Sən qorxağın təkiymişsən - Bircənin romanı

Sən qorxağın təkiymişsən - Bircənin romanı
2 oktyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Öz dərdim yalan oldu, Ofeliya köçüb oturdu mənim güllə dəymiş ürəyimdə. Gücə-gündüz fikrimdən çıxmırdı. İffətini könüllü verdiyi o nadanı görmək keçirdi könlümdən – maddidən yarıyıb mənəvidən lüt-üryan qalan, ömür yolunda əli dolu, qəlbi boş, övladsız, arxasız irəliləyən bir qadının ahı onun yuxusunu qaçırırdımı görəsən? Bütün günü var-pul güdən bu qadın nədən ötrü yaşadığını, sərvəti kimə yığdığını düşünürdümü?

Sonra da sağ əlimlə sol dizimə yağlı bir şapalaq ilişdirib öz-özümə deyirdim:

“Kərsək oturub daşın halına ağlayır. Yeri ürəyinin Xəzərə axıtdığın gönünü, üzünün dərisini axtar...”

Həkimə getdiyimizin səhəri çöpəgülən ley kimi üstümü aldı. Güləndə yoxa çıxan qıyıq gözlərini açıldığı qədər bərəldib dedi:

- Həə, danış görək nooldu?

- Nəyi deyirsən?

- Özünü bicliyə vurma, namus-namus deməkdən dili qabar bağlamış baldızımı deyirəm, qız çıxdımı?

- Sənə nə? Lap Allahımı danıb ona şər atsam, desəm qız deyildi neyləyəcəksən, baldızına bu barədə söz atmağa hünərin çatacaqmı?

- Namusdan danışanda söz soxacam ona.

- O dediyin Namus kişini heç biriniz narahat eləməyin, rahat buraxın onu, qoyun oturduğu yerdə qalsın.

- Görürsən mən deyəndi, qız-zad deyil.

- Ağzına gələni danışma, xalxın günahını şəllənmə, yazıq elə qız qarıyıb.

Mənim sözlərim onun sevincini xirtdəyində xırxaladı. Oturduğu divandan qalxdı, donunu sığallayıb yenidən divana çökdü:

- Sənlə həkimə gedəndə bütün ümidlərim öldü, özünə arxayın olmasaydı getməzdi.

- Axı niyə sən ümidini onun paçasının arasına bağlamışdın? Özün bir atı minib birini də yedəyinə almısan, subay adamdı, nə istəsə eləyə bilər.

- Ay Bircə, Həmidin sözü olmasın, adam dilində danış başa düşüm, mən heç vaxt at minməmişəm.

- Bax, sənin ərin var, eləmi? Minmisən onun belinə, bir özgəsinin də boğazına ip salıb yanınca sürüyürsən. Sonra da subay qızın namusuna dil uzadırsan. Demək istədiyim budu.

- Onlar mənə dağ çəkiblər. Çimib çıxmışam – söz eləyiblər, bəzənib hava almağa getmişəm – qayıdanda məni döydürüblər.

- Düz eləməyiblər? Sən də az aşın duzu deyilsən axı.

- Ay Bircə, sənin müdafiə elədiyin Ofa çoxlarını incidib, cavan bir qızın həyatını puça çıxarıb. O ifritə elə paslanmış gəbərəcək.

- Neyləyib axı o bədbəxt?

- Onunla bir idarədə işləyən qonşuların hamısını işdən qovdurdu ki, qazancımı biləcəklər, mənə gözləri dəyəcək. Bundan xeyli əvvəl institutda oxuyan bir qızın həyatını qaraldıb, qızı məktəbdən qovdurub...

Bir vaxtlar tələbə inşaat dəstələri yaradılardı. Yay tətilində gəncləri SSRİ-nin hər yerinə işləməyə aparardılar. Şəfanın deməsinə görə, Krasnodara alma yığmağa gedən bir dəstənin rəhbəri həmin bu Ofeliya olur. Cavanların hər işinə burnunu soxan, onlara göz verib işıq verməyən qız bir cüt gənci qaralayır, iki ildən bəri sevgili olan gənclərin yeyib-içdiklərini gözdən-könüldən uzaq eldə burnundan tökür. Dəstə geri qayıdanda oğlanı əsgər aparırlar. Köməksiz qalan qızın məsələsini Ofeliya yerli komsomol komitəsindən qaldırır partiya səviyyəsinə. Qıza əxlaqsız damğası vurdurur, oxuduğu ali məktəbdən qovdurub verdirir atasının qoltuğuna. Bütün rayonda xəcil olan ata başılovlu şəhərə gəlib qızını döyə-döyə kəndə aparır. Oğlan xidmətini başa vurub qayıdanda sevdiyi qız kənddə suçu arvadıymış. Gözünü qan örtən oğlan küçədə Ofanı tutub soruşur:

- Niyə bizi bədbəxt elədin, qrupun gözü olan qızı institutdan niyə qovdurdun?

Ofa da cavabında:

- Yaxşı elədim, - deyir, - siz almalıqda öpüşdüyünüzə görə qayıdan kimi mənim partbiletimi alacaqdılar.

Oğlan buna cocuyanda polis çağırıb ona 15 sutka verdirir...

Şəfa bunları danışdıqca istəyirdim bağırıb aləmə ün salam, o cəhənnəm zəbanəsinə oxşayan çürümüşün əməllərini bütün şəhərə danışam, onun bakirəliyini əlindən alan kişini tapıb əllərindən öpəm, həyatını alt-üst elədiyi o qızı cəhənnəmin künc-bucağında əliçıraqlı axtarıb tapıb boynuna sarılam, ikimizi də ali məktəb üzünə həsrət qoyanların şaxseyinə oturam. Deməli, bu adamlar nəsillikcə yırtıcıymışlar, erkəkli-dişili hamısı qırx ip üstündə oynayan can canbazı, insan qatiliymişlər!

Şəfanın dediklərinin qaranlığına düşdükcə gözümün qabağında çox uzaqlarda mələyən bir qadının silueti canlanırdı: qadın yaylığını yelləyib fəryad qoparır, haraya adam çağırırdı.

Qəfildən həqiqəti çöpəgülənə açıb özüm kimi yığvalsız o qadının qisasını almaq istədim. Bəxt aşı deyilən o nemət, tale süfrəsi bir dəstə dəliyə qismət olmuşdu, həqiqət, dürüstlük, ar-namus allahsızlar əlində girinc qalmışdı, onların adam ətinə yerikləyən murdar caynaqlarında çirkaba bulaşmışdı. Mən indi neyləməkdəydim – bir əxlaqsızın paçasına tikanlı məftil hörməkdəydim.

Ağzımı gen açıb Şəfanın şübhəsini doyurmaq istəyəndə cəhənnəm zəbanəsinin qoca it gözünə bənzər ölgün baxışları məni susdurdu, səsi qulaqlarımda cingildədi:

“Sən Cavidin canı mənim sözümü heç kimə danışma”. Ürəyimdə onların bütün nəslini oğlumun qara qaşına qurban eləyib dedim:

- Xəbərim ürəyincə olmasa da baldızın bütövdü, sən biləni özüylə qara yerə aparıb qəbir qurdlarına yem eləyəcək.

Ciddi-ciddi verdiyim xəbər Şəfanın alnına sapand daşı kimi dəydi:

- Elə də düşünürdüm. O qədər xəsisdi ki, ona pay gələn torba-torba meyvələri çürüdüb gecələr zibilliyə atır, qorxur kiməsə versə buna göz dəyər. Qardaşının balasına bir konfet qıymayan adam özünü də heç kimə verməz.

Şəfa kor-peşman gedəndən sonra Doneşdən ismarış gəldi: “Ofa barədə bildiklərini heç kimə, hətta Şəfaya da demə. Yalvarıram sənə”.

Deməli, bacısının qəziyyəsindən bu namus dağarcığının da xəbəri varmış...

***

Hər gün gələn hərgiz olar, bir gün gələn nərgiz olar. Nuriyyə hər gün gələnlərdən olub həyatımızı cəhənnəmə çevirmişdi, Cavidə gündə bir hava çaldırırdı. Diplom işini təhvil verən kimi oğlum əsgər getməliydi. Getməməyi üçün alnına yararsız damğası vurulmalı, bundan ötrü də əyri yollara əl atılmalıydı. Qız indi də özünü ölümə qoymuşdu ki, Cavid əsgər getməsin, magistraturaya imtahan versin, Avropa universitetlərinin birini seçib birlikdə oxumağa yollansınlar.

Qardaşlarım bu planın qəti əleyhinəydilər, onların mövqeyi buydu ki, Cavid əsgərlikdən qalmamalıdı. Oğlum fikrini açıb dayılarına deyə bilmirdi, məni arada vasitəçi eləmişdi. Qardaşlarımın mövqeyini bilirdim deyə ona hər gün bir yalan uydururdum:

- Aqil dayın deyir Cavid gedib borcunu versin, üzüağ geri qayıtsın, nə istəsə onu da eləyəcəm.

Oğlum üzümə qanlı-qanlı baxıb deyirdi:

- Görək Aqil dayım öz oğlunu da göndərəcəkmi əsgərliyə?

- Əlbəttə göndərəcək.

- Eybi yox, gedərəm, başıma bir güllə dəyər, hamınızın yeri geniyər, xoşbəxt yaşayarsız.

- Elə gülləni düşmənə sən vurarsan, niyə oturub qorxaq ermənidən gələsi gülləni gözləyəsən? Allahsız danışma, sən yaxada gül böyümüsən.

Oğlumun gözünü eşq necə bağlamışdısa qulağına söz girmirdi. Belə vaxtlarda ondan gen gəzirdim, nənəm demiş, dindirmə dəmirçini, qayğı alıb içini. Yaxam Caviddən qurtarmamış qızın xalası xırxalayırdı məni:

- Sənin bir uşağın var e, utanmayıb onu əsgərliyə göndərəcəksən?

- Mənim uşağım kiminkindən artıqdı, qoy getsin vətənini qorusun.

- Hanı vətən, hansı vətəndən danışırsan sən? Mənim süpürgəçi qonşum qoluna güc verdi, pul yığıb oğlunu saxlatdı.

- Oğlumun gələcəyini öz əlimlə məhv eləyə bilmərəm, gedib borcunu verəcək.

- Çəkil dur qırağa, biz özümüz bildiyimizi eləyək.

- Atdan yıxılan ölmür ey, eşşəkdən yıxılan ölür. Bax indi eşşəkdən yıxılan mənəm.

Gəlin eşşək sözünü eşidən kimi məni yuyub sərdi.

***

May ayınacan canımızı dişimizə tutub birtəhər yollaşdıq. Elə gün olurdu Cavid məni yandırmaq üçün gözümün qabağında Taylanı döyürdü, Xədicəni qorxudurdu. Quru çörək yığan bir nimdaş kişi vardı, tez-tez küçəmizdən keçirdi; Cavid onun boyunu görcək Xədicəni eyvana çağırıb barmağını kişiyə tuşudurdu:

- Bax, səni ona ərə verəcəm.

Xədicə ayaqlarını yerə vurub əsə-əsə ağlayanda oğlum xoruz kimi üzümə şinəyirdi. Taylan Xədicəni sakitləşdirib deyirdi:

- Allahım, tanıdığım ilk qızdı ərə getməmək üçün ağlayır. Sən bir sus, o kişiyə bu şərəfsizin qaynanasını verəcəm.

Cavid Taylanı yumruqlasa da qara böcəyimiz cırnamırdı:

- Yol üstəsən, neyləsən də dillənməyəcəm. Annəm, sən də toxunma ona.

- Necə toxunmayım, bitə üz versən saqqalına daraşar.

- Bit sənin yemlədiklərindi. Ən yekə bit Taylandı, ondan da irisi Xədicədi, ən uzunu Firəngiz, ən əcvəli Aydandı.

Firəngiz ehtiyatla cavab oxunu atırdı:

- Yanbızı yekə bit də Minədi, amma ən qorxulusu xalandı.

Təbii, Nuriyyənin xalasını nəzərdə tuturdu...

Biz dartışma-didişmədəykən bir axşam əl-ayaq çəkiləndən sonra Taylan qaşqabağını sallamış əlindəki kağızı masanın üstünə qoydu.

- Bu nədi, Qaraca?

- Oğlunun əsgərliyə çağırış vərəqəsi.

Elə bildim ürəyim saplağından qopdu, evim başıma uçdu. Ha çalışdım vərəqədən bir hərf oxuya bilmədim. Kağızı qapıb qardaşlarıma bir-bir zəng vurdum. Aqillə Hakim mənə gözaydınlığı verib yolasalma qonaqlığını öz boyunlarına götürdülər. Səməndər xəttin o başında az qaldı çırtıq çalıb oynasın:

- Booyyy, demək o gün gəlib çatdı, geyib əsgər paltarını silahlanacaq bizim qəhrəman?!

Kamil:

- Dədəmin qurbanı var, göndər gəlsin onu kəsək.

- Ay qardaş, hələ əsgər gedir ey mənim oğlum.

- Elə əsgər getməyinə qurban deyib atamız. Gəlişinin qurbanı ayrı olacaq.

Rüfət:

- Aha, demək otuxdu oğlun. Sabah başını orda sabunla, göndər burda mən qırxacam.

- Təki başı əldə olsun, burda başqırxan çoxdu.

- Nə burnunu sallamısan, biz illərdi bu günü gözləmirdikmi? Göndər gəlsin bir az dərs keçək ona.

Qardaşlarımın sevinci məni də toxtatdı. Çağırış vərəqəsini Cavidə göstərəndə oğlum duruxdu, tutuldu, otağına keçib qızla uzun-uzadı danışdı.

Aqillə Hakim yanımızdakı kafenin behini verib əlli nəfərlik məclis sifariş elədilər. Atamın təkidiylə Cavid çaparaq kəndə getdi, qurbanını kəsdirib geri qayıtdı. İyunun biri hərbi hissədə olmalıydı, amma Tahir əminin orduda yüksək məqam tutan kiçik oğlunun işə qarışmasıyla bir on gün də evdə qaldı.

***

Bütün bunları hələ də zarafata yozan, son məqamda sehirli bir əlin onu xidmətdən azad eləyəcəyini gözləyən oğlum qaynar şənbə günü üstümə sürhaya gəldi:

- Ana, Nuriyyənin fikirlərini sənə çatdırmaq istəyirəm.

- Sağ-salamat get qayıt, bu barədə sonra danışarıq.

- Ana, deyir şərtlərimə əməl olunmasa səni gözləməyəcəm, gələn elçilərin birinə razılıq verəcəm.

- Söylə görüm nədi şərti?

- Deyir iki gün ərzində mənə nişan gəlməlidi, sən əsgərdən qayıdınca bizə ayrı ev alınmalıdı.

- Nuriyyə nişanlı kimi bir şeydi. Hər bayram ona bir qızıl bağışlamısan, evdə bahalı nə varsa xalasının evinə daşımısan – “Polaroid” şəkilçəkən, babanın bir inəyin puluna aldığı “Panasonik” videokamera, dişlək alma şəkilli dizüstü kompüter... Sayım yenə, ya bəsdi?

- Ana, bunların hamısını geri qaytaracam. İndi de görüm onun şərtlərinə razısanmı?

Taylan dilini ortalığa uzatdı:

- Annəm, oğlumuz gəlin almır, gəlin getmək istəyir. Ya sən nə zaman kişi olacaqsan? Evin ən dəyərli əşyalarını qız aparıb, hələ üzük də istəyir. Bizim dördotaqlı evimizdə kim yaşayacaq? Annəmiz evi nasıl alsın?

Cavid qolunu açıb var gücüylə Taylana bir sillə çəkdi. Tapdığım balaca boyuyla sallaşdı oğlumun qollarından, gözlərindən yaş süzə-süzə dedi:

- Ya sən yalnız bizə əl-qol ata bilərsən. Sən qorxağın, yaramazın təkiymişsən. Hələ getmədən bu əsgərliyi bizə çəkdirdin.

Oğlum qollarını onun əlindən qopara bilməyəndə qara dükcəmizi təpikləməyə başladı. Səbrim tükənmişdi artıq, irəli durub onları araladım, Taylan kimi mən də üzümü bozartdım:

- Bəsdi yeyib-içdiyimizi irin-qana döndərdin, - dedim. - Nə cür istəyirsən elə, lap get fərari ol, amma bizi rahat burax.

Cavid ikimizi də yağı kimi süzüb köynəyini qapdı, ayağını geyib qapının ağzından notasını verib çıxdı:

- Mənim fikrimi qardaşlarına çatdır: dediyimi eləməsələr, heç yerə gedən deyiləm!

Taylan mənim arxamdan başını uzadıb onu yenə sancdı:

- Sənin yox, o ifritənin, o bayquşun arzusu desən.

Cavid pilləkəndən geri qayıtdı, ayağı qablı Taylana soxulanda sinəmi irəli verib onu çölə itələdim:

- Düz söz yandırır ey adamı.

- Sən həmişə küçə itlərini sığalla, mənim alnıma daş vur.

Taylan misqal dilini bu səfər də dinməz qoymadı:

- Türk milləti İstanbulu fəth edəndə belə mutlu olmamışdı. Mənim kimi it bu evə çoxdan gərək idi.

Cavid çıxandan sonra havalı-havalı ağlamağa başladım:

- Ay Allah, niyə mənim oğlum belə bivec oldu! Əsgərlik bir yana, niyə bir əlcək qızın əlində girinc qaldı! Axı mən onun laylasını, nağılını əskik eləməmişdim, ona qalın-qalın kitablar oxumuşdum. Niyə mənim əməyim puça çıxdı!

- Elə demə, annəm, Cavid yaxşı övladdı.

- Budumu yaxşı dediyin?

- Ya annəm, sənin oğlun gerçəkdən dəyərli adamdı. Onu kötü yapan həmin o köstəbək qızdı.

- Yaxşı sən də, buraxsam öldürərsiz bir-birinizi, indi bəy tərifi vurursan.

Telefonu götürüb Nefertitinin tələblərini Hakimə çatdırdım. Qardaşım da Cavidin sözünə söykək verdi:

- Ay bacı, uşağımız yol üstədi, nə deyirsə hə denən, qoy görək başımıza nə gəlir. Evdəkilərin yanında onu pərt eləmə, zülüm-zillətlə bu yerə gətirib çıxarmışıq, gedər özünə xətər yetirər.

- Hə də, allah-allahla day öyrədirik.

- Dayı öyrədənə qədər dayçaya yalvar, deyişmə uşaqla. Qoy bir Aqilin ağzını arayım, görüm o nə deyir...

# 9574 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #