Qollarım üstündə bir qız ağlayır... - Nəriman Həsənzadədən seçmə şeirləri

Qollarım üstündə bir qız ağlayır... - Nəriman Həsənzadədən seçmə şeirləri
19 fevral 2021
# 17:05

Kulis.az bu günlərdə 90 yaşı tamam olan, yubileyi münasibətilə "İstiqlal" ordeni ilə təltif olunan Xalq şairi Nəriman Həsənzadənin bir zamanlar çox məşhur olan seçmə şeirlərini təqdim edir.

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol, Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim, bu, yadındadır,
Gedərdik, yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

***

Səni görübdülər Dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
ötürüb harasa bir nəfər səni.
sonra bir avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiyə mindiyin yerdə,
sonra da evə gec döndüyün yerdə.
Haraya gedibsən göz qoyubdular,
Adını “gəzəyən qız” qoyubdular.

Məni gözləyibsən Dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
özüm ötürmüşəm sonra, qadası.
Od tutub yanağın, üzün yanmasın,
yenə görüşmüşdük gedib bir axşam:
əvvəl bir avtobus duracağında,
sonra bir metronun çıxacağında,
sonra bir taksiyə oturmusan sən,
mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni,
bir az gec ötürdüm mən evə səni.
Gör, necə yerbəyer, necə adbaad,
məni görməyiblər, ay dadi-bidad!

***

Pəncərəm önündə sular çağlayır,
Xal düşür gecənin aydınlığına.
Qollarım üstündə bir qız ağlayır,
İnana bilməyir qadınlığına.

Başının örpəyi yana sürüşüb,
İçməyib, məst olub... Səbəbi nəydi?
Yerin çəkisizlik qütbünə düşüb,
Bu qütbü nə vaxtsa o, keçməliydi.

Özü gözlədiyi bir gün gəlibdi,
İndi soruşmayın, heç bilməyir o.
Qadınlıq qızlığa üstün gəlibdi,
Ağlaya-ağlaya gülümsəyir o.

Açıb gözlərini indi qalxacaq,
Tanımır özünü şirin röyada.
Qızlar nə deyəcək ,bilmirəm,ancaq
Mübarək! Bir qadın artdı dünyada.

Bir kişi qayğısı artdı,Mübarək!
Bu gecə hər qəlbə nur ələnibdi.
Nəqədər qadın var, o qədər demək
Dünyaya qayğılar səpələnibdi.

Azalır o bəzən,artır o bəzən
Sınanır varlığı, yoxluğu üçün.
Bəlkə mən, sevirəm dünyanı qəlbən,
Qadın təbiətli olduğu üçün.

Bəzən bir eyhamla , ya baxış ilə
Nə qədər istəsən söz demək olur.
Yalnız bir qadının təbəssümüylə
Yüz ağlayan olsa, kiritmək olur.

Köksündə gizlicə sevən ürəyi
Gözündə həmişə məlum olubdu.
Kişilər önündə cəbrlə deyil,
Qadınlar xahişlə məğlub olubdu.

O ən müqəddəsdi,ən mədənidi,
Bəşər nəslimizə o həyat verir.
Qadının sərvəti- öz bədənidi,
Onu da kişiyə mükafat verir.

Qollarım üstündə bir göz yaşını
Bir qərib gülüşü öpürəm hələ.
Özü qız saçını,qadın saçını
Üzümə dağıdır öz əllərilə.

***

Gəncə mənim ilk məhəbbət beşiyim oldu,
Soruşmayın tələbə qız onda kim oldu,
Bəlkə mənim alın yazım, taleyim oldu.
O qızlara dediyini mənə demirdi,
Can verirdim, canıyanmış can istəmirdi.

Gəncənin adını ötəri çəkmə,
Eşidib inciyər o pəri, çəkmə.
O mənim olmadı, mən onunkuyam.
Allahım, ayrılıq çəpəri çəkmə.
Sökdülər, tikdilər bütün şəhəri,
İtdi o gözəlin ayaq izləri.
Silindi mənim də xatirələrim,

Bu hansı küçədir, yoxdu xəbərim.
Bəlkə unutmayıb xan çinar məni,
Dursam kölgəsində, tanıyar məni.
Kəhrizə gedən yol, tanışdır, desin,
Susub Gəncə çayı, danışdır, desin,
Tikilən Gəncədi, sökülən mənəm.
Nə Gəncə Gəncədi, nə o mən mənəm.
Şəhər başçısının insafı yoxdu,
Mən gedib döydüyüm o qapı yoxdu.

***

Gözlədə-gözlədə qocaltdın məni,
Mən ki, yuxudaydım, ayıltdın məni.
Nə tutdun əlində, nə atdın məni,
Özgə əllərəmi tapşırdın məni?

Ətrimi gül aldı, çiçək apardı,
Üzümün rəngini bir rəng apardı.
Çağırdım, səsimi külək apardı,
Əsən yellərəmi tapşırdın məni?

Bu günü gözlədim, sabaha qaldı,
Sevincin axırı bir aha qaldı.
Yeganə ümidim Allaha qaldı,
Gələn illərəmi tapşırdın məni?

Dağlara çən düşdü, xəbər tutmadın,
Saçıma dən düşdü, xəbər tutmadın.
Ayrıldıq, gen düşdük, xəbər tutmadın,
Yaman dillərəmi tapşırdın məni?

Könlümü alanda, könlüm deyərdin,
Məni iyləyərdin, gülüm deyərdin,
Adımı deməzdin, Leylim deyərdin,
Məcnun, çöllərəmi tapşırdın məni?

***

Yaşım səksəni haqladı,
keçdiyim yollar hardadı?
Haraya gedirəm, Tanrım,
görünən dağlar hardadı?

Gəzib torpaqlar görmüşəm,
qaralar, ağlar görmüşəm,
ölkələr, xalqlar görmüşəm,
hanı o xalqlar hardadı?

Kimin üstündə əsirəm,
nəyim itib, nə gəzirəm?
Hara belə tələsirəm,
bizim yaylaqlar hardadı?

Çiynimdən uçdu şah quşum,
yerindədi ağlım, huşum.
Ələndi getdi tay-tuşum,
tək-tük o sağlar hardadı?

Bulanıram, duruluram,
öz içimdə qovruluram.
Yeriyirəm, yoruluram,
dəmir ayaqlar hardadı?

Ağsaqqal olmaq buydumu,
Gördüklərim yuxuydumu?
Varıydımı, yoxuydumu,
Ötən o çağlar hardadı?!

Dost qocalıb, yar qocalıb,
Can alan canlar qocalıb.
Məndən cavanlar qocalıb,
Məndən ahıllar hardadı.

***

İnsan cavanlıqda şərəf-şan gəzir,
Hər kəsin bir ada ehtiyacı var.
Elə ki, ağardı saçı-saqqalı,
Atanın övlada ehtiyacı var.

Tələsmə bir məqam düşsə əlinə,
İnanma dünyanın gəlhagəlinə.
Arvadın – uşağa, qıza, gəlinə,
Kişinin – arvada ehtiyacı var.

Yaş gəlib yetişir əlliyə, yüzə,
Ürək həssas olur əyriyə, düzə.
Qulağın bir səsə, gözün bir üzə,
Ağızın bir dada ehtiyacı var.

Zəmanə hikmətdi, mənası dərin,
Arxayın olma ki, istidi yerin.
Əlində bir qoşun, ortada Şirin,
Xosrovun Fərhada ehtiyacı var.

Böyüklər iş görüb, uşağam deyib,
Basılıb о kəs ki, qoçağam deyib.
Nəriman, çox qızma, ocağam deyib,
Ocağın bir oda ehtiyacı var...

# 3057 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #