qadınlardan birinin üzərinə düşürdü. O da yazıq-yazıq, nəfəsi təngiyə-təngiyə, – bu şərəfli vəzifəni belə təsəvvür eləməmişdi, – imkan daxilində boynunu lap geri çəkirdi ki, ən azı aclıq ustasının sifəti ona toxunmasın, ancaq alınmırdı, çünki bəxti gətirən rəfiqəsi ona kömək etmək əvəzinə, yalnız titrəyə-titrəyə kişinin quru sümükdən başqa heç nə olmayan qolundan tutub irəliləməklə kifayətləndiyi üçün zaldan qopan şən gülüşlərin sədaları altında ağlamağa başlayırdı və yerini əvvəlcədən hazırlanmış xidmətçiyə təhvil verirdi.
Sonra yemək mərasimi başlayırdı: inzibatçı tamaşaçıların diqqətini yayındırmaq üçün zarafat eləyə-elǝyǝ sulu xörəkdən az-az yarıyuxulu, huşu özündə olmayan aclıq ustasının ağzına tökürdü. Axırda da tamaşaçıların ünvanına xoş sözlər söyləyir və bunu elə edirdi ki, guya hamısını aclıq ustası ona pıçıldayırdı. Orkestrin çaldığı tuş tamaşanı tamamlayır, camaat dağılışırdı və heç kəsin də bundan narazı qalmağa haqqı olmurdu. Bəli, onun özündən başqa hamı razı gedirdi.
O, müəyyən fasilələrlə uzun illər beləcə yaşadı. Zahiri şan-şöhrət, hörmət-izzət... Ancaq kefi heç vaxt açılmırdı və getdikcə də daha çox kədərlənirdi ki, heç kəs onu başa düşmür, bu kədərini ciddi qəbul etmir. Bəs ona necə təsəlli vermək, başqa nə arzulamaq olardı?
Əgər nə vaxtsa ona yazığı gələn mərhəmətli bir adam ortaya çıxıb desəydi ki, onun belə kədərli olması, bəlkə də, ac qalmağındandır və özü də bunu aclığın sona çatdığı günlərdə dilinə gətirsəydi, aclıq ustası özündən çıxar, vəhşi kimi bədənini qəfəsin dəmir barmaqlıqlarına çırpar, hamını qorxudardı. Ancaq belə anlarda inzibatçı məmnuniyyətlə yaxşı bir cəza növündən istifadə edirdi: o, aclıq ustasının əvəzinə tamaşaçılardan üzr istəyir və deyirdi ki, onun bu hərəkəti çox ac qalmağındandır, tox adamlar gərək buna əsəbiləşməsin, onu bağışlasın. Sonra da aclıq ustasının dediklərinə münasibət bildirərək əlavə edirdi ki, o, indikindən da çox ac qala bilər. Xoş niyyətini, fədakarlığını tərifləyir, axırda da onun sözlərində bütün bunların öz əksini tapdığını qeyd edirdi. Eyni zamanda da aclıq ustasının artıq tamaşaçılara satılan fotoşəklini göstərir və beləliklə də, öz dediklərini təkzib etmiş olurdu, çünki aclığının qırxıncı günündə çəkilmiş bu şəkildə o, çarpayıda heydən düşmüş, sustalmış vəziyyətdə uzanmışdı.
Həqiqətin bu cür təhrif olunması aclıq ustasına yaxşı tanış olsa da, hər dəfə onu özündən çıxarırdı. Aclığın vaxtından əvvəl dayandırılmasının nəticəsi burada səbəb kimi təqdim olunurdu. Bu cür axmaqlığa, belə səfeh düşüncə tərzinə qarşı mübarizə aparmaq mümkün deyildi. Hər dəfə də dəmir barmaqlıqlardan yapışaraq inzibatçının dediklərinə həvəslə, ümidlə qulaq asır, ancaq şəkil ortaya çıxan kimi əllərini barmaqlıqlardan çəkir, köksünü ötürərək samanın üstünə yıxılırdı. Sakitləşən tamaşaçılar təzədən qəfəsə yaxınlaşıb ona baxırdılar.
Belə səhnələrin şahidləri sonralar bu barədə düşünəndə mat qalırdılar. Çünki əvvəlcə haqqında danışdığımız dönüklük artıq başlamışdı. Özü də, demək olar ki, qəfildən. Yəqin ki, bunun kökləri dərində idi, ancaq heç kəs o dərinliklərə varmağa həvəs göstərmirdi. Ona görə də günlərin birində əyləncə axtaran tamaşaçılar bu ərköyün aclıq ustasını tək qoydular, başqa əyləncə yerinə axışdılar. İnzibatçı bir dəfə də onu yanına salıb Avropanın yarısını gəzdi ki, bəlkə, insanlardakı o köhnə marağı haradasa oyada bildi. Ancaq heç nə alınmadı. Elə bil hər yerdə gizlincə sözləşmişdilər ki, aclıq ustasına baxmağa getməsinlər.
Əlbəttə, bu məsələ birdən-birə belə həddə çata bilməzdi və indi yadlarına düşürdü ki, uğurlardan beyinləri dumanlanan vaxtlarda dönüşün bəzi əlamətləri özünü büruzə verirdi, ancaq onları saya salmır, heç bir tədbir görmürdülər. İndi isə gec idi. Düzdür, dəqiq bilinirdi ki, bu sənətə maraq nə vaxtsa təzədən yaranacaq, ancaq indikilər o günü görə bilməzdi. Belə olan halda aclıq ustası nə etməli idi? Əlbəttə, minlərlə tamaşaçının alqışladığı bir adam indi balaca yarmarkalarda quraşdırılmış balaqanlarda çıxış edə bilməzdi və sənətini dəyişmək üçün də yalnız yaşı ötməmişdi, həm də ac qalmaq sənətinə vurğunluğu buna imkan vermirdi. Beləliklə, aclıq ustası inzibatçı ilə – həyatının əvəzsiz yol yolçusu ilə vidalaşdı, böyük bir sirk truppası ilə işləməyə başladı. Özünü sındırmamaq üçün hətta müqavilənin şərtlərini də oxumadı.
İşçilərinin, heyvanlarının, inzibatçılarının sayı çox olan, artistləri tez-tez dəyişən, yeniləşən belə böyük sirkdə həmişə kiməsə ehtiyac vardı və həmin adam aclıq ustası da ola bilərdi, ancaq bu şərtlə ki, iddiası böyük olmasın. Aclıq ustasının işə götürülməsi həm də xüsusi hal hesab olunurdu, bu zaman onun özü ilə bərabər, keçmiş şöhrəti də böyük rol oynamışdı, yəni özü yaşlaşsa da, qeyri-adi sənəti qocalmamışdı və demək olmazdı ki, vaxtı ötmüş, bacarığının zirvə nöqtəsinə bir daha qalxa bilməyən bir sənətkar sirkin hansısa sakit guşəsinə çəkilib gününü keçirir. Əksinə, o hamını inandırırdı ki, əvvəlki kimi aclığa dözə bilər, hətta deyirdi ki, onu öz ixtiyarına buraxsalar (əslində, mane olan yox idi) hələ bundan sonra da dünyanı heyrətə salar, nəyə qadir olduğunu göstərər. Ancaq hissə qapılan aclıq ustası unudurdu ki, o dövrlər keçib-gedib, ona görə də mütəxəssislər onun bu iddiasını təbəssümlə qarşılayırdılar.
Əslində, aclıq ustasının özü də vəziyyətin dəyişdiyini görür, onun qəfəsinin şah nömrələrdən biri kimi manejin ortasına deyil, bayıra – gediş-gəlişi çox olan tövlələrin yanına qoyulmasını da təbii qəbul edirdi. Qəfəsin üstündəki iri, əlvan hərflərlə yazılmış bildirişlər onun içində kimin oturduğunu tamaşaçılara nişan verirdi. Camaat fasilələr zamanı heyvanlara baxmaq üçün tövlələrə tərəf axışanda mütləq aclıq ustasının yanından keçməli olur, bir anlığa ayaq saxlayıb ona baxırdı. Onlar, bəlkə də, bu qəfəsin qarşısında çox dayanardılar, ancaq tövlələrə gedən yol dar olduğundan basabas düşürdü, heyvanları görməyə tələsənlər qabaqdakıların niyə dayandığını başa düşmürdü, ona görə də dayanıb aclıq ustasına arxayın tamaşa etmək mümkün olmurdu.
Elə buna görə də ustadın ən böyük arzusu tamaşaçıların diqqətini özünə cəlb etmək olsa da, həmin an gəlib çatanda onu əsmǝcə tuturdu. İlk günlər fasilələri səbirsizliklə gözləyir, sevinc içində ona tərəf axışan adamlara baxırdı, ancaq tezliklə məlum oldu ki, özünü aldadır, həqiqət başqa cürdür və bir daha əmin oldu ki, ona tərəf gələnlərin istisnasız hamısının niyyəti heyvanlara tamaşa etməkdir. Belə olan halda onlara uzaqdan baxmaq daha yaxşı idi, tamaşaçılar ona çatan kimi iki "cəbhə"yə bölünənlərin qışqırtısı, söyüşləri başlayırdı. Bəziləri dayanıb ona arxayın baxmaq istəyir (ancaq bunu ustadın qabiliyyətini qiymətləndirdikləri üçün deyil, yalnız inadkarlıq, əyləncə xatirinə etdikləri üçün tezliklə onlardan zəhləsi getməyə başladı), bəziləri isə heyvanlara baxmağa tələsirdi. Camaatın çoxu çəkilib gedəndən sonra gecikənlər gəlirdi və onları heç kəs tələsdirmirdi, istədikləri qədər dayanıb baxa bilərdilər.
Ancaq onlar iti addımlarla, demək olar ki, ona fikir vermədən keçib gedirdilər ki, heyvanlara baxmağa gecikməsinlər. Çox təsadüfi hallarda hansısa ata uşaqlarını bura gətirir, barmağı ilə onu göstərib burada niyə oturduğunu başa salırdı, keçmişdən danışırdı. Deyirdi ki, belə tamaşalarda çox olub, ancaq indiki onlarla müqayisə oluna bilməz, ondan daha gözəl idi. Nə məktəbdə, nə də həyatda belə tamaşalara kifayət qədər yaxşı hazırlanmamış uşaqlar isə gözlərini döyə-döyə qalırdılar: axı bu aclıq kimə, nəyə lazım idi? Ancaq onların parıldayan gözlərindən hiss olunurdu ki, o gözəl dövrlər təzədən qayıda bilər. Aclıq ustası hərdən öz-özünə deyirdi ki, bəlkə də, qəfəsi tövlələrə yaxın yerdə qoyulmasaydı, daha yaxşı olardı. Onda adamlar rahatca seçim edə bilərdilər, üstəlik də tövlələrdən gələn peyin iyi, gecələr heyvanların böyürtüsü, vəhşi heyvanlara gətirilən çiy ətin qoxusu, hay-küy onu bu qədər narahat etməzdi, incitməzdi. Ancaq bu barədə rəhbərliyə nəsə deməyə cəsarət etmirdi.
Digər tərəfdən də ona bu qədər adamın baxmasına görə heyvanlara minnətdar olmalı idi. Bəlkə onların arasında yalnız ona tamaşa etməyə gələnlər də tapılardı və bir də, kim bilir, onu hansı küncə qoyardılar... Həm də rəhbərliyin yadına salardı ki, əslində, heyvanlara baxmağa gedənlərə maneçilik törədir.
Yeri gəlmişkən, az da olsa, maneçilik törədir, ancaq bu, gündən-günə azalırdı. Belə bir dövrdə adamların diqqətini aclıq ustasına yönəltmək cəhdi hamıya qəribə gəlsə də, camaat getdikcə buna öyrəşməyə başladı və beləliklə də, aclıq ustasının taleyi həll olundu. İndi bacardığı qədər, istədiyi kimi ac qala bilərdi va belə də edirdi, ancaq onu xilas etmək daha mümkün deyildi, heç kəs ona tərəf baxmırdı. Axı kimə başa salmaq olardı ki, ac qalmaq sənəti nə deməkdir? Bunu hiss eləməyən adama başa salmaq olmazdı!
Beləliklə, bər-bəzəkli reklamlar çirkləndi, oxunmaz oldu, hamısını dartıb qopartdılar, onları təzələmək heç kəsin ağlına gəlmədi. Ac qaldığı günlərin sayı dəqiq qeyd olunan lövhədəki rəqəm də dəyişdirilmədi, çünki sirkin işçiləri də bir-iki həftədən sonra bezdilər. Beləliklə, o, bir vaxtlar arzuladığı kimi aclığı davam etdirdi, bir vaxtlar dediyi kimi heç bir çətinlik də çəkmədi, ancaq günləri sayan olmadı, hətta özü də bilmədi ki, neçə gün ac qalıb və buna görə də ürəyi ağrıdı. Hərdən hansısa avara qəfəsin qarşısında ayaq saxlayıb köhnə rəqəmə baxa-baxa onu ələ salır, fırıldaqçı adlandırırdı, ancaq bu, ağ yalan idi, yalnız hər şeyə biganə, qanında xəbislik olan adamlar belə düşünə bilərdi, çünki aclıq ustası heç kəsi aldatmır, öz vəzifəsini vicdanla yerinə yetirirdi, əksinə, bu dünya onu aldadır, halal haqqını özünə vermirdi.
Beləliklə, yenə xeyli vaxt keçdi və günlərin bir günü bu vaxt da sona çatdı. Qəfəs heyvanların nəzarətçisinin gözünə sataşanda xidmətçilərdən soruşdu ki, içində quru samandan başqa heç nə olmayan təptəzə qəfəsi burada niyə istifadəsiz saxlayırlar? Heç biri cavab verə bilmədi, sonra hansısa üstünə rəqəm yazılmış lövhəni görəndə aclıq ustası yadına düşdü. Ağacla samanı qurdalayanda onun arasında aclıq ustasını gördülər.
–­ Sən hələ də aclığı davam etdirirsən? - deyə nəzarətçi təəccübləndi. Bunu nə vaxt dayandıracaqsan?
– Hamınızdan üzr istəyirəm, məni bağışlayın... – aclıq ustası elə pıçıldadı ki, onu yalnız qulaqlarını qəfəsə dirəmiş nəzarətçi eşidə bildi.
– Bu nə sözdür?! - deyə nəzarətçi əlini başına tərəf apraraq yanındakılara işarə etdi ki, ustadın vəziyyəti ağırdı. Əlbəttə, bağışlayırıq...
– Həmişə istəmişəm ki, mənim ac qalmaq məharətimə heyran olasınız...
– Biz heyranıq. – nəzarətçi dərhal cavab verdi.
– Ancaq gǝrǝk heyran olmayaydınız...
– Elə isə heyran olmarıq... Yaxşı, niyə heyran olmayaq?
– Çünki mən ac qalmalıyam, başqa yolum yoxdur.
– İşə bax... Niyə başqa yolun yoxdur ki?
– Çünki... – aclıq ustası başını azacıq yuxarı qaldırdı, yumrulanmış dodaqlarını (elə bil nəzarətçini öpməyə hazırlaşırdı) onun qulaqlarına yaxınlaşdırdı. İstəyirdi ki, dediklərinin hamısını eşitsin. – Çünki xoşuma gələn xörək yoxdur. Beləsini tapsaydım, inan ki, özümü naza qoymazdım, sənin kimi, başqaları kimi doyunca yeyərdim.
Bu, aclıq ustasının son sözləri oldu, ancaq onun ölgün gözlərində həmişəki məğrurluq ifadəsi olmasa da, möhkəm bir inam vardı ki, hələ də aclığa dözə bilər...
– Buraları qaydaya salın! - nəzarətçi göstəriş verdi.
Və aclıq ustasını samanqarışıq dəfn etdilər...
Qəfəsə isə cavan bir bəbir saldılar. Ən küt adamlar da çoxdan boş qalmış bu böyük qəfəsdə özünü ora-bura çırpan vəhşi heyvanı görəndə rahatlıqla nəfəs aldılar. Bəbir kefdə idi. Xidmətçilər ona hər gün dadlı yeməklər verirdilər. Deyəsən, heç azadlıq da yadına düşmürdü. Sanki onun yırtmaq, parçalamaq üçün yaranmış gözəl bədəni azadlığını da özü ilə gəzdirirdi, onu dişlərində gizlətmişdi və cəhəngin də alışıb-yanan həyat həvəsi ona baxanları qorxuya salırdı. Ancaq tamaşaçılar bu qorxunu dəf edərək qəfəsin ətrafında basabas salır, oradan aralanmaq istəmirdilər...

# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #