Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”

Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”
4 avqust 2021
# 10:03

Kulis.az yazıçı-esseist Əli Novruzovun Sahilə Yayanın “Şeyx” romanı haqqında yazdığı “Ferrarisini satan Şeyx” yazısını təqdim edir.

Romanın adı Şeyx, müəllifin soyadı əvəzinə türkcə təxəllüs – Yaya, yəni piyada. Kitabın annotasiyası azərbaycanlı Şumeysatla erməni Sənanın mürəkkəb münasibətləri haqqında bir romanın anonsunu verir.

ŞeyxSənan sözləri oxucuda müəyyən bir təsəvvür yaratmaq üçün artıq kifayətdir. Müəllif Sahilə Yaya müasir Şeyx Sənan dastanı yazmağa iddialıdır. Müəllif öz qarşısına çətin bir vəzifə qoyub və onun vəzifəsi həm də buna görə çətindir ki, müasir Azərbaycan ədəbiyyatında Şeyx Sənan mövzusunda şedevr saya biləcəyimiz əsər artıq mövcuddur – Hüseyn Cavidin eyniadlı dramı.

Şeyx Sənan mövzusunda yazmağın plankasını Hüseyn Cavid artıq müəyyən edib. Bu mövzuda yeni əsər yazmaq istəyən müəllifin həmin plankadan aşağı düşməyə ixtiyarı varmı? Görəsən Sahilə Yaya öz qarşına qoyduğu bu vəzifənin öhdəsindən layiqincə gələ biləcəkmi?

Sahilə Yayanın qarşısında çox ağır yol görünür. Klassik tərzdə yazacaqsa, ən azından Hüseyn Cavid səviyyəsində bir əsər ərsəyə gətirməlidir. Üslubda, yanaşmada, forma və məzmunda Hüseyn Caviddən tamam fərqli, amma sənətkarlıqda ona bərabər bir əsər yazmalıdır; bu mövzunu dövrümüzün ideya və baxışları, ədəbi çağırışları və estetik prinsiplərinə uyğun şəkildə yenidən işləməli, milli ədəbiyyatda başqa bir Şeyx Sənan yaratmalıdır. Yaxud da Şeyx Sənan mövzusunu post-modern dekonstruksiya prosesindən keçirib tamamilə yeni bir əsər ortaya qoymalı, bununla da Hüseyn Cavidin klassik əsəri ilə sənətkarlıq baxımından hər cür müqayisə cəhdlərini kökündən kəsməlidir.

Romanı oxumağa başlayan kimi yuxarıdakı suallara müsbət cavab almağın çətin olacağına dair ilkin təəssürat formalaşır. Elə ilk səhifədə baş qəhrəman donuz sosiskası yeyir, transseksuallardan bəhs edən filmin qala gecəsində iştirak edir, latın rəqsləri oynanılan diskotekada ayaqlarını yorur. Belə məlum olur ki, Şumeysat öz sevgilisindən cəmi üç ay əvvəl ayrılıb – birinci fəslin giriş hissəsi başa çatmamış Şumeysatın başqa keçmiş sevgililərinin olduğunu da öyrənəcəyik. İlk səhifənin ən sonucu sətrində baş qəhrəman bu dəfə otel otağında şkafdan İncili götürüb bütün gecəni oxuyur. Bir sözlə, Şeyx Sənanın öz sevgisi uğrunda uzun illər boyunca sinə gərdiyi bütün məşəqqətləri və imtahanları Şumeysat həyat tərzi kimi, mexaniki qaydada artıq ilk səhifədə icra edir.

Bu zaman haqlı olaraq belə bir sual yaranır: donuz əti yeyən, transseksuallarla bağlı tədbirlərdə iştirak edən, diskotekalarda ayağını yoran, sevgililərini əlcək kimi dəyişən azərbaycanlı Şumeysatın erməni Sənanla yekunda qovuşmasına onda hansı imtahanlar, məşəqqətlər, keçilməz sədlər mane olacaq? Axı biz qarşımızda kifayət qədər kosmopolit bir obraz görürük. Üstəlik, birinci fəslin girişində bu kosmopolit azərbaycanlı obraz uşaqlıqdan tanıdığı və əlaqəni itirdiyi erməni Sənanla Almaniyada qatar vaqonunda yenidən rastlaşır, xeyli sevinir, onunla Qara meşə regionunda ucqar bir qəsəbəyə gedir və bu ucqar qəsəbədə yalqız olmadığını xatırlayıb rahatlaşır.

Müəllifin hələ oynamadığı yeganə kart – etnik mənsubiyyət bu kosmopolit obraz üçün bu qədərmi əhəmiyyətli faktora çevriləcək?

Bir sözlə, müəllif özünü böyük bir dolaşığa salır, çözülməsi mürəkkəb bir düyün vurur. Əsər boyu bu düyünü açmaq müəllifdən həm ürək, həm də böyük sənətkarlıq tələb edəcək. Görəsən müəllif bu tələbləri qarşılaya biləcəkmi?

Bu yerdə romanın strukturu haqqında bir neçə kəlmə deməyin məqamı yetişib. Şeyx romanı üç fərqli zaman kəsimində baş verən hadisələri əhatə edir.

Romanın birinci qatında hadisələr çağdaş günümüzün Almaniyasında baş verir. Əsərin baş qəhrəmanı Şumeysat media təlimində iştirak etmək üçün Almaniyaya gəlir və heç gözləmədiyi halda qatar vaqonunda Bakıdan tanıdığı Sənanla rastlaşır. Şumeysatla Sənanın illər sonra gözlənilməz görüşü və sonrakı əhvalatlar birinci qatın süjet xəttini təşkil edir.

Şumeysatın Sənana təkrar rast gəlməsi onun keçmiş xatirələrini oyadır və Şumeysat 90-ci illərdə Bakıda keçirdiyi uşaqlıq illərini yada salmağa başlayır. Beləliklə, romanın ikinci qatı Şumeysatın uşaqlıq illərini təsvir edir.

Şumeysat həm də yazıçıdır. Şeyx Sənan haqqında roman yazır. Şeyx romanının üçüncü qatı da Şumeysatın yazdığı bu romandan ibarətdir. Romanın üçüncü qatı bizi uzaq X əsrə, Şeyx Sənanın dövrünə səyahətə aparan bu roman içində romandır.

Bir sözlə, Sahilə Yaya Elif Şafakdan nəinki möhkəm təsirlənir, həm də onun Aşk romanını yamsılayır, şparqalka kimi üzünü köçürməyə çalışır. Aşk romanı kimi Şeyx romanı da sufilik və sevgi mövzusu üzərində qurulur. Sadəcə ŞəmsMövlanəni burada Şeyx Sənan əvəz edir, redaktor Ella isə yazıçı Şumeysatla yer dəyişir. Sahilə Yaya sanki Elif Şafakın romanını təbdil edir, öz romanını yazarkən Fəridəddin ƏttarHüseyn Cavidə nəzər salmaqdan daha çox Aşk romanını vərəqləyir.

Doğrudur, romanın bir yerində Şumeysat uşaq vaxtı Fəridəddin Əttarın Şeyx Sənan əsərini kiril qrafikası ilə Azərbaycan dilində oxuduğunu bildirir, amma Əttarın belə bir əsəri, təəssüf ki, yoxdur. Şeyx Sənan rəvayəti isə Əttarın Quşların söhbəti əsərində nəql edilir və bu əsər, yanılmıramsa, Azərbaycan dilində hələ nəşr olunmayıb.

Yazının əvvəlində bu mövzu üçün plankanı Hüseyn Cavidin müəyyən etdiyini və Sahilə Yayanın ən azı bu plankaya çatmalı olduğunu qeyd etmişdim. Lakin Sahilə Yaya özü üçün planka olaraq Elif Şafakı seçir – Şeyx romanı sənətkarlıqda ən azı Aşk romanına bərabər olmalıdır. Müəllif öz plankasını özü xeyli aşağı salır.

Romanın çağdaş dövrümüzdən bəhs edən qatı çox pis işlənmiş belletristikadır. Bu hissələr o qədər zəif yazılıb ki, onu çox rahatlıqla malletristika da adlandıra bilərik. Şumeysat gəldi, Şumeysat getdi, durdu, oturdu, boğazına şərfi doladı, qapını açdı, qapını bağladı, ridikülünü çıxarıb üzünə ənlik-kirşan çəkdi. Şumeysatın psixoloji dərinliyi yoxdur, bizim qarşımızda, ifadəmə görə dönə-dönə üzr istəyirəm, dikdaban geymiş bir финтифлюшка dayanıb. Bu cür dayaz obraz qətiyyən Şeyx Sənanın iztirablarını yaşayacaq, dərk edəcək, şüurlu şəkildə anlayacaq potensialda deyil.

Şumeysat həm də çox zəif yazıçıdır. Onun yazdığı roman – Şeyx Sənandan bəhs edən qat dəhşətli dərəcədə səthi, uşaqvarı mətndir, başdan ayağa stereotiplər və anaxronizmlər karnavalıdır. X əsrdən bəhs etməli olan bu hissədə, formalist məktəbin terminləri ilə desək, süjet (plot) yerli-dibli yoxdur, sadəcə fabula (story) var. Bu mətni yazmaq üçün yazıçı olmağa gərək yoxdur. Bəlkə Sahilə Yaya özü də qeyri-şüuri səviyyədə bu problemdən agahdır, ona görə də hər iki səhifədən bir Şumeysat yazıçı olması barədə dünya-aləmə və hətta balaca uşaqlara car çəkir, ürəyində fikirləşir, yuxusunda görür, ötəri qeyd edir, Sənan və başqa obrazların dilindən təkrarladır (“mən də yazıçıyam”, “sən yazıçısan”, “siz yazıçısız”, “yazmağım mənim namazımdır”, “mən xislətən yazıçıyam”, “mənim yazıçılığım”,yazıçı beyni” və s. və i. a.).

Şumeysat kimi onun yaratdığı Şeyx Sənan obrazı da əslində karikaturadır. X əsrdə Məkkədə yaşayan Şeyx Sənan Konfutsi ilə qiyabi mükaliməyə girir, əski türk inancları ilə maraqlanır – halbuki, X əsrdə türklərin müsəlman dünyası ilə kütləvi təması yeni başlayırdı, onların mütləq əksəriyyəti hələ İslam dinini qəbul etməmişdi, onların inancları bizim üçün əskidir, Şeyx Sənan üçün isə çağdaş olmalı idi. Şeyx Sənan özü 30 yaşına yenicə qədəm qoysa da, xilafətin dörd bir yanına elm dalınca getməyə imkan tapıb – təsəvvür edin, təyyarə və qatarların olmadığı bir dövrdə Əfqanıstan və Hindistandan Mərakeş və İspaniyaya qədər böyük ərazinin elm ocaqlarını bir-bir gəzib, alimlərdən dərs alıb, mühazirələrə qulaq asıb.

Şeyx Sənan debat klubu təşkil edib öz tələbələrini yarışdırır, sonra onların çıxışlarına qiymət verir; üç aylıq kurslarda müridlər yetişdirib onları dünyanın hər yerinə yollayır. Müridləri nərd oynayır və Şeyx Sənan onları fərəhlə izləyir – zərlə oynanılan bütün oyunlar İslamda birmənalı günahdır. X əsrdə yaşayan Şeyx Sənanın tələbələri İbn Sina ilə Bəhmənyarı müzakirə edirlər, halbuki İbn Sina öz əsas əsərlərini 1012-ci, Bəhmənyar isə 1024-cü ildən sonra, yəni hər ikisi XI əsrdə yazıb. Əsərin başqa bir yerində İbn əl-Ravəndinin hələ sağ olduğu məlum olur. Ravəndi 911-ci ildə vəfat edəndə nə İbn Sina, nə Bəhmənyar hələ anadan olmamışdı.

Şeyx Sənan İslam dini haqqında XIX əsr Avropa şərqşünaslarının tezisləri ilə danışır. Əsərin ən əcaib yerlərindən biri Şeyx Sənanın öz icması və Şeyxlər Şeyxi qarşısında çıxış edərək Allahın əvvəllər üç bütdən biri olduğu, sonra ərəblərin digər iki bütü rədd edib yalnız onu saxlaması, amma yenidən politeizmə qurşanması və Məhəmməd peyğəmbərin zühur edib Allahı yenidən tək tanrı kimi bərqərar etməsi haqqında oriyentalist təhlillər verməsidir. İcma bu çıxışdan nəinki məst olur, hətta Şeyxlər Şeyxi qərara gəlir ki, öz yeganə qızını bu ağıllı və savadlı – gənc və perspektivli oğlana ərə versin. Hadisə də vaqe olur X əsrin Məkkəsində.

Təkcə qalır Şeyx Sənanın yoqa ilə məşğul olması, müridlərinə mindfulness dərsləri verməsi, yaşam koçu kimi Instagram-da canlı yayıma çıxması.

İslam haqqında bu cür stereotip və klişelər, yanlış və gülməli bilgilər təkcə Şumeysatın düşüncə problemi deyil. Sahilə Yaya da İslam haqqında, yumşaq desək, məlumatsızdır. Sahilə Yayanın məlumatsızlığı bəzən elə adi situasiyalarda üzə çıxır ki, insan sadəcə heyrət edir. Məsələn, əsərin bir yerində çeçenlərin Şumeysatgilə möhür hədiyyə etməsi barədə adam karıxdıran cümlə var.

Müəllifin diqqətinə çatdırmaq lazımdır ki, çeçenlər bir qayda olaraq sünnidir və hətta sünniliyin sərt axınlarına mənsubdur. Möhür isə şiə müsəlmanların atributlarındandır. Möhür barəsində sünnilər və şiələr arasında heç də kiçik olmayan ixtilaf var. Sünni çeçenlərin bir dünyəvi azərbaycanlı ailəsinə möhür hədiyyə etməsi nə qədər inanılandır?

Ümumiyyətlə, İslam haqqında Azərbaycan cəmiyyətində həqiqətə uyğun olmayan iki uc stereotipik düşüncə tərzi var. Birinci düşüncə tərzi İslamı qəddar, əzazil, hər kəsin hüquqlarını tapdalayan, qadınların azadlığını boğan, az qala mütləq ədalətsizlik yaradan siyasi ideologiya hesab edir. İkinci düşüncə tərzi isə İslamı yalnız və yalnız sülh və qardaşlıq dini, pasifist və tolerant ideologiya kimi görür – yəni dində məcburiyyət yoxdur, qadınların başını bağlaması İslamda yoxdur, cihad ancaq intellektual və metaforik anlayışdır, peyğəmbərimiz onu təhqir edən müşrikləri bağışlayıb bağrına basıb və s. və i. a.

Əslində İslam dini bu iki uc yanaşmaya sığmayacaq qədər mürəkkəb və kompleks fenomendir. Bəli, əlbəttə, İslamda birgəyaşayış var, amma cihad da var. Quran dində məcburiyyət yoxdur deyir, amma müşrikləri harada görsəniz öldürün deyən qılınc ayəsi də var. İslam təkcə müqəddəs ayələrin, hədislərin, hökmlər, qadağaların məcmusu deyil, İslam həm də müəyyən tarixi şəraitdə formalaşmış, 1500 illik bir zaman kəsiyinin təsirini öz üzərində daşıyan, çoxsaylı interpretasiya və variasiyalarda mövcud olan siyasi və ictimai təsisatdır.

Sahilə Yaya İslamı kompleks şəkildə, bir bütün olaraq başa düşə bilmir, əvəzində özünün İslam haqqında stereotiplərini və klişelərini (yuxarıda haqqında danışılan ikinci yanaşma), həmçinin İslamı necə görmək istədiyini Şeyx Sənana proyeksiya edir.

Sahilə Yayanın Şeyx kitabını tam bir makulatura olmaqdan xilas edən yeganə tərəfi romanın 90-cı illərdən bəhs edən qatıdır. Şumeysatın 90-cı illərdə Bakıda (əslində isə mətndən anlaşıldığı kimi Sumqayıtda) keçən uşaqlığı haqqında bu hissələr həqiqətən də ürəklə və səmimi yazılıb. Həyat və varlıq öz mürəkkəbliyi və barışmaz ziddiyyətləri ilə bu hissələrdə dolğun şəkildə inikas edir. Hiss olunur ki, müəllifin obrazlarının və hekayələrinin ən azı bəzilərinin gerçək həyatda prototipləri və orijinalları mövcud olub. Bu hissələri yazan müəllif oxucunun inamını və empatiyasını qazana bilir. Doğrudur, burada sentimentallığın barıtı bir qədər lazımından artıq olub, amma olsun, elə də böyük problem deyil.

Müəlliflərin bəzən riskli qərarlar verməsi ədəbiyyat tarixində təsir buraxan mühüm amillərdən biridir. Servantes əgər Don Kixotun kitabxanasının təftişi səhnəsi ilə öz əsərini bitirsəydi, öz dövrünün populyar janrlarından olan novella yazacaqdı. Nəticədə, bu gün bəlkə də roman janrı yerli-dibli olmaya bilərdi, ya da başqa bir formada mövcud olardı. Servantesin riskə gedərək yazmağa davam etməsi bir mənada əsərin xarakterini dəyişməklə bərabər, həm də ədəbiyyat tarixini dəyişmiş oldu.

Lakin təəssüf ki, mütləq hallarda müəlliflərin öz güclərini nəzərə almadan riskli qərarlar verməsi onların öz əsərlərini korlaması, məhv etməsi ilə nəticələnir. Sahilə Yaya da əgər Şeyx Sənan haqqında roman yazmaq kimi avantyuraya getməsəydi, sadəcə 90-cı illərdən bəhs edən hissələri bayağı sentimentallıqdan təmizləyərək konsolidasiya edib uzun hekayə yazsaydı, nəfis və gerçəkçi bir əsər yaratmış olardı.

Bütün bu yazılanlara yekun vursaq, Şeyx romanına nə qiymət vermək olar? Müəllifin niyyətinə görə romanda üç fərqli zaman kəsimində baş verən hadisələr bir-biri ilə bağlantı qurub bitkin bir əsərlə nəticələnməli idi, amma müəllif sənətkarlıq baxımından öz gücünü düzgün hesablamadığı üçün bu niyyətini həyata keçirməyə müvəffəq olmayıb. Şeyx Sənan haqqında olan hissələr müəllifin İslam və sufilik barəsində məlumatsızlığı səbəbindən tamamilə fiaskodur. Kitabın geri qalan qismi isə zəif yazılmış belletristika ilə havayı yerə israf edilmiş yaxşı xam yazıçı materialıdır. Bir sözlə, Şeyx romanı Şeyx Sənan mövzusunda yeni əsər kimi alınmayıb, sadəcə Şeyx Sənan mövzusunda yazmaq cəhdidir.

Nəhayət sonda yazının əsas sualına cavab verək: azərbaycanlı Şumeysatın erməni Sənanla yekunda qovuşmasına hansı imtahanlar, məşəqqətlər, keçilməz sədlər mane olur? Heç nə. Sənan eyvanda siqaret çəkən yerdə ürəyi tutur, yıxılıb ölür.

azlogos.eu

# 2493 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #