Kulis.az yazıçı Hədiyyə Şəfaqətin “Dağçı” adlı yeni hekayəsini təqdim edir.
- Dağlarin ruhu nə rəngdədir?
- Ağ-qara...
Razılaşmadım.
- Ola bilsin yorğunam...
Gülümsədim, bir gün əvvəl mənə dağlardan çiçəkləyən ağacların şəklini yollamışdı. Bir neçə gün sonra sualımı təkrarladım:
-Ağ- qara.
Ola bilsin yorğundu.
***
İşarələr...
Mən həmişə onlara inanmışam, həmişə. Heç zaman aldatmayıblar, çünki heç zaman onlara bir məna yükləməmişəm, sadəcə inanıb gözləmişəm.
Sonra gülümsəmişəm.
Gözlərimi yummuşam və pıçıldamışam: "Minnətdaram hər şey üçün"...
***
O Adam Dağları qısqanccasına məndən gizlətdi. “Siz dağları tanımırsınız” - dedi. Razılaşdım. Biz heç zaman, heç kimi və heç nəyi tanımayacağıq. Biz həmişə əlimizi köksümüzə qoyub qəlbimizi hiss edəcəyik - Dağlar da sevgi kimi ordadır. Əgər onlara doğru yolumuz bağlanıbsa, yuxarı deyil, aşağı - dibə gedəcəyik...
***
Bəzən işıq gələn tərəfdə Div olduğunu bilirsən. Amma işığı görməyin üçün başına gəlməyəcəklər başına gəlir. Səni Div hesab etmirəm, sən olsan-olsan, İşıqsan.
Nəyə ümid etdiyini bilmirəm, amma enerjini özündən çox-çox uzaqlara ötürürsən. Bu, məni qorxudur, mən qorxuram, özümü yola çıxmağa hazır hesab edə bilmirəm.
Bəlkə də bir gün Həvva almanı yeyəcək və geriyə - Cənnətə qayıdacaq.
Bunları o deyir.
Görəsən, o zaman Adəm harda olacaq?
Ümid edirəm, Həvvanın dalınca yollanmayacaq. Ümid edirəm, İlk Qadın İlk Kişinin oğurlanmış bətnini özünə qaytarıb elə gedəcək. Kişinin Qadına ehtiyacı qalmayacaq və Qadın, bütün çəkdirdiklərinin cəzasını öz Əbədi Təkliyi ilə ödəyəcək.
Amin!
***
Hamının səs soraqladığı dünyada, qapalı gözlərimin dərinliyində, bir səssizlik axtarışına çıxdım.
- Üzünü günəşə çevir, Gələnin var.
Gözümü açmadım, amma kimin mənə səmt göstərmək istədiyini anlamaq istəyirdim.
- Üzünü Günəşə çevir, Gələnin yoluna işıq düşsün - dedi o səs.
“Ey səs sahibi, gecədir”.
- Bilirəm gecədir, - səs sahibi fikirlərimi oxuyurmuş. - Üzünü Günəşə çevir.
Gülümsədim. Başımı aşağı saldım, adətən evimdə üstündə oturduğum xalçanın bəzəklərini xəyalımdan keçirib qırmızımtıl rəngin çalarlarında əks olunan yaşıl kölgəyə hopacaqmış kimi axıb tökülmək istəyirdim.
"Ehtiyac yoxdur..."
- Hər şeyə ehtiyac var, necə yoxdur deyə bilərsən?
"Yoxdur" - düşündüm. "Get, ey səsin sahibi, səni burda eşidən olmayacaq".
***
Əslində, bu planlaşdırılmış görüşdü. Lakin sonda hər şeyin təsadüfən belə alındığı ortaya çıxmışdı. Sonda? Yox, yox, sonda deyildi, tanışlıqdan bir qədər keçmiş, qədim kəndin orta yerində bir kafedə yemək yediyimiz yerdə, söhbət əsnasında mənim ona deyilən, iş üçün görüşməyə gəldiyi adam olmadığım məlum olmuşdu.
O Adam mənə gəlməmişdi.
Ya kübarlığından, ya da sadəcə belə daha rahatdı, pərt olmadı.
- Bir az gəzəkmi? - dedi.
Kəndin tanımadığımız dik küçələrini dolaşmağa başladıq.
- Dayanaq.
Küçələrin kəsişməsində, tut ağacının altında, hərəmiz bir daşın üstündə oturduq. Söhbət, səsi uzaqdan gələn çay kimiydi, sanki ayrılana kimi daha çox şey demək istəyirmiş kimi danışırdı. Dağçı olduğunu orda öyrəndim. Yüksəklikdə insanın nələr yaşaya biləcəyindən, dağların hissindən, lənətindən və sevgisindən söz açdı. Uçquna düşməsindən, təhlükələrdən...
Mən onu Dağlardan danışmağa başlayanda tanıdım. Dağlardan danışan Adamdan gözümün önündəcə bir Adam ayrılıb gedib onunla üz-üzə oturdu, mənə baxdı, ona baxdı...
İçimdən bir titrəyiş keçdi, Adam başqa qata keçmişdi.
Zaman dayanıbmış...
Müqəddəs şeylərdən, Tanrıdan, sevgidən, arzulardan, planlardan... Planlardan? Bu barədə yalnız o danışırdı. Mənim planlarım yoxdu.
Qəfildən:
- Siz kimsiniz axı? - deyə soruşdu. Susdum. Sonra:
- Bilmirəm - dedim. Sonra nəsə bir söz deməli olduğumu düşündüm. - Mən artıq hər şeyə gülümsəyə bilirəm.
Hardan hara.
- Çox qəribə adamsınız, sanki sizi çoxdan tanıyıram. Amma kimsiniz, kim? – Bunu deyərkən heç bir cavab gözləmirdi, bunu heç məndən də soruşmurdu, bunu sadəcə soruşmurdu, gözünü harasa zilləyib eləcə deyirdi.
- Heç kim -dedim.
Şübhəylə başını buladı:
- Bu boyda "heç kim” olmur.
- Yox, əslində mən o qədər də böyük "heç kim" deyiləm. - Özümə bir tərif verməyimimi istəyirdi?
Sonra yadımıza həyat düşdü. Dincliyin cənnət, istəklərin cəhənnəm demək olduğu barədə danışdıq.
- Axı siz kimsiniz?... - bir daha başını yelləyib soruşdu, bu dəfə gözünü düz gözlərimə zilləmişdi...
- Mən, cənnətini özüylə gəzdirən adamam-dedim.
Deyəsən inanmadı:
- Yəqin, onu burda gizlətmisiniz, - bel çantama işarə etdi. Gülümsədim. Çantada olanları xəyalımdan keçirdim. Şəxsiyyət vəsiqəsi, xarici pasport, pul qabı, bank kartı, anamın və oğlumun fotoları, təyyarə biletləri. Arasında quru çiçək ləçəkləri qoyulmuş, sahibini gözləyən kitab, tünd göy rəngli qutuda kiçik büllur fil fiquru.
- Ağırdırmı? - deyə soruşdu.
Çantamı çiynimdən çıxarıb ona uzatdım, əli havada bir an enib-qalxdı:
- Ağırmış.
***
Çaya düşdük, dağlara yağış yağmış, sular bulanmışdı, sahildə hərəyə bir daş tapıb oturduq. O, bardaş qurdu. Təbəssüm, amma gizlicə. Sonra bulanıq sulara xırda daşlar atmağa başladı. Gəzdiyi ölkələrdə rastlaşdığı qəribə insanlar, təsadüfi hadisələr, bir az zarafat, bir az çətinliklər... Suların o tayına baxa-baxa uşaqlaşan bir adam. Ev almasından danışdı. Ayağında çox rahat ayaqqabılar olduğunu xatırlayıram. Üzünü? - Yox. Gözlərini? - Hə.
***
Havadan yağış ətri gəlirdi, göyün üzünü buludlar almaqdaydı. Günəş üfüqə yollanmışdı. Kiçik qonaq evinin həyətindəki ağacın altındakı kötüyün üstündə yanaşı oturub gözümüzü onun az sonra yoxa çıxacağı yerə zilləmişdik. Günəş sağda batırdı, mən Günəşlə onun arasında qalmışdım. Çayın səsi solda - o tərəfdə get-gedə güclənirdi.
Əsl adımı dedim. Niyə dedim? Deyəsən eləcə dedim. Amma görünür, nəsə elə deyilmiş. Sanki qeyri-adi bir şey olubmuş kimi həyəcanlandı. Bir şeir axtarmağa başladı - o adla bağlı. Ayağa qalxdı. Sanki, xırda daşların atıldığı sakit sularda qarışıqlıq düşdü, zaman dayanıb hara axacağını götür-qoy etməyə başladı. Baxır, heç nə başa düşmürdüm. O, bütün imkanlardan istifadə edərək həmin şeiri axtarırdı, hətta, deyəsən, dostlarından kimdənsə bu barədə soruşmaq barədə nəsə də dedi. Nə dedi? Amma o şeiri necə axtardığını xatırlayıram.
Özüylə şeirlər gəzdirdiyini o zaman bildim. Sonra tapdı. Dinlədik. Yoxsa oxuduq? Unutmuşam. Amma birdəncə niyəsə tapdığı şeirin axtardığı şeirdən zəif olduğunu anladım.
- Məncə, daha çox olmalıydı - dedi. Ah, insanın özündən xəbərsiz sözlərdə gizlənən sevgisi! Haqlıydım, bir zamanlar mən adda bir qadın sevirmiş. Bəlkə, hələ də sevirdi.
"Bəlkəsiz!" - özümə düzəliş verməyi xoşlayıram.
Onun axtarışını sakitləşdirmək istədim. Musiqi barədə nəsə dedim. İspan musiqiləri. İtalyanlar. Sözləri anlaşılmayan musiqi. Hə, bu mənə xas deyil. Sözlər mənim üçün mühümdür, hətta musiqidə də.
Yox, "hətta"sız.
Kiçik kələk qalib gəldi, şeiri unudub mahnılar barədə danışmağa başladıq. Şeiri unudub musiqi barədə. Ona öz musiqilərimi tanıtmaq istədim. Dinlədi. Nə etdi? Nə etdi. Yəqin, bu yerdə gülümsəmək lazımdır. Gizlicə.
Yanımdakı adam yad torpaqdan gəlmiş özgə bir həyatdı. Qəribə nəsə vardı. Nəsə… Nəsə... Qəfildən:
- Gün çox tez keçdi - dedi.
Susdum və susdum. Biz orda, o ağacın altındakı kötüyün üstündə oturub bir tərəfdən axşama yollanan günəşə, bir tərəfdən yaşıl dağa baxa-baxa, çayın səsini və havadakı su ətrini hiss edə-edə daha nələrdən danışdıq? Ölümdən? Ah, bu əbədi mövzu! Niyə o dəqiqə ağlımıza məhz bu gəlir? Yox, ölümdən danışmadıq, danışmışıqsa da silinib gedib.
Çox şeydən, bəlkə də hər şeydən danışdıq. Danışdıq, danışdıq, danışdıq…
Sonra hər şey bitdi. "Gün bitdi".
- Bir az da dayana bilsəydiniz…
- Getməliyəm, gecdir.
- Əslində… - gözlərini qaçırdı, hə, dəqiq yadımdadır, bunu deyərkən gözlərini qaçırdı. - Qalmağınızı istəyirəm.
- Mən heç vaxt qaydalarımı pozmuram.
- Yaxşı. Sizi evinizə ötürüm.
O yerdən ayrılmasını istəmirdim.
***
O Adam bəlkə hələ də ordadır.
Bəlkə də hansısa paralel dünyada o anın o Adamı hələ də zamanın dayanmışlığı içində ordaca, o kötüyün üstündəcə oturub o şeiri, bir cür yazıldığını xatırlayıb əslində, başqa cür yazıldığı həqiqətiylə qarşılaşdığı həmin o şeiri yadına salmağa çalışır.
Çox şeyi. Bəlkə də hər şeyini şeirləriylə bərabər özüylə gəzdirir. Harda qoyacaqdı? Həmin o təsadüfi möhlət günündəmi, bir gecə qonaq qalacağı bir kənd evindəmi, bulanıq sulardamı, harda? Yox. İndiyə kimi gəzib gəldiyi heç yerdə qoyulmayan "hər şeyi" bundan sonra da heç yerə etibar etməyə dəyməz.
Bəlkə dağlara.
Kim bilir.
***
Çiyin çantası?
Yox, onun çantası yoxdu. Vardımı yoxsa? Yox, yoxdu. Amma çox rahat ayaqqabıları olduğunu xatırlayıram.
- Olsun.
Qalxdıq. Qollarını yana açdı:
- İzn verirsinizmi, sizi qucaqlamaq istəyirəm.
İçimdə bir köks ötürdüm, başımı qaldırıb göyə baxdım, dəcəl bir qız uşağı buludları yuxarıda get-gedə daha da sıxlaşan səmanın güzgüsünə rəngbərəng saçaqlı bir çərpələng buraxmışdı: "Bəli, Tanrı, sənin işarələrin heç zaman özünü çox gözlətmir."
- Olar – dedim.
Vəssalam.
Sonrası yoxdur.
***
O, mənim tanıdığım ən Müqəddəs Dağçıdır - Əbədi Müqəddəs Dağçı.
Bəlkə də heç yoxdur.