Yağış isladır zivədəki ümidləri - Sonuncu Orxanın şeirləri

Yağış isladır zivədəki ümidləri - Sonuncu Orxanın şeirləri
23 iyul 2020
# 17:51

Kulis.az Sonuncu Orxanın bu günlərdə işıq üzü görən “Çəhrayı yuxular” adlı ilk kitabından seçmə şerləri təqdim edirik.


Dua

Tanrım,
məni qorxutma, qorxutma, qorxutma,
azarlama, incitmə...
mən sənin müdrik oğlun deyiləm –
səbrinin gözəlliyini vücudumda hiss edəm.
məni qorxutma,
TANRIM,
cəhənnəm əzabıyla,
Şeytan nəfsiylə, şəhvət həvəsiylə.
Ki, bu vücudda hər şeyin adı – sən.
Mən bir sərgərdan bəndəyəm,
Hər gün dualar edərəm.
Dualarım yarımçıq...
Məni qorxutma,
TANRIM,
işığından ver mənə.
Ki, mən sənin ruh oğlun.
Bəndeyi-fəqir oğlun...

***
İstəyirəm daş olub düşəsən
arxanca ağzının seliyini axıdan
kişilərin başına.

İstəyirəm şaxlığından yorulub
belə asan bir kişinin baxışına axmayasan.
Ayaqlarını əllərinə verməyəsən...

Körpücük sümüyündə şərab içməsin
“Səni sevirəm” deyib boynuna atılmaq istəyən kişilər.

Quru bir daş olasan istəyirəm,
özünə sirdaş olasan istəyirəm.
İstəyirəm müqəddəs bakirə olasan –
ətəyində namaz qılam.

Mən çox şey istəmirəm
Bircə qadın olma...

Kabus

Hər şey:
sən, payız ritmləri,
şairliyim, günəşin şövqü
birdən qeyb olacaq,
birdən...

kimsə ölmüş at rəsmi çəkib
asacaq bir ağacın budağından.
və deyəcək: “yuxular qara rəngdədir...”

bir axşamçağı
yuxumda öpdüyüm o qız
alacaq əlimi əlinin içinə.
göz yaşımı silib deyəcək:
“Mən heç vaxt səni sevməmişəm”.

qara qarğalar uçub gələcək
xaraba bir məmləkətdən...
bom-boş otaqda
ortaya sərilən meyidimə ağlayacaq –
anamın əvəzinə.

***
sənə vurulmuşam əslində
bir az irəli getsək
sevə də bilərəm.
amma
mən bu sevgini daşıyacaq iqtidarda deyiləm
səndən əvvəlkilər başına daş salıb onun.
sənə vurulmuşam əslində
güzgünü götürüb dodağına pomada sürtməyinə
saçını barmaqlarının arasında geri itələməyinə
nazik biləyinə saat taxmağına
boynunun xalına
sinənin mərmərinə
daha nələrinə, nələrinə...

sənə vurulmuşam əslində
bir az da irəli getsək
yox...getməyək.
mən naməlum gələcəyə addımlamaqdan qorxuram.
gəl, məsələni böyütməyək.
məni öp
və gülümsə.


İmtahan vaxtı

Bu bucaq altında əridim –
eyvanınız mənə baxırdı.
Bəlkə eyvana çıxasan deyə
pəncərənizi sındıracaqdım.
Qonşular mənə baxırdı.

Yox, dəli olmamışam!
Yağış da isladır zivədən asılmış
corablarını,
yığ içəri.
Səni görmək bəhanəsidir corab.

Yağış da isladır zivədən asılmış ümidlərimi,
yığ içəri.
Vaxt da uzaq,
elə bil aramızda min ilin həsrəti var.

Tez başlasaydı imtahan...

Bilirəm kəsiləcəm,
amma tez gəl...

***
Mən də yıxılıram kölgəmə –
uçmaq istəyənlər kimi...
nələrisə itirdiyimə görə yox,
bəlkə də dəli olduğuma görə döyürəm başıma.

Ürəyimin ritmi aşağıdı,
beynim siqnalları qəbul eləmir.
Soruşma niyə belə oldu?
Bilirəm heç soruşmayacaqdın da...

Get, otur, fikirləşmə.
Anana de saçlarını hörsün,
üzündən öpsün mənim yerimə.
Bütün səhvlərini bağışlasın,
hələ ərköyün uşaqsan,
hər şeyi bağışlamaq olar.

Fikirləşmə, get, otur,
çıxar çəkmələrini,
Dincini al.
Ayaqlarını suya salla.
Özünü üzmə –
ağlayanda daha maraqlı olursan.

Nə vaxt istəsən gəl otur,
fikirləşmə,
MƏN SƏNİ BAĞIŞLADIM...

# 2637 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #