Yaxın qohum - Şahmarın hekayəsi

Yaxın qohum - Şahmarın hekayəsi
5 may 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı Şahmar Hüseynovu hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Yaxın qohum”dur.

Usub kişi yanvar ayında kolxoz sədri Əzimdən iki-üç günlüyə icazə aldı ki, Bakıya getsin; gedib o “binamus adam”dan, o “əclaf köpəkoğlu”ndan halalca pulunu alıb geri qayıtsın. Əzim icazə verdi, amma dedi ki, tez qayıt, ləngimə, özün bilirsən ki, səndən başqa kənddə dəllək yoxdur. Əzimin üz-başını daim Usub qırxardı. Evdə də arvadı Kübra tapşırdı ki, Usub sən allah, sən başın, mənə o iki manatlıq yun corablardan bir cüt alarsan, bir də düşsə, iki-üç dənə limon alarsan, bir də üç-dörd dənə “indeyski” çay alginən, yaxşı dəmi çıxır. Bir də nəsə tapşırmaq istədi, utana-utana Usubun üzünə baxıb güldü, lakin heç nə demədi.

O, axşam saat on birdə yola düşdü. Qatarda uzun müddət yata bilmədi. Uzandığı yerdə o üz-bu üzə çevrilir, öz-özünə deyirdi: “Çatan kimi yapışacağam yaxasından, deyəcəyəm, sən kişi deyilsən, sənin hulqumun yoxdur, tüpürəcəyəm üzünə”.

Səhər tezdən şəhərə çatdı. Qonşusu Müseyibin oğlu burada həm işləyir, həm də Neft və Kimya İnstitutunun axşam şöbəsində oxuyurdu. Onu tapdı. Ünvanı bilirdi. Müseyibin oğlu yataqxanada, öz yanında ona yer elədi. Həm də onu əmin elədi ki, sən darıxma, arxayın ol, Mamedi taparıq. İşdən tez gələrəm, gedərik onun iş yerinə, çağırarıq, deyərik ver pulu, verməyib nə deyəcək, ağzı nədir?

Sonra Usub otaqda tək qaldı. Səs-küylə dolu böyük bina tamam boşaldı. Dəhlizdən yır-yığış eləyən arvadların səsi gəlirdi. Yorğunluqdan, istidən gördü mürgüləyir, durub çarpayıda uzandı, yadına düşdü ki, axşamdan ağzına bir şey dəyməyib. Arvadı çamadana ayın-oyun qoymuşdu, tənbəllik elədi durmağa. Gördü onu yuxu basır, böyrü üstə çevrilib yatdı. Yuxudan duranda saata baxdı. Saat birdi. Bu vaxtlar o, işdə olardı. Könlü çay istədi. Çaydanı götürüb qapını açdı, uzun dəhlizlə getdi, getdi, sağda-solda nömrəli qapılar vardı, lap axırda, sol tərəfdə mətbəxdi. Çaydanı qazın üstünə qoydu, əl-üzünü yudu, sonra çaydan əlində qayıdıb, özünə çay süzdü. Sakitlikdi. Oturub buğlanan çaya, çılpaq divarlara, qapının ağzında soyunduğu ayaqqabılarına baxıb-baxıb başını buladı və:

- Bu nə işdir, düşdüm, - dedi.

Dediyi bu iş bir il bundan qabaq olmuşdu, hələ bir ildən də çox. Onda Usubun oğlu Şirin onuncu sinfi yenicə bitirmişdi. Usub kişi də ürəyində əhd eləmişdi ki, oğlu Bakıya getməlidir, orda Müseyibin oğlu oxuduğu instituta girməlidir, vəssalam. Sədr də, Kübra da tanış-bilişlər də dedilər ki, ay Usub, bəlkə elə uşağı (on səkkiz yaşlı uşaq olar?) götürəsən öz yanına, bilmək olmaz, dünya ölüm-itimdir, kəndi də, camaatı da fikirləşmək lazımdır. Usub dedi, yox ki yox. Bir cümə axşamı Usub Müseyibi də, Müseyibin oğlu Dünyamalını da qonaq çağırdı, yeməkdən-içməkdən sonra dedi ki, Müseyib, sən ölənlərinin goru, düzünü de görüm, bu gədənin institutuna nə qədər haqq-hesab gedib? Müseyib çörəyə and içdi ki, bir qara qəpik də getməyib. Usub inanmadı. Müseyib əzizlərinin canına and içdi, ölənlərinin ruhuna and içdi, qurana and içdi.

Usub:

- Azdırma məni, - dedi. – Demirsən, demə, öz işindir, amma bir tanış tap, neçəyə olursa-olsun, gədəni düzəldim instituta.

Müseyib:

- Əyə, mən gözümü açandan bu kənddən qırağa çıxmamışam, - deyə gözünü döydü. – Nə tanış, nə biliş, nə institut?

Usub dedi ki, Müseyib, qırx ildir qonşuyuq, iyirmi-otuz ildir üzünü-başını qırxıram, qonşuluqda bu, yaxşı iş deyil.

Müseyib yazıq bilmədi ki, bu yaxşı olmayan nədir?

Bu vaxt Müseyibin oğlu Dünyamalı dedi:

- Mən elə bir adam tanıyıram, mənim kurs yoldaşlarımdan birinin belə bir tanışı var.

Bəli, keçən il iyul ayında Usub oğlu Şirinlə Bakıya, Dünyamalının yanına gəldi. Həmin adamı tapdılar. Əsil adı Məhəmməddi, Mamed deyirdilər. Danışıb razılaşdılar. Mamed iki minə boyun oldu ki, oğlun bu ildən institutun “avtomatika” fakültəsində oxuyacaq. Axşamüstü idi, bərk də bürkü vardı, onlar bağda oturmuşdular. Bağın adı Usubun yadından çıxıb. Mamed danışırdı. Usub da zəndlə ona baxırdı. Mamed qəşəng geyinmişdi: ütülü qara şalvar, qara ayaqqabı, qar kimi dümağ yarımqol köynək. Üzü elə təmiz qırxılmışdı ki, Usub kolxoz sədrinin, məktəb direktorunun, rayondan gələn qonaqların üzünü işindən ləzzət ala-ala belə təmiz qırxardı.

Mamedin əlində qatlanmış qəzet vardı, danışdıqca qəzeti əlində oynadırdı. Hərdən də qəzeti yüngülcə dizinə çırpırdı. Ordaca Mamed Şirinə fizikadan, ədəbiyyatdan bir neçə sual verdi, dedi ki, ədəbiyyat heç, amma fizikaya fikir ver. Əmanəti aldı, əlindəki qəzetə bükdü, birinci imtahandan Usubun oğlu kəsildi. Mamed dedi, müəllimi dəyişdiriblər. Usub pulu aldı, amma üç yüz manat əskikdi. “Üç yüz manat bir yaxşı inəyin puludur”. Mamed dedi ki, borca vermirəm, bir-iki günə qaytarram. Bir-iki gün vurub ili keçdi. Mamed pulu hələ də verir, yenə də verir. Usub neçə dəfə onun iş yerinə zəng elətdirdi, məktub yazdı, bir şey çıxmadı.

Saat üçdə o, Dünyamalıya Mamed işləyən binanın qabağındaydı. Dünyamalı, başına buxara papaq qoymuş aşığa oxşayan qapıçı kişidən Mamedi soruşdu. Kişi də:

- Nə Mamed? – dedi.

- Mamed Kərimov.

- Hansı şöbədə işləyir?

- Bilmirəm.

Kişi harasa zəng vurdu, danışdı. “Hə-hə” elədi, “yox-yox” dedi, dəstəyi qoyandan sonra “gözləyin”, - dedi.

Əlləri cibində, gözləri oynayan qəşəng bir oğlan pilləkənlərlə aşağı düşdü, bir Dünyamalıya baxdı, bir Usub kişiyə. Əl verib görüşdü, dedi ki, bivaxt gəlibsiniz, Mamed burda deyil, bir həftəliyə rayona ezamiyyətə gedib. Dünən gəlsəydiniz, burdaydı, axşam yola düşüb.

Usub:

- Ola bilməz. – dedi.

Oğlan incimiş halda lap ciddi:

- Ay əmi, - dedi. – Atam yerində kişisiniz, durub indi mən sizə yalan deyəcəm? – Oğlanın duruşundan, sözləri deyəndə üzünün ifadəsindən, əllərini yana açmağından Usub utanıb xəcalət çəkdi.

Qayıdanda o:

- Mən neyləyim, a Dünyamalı? – deyə soruşdu.

Dünyamalı dedi:

- Gözləməkdən başqa əlacımız yoxdur.

- Ə, bəs mənim işim-gücüm? Əzimə nə deyəcəyəm, nə cavab verəcəyəm?

Dünyamalı dinmədi.

- Pul da mənə bax, belə lazımdır. – O, əlini boğazına çəkdi. – Evi düzəltməliyəm, gədə də hər ay məndən pul istəyir.

Şirini o, rayonda açılan texniki peşə məktəblərindən birinə qoymuşdu. Amma pulun bərk lazım olduğunu yalan deyirdi.

Dörd gün keçdi.

O, şəhəri gəzir, evlərə, adamlara tamaşa eləyir, qışın belə quraq keçməsindən qorxur, günorta ətli “perajki”lərdən alıb yeyir, “qastronom”larda adamların növbəyə durmasına, qışqıra-qışqıra danışmalarına təəccüblə baxırdı. O, kənddə danışmaq üçün şəhərdə mümkün qədər çox şey görmək, eşitmək istəyirdi. Qəribə burasıydı ki, son iki gündə kənd və kənddəki işi yadına düşmürdü. Elə bil avaralanmaq ürəyindəydi.

Dördüncü günün axşamı ona dedilər ki, səni telefona çağırılar. O, heyrət içində aşağı düşdü. Gözətçi arvad gözüylə dəstəyi göstərdi.

Usubun bu arvaddan zəhləsi gedirdi. Üzü gülməyən, acıdil arvada baxmadan dəstəyi götürdü.

- Bəli, - dedi.

- Usubdur?

- Hə, mənəm.

- Sən Usubsan?

- Hə, Usubam.

- Ə, səndə ağıl var, düşüncə var heç? Ə, yekə adamsan, bu nə işdi sən bizim başımıza gətirirsən?

Səs tanış gəlirdi, amma Usub nə illah eləyirdi tanısın, tanıya bilmirdi.

- Kimdir danışan?

- Canına azardır danışan, dərddir danışan. O boyda kişi atdana-atdana durub gedib burdan ora... Nə var, ə, orda, nə itiyin itib orda sənin?

Fikirləşdi ki, bəlkə Əsgərdi. Əsgər mühasibdir, özü də möhkəm zarafatcıldılar.

- Əsgər, sənsən?

- Nə Əsgər, ə? Əsgər də sənin tayındır. Köpək oğluyam, sənə bir toy tutum ki, bütün kənd tamaşasına yığılsın.

Usub Əzimi indi tanıdı. Hədəsindən tanıdı, dinmədi. Əzim elə qışqırdı ki, onun sözlərini gözətçi arvad da eşidirdi. Usub gördü ki, arvad bu sözlərdən ləzzət alır, onun gözlərinin ağ kirpikləri duyduğu ləzzətdən tez-tez qırpılır. Əzim lap qızışdı. Usub bildi ki, indi o, söyüşə keçəcək. Xasiyyətinə bələddi, dəstəyi qoydu, səs kəsilən tək: “indi qışqır”, - dedi və arvada baxmadan, sağ ol demədən pilləkənə sarı getdi. Pilləkənlə qalxıb, dəhlizlə gedəndə Əzimin indi orda söyüb-söyləndiyini ağlına gətirdi, neçə gündə duyduğu yüngüllüyün yox olduğunu, ürək ağrıdan bir kədərin onu bürüdüyünü hiss etdi.

O biri gün səhərdən axşamadək evdən bayıra çıxmadı; beli-böyrü ağrıyana kimi uzandı, siqaret çəkdi, durub oturdu. Ürəyi çay da istəmirdi. Düşünürdü: “Kəndə necə gedəcəyəm? Əzimin üzünə necə baxacağam”. Sonra yenə düşünürdü ki, bütün işlərin baisi Mameddir. O arvadsifət, tülkü köpəkoğludur. Ağ köynək geyir əclaf. Nə var ki, deyir, yaxşı adam tapmışam pulunu yeməyə. Yaxşı, sən sən ol, mən də mən. Ütülü köpəkoğlu.

Axşam Əzim bir də zəng elədi. Usub Dünyamalıya dedi ki, get denən yoxdur burda.

Bilirdi Əzim bunu belə qoymayacaq. Hayfını çıxacaq. Əzim yaxşını-yamanı biləndir, amma köntöy adamdır, “nervinni”dir, yapışdı, buraxan deyil.

İşıq sönmüşdü. Qaranlıqda yatmış Dünyamalının nəfəs alması eşidilir, bir də Usubun çəkdiyi siqaretin odu işarırdı. Onu qəribə bir hiss bürümüşdü. Elə bil nəsə tapacaqdı. Hələ axşamdan sağ əli geyişirdi. İstədi Dünyamalıya desin ki, ə, a Dünyamalı, əlim geyişir, deynən əlimə pul gələcək. Lakin demədi. Sonra hər siqaret yandıranda, kibrit çöpünün qəfil alışmasına və bu dəm parıltının nəyi isə aşkar deyəcəyinə, göstərəcəyinə inanırdı. Nəyi?

O, boğazını arıtlamaq üçün “ıhı” elədi və sol əlini başının altına qoyub, özündə bir sakitlik duyaraq, bu neçə gündə yaşadığı şəhəri, keçdiyi küçələri, gəzdiyi mağazaları, gördüyü, yadında saxladığı adamları; bu adamların yerişini, duruşunu, geyimlərini, üzlərini gözünün qabağına gətirdi.

Bu qədər millətin, adamın içində salam vermək üçün bir nəfər tanışın olmaması ona həm qəribə gəldi, həm də onu heyrətə saldı: “Bay atonnan”.

Kəndin evləri, ağacları, xırmanı, xırmandakı küləş tayaları yadına düşdü. Fikirləri yüngülləşdi.

Orada məmə deyəndən, pəpə yeyənə kimi hamı bir-birini tanıyır, salam verir, kef-əhval soruşur, kimin nə məzhəbə qulluq elədiyini bilirsən. Yox, burda elə deyil. Kimin nə vecinə sən kimsən, nəçisən, hardan gəlib hara gedirsən. Yəqin adət eləyiblər. Burda adamların üzlərindəki ifadə də başqa cürdür. Onlar elə bil bir az fikirli, xəyallıdırlar. Yan-yörəyə az baxır, az tamaşa eləyirlər, baxanda da elə bil zəndlə baxmırlar. Bir şey soruşanda o dəqiqə dəyişir, əl-ayağa düşür, ya da sənə soyuq baxır, bir-iki söz deyib başdan eləyirlər.

Mamedin ezamiyyətə getməsini deyən oğlan və oğlanın əli cibində, sözləri avtomat tək deməsi, oynayan gözlərini qaçırtması, balaca çənəsi yadına düşdü və... Usub içini çəkərək yerində dikəldi, anladı ki, oğlan onları alladıb, kələk gəlib.

“Mamed heç yana getməyib, Mamed burdadır”.

Güman ki, onlar binanın qabağı ilə geri qayıdanda Mamed pəncərələrin birindən baxırmış. Usub qanrılıb baxsaydı, bəlkə Mamedi görərdi. Mütləq görərdi. Tfu...

Mamedi tapdılar. Sən demə, yaxın mikrorayonların birində olurmuş. Əvvəl Dünyamalının tanışının – Mamedi nişan verən oğlanın yanına getdilər. O, Mamedin ünvanını dedi. Onlar soruşa-soruşa ünvanı xeyli axtardılar, bir-birinə bənzər hündür evlərin arasında dolaşdılar, amma tapdılar. Sağ olsun Dünyamalını.

Mamedin evi dördüncü mərtəbədəydi. Zəngi basdılar, qapı açıldı və onlar astanada durmuş Mamedi gördülər.

Bu gəlişi gözləməyən Mamed (bəlkə gözləyirmiş) əvvəl gülmək istədi, lakin gülə bilmədi, üst dodağı tərpəndi, elə bil burnuna ditdili qonmuşdu, üzündə səfeh bir ifadə yarandı.

- Salam-əleyküm, Mamed, xoş gördük, ay oğul.

Sözaltı mənası buydu, axır ki, əlimə keçdin, əclaf, axır ki, tutdum səni.

Mamed özünə gəldi, ayıldı, dili açıldı.

- Bıy, xoş gəlibsiniz, dayı, nə yaxşı gəlibsiniz.

Bunun da sözaltı mənası buydu ki, gəldiyiniz yerdə başınıza bir iş gələydi, gəlib çıxa bilməyəydiniz.

- Buyurun, buyurun, yox, necə yəni ayaqüstü gəlmisiniz, qapıda niyə, elə şey olar, görən nə deyir, buyurun içəri. Yox, yox ayaqqabılarınızı çıxarmayın, keçin evə.

Keçdilər.

Mətbəxin açıq qapısından “paraşok”, yuyulmuş paltar, qaz iyi gəlirdi. Mamed sağa-sola keçdi, stul çəkdi oturmağa. Otaq elə səliqəli, bufet, şifoner, televizorun qutusu, başqa əşyalar elə parıldayırdı ki, Usubgil bir anlığa sıxılıb utandılar.

Stolun arxasında beş-altı yaşında bir uşaq əyləşib süd içirdi. O, başını qaldırıb, üst dodağı südə batmış halda mat-mat və təəccüblə onlara baxdı. Uşağın iri, qara gözləri elə işıldadı, elə parıldadı ki, Usub xəcalət çəkdi: “Nahaq əliboş gəldim”.

Mamed uşağa:

- Ə, yekə oğlansan, - dedi. – Dur babayla görüş də.

Uşaq şirin-şirin güldü, gülə-gülə də durdu, gəlib Usub kişiyə əl verdi.

- Salam

- Ay əleykimə salam.

- Sən... Mənim babamsan?

Nə desin indi uşağa?

Uşaq başını əyib, gözlərini qırpmadan cavab gözləyirdi.

- Bəs kiməm ə, köpəkoğlu? Görmürsən, babanam.

- Bizi görməyə gəlibsən?

- Hə.

Uşaq yaxından elə baxırdı ki, Usub öz şəklini uşağın gözlərində gördü və az qaldı əyilib uşağın üzündən öpsün. Uşaq bu istəyi başa düşüb, onun dizinə qısıldı.

Bu vaxt onların indiyə qədər görmədikləri ikinci uşaq (o, lap körpəydi) çarpayıda dikəlib onlara baxdı və göyərib ağladı. Mamed onu qucağına götürüb:

- Bıy-bıy-bıy, - elədi.

Uşaq gah Usuba, gah da Dünyamalıya baxır, ağlamağını kəsmir, balaca əlləriylə Mamedin boynunu qucaqlayırdı.

Usub Mamedə baxmadan:

- Nə olub ki, ona? – deyə soruşdu.

- Soyuğa vermişik, ay dayı (zalım oğlu dayını, elə deyirdi, elə bil Usub doğrudan da onun dayısıydı). On gündü xəstəxanadaydı. Üç gündür çıxartmışıq. Bu da iynədən yaman qorxur, evə adam gələndə elə bilir ona iynə vuracaqlar.

Uşağın duyduğu qorxu, ağrı Usubu yumşaltdı. Birdən o istədi ki, bu uşaq ondan qorxmasın, onun qucağına gəlsin.

- Gör bir necə göyərir, gör bir sən allah!

O, yalandan uşağa təpindi.

- Ə, bəsdir!

Uşağın kəsmədiyini görüb, əllərini irəli uzatdı.

- Bir gəl görüm qucuma, gəl görüm, gəlsənə ə, köpəkoğlu, səni yeməyəcəm ki...

Uşaq ağlamağını kəsdi, göz yaşı gözündə, yanaqlarında qala-qala, altdan-altdan, fısıldaya-fısıldaya Usub kişiyə baxdı.

- Sən bunun hərəkətinə bax bir, sən bunun törətdiklərinə bax!

- Xoş gəlibsiniz! – Qapının ağzında boylu-buxunlu, gözəl-göyçək bir gəlin durmuşdu. Ağ qoftası onun sifətini bir az da ağ göstərirdi. Gəlinin baxışından, qonaqları görüb döyükməyindən, bir az da sıxılıb utanmağından Usub bildi ki, bu gəlin evin gəlinidir.

Özü də evin bu cür sahmanlı, hər şeyin yerli-yerində olmasından, uşaqların qəşəng, təmiz görkəmindən, bir də nəsə adamın özünü bu evdə sakit, rahat hiss etməsindən bildi ki, bu gəlin çox yaxşı gəlindir. Çönüb Mamedə baxdı. Mamedin rəngi ağarmışdı. Qucağındakı uşaq da nəsə duyub ağladı.

Mamed tez:

- Fəridə, tanış ol, yaxın qohumumdur, rayondan gəlib, - dedi.

Əsgər olsa, mütləq deyərdi: Yalançının...

Gəlinin üst-başından, qızarmış əlindən yuyulmuş paltar qoxusu gəlirdi.

O, süfrəni dəyişdi, qənd qoydu, vazada cürbəcür konfetlər gətirdi, ağ gilas mürəbbəsi gətirdi, çay gətirdi.

Usub tünd, qaynar çayı nəlbəkiylə tökəndə yenə Mamedə baxdı. Mamed başını aşağı salıb gözləyirdi. Çiyinlərindən, kirimiş oturmasından bilinirdi ki, sarısını udub. Bufetin üstündən boynu lentli, qıvrım tülkü bir ayı balası Usuba baxırdı. Ayı balası tamam ağdı. Usub ayı balasının ağlığına baxarkən birdən fikir verib gördü ki, otaqdakı şeylərin çoxu: divarlar, tavan, tül pərdələr, süfrə, Mamedin köynəyi, ona salam verən uşağın köynəyi, gəlinin qoftası, əl-üz dəsmalı, çay dəsmalı, çaydan, nəlbəkilər, fincanlar – hamısı, hamısı dümağdı.

Zivər arvad sağ olsaydı, deyərdi: “Ağ-ağ günləriniz olsun...”. Allah rəhmət eləsin Zivər arvada, bir yana baxanda yaxşı ki, sağ deyil. Sağ olsaydı, görərdi ki, oğlanları dirrik üstə bir-birini necə didir...

Gəlin boşqabları düzəndə o, ayağa durdu:

Zəhmət çəkmə qızım, tələsirəm. Sağ olun, eviniz abad olsun, vallah elə ayaqüstü dəydim. Görüm nə təhərsiniz, necə dolanırsınız, sağlıq-salamatçılıqdırmı. Allah qoysa, gələn dəfə...

Bu sözləri deyəndə o nədənsə Mamedə baxmaq istəmədi, onun sevincini görmək istəmədi.

Pilləkənləri düşəndə Mamed dedi:

- Ömrün uzun olsun, dayı, bu gün sən mənə dünyanı verdin... Keç günahımdan... ömrümdə... bir qələtdir eləmişəm... şeytan məni... Bir də belə... Bu yaxında düzəldib...

Əsgər olsa, deyərdi... Nə deyərdi? Burda Əsgərin nə deyəcəyinin heç cür yadına sala bilmədi.

Onlar bayıra çıxdılar, soyuq, sərt külək üzlərini üşütdü. Usub gəldikləri tərəf yadından çıxdığı üçün sağ-sola boylandı. Dünyamalının sağ tərəfə getdiyini görüb o səmtə döndü. Mamed susmuşdu. “Əsgər olsaydı...” Birdən özünə lap acığı tutdu. “Nə Əsgər ey, Əsgər ayrı, mən ayrı...”.

Yolun üstündə mağaza vardı. Usub içəri girdi, satıcı qıza iki manat verib, iki şokolad aldı və onları bayırda Mamedə verib:

- Bunları ver uşaqlara, - dedi və bir xeyli Mamedin gözlərinə baxıb ah çəkdi. – Uşaqlarına, yoldaşına hayfın gəlsin, - dedi və bir az susub əlavə etdi. – Özünə də...

Daha heç nə demədi, dönüb getdi.

# 4290 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
#
#
# # #