Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə

Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
3 avqust 2021
# 15:01

Kulis.az Həcər Paşayevanın “Səs eləməyin” adlı yeni hekayəsini təqdim edir.

Üzündə illərin eninə-uzununa dərin qırışlarla naxışı çəkilmiş, kirpi yumağındakı kimi çuxura düşən və nuru azalmış gözlərini qıyan bir qadın başını içəri uzatdı:

- Xalan qurban, gəldim. İşin çoxdumu? Dərmanları aldım. Bunu qoş, çıxım gedim, işim-gücüm var, - dedi.

Tibb bacısı iynə vurduğu yeri spirtli pambıqla silib şprisi zibil qutusuna atdı. Qadına müraciətlə:

- Tərlan xala, gəl. Səndən başqa heç kim yoxdu ta, - dedi.

Qadın suvağı bir neçə yerdən qopmuş, divarlarının rəngi rütubətdən tanınmaz hala düşən otağa keçib çantasını köhnə, bozarmış taxtası bir neçə yerdən qabarmış tumbanın üstünə qoydu. Çarpayıya uzanıb qolunu çırmaladı. İynənin taxılmasını görməmək üçün gözlərini bərk-bərk yumdu. Tibb bacısı dərmanı ştativə asıb damcıların sürətini tənzimlədi. Yarım litrlik şüşə göz yaşlarını damcı-damcı plastmas kisəciyə axıtmağa başladı:

- Tərlan xala, qorxma, ta dərman gedir yavaş-yavaş.

Qadın gözünü açıb qoluna, sonra ştativə baxdı:

- Allah köməyin olsun, - deyib gözlərini yarıyumulu qapadı.

Tibb bacısı qəfildən:

- Tərlan xala, o günü eşitdim Əkbərin başına gələni. Allah haqqı , eşitdiyimə inanmadım. Gör haa, suyun lal axanı, adamın yerə baxanı. Lənət şeytana. Kimdən desən, gözləyərdim, amma Əkbərdən yox.

- Nə bilim axı. İşdir, adamın başına gəlir. Uşağım gül kimi başını aşağı salıb dolanırdı. Qəfildən, iraq olsun, elə bil gözə gəldilər. Aləm qarışdı bir-birinə.

- Tərlan xala, o qızı hardan tanıyırmış Əkbər? Necə olub e hadisə?

- Hə, Səhər, deyirəm, anan ölsün, bala, bu nə işdi, sən düşdün? Gör kimin ağlına gələrdi ki, bunu da şeytan yoldan çıxarda bilər. Qohum-qonşuda bütün subay qızı olan analar onun kimi kürəkən arzulayırdılar. Arvadını o qədər çox istiyirdi. Dinəndə: “Arvadı döyməzlər. Döyəndə də ya pulla, ya da təzə paltarlıqla yançağına vurarlar. Ayağımı itlər qapa-qapa uzaq kənddən arvad alıb gətirmişəm ki, döyəm?” – deyirdi. Biz nişan aparanda qız evinin iti ayağını qapmışdı axı uşağımın. Bir dəfə o gəlinə bir şapalaq vurduğunu, üstünə qışqırdığını görmədim, eşitmədim. Bu biri qardaşlarına heç oxşamadı. Bunlar eynən dədələridir. Arvadları da, insafən, pis deyillər, birtəhər yola verirlər. Bu getdi, kimə çəkdi, bilmirəm. Uşaqlarımın hamısından göyçək, boylu-buxunlu, ancaq hamısından fağır. Arvadı da ki, ataman. İmanımı yandıra bilmərəm, bəlkə də, cadu-piti elədi, balamın dilini-ağzını bağladı? Nə bilim, vallah. İnstitutu təzə bitirib gələndə deyirdim, Səriyyənin qızını – xalamnəvəsini dəə - hə, deyirdim, onu al, bir tay unu bir dəfəyə yerdən qaldırır. Dedi, güləşməyə pəhləvan almıram ki. Sonra bir bibisi nəvəsi vardı, ceyran kimi qızdı, dedim, onu al. Dedi, uşaqdır, hələ məktəbi qurtarmayıb. Özümü öldürdüm ki, ay bala, qız meşə armudu kimi bir şeydir. Nişan tax, toyacan bir də gördün lalıxladı, yetişib oldu yeməli, ərə getməli bir qız. Onu da almadı. Odur ee, indi getdiyi ailədə bir ad çıxarıb ki, bütün tayfa başına and içir. Getdi, bu dəlini aldı, ağacdan zad eliyənin birini. Allaha qurban olum, necə uyğunlaşdırır, bəndələri taylıyır bir-biriynən. O gəlinlə heç kim dolanmazdı, bu yola gedir. Qardaşları kimi savadsız deyildi Əkbər. Maşallah, getdi, Rusetdə oxudu, həm də işləyib özünü saxladı. Arada bizə puldan-paradan da göndərdi. Adamın üstündə Allah var, dədəsinə-anasına bir qəpik xərc-xəsarat vurmadı…

Qadın sözünü yarımçq kəsib tibb bacısına dönərək:

- Qolumu belə qoymaqdan keyidi, Səhər. Sən Allah , bunu bir az rahatla. Görən, gec qurtarar?

Tibb bacısı qadının qolunu astaca qaldırıb altına kiçik balınc qoydu, ştativdən asılmış şüşəyə nəzər salaraq dilləndi:

- Hələ bir az var, Tərlan xala, sən sözünü de.

- Hə, biz təzə evlənəndə dədəsi də yaxşı idi. Yenə bir az adamlığı varıydı. Maa elçi göndərəndə heç üzünü görməmişdim. Gəlinlər də hərdən soruşurdular, kişini harda görüb bəyənmişdin? Deyirdim, ay tövbə, tövbələr tövbəsi, vallah, görməmişdim, billah tanımırdım. Elə elçi göndərdi, dədəm də verdi. Toya bir az qalmış dostuynan gəlmişdi məhləyə, bir dəfə onda görmüşdüm. Sir-sifətdən pis deyildi, qara, arıq-arğaz bir oğlanıydı. Qocalandan sonra meymuna oxşamağına baxma . Sonra batmışın sifətinə baxmalı olmadı. Həə, “ya bəxt”- deyib getdim. İrəlilər mənə də , uşaqlara da baxırdı . Yaşayırdıq də birtəhər. Camaat kimi. Sonra elə bil getdikcə kişinin zayı çıxdı. Cini qalxanda məni döyüb öldürürdü. Evə, uşağa da baxmırdı. Dədəmgilə də dərdimi demirdim. Fikirləşirdim ki, niyə narahat olsunlar. Neyliyəydim ee, qismətiydi dəə, çıxmışdı qabağıma. Fikirləşirdim ki, yaşlandıqca düzələr, ağlı başına gələr. Hardan ee, əşşi.. Sarsaq adam qocalanda ağlı başına gəlmir ki, sarsaq da qalır, qurumsaqdırsa, olur qoca qurumsaq. Ömrümü çürütdüm, günlərimi verdim yelə, getdi.. Nə boşana bildim, nə də belə yaşaya. Kasıblıq da bir tərəfdən ilan kimi dolandı boğazıma. Kişi evə pul vermirdi, yemək-içmək almırdı. İnan, həftəynən ac qalaq, vecinə deyildi. Hələ gəlib evdə mənnən yemək davası eliyirdi. Guya işləyirdi başı batmış. Bilmirdim, qazancını neyliyir.

- Tərlan xala, kişi ki qazancını evə vermədi, bil ki, hardasa bir zibil işi var, - deyə tibb bacısı gözünü telefondan çəkib qadına baxdı.

- Gözünə girsin zibil işi. Nə xəbərim olurdu ki, evdən çıxanda hara gedir, nə qələt eliyir? Nə isə, ağlıma saldılar, qutab bişirib satmağa başladım. Nə zülmlə bazardan - bir kənardan bir qırıq yer ala bildim. Hər gün gedirdim, günortadan keçmiş qayıdırdım, sonra da ev-eşik, sil-süpür… Bilirsən dəə, evin işi nə deməkdir. Gecə də xamır qatıb yatırdım, obaşdan durub qutab bişirirdim. İsti-isti yaxşı alınırdı. Bazarın “uçaskovusu” o vaxt Cəfər idi axı. Həmzənin oğlu Cəfəri deyirəm. Hə, kişinin başı tamam pozuldu, saldı beyninə ki, sən Cəfərnən oturub-durursan. Ay tövbə, oğlanlarımdan kiçikiydi. Mən kim, o kim? Qorxum o idi ki, gedib Cəfəri tutar, bir söz deyər, biabır olaram. Yaxşı ki, ancaq özümə deyirdi elə. Hər gün bazardan gələndə yalvarırdım Allaha ki, uşaqlar evdə olsun. Onların yanında dinmirdi, döymürdü. O evdə olanda hamamda çimməyə həsrət idim. Qapısı amanabənd idi. Təpikləyib açırdı, girirdi içəri, məni döyüb öldürürdü ki, çimirsən, Cəfərin xoşuna gələsən. Deyirdim, ay iyid ölmüş, bu yekəlikdə oğlanların anasıyam ee. Çox vaxt xəlvətə salıb tövlədə çimirdim. Onu da bir dəfə unadı. Sabun köpüyünü görmüşdü. Yenə mənə əl buladı, baş-gözümə döyülməkdən, yaxşı ki, gic olmadım. Son vaxtlar kişilikdən düşdü, oldu lap dəli. Neçə yaşı vardı, taa vaxtıydı da. Nə vaxta qədər o meymun sifətiynən kirdarlı qalacaqdı? Ay kişinin qızı, onun da günahını məndə gördü. Deyirdi, qocalmısan, ona görə beləyəm. Deyirdim, ay zalım, get bir cavan arvad al, yaxşı olsan, boşanacam, məndən əl çək. Səni Allah mənə baş bəlası vermiyib ki. Başı batmış gedib Seyranın dul qızı var e, Xavər, ona irgənçi, qurumsaq təklif eləmişdi. O da tüpürüb üzünə, sonra da deyib qardaşına. Gədə girəvəyə salıb, tutub bunu eşşək kimi çırpmışdı. Camaatdan gizlədim. Qıza dedim, qocalıb, başı xarab olub, üstünü vurmayın. Biabırçılıq olar. Heç sənə də yaxşı döyül adına söz çıxmağı. Özünə dedim, a başı daşlı, bir güzgüdə üzünə bax , gör nəyə oxşuyursan? Xavər sənin o it yalamaz sifətinə heç tüpürməz də. Oğlanlarım hey soruşdular, bu kişiyə noolub, üz-gözü niyə bu gündədir? Qorxumdan demədim, gizlədim. Fikirləşdim ki, gedib Xavərin qardaşıynan dalaşarlar, qana düşərlər bundan ötrü. Özü də demədi. Elə bic idi ki. Tülküdən bic. Başı xarab olmuşdusa, bunu deyəydi də, niyə gizləyirdi? Nə isə ey, Allaha acıq getməsin, öldü, canım qurtardı.

- Tərlan xala, Əkbəri soruşdum ee, sənnən,- deyə tibb bacısı telefonu tumbanın üstünə qoyub əllərini otaqla, otaqdakı əşyalarla qəti uyuşmayan, ağlığından göz qamaşdıran xalatının cibinə soxdu.

– Başım pozulub. Dərdli deyingən olar, a bala. Nə isə, indi də bu balam. Əkbər. Qalıb belə. Elə-obaya çıxa bilmir. Camaatın min zibili olur, heç bu cür eləmir. Bu yazıq ömründə bir dəfə bir qələt elədi, alabayraq oldu. Ağ köynəyə nöqtə boyda ləkə düşsün, o dəqiqə bilinir. Amma qara paltarı nə qədər çirkə bulasan, ləkəsi bilinməz. Qorxuram ki, iraq olsun, balamın başı pozular. Onlarla da qalmıram ki, deyəm, bala, ürəkli ol. Denən, bax belə yaxşı eləmişəm, əcəb eləmişəm. Əlimin içindən gəlib. Hansınızdan əskiyəm? Kişi deyiləm? Deyəm ki, ay oğul, papağını qoy qabağına, fikirləş, gör bu ətrafda, qonum-qonşuda səndən təmiz uşaq var? İndi nooldu, dünya dağılmadı ki. Bu nə xəcalətlikdir, yaşayırsan. E-e-h, xeyri yoxdur, fağırdır, fağır. Məni ən çox da o gəlin - arvadı yandırır. Bir tufan eliyir ki, elə bil əri bu dəqiqə onu boşayıb, gedib o rusu alacaq. Rus da bir rus ola. Elə bil suya düşmüş siçandı köpəkqızı. Qayınarvadları – o biri gəlinlər həmişə buna paxllıq eliyirdilər. Oğlumu üzdə guya bəyənmirdilər. Arvadağız qoymuşdular balamın adını. Deyirdilər, yaxşı ki, bizimkilər elə deyil. Kişidə bir zəhm, hirs-hikkə olar. Bu nədi ee, arvadı maşına minəndə tez qaçıb qapını açır. Əli yoxdu? Özü açsın da. İşdən gəlir, yorğun-arğın qaçır mağazaya. Aaz, uşaqları arvadıynan birlikdə saxladı, Ətağanın cəddi haqqı. Amma bir qıza-qadına gözünün ucuynan baxmamağını bəyənirdilər. Deyirdilər, bu ancaq öz ailəsiynəndir. Bizmkiləri gərək güdəsən. Gözümüzdən iraq olsalar, min hoqqadan çıxarlar .

- Sən nə dedin bəs? Həmin gün necə olmuşdu, heç təfsilatı demədin axı, - deyə tibb bacısı səbrini basa bilməyib yenə soruşdu.

- Tezdən eşitdim. Demə , əhvalat necə olur, Səhər? Bu uşaq axı Ruset xarabada oxumuşdu. Orada bu “krısa”ya oxşar qıznan aralarında nəsə varmış. Sonra mənimki gəlir, bu dəli ilə evlənir, o qız da özününkülərdən birini tapır, ərə gedir. Aradan neçə il keçir, Əkbər yadına düşür bunun. O yaraşıqda oğlan kimin yadından çıxar ki? Götürür, məktub yazır ki, bəs səndən ötrü ölürəm, gəlmək istiyirəm ora.

- Hardan bildiz bunları?

- Əşşi, demirəm, oğlum zayılfasondur? Əvvəllər başına nə gəlmişdi, kimnən oturub-durmuşdu, evlənəndən sonra hamısını arvadına danışmışdı. Gör kişi də qabaqlar elədiyi qələti arvadına danışarmı? Səydi dəə, səy. Nə isə, hamısını bitdə-bitdə arvadına deyib. Hə, bu da durub qıza yazıb ki, gəl bura, guya xəstəsən, duz mədənində müalicəyə gəlmisən. Arvadıma deyəcəm, o vaxtı sizin evinizdə kirayə qalırdım. Sənin dədən-anan mənə çox hörmət eliyib, indi də mənim növbəmdir. Elə həqiqətən, o vaxtı oğlum bunlarda qalırmış. Qərəz, qız əriynən gəlib çıxır. Di bunlara hörmət- izzət. İkinci mərtəbədə bir otaq ayırırlar, ən yaxşı mələfə-“çuxol”, mitil-zad.. Mən də ordaydım qonaqlar gələn gün. Arvaddan elə ilk görünüşdən gözüm su içmədi. At kimi kişniyirdi. Ağzını göyə açıb elə hündürdən gülürdü ki, az qalırdı mədəsinin içi görükə. Arvad ki, elə güldü, ondan qorx, kənar dur. Xatalı adamdır. Hər fitnə, ifritəlik əlindən gələr. Sabahdan bunlar hər gün gedirlər guya müalicəyə. Qayıdırlar, evdə yemək-içmək, çay, şirniyyat – gəlin hazır eliyir. Haqq üçün, gəlinin yaxşı süfrə açmağı var. Axşamlar da qızın xaxol ərini mənim gədəm bərk içirdir. Yüz qram içən kimi piyan olurmuş. Ayaq üstə ölənin biri idi. Axırı , belə olur ki, gəlin duyuq düşür. Baxır ki, bu qız Əkbərə bir ayrı cür baxır, qaş-göz eliyir. Bir gecə gəlin oyanıb görür ki, Əkbər yerində yoxdur. Deyir, o saat dalağım sancdı. Bildim ki, burda bir iş var. Evi gəzdim, yox idi. Qalxdım ikinci mərtəbəyə. Gördüm, qonaqların işığı yanır. Otağın qapısını açıb içəri girəndə nə görsəm, yaxşıdır? Xaxol kişi bərk xorulduyır, ərim də lümlüt – alt paltarında oturub çarpayının qırağında, tutub bu rus sarımeçənin əlindən, şirin-şirin söhbət eliyirlər. Məni görəndə özünü tamam itirdi. Soruşuram ki, burda neyliyirsən, Əkbər? Dili dolaşa-dolaşa qayıtdı ki:

- M-maya, gəlmişəm, d-deyəm ki, səs eləməsinlər, biz yatırıq...

Dedim:

- Əkbər, bizim otaq birinci mərtəbədə, bunlar yuxarıda. Gecənin də yarısıdır, nə səs eləyəcəklər? Bu kişinin səs-küy eləməklik halı var? Gecədən piyan olub yatıb.

Dəli olmadımmı? Nə yemisən, turşulu aş. İkisini də qatdım bir-birinə. Mən çırpdıqca rus eşşəyin qızı nəsə deyir, bilmirəm , başa düşmürəm ki. Bir-iki söz qalıb yadımda . Arada cığıldıyırdı : şulyuxa..suka... Nə bilim, aaz.. Məni yandıran ərim oldu ee, ərim. Mən rusu çırpdıqca Əkbər qayıdasan ki, Maya, onu vurma, o qəribdir, yazıqdır. Yandm- töküldüm. Çamadanlarını şifonerdən çıxarıb tulladım evin ortasına. Dedim, köpəkqızı, dur, bu dəqiqə donuz ərini də götür, rədd ol evimdən.

Hə, a qızım, gecə ikən oğlum taksi çağırır, bunları evdən yola salır. Arvadına deyir, gözlə, səs-küy eləmə, uşaqlar yatıb, qoy səhər açılsın. Səhər də qırğınları təzədən başlıyır. Məni çağırdılar, getdim. Gəlin az qalır, gədəmi öldürə. Tutursan, tutulmur, “kəs”- deyirsən, kirimir. Birtəhər yat-küt elədim. Dədəsini çağırdım. Anası da gəldi. Dedi, a bala, dədən başıma yüz dəfə belə oyun açıb, otur yerində. İncəvara, arvad qızının köpünü aldı. Elə mən də deməlisini dedim. Dedim, qızım, sizə baxır, yağ-bal içində saxlıyır? Saxlıyır. Xətrinə dəyib, sənə bir ağır söz deyib? Yox, demiyib. Taa nə istiyirsən? Adamdı daa, kişidir. Görürsən, hər gün kabab, dolma yemək də adamı bezdirir. İstiyirsən, arada bir kartof soyutması, bibər turşusu da yeyəsən. İndi nooldu, dünya dağımadı ki? Ay qız, Səhər, elə yamandır. Mənə qayıdasan ki, Tərlan xala, sənin də könlünə hərdən kartof soyutması düşüb? Dədəsinin yanında deyir özü də. Ətim töküldü. Dədəsi bərk acıqlandı. Dedim, mən yazıq heç kabab-zad da düzəməlli görmədim, bala, nəinki sən deyənləri. Ayıb döyülmü? Bu nə sözdür, danışırsan? Əşşi, nə isə eey.. Yaxşı ki, onunla bir evdə yaşamıram. İki günə adamı dığladar.. Hər şey cəhənnəmə, oğlum camaat içinə çıxa bilmir. Hara gedirsə, tanış-biliş:

- Əkbər, taa səs eliyən yoxdur ki? – deyib sataşır.

Qadın sözünə ara verib nəsə düşünməyə başladı. Fikri yayınırdı. Sonra ştativə baxıb:

- A qızım, Səhər, deyəsən, qurtardı axı. Bu iynəni çıxar görüm. Çıxım, gedim evə. Görüm başıma nə gəlir. Xəstəlik də bir yandan gözümü açmağa qoymur. Təzyiqim elə qalxmışdı o günü. Abbas dedi, Tərlan bacı, gəl başına hacama qoyum, keçəcək. Dedim, saallah, Abbas, başımı deşdəkləyərsən, olan-qalan ağlım-huşum da ordan uçub gedər. Dərman atacam, keçsin.

Tibb bacısı gülüşünü zorla saxlayıb dodaqaltı qımışdı. İynəni qadının qolundan çəkib ştativdəki dəm-dəsgahla birlikdə yığışdırdı, əlində saxlayıb qadının sözünü bitirməsini gözlədi.

- Sağ ol, Səhər. Sabah elə bu vaxt gələcəm. Hamısı bitsin, pulunu verərəm, - sonra dərindən ah çəkib, - Eeh, yazıq balam. Danışdıqca ürəyim sıxılır. Ha deyirəm, yadımdan çıxarım, olmur, - dedi.

Çarpayıdan qalxaraq köhnə, cadar-cadar dərisinin rəngi ovulub tökülmüş çantasını götürüb otağı tərk etdi. Ayaqlarını sürüyə-sürüyə yeridiyindən əzab və ağır yük çəkməyi yüz ağaclıqdan bilinən qadının yerişinin səsi o koridoru tərk edənəcən otağa gəlirdi.

# 14161 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #