Tanrını yamsılamaq sənəti

Tanrını yamsılamaq sənəti
21 mart 2020
# 15:01

21 mart Beynəlxalq Poeziya Günüdür

Sözlər hamımıza məlum olan mənalardan azad olub minillik məntiqin ağırlığı altından çıxır, havada xoşbəxt qaranquşlar kimi uçuşur. İndiyədək rast gəlmədiyi ahəngə düşərək bir-biri ilə harmoniyaya girir, yeni mənalar ifadə etməyə başlayır. Bu yenilikdən zövq alıb ətrafa xoş təravət yayır. Tanış sözləri yeni ahəngdə və yeni mənada görən oxucu bu təravətin ekstazını yaşayır - yeni şeir doğulur!

Oxucunu ecazına salan möcüzənin adı poeziya, sözləri ənənəvi mənalardan arındırıb yeni ahəngdə və yeni mənada təqdim edən ovsunçunun adı şairdir.

Poeziya sözün təzədən doğuluşudur. Bizə uşaqlıqdan məlum olan və hər gün dəfələrlə işlətdiyimiz sözlərin gözləmədiyimiz şəraitdə qarşımıza çıxıb bizi heyrətləndirməsi anıdır.

Böyük Azərbaycan şairi Əli Kərimin məşhur "Qayıt" şerindən bir örnəyə diqqət edək:

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən
Çaşıb özgə yolla keçirəm elə
Düz öz qaydasınca küçələri sən...

Bildiyiniz kimi, bir insan sözün müstəqim mənasında gecəylə səhərin yerini dəyişə, küçələri "öz qaydasınca" düzə bilməz. Şair burda şübhəsiz ki, poeziyanın ən vacib şərtlərindən olan məcazdan yararlanır. Bir az da incələsək, məcaz adlandırdığımız bu fəndin tanış sözlərə yeni mənalar verməkdən ibarət olduğunu görəcəyik. Əli Kərim sadə bir həqiqətdən bəhs edir. Deyir, sən gedəndən gecələr yata, gündüzlər yolumu düz gedə bilmirəm. Amma başqa sözlərdən, başqa ahəngdən istifadə edərək başqa cür çatdırır fikrini, onu gücləndirib sənət faktına çevirir və qalıcı edir.

Yeni məna və yeni ahəngi üst-üstə oturda bilmək yeni şeirin sirridir. Təbii ki, burda forma, struktur, yeni sözlər, yeni janrlar, yeni mövzular da az əhəmiyyət daşımır. Lakin poeziyaya xas bütün cəhətlər qeyd etdiyimiz ən vacib iki komponentə həmişə sadiqdir. Çünki şeirin formal xüsusiyyətlərinə nə qədər dəqiqliklə əməl olunsa belə, orda bir enerji, bir ruh yoxdursa söz yığını kimi qalacaqdır.

Səmavi kitablarda Adəmin yaranması mifini yada salaq. Tanrı gildən bir insan yaratdı və öz ruhundan üfürüb onu cana gətirdi. Təsəvvür edin, Adəmin bədən əzaları nə qədər gözəl yaradılsa belə, ona can verilmirsə insana çevrilə bilməz. Adəmin ən yüksək dəyəri və fərqi onun ruhundadır.

Mahiyyətcə yaradıcı insanlar Tanrını parodiya edirlər. Onun yaratdıqlarına qarşı nəsə yaradırlar. Dinə inansaq, bu, Tanrının xoşuna gəlir. Çünki o qabiliyyəti özü bəxş edib. Lakin bircə şərtlə: öz sözlərini Tanrınınkı ilə qarışdırmasınlar. Buna görə, dində vəhy və ilham bir-birindən ayrılır.

Vəhy peyğəmbər, ilham şair yaradır.

Vəhy Tanrı kəlamıdır, ilham insan.

Vəhy bütün dünyaya can verməkdir, ilham sözə.

Böyük Füzuli demiş, şair sözə "ehya" verməlidir ki, o sözlə birlikdə dirilə bilsin. Söz sənin ruhunu daşıyırsa, demək sən də o sözlə necəsə, nə qədərsə dirisən.

Bəli, ilham məhz "öz ruhundan" şeirə üfürmək istedadıdır. Bəlkə, bu bacarığına görədir ki, sonuncu səmavi kitabda şairlər üçün ayrıca surə yer alıb. Niyə şairlərin peyğəmbərlərdən fərqli olduğu Quranda dönə-dönə vurğulanır? Əlbəttə, bunun konkret tarixi səbəbləri də var. Biri budur ki, o vaxt peyğəmbərin vəhy qəbul etdiyinə inanmayan adamlar oxşar ahənglərdə şeirlər yazıb cəmiyyəti çaşdırmağa çalışırdılar. Ancaq bu səbəb olmasaydı belə, səmavi kitablardakı ayələrlə şeir kitabındakı misraların fərqini izah eləməyə ehtiyac yaranacaqdı. Çünki səmavi kitablar, eləcə də Zəbur, Avesta kimi səmavi sayılmayan kitablar hamısı şeirlə yazılıb. Yaxud vedalar, qədim dastanlar, nəğmələr...

Şeirin ahəngini yaratmaq nə qədər çətindirsə, imitasiya etmək o qədər asandır. Ona görə, Tövrata, İncilə, Qurana yüzlərlə parodiyalar yazılırdı. Lakin poeziya ciddi sənətdir, orada orijinal olmayan bir misraya da yer yoxdur.

Poeziyanın ən qədim sənətlərdən olduğu elmdə mübahisə doğurmur. Hətta poeziya sənət kimi formalaşdığı zamanlarda da şeir vardı. Sözlərin ən ibtidai səviyyədə xüsusi ahəng və enerji ilə deyilməsi şeirin ilk pilləsidir.

İnsan oğlu nədənsə həmişə xüsusi ahənglə və məcazla danışmağa meylli olub. Təbii, bu, ilk növbədə qarşıdakını inandırmaq, təsirləndirmək arzusundan doğur. Lakin insan özü-özünə də şeir söyləyə və ondan zövq ala bilir. Bunu təkbaşına bir adamın, misal üçün, Qız qalasına baxıb zövq almasına bənzətmək olar. Yəni söhbət ciddi bir sənətdən və ona "baxıb" estetik zövq yaşamaqdan gedir.

Böyük türk şair Əhməd Haşim şeiri mütləq həqiqətin axtarışı sayırdı. Əslində, şeirin nə axtardığını bir kənara qoyub, onun özünün necə yarandığının sirrini aça bilsək, çox böyük həqiqətlərə ulaşmış olarıq.

Əlbəttə, dövrümüzdə şeirin yaranma texnikası haqqında kifayət qədər biliklər var. O kitabları oxuyub, o mühazirələri dinləyib, o biliklərə yiyələnsək də əsl şairlər kimi nəsə yarada bilmirik. Poeziya Homer dövründə olduğu kimi bu gün də öz doğuluşundakı sirri gizli saxlayır. Onun əbədi yaşaması da elə buna görədir.

Uzun illərin təcrübəsi göstərir ki, bəşəriyyət, o cümlədən Azərbaycan insanı poeziyaya həmişə mənəvi ehtiyacı duyacaqdır. Poeziya insanın fitrəti ilə bağlı olduğu üçün dünyamızı onsuz təsəvvür eləmək çox çətindir.

“Vətən səsi” qəzeti

# 3482 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #