Qardaş, ürəyimin başından vur! - Cəbrayıl Dövlətzadə haqqında roman

Qardaş, ürəyimin başından vur! - Cəbrayıl Dövlətzadə haqqında roman
23 aprel 2021
# 09:01

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

ERMƏNİ GENERALI SAMVEL KARAPETYAN

Mən Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirinin müaviniyəm. Aprel döyüşündən sonra, bir də bu Tovuz davasınnan sonra kürkümə birə düşüb. Ara, deyəsən axı bu torklar dəyişiblər? Qabaxlar bir güllə atan kimi şalvarlarını geyinib qaçardılar, amma indi güllə atırsan, vecinə almır. Bu prezidentləri də dəyişib, ali! Bizə yumruq göstərir. 30 ildir iclas eliyirdilər, Minsk qruppasına yalvarırdılar, yox ay axber, yox. Torklar demiş, bu xına o xınadan dəyil. Bunlar indi dəyişiblər. Noldu birdən-birə, ali? Bəlkə Türkiyəyə arxalanırlar? Nə bilim, sluşi? Hərəsinin əlində bir bayraq, gəlirlər üstümüzə. Heç tüpəngə, topa zada baxmırlar e... Elə gəlirlər. Çoxdurlar axı həm də. Burda bir on milyon, o tayda, arazdan o üzdə otuz milyon, dünyada da bir xeyli. Bizə çətin olacaq. Ali! Bunları qırmaqla qurtaran deyil. Gərək 92-də dayanmazdıq... Ha da... Gərək Bayraməliyəcən gedaydıx.... Yaman aşibka elədik, ali!

Ay astıvas... Gəlillər e, gəlillər!.. Yüyürə-yüyürə gəlirlər...

ERMƏNİ ƏSGƏRİ

Hər şeyə dözərdim, axber can. Tək bu DRON-ların səsi başımı xarab eləyib. Qorxudan başımı səngərdən çıxarda bilmirəm. Çəyirtkə sürüsü kimi göyü üzünü alırlar. Səsi də dəşətdir. Bombarduman vaxtı həyəcan siqnalı verilir ha, bax, onun kimi adamın iliyinə işləyir. Uje əsəblərim xarab olub. İki dəfə qaçmışam, yoldan tutub gətiriblər. Qorxuram, hayrikcan, çox qorxuram... Hadrutun çöllərində bilirsən nə qədər dığanın meyidi səpələnib? Ara, yüzlərlə belə meyid qalıb oralarda. Gəlib aparan da yoxdur... Güllə dəysə, ölsəm, mənim də meyidim qalacaq dərələrdə...

Biri Paşinyana başa salsın ki, bu mənasız müharibəni dayandırsın. Yoxsa Əliyevin ordusu bizi qırıb qurtaracaq. Onda da gec olacaq. Nəinki Naqornı Karabaxı, hətta Erivanı da itirə bilərik...

ANA

Müharibə başlayıb. Ürəyim çox narahatdır. Balamın telefonuna zəng çatmır. Heç əlim də heç yerə çatmır. O bilir ki, mən onun səsini eşitməyəndə ayaq üstə qalıram. Bəs niyə mənə zəng eləmir?

Hamı yatıb. Bütün Bakı yatıb. Tək mən oyağam. Yəqin ki, əsgərlərimiz də, mənim Cəbrayılım da oyaqdır, ona görə mənim yuxum ərşə çəkilib...

Tək-tək atır, çiskinləyir elə bil. Nə olar, yağma... Mənim balamı, elə bütün balaları isladarsan. Axı onlar bəlkə də daşın üstündə uzanışıblar... Yağma, yağış, qadan alım, yağma.

Ya bir Allah! Sən mənim balamın köməyi ol...

Onuncu səs

TUMSATAN

Çar kazakları, əsasən İranla sərhəddi qoruduqları üçün Fərzalının qaçaq dəstəsi ilə az toqquşurdular. Ən çox bu o zaman baş verirdi ki, Fərzalı ya dəstəsilə, yaxud tək o taya adlamaq istəyirdi. Belə hallarda, adətən onlar üz-üzə gəlirdilər. Bu barədə bir əhvalat danışırdılar.

Çar ordusunun pristavı Qara bəy başının dəstəsi ilə tez-tez Sobu dağlarına qalxaraq Fərzalıgili təqib edir, onu diri tutub çar jandarmasına təhvil vermək istəyirdi. Yenə bir gün Qara bəy Sobu Qalasında Fərzalının dəstəsi ilə gərgin döyüşdən sonra yaralılarını və ölənlərini toplayıb kəndə dönürlər. Qara bəy Fərzalının dostu Məşədi Behbuda əmr edir ki, sabahki döyüşə o da gedəcək və Fərzalıgilin gizləndiyi yeri onlara nişan verəcək. (O, Fərzalı ilə Məşədi Behbudun dostluğundan xəbərdar idi) Məşədi Behbud Fərzalının yerini bilmədiyini deyəndə kişini balalarının gözü qarşısında döyməyə başlayırlar. Axırı Məşədi Behbud razılaşır. Pristavın atlıları arxada, Məşədi Behbud qabaqda Vənni bulaq istiqamətində irəliləyirlər. Sərt bir qayaya tərəf qalxanda Məşədi Behbud elə edir ki, ayağının altındakı daş qopur və kişi özünü aşağı buraxır. Elə oradaca qışqıra-qışqıra deyir:

-Ay dağlar, ay dərələr! Eşidin, agah olun. Ayağımın altdakı daş da etibarsızdır. Dosta da inam yoxdu, yoxdu...

Qayalar Behbud kişinin səsini əks-səda ilə bir-birinə ötürür. Artıq yaxında olan Fərzalı dostu Məşədi Behbudun, əslində onu xəbərdar etdiyini duyub, oradan uzaqlaşır. Pristavın adamları isə yaralanmış Məşədini ata mindirib evinə gətirməli olurlar.

ERMƏNİLƏRLƏ İLK DÖYÜŞ

1905-ci ildə Bakıda, Qarabağda, o cümlədən Zəngəzurun bir sıra kəndərində ermənilər ruslardan aldıqları silahla türk-müsəlman əhaliyə divan tutmağa başladılar. Məlum olduğuna görə, rus imperiyası müsəlmanları, xüsusən də türkləri orduya çağırmırdı. Zaman-zaman türklərə etibar etməyən ruslar, əvəzində erməniləri həm orduya çağırır, həm də açıq-açığına onları silahlandırırdı. Bundan istifadə edən ermənilər əliyalın türk-müsəlman əhalisinə divan tutmağa başlayırdılar.

Bu zaman xalqın ümid yeri yerli bəylər və qaçaq dəstələri idi. Bəylərin bəziləri öz var-dövlətlərini qorumaq xatirinə ruslardan çəkinir, açıq hərəkətə keçmirdilər. Onda bütün ağırlıq, qaçaqların üstünə düşürdü.

Bəsid çayı boyunca yerləşən Sav, Hənd, Şeşkird, Şıxavız kəndlərinin silahlı daşnak birləşmələri Sobu, Sənəli, Pəri Bartaz, Top, Pirdavdan, Xınzirək və digər kəndlərə hücum edərək kəndləri yandırır, silahsız adamları qırdılar. Belə bir vaxtda Fərzalı Baharlı, Mincivan, Tərəkəmə, Qaradərə, Qaragöz, Ördəkli, Səfibəyli, Rəzdərə kəndlərinin əli silah tutanlarını başına toplayaraq daşnak yuvası Sava hüjum elədi. Qəfil zərbədən gözü qırılan daşnaklar bir daha bu tərəflərdə görünmədilər.

Məmmədqulu kişi danışırdı ki, Fərzalının (onun dayısı imiş) bir üstünlüyü də o imiş ki, döyüşə apardığı adamları boş yerə qırğına verməz, ağıllı taktika seçərək düşməni qəfil yaxalayarmış. Təsadüfi deyil ki, ermənilərlə 1905-ji ildəki döyüşlərdə onun silahlı dəstəsi cəmi bir nəfər itki vermişdi. (Topdan gənc bir oğlana güllə dəymiş, kəndə çatdıranacan yolda keçinmişdi.) Özü də bu illərdə Fərzalı nisbətən gənc olsa da (təxminən 30-35 yaşlarında) ağıllı və təmkinli hərəkəti ona həm həmyerliləri arasında, həm də düşmənləri arasında nüfuz qazandırırdı.

Yüzbaşı Avdalanlı Cəbrayıl, Qasımuşağınnan Sultan bəy (indiki Laçın rayonu), Dondarlıdan Bəhlul Əfəndi (indiki Qubadlı rayonu), Mincivanın ağsaqqal bəyi Mehdiqulu bəy, Sənəlidən Qaçaq İsrafil, Rəzdərədən Nəriman bəy, Baharlıdan axund Molla Ağa, hətta Qaradağın xanı Tağı xan Fərzalının tanıdığı, qonağı olduğu şəxsiyyətlər idilər. Fərzalının bir üstünlüyü də rus, fars dillərini bilməsi, oxudan, yazıdan baş çıxarması idi.

Zəngəzurun bütün ziyalıları, aşıqları da Qaçaq Fərzalıya tapınır, onnan kömək umur və qonağı olurdular. Yazımızın başqa bir bölümündə bu barədə ətraflı danışacağıq.

TƏLƏ

Çar Rusiyasının «parçala, hökm sür» siyasəti öz işini görürdü. Fərzalını açıq-aşkar aradan götürə bilməyəcəyini hiss edən çar çinovnikləri tələ qurmağa başladılar.

Fərzalının gecələr Araz qırağındakı Şamlıq deyilən meşəlikdə ov etməyi sevdiyini ruslar yaxşı bilirdilər. Elə buna görə də Fərzalının ova çıxan dəstəsinin içərisinə çuğul yerləşdirə bildilər. Gecələrin birində ov zamanı Fərzalının qızının qaynı, həm də qan qohumu Həsənalını düşmənlər güllə ilə vurdular. Özünə də dedilər ki, səni Fərzalı vurdu. Can üstə olan Həsənalı canı ağzından çıxanda dedi: “Məni Fərzalı dayı vurdu”.

Səhəri gün Fərzalının yeni düşmənləri yarandı - qan düşməni olan qohumları! Ən pisi də o idi ki, qızı Naran Həsənalının qardaşı Abduləlinin arvadı idi. İndi Fərzalı üç cəbhədə döyüşməli olur: ermənilər, ruslar və qan qohumları…

Dostlar Fərzalını xilas etmək barədə düşünürlər.

Bacısı Pakizənin əri Səfərə sifariş elədi ki, qardaşı axund Molla Ağaya desin, təcili Qaradərəyə gəlsin.

Səhəri yüzbaşı Cəbaryıl, Qaramannan Mustafa Əfəndi (Bəhlul Behcətin atası), Mincivannan Mehdiqulu bəy Qaradərəyə, oradan da Ördəkliyə yollandılar. Camaatın “Cöyüc dam” (əslində “uyezdnıy dom”) dediyi binanın həyətində Baharlıdan gələn axundun məsçiddən gətirdiyi Qurana Fərzalı əl basıb and içdi ki, Həsənalıya o güllə atmayıb. Sonra da adlı-sanlı adamların iştirakı ilə qan bağlandı. Fərzalının qohumları ilə düşmənçiliyi aradan qaldırıldı. Amma bu ləkə Fərzalının qəlbində həmişəlik qaldı. Çünki qızı Naranın ailəsində əbədi narazılığın əsası o günnən qoyuldu. El qəhrəmanının qəlbini belə yaralaya bildi düşmənləri.

VƏBA

(MÜƏLLİFİN SÖHBƏTİ)

Nənəm İzafə danışırdı ki, 7-8 yaşım olardı. (Nənəm 1908 təvəllüd idi. Bu, təxminən, 1915-1916-cı illər edir.) Atam qəfil xəstələndi. Gördüm əmim Molla Ağa ilə anam Pakizə pıçıldaşırlar ki, kəndə vəba yayılıb. Bizi başqa otağa apardılar. İki gün keçməmiş atam öldü. Dalınca qardaşlarım İbadulla və Yadulla da vəbadan öldülər. Sonra anam da yoluxdu xəstəliyə. O da çox çəkmədi ki, yamyaşıl qusub öldü.

Anamın yasına gələn dayım Fərzalı əmilərimlə məsləhətləşmədən məni atının tərkinə mindirib Qaradərəyə apardı.

Tərslikdən bir həftə sonra dayım özü də vəba tutdu. Yazıq Yetər nənəm, Hüseynalı dayım, Şahnisə xalam, o biri xalalarım gecə-gündüz Allaha yalvarırdılar ki, dayım ölməsin. Hətta Hüseynalı dayımın bir xam düyəsi vardı, onu qurban dedi.

Sonra əmilərim Arazın o Tayınnan, deyəsən Təbrizdən dayımın üstünə həkim gətirdilər. Dayıma iynə vurdu. Bir həftə sonra Fərzalı dayım vəbadan ayılıb sağaldı...

Hüseynalı dayım düyəsini kəsib kəndə payladı, özü də ətinnən yemədi...

Nənəm sonra deyirdi ki, Fərzalı özü sağalannan sonra Təbrizdən gəlmiş həkimnən xahiş edib ki, o çayparada vəbaya yoluxmuş adamlara da iynə vursun. Ona kəndləri gəzmək üçün Şahnisə xalamın əri Kalbay Qasımnan at alıb verdi, camaatdan pul yığdırıb cibinə qoydu. Vəbanın kökü belə kəsildi dayımın sayəsində.

O hadisədən sonra İzafə daha Baharlıya getmir, birdəfəlik dayısıgildə qalır. Sonra onu böyüdən Fərzalı Gülnisə bacısının oğlu Məmmədquluya ərə verir. Bu izdivacdan mənim anam Pakizə və xalam Məşuqə doğulacaqlar gələcəkdə.

Adamların aran-yaylaq gedib-gələn vaxtıdı, tüfəng-tapança yada düşmür ki... Vəbadan çıxıblar, əkib-biçir, tapdıqlarınnan yeyb-içir, geyib-bəzənir, söz-sovnan, bayatı-nağılnan günü-günə calayır...

Düşmən isə fərağat oturmur. Altdan-altdan silahlanır.

Belə vaxtda adamların tək bir ümid yeri var: Fərzalı. O da hər gələndə İrannan bir tüfəng artıq alır, zornan kəndin bir adamına satır ki, səhər lazım olanda əlləri boş olmasın. Bu dəfə iki tüfəng gətirib. Adamların tüfəngə yaxın durmadığını görən Kərbalayı Vəli Fərzalıdan tüfəngin ikisin də alır və deyir:

-Mənim iki tüfəngim var, bunları da alıram. Bax, deyirəm, səhər erməni gəlsə, ikiqat qiymətinə satacam!..

On birinci səs

MÜƏLLİF

İnternetdə bir süjet gördüm: bizim əsgər yaralanıb, əsir düşüb. Yarasınnan qan axır. Rus jurnalist onun yarasını sarıyır və erməni əsgərlərə təhvil verir ki, qospitala aparsınlar. Erməni əsgərlərdən biri bizim yaralı əsgərə nəsə söyür (söyüş anlaşılmırdı), bizim əsgər isə başını qaldırıb onun cavabını verir – eyni söyüşü ona qaytarır... Və ermənilər əsgəri xərəyə qoyub kobud şəkildə aparırlar...

Deyim ki, iki hiss eyni zamanda çuğladı məni: birincisi, fəxr etdim ki, bizim əsgər ölümü gözünün altına alaraq əsirlikdə olsa belə, erməninin təhqirini cavabsız qoymur. İkinci hiss isə qorxu hissi idi: əsgərimizə apardıqları yerdə ağır işgəncə verər, hətta öldürə bilərdilər...

Xocalıda qadınları, uşaqları, qocaları süngüyə taxan, benzini üstlərinə töküb yandıran, 30 il sonra Azərbaycan əsgərinin zərbələrinə davam gətirə bilməyib qaçan və qaçdıqca evləri dağıdan, ağacları kəsən, heyvanları güllələyən, arı qutularına od vuran, döyüş bölgəsində xeyli uzaqda yerləşən dinc Azərbaycan şəhərlərini raket atəşinə məruz qoyub yenə uşaqları, qocaları, qadınları öldürən bir terrorçu kəsimnən hər nə desən gözləmək olardı...

Azərbaycan ordusu Cəbrayıllarla doluymuş ki!..

Sən əsir düşəsən, əsirlikdə sənə söyələr, qalxıb sən də düşmənə söyəsən...

...

Heç yadımdan çıxmaz. Daha bir süjet də görmüşdüm. Bizimkilər erməni dığalarını əsir götürüblər. Birini boğazlayıb üstünə qışqırırlar:

-Qarabağ kimindir, ə?!

Dığa özünə əl qatıb qışqırır:

-Qarabağ Azerbeycandır!

İndi burada humanizm dəllalaraı, bilirəm, mənə irad tutacaq ki, əsirlərlə davranış, Cenevrə konvensiyası-filan... O konvensiyaların içinə erməni terrorizmi yüz illərdir pox qoyur əzizlərim. Özü də təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın hər yerində erməni terrorizmi ayaq açıb yeriyir. Ən son nöqtəni isə Gəncədə qoydu onlar: insanlar yuxudaykən dinc əhaliyə qadağan olunmuş İskəndər, smears tipli raket atıb yuxulu uşaqları, qarıları, qocaları öldürdülər, evləri dağıtdılar.

QUYU

Suyum qurumaq üzrədir. Otuz ildə bircə vedrə suyumu çəkən olmadı. Qapağımı qaldırmadlar belə. İçimə dolan ilan-qurbağadan özüm də iyrənirəm. Otuz ildir bu vəhşilər torpağı da, daşı da, ağacı da, havanı da zəhərləyirlər. Bircə su qalmışdı, onu da məhv etdilər.

Qarabağda minlərlə kəhriz quruyub. Bulaqların gözü kordur. Mənim kimi quyular...

İstəyirdim deməyəm, amma daha keçib, gərək biləsiniz: o cəlladlar tutduqları əsirləri güllələyib mənim suyuma töküblər... Mən daha su quyusu deyiləm, qan quyusuyam...

Dedirəm ki, məni təmizləyin, mən daha çətin təmizlənərəm, torpaqlayın məni, amma əvvəlcə içimə tökülən o igidlərin nəşlərini çıxardın...

CƏBRAYIL

Düşməni qovub kənddən çıxrtdıq. O qədər yüyürmüşük ki, susuzdan dilimiz ağzımızda kabab olub. Suyumuz da bitib. Kimsə dedi ki, burda, xarabalıqların arasında quyu var. Tez bir qab tapıb iplə quyuya salladıq. Doldurub çıxardanda ürəyimiz ağzımıza gəldi. Qabın içindəki su deyil, qan idi! Qoxudan adamın beyni çatlayırdı...

Tez əyilib quyuya baxdıq və dəli kimi olduq: əsgərlərimizin nəşi suyun üzündə idi. Əclaflar güllələyib quyuya töküblər...

Qardaşlarımızın nəşinin quyuda olduğunu arxadan gələnlərə telefonla bildirib, elə dil-dodağımız partlaq halda daha qəzəblə düşmənin üstünə şığıdıq.

Tərslikdən, sursatımız da azalmaq üzrədir. Səhərdən suyumuz da tükənib. Amma dayanmadan gedir, gedirik...

Onlar qaçır, biz qovuruq.

On ikinci səs

TUMSATAN

İKİNCİ ERMƏNİ – MÜSƏLMAN DAVASI

Özünü əşşeyx görən sərdar bolur,

Ənəlhəq dəvu qılan bərdar bolur,

Ər oldur hər yoluna baş oynaya,

Döşəkdə ölən yigid murdar bolur.

Qazi Bürhanəddin.

Zaman o zaman idi ki, bolşeviklərə arxalanan erməni daşnakları silaha sarılaraq Azərbayjan kəndlərini yandırır, qadınlara, uşaqlara belə divan tutmaqdan çəkinmirdilər. Hüseyn Bayqaranın «Azərbaycan istiqlal mübarizəsi tarixi» kitabında bu barədə maraqlı faktlar var.

Bu barədə bir qədər sonra. Hələlik qayıdaq 1918-ji ilə. Bu ilin əvvəllərindən, xüsusən də mart ayından başlayaraq ermənilər Zəngəzurda, Naxçıvanda, Makuda, Qubada və digər Azərbayjan ərazilərində kütləvi qırğınlar törətdi. Şamaxıda və Bakıda isə bu qırğınlar soyqırım səviyyəsində idi. «Yom» curnalının 2008-ji il 10-ju sayında professor B.Niyazlının «Stepan Lalayevin cinayət işləri» məqaləsində Bakı şəhər sakinlərinin Tomsona yazdıqları bir ərizə verilib. Arxiv sənədləri içərisindən tapılıb çap edilən həmin ərizəni olduğu kimi veririk:

«Müttəfiq Dövlətlər Ordusunun Baş Komandanı

Əlahəzrət Tomsona

Şamaxılıların tərəfindən müvəkkil edilmiş,

Bakı şəhərində yaşayan Hacı Soltan Zamanov,

Hacı Mir İsmayıl Mir Həşimov və Məşədi Abdul

Hüseyn Nadirovun tərəfindən

Ə R İ Z Ə

Etibarlı mənbələrdən bizə məlum olmuşdur ki, hal-hazırda cinayət axtarış polisi tərəfindən həbs edilmiş Stepan Lalayev Sizin sərəncamınızdadır. Əlahəzrət, Allahın adınnan, ədalət və insanpərvərlik naminə, biz Sizə acizanə xahişlə müraciət edirik ki, hər cür vicdanını itirmiş bu qəddar adamı biz Şamaxılılara qarşı etdiyi bütün vəhşiliklərə görə hərbi məhkəməyə verəsiniz. Mart ayında o öz quldur dəstəsi ilə Şamaxıya gəlmiş və öz yolu üstündəki bütün kənd və obalarımızı yerlə yeksan etmiş, əhalimizi tamamilə qılıncdan keçirmişdir. Şəhərdə o nələr etmişdir – təsviri mümkün deyildir. Şəhərin bütün kişi əhalisi, kişi cinsindən olan uşaqları belə doğranmış, qadınları ərlərinin və atalarının gözü qarşısında zorlamışdır. Şəhər özülünə qədər talanmış, sonra da yandırılmış, bir məsçid belə salamat qalmamışdır, 5 min evdən ancaq bircə Realnı məktəb salamat qalmışdır. Hal-hazırda şəhər başdan-başa qəbiristanlığı andırır. Bizim bütün bu bədbəxtliyimizin günahkarı ancaq S.Lalayevdir, ona görə ki, bütün bu vəhşiliklər onun əmri ilə edilmişdir. Necə təsəvvür etmək olar ki, belə bir adam cəzadan qaça bilsin. Əlahəzrət, bütün yuxarıda göstərilənlərin təsdiqi üçün biz Sizdən xahiş edirik ki, tabeliyinizdə olanlardan bir nəfəri Şamaxıya ezam edəsiniz» (400 nəfərin ərəb və rus əlifbası ilə tam imzası). 29 noyabr 1918-ci il. Bakı ş».

Şamaxıda 8 min türkü qətlə yetirən Lalayevin qatillərdən ibarət dəstəsi Bakıda düz 11 min türk-müsəlman əhalisini məhv etdi. Yenə həmin mənbədən milli hökumətin Fövqəladə Təhqiqat Komissiyasının qərarını təqdim edirik: «1919-cu il, 24 iyul. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası komissiyanın üzvü A.Y.Klugenin Bakı şəhərinin darmadağın edilməsi barədəki məruzəsini və təhqiqat nəticəsində məruzədə adı çəkilən şahidlər: Abbas Eyvazov, Abdulcabbar Babayev, Mirzə Əhməd Hüseynzadə, Mənsur Şahzadə Qacar, Məşədi Əhməd Qədir oğlu, Ağahüseyn Hacı Səlim oğlu Nəcəfov, Məşədi Hüseyn Səfərəliyev, Teymur Səlimov, Ağaəli İsmayılov, Əlövsət Davidzadə, İmamverdi Zeynalov, Məmmədtağı Kərimov, Nəsir Kəlbəlayi Əzim oğlu, Məşədi Məmməd Sadiq Talıbov, Ağahüseyn Talıbov, Yankel Slavinski və Məşədi Məmmədsadıq Həsənovun şahidlik ifadələri və işə əlavə edilmiş baxış və ekspert protokolları və foto-şəkilləri nəzərdən keçirərək müəyyən etdi ki, Bakı şəhər sakinləri; 1. Stepan Lalayevin, 2. Artem Nikolayeviç Ter Akopovun, 3. Fridun Antonovun, 4. Corc Melikovun, 5. İşxan Qarabekovun, 6. Qarabekovun qaynı Nikolayın, 7. Astsatur Vaçyansın, 8. Tatevos Əmirovun, 9. Yequş Samvel oğlunun (baqqal), 10. Hayk Yeramış oğlunun (dərzi), 11. İsaak Baqdasarovun (çəkməçi), 12. Aleksandr Ter Nazarovun, 13. Levon Ter Qazarovun, 14. Arşak Avetisovun (dəllək), 15. Levon Arutyunov Qaraxanyansın, 16. Sergey Melikovun, 17. Levon Varşamyanın, 18. Ambarsum Melikovun, 19. Xristofor Dildarovun, 20. Xaçatur Martirosovun, 21. Yegiş Pahlavuninin, 22. Levon Saatsazbekovun, bunlardan başqa, şahid Məmmədtağı Həsən oğlunun ifadəsinə görə, 23. Mixail Ter Sarkisovun, və 24. Arutçevin müsəlmanlara qarşı dini və milli ziddiyyətlərdən irəli gələn düşmənçilik üçün hələlik adlarını müəyyən edə bilmədiyimiz bir neçə min adamdan ibarət olan quldur dəstələrlə birləşərək, odlu və soyuq silahlarla silahlanıb, qarşılarına müsəlmanları qırmağı, əmlaklarını məhv etmək və oğurlamağı məqsəd qoymuşlar və bunun üçün də 1918-ci ilin mart ayının 18-də Bakı şəhərinin müsəlmanlar yaşayan hissəsinə hücum edərək bir neçə gün ərzində: 1) 11.000 müsəlman kişi, qadın və uşaqları xüsusi bir qəddarlıqla, qadınları zorlayaraq, döşlərini kəsərək, diri-diri oda ataraq, körpə uşaqları süngüyə keçirərək və digər qəddarlıqlarla öldürmüşlər, 2) əhalinin 400 milyon manatlıq qiymətli əmlakını oğurlamışlar, 3) şəhərin bir sıra rayonlarında, xüsusilə Məmmədli rayonunda, Bazarnıda müsəlmanlara aid olan binaları demək olar ki, tamamilə və eləcə də müsəlmanlara məxsus olan digər fərdi və ictimai binaları, «Kaspi» qəzeti redaksiyasının binasını, «İsmailiyyə» Xeyriyyə Cəmiyyətinin binasını, müsəlman mehmanxanaları olan «Dağıstan», «İsmailiyyə» və «İskəndəriyyəni» yandırıb məhv etmişlər. Ona görə də, Azərbayjan Respublika Hökumətinin 21 mart 1919-ju il tarixli Cinayət prosessual məcəlləsinin 396-cı maddəsini və Ədliyyə Nazirinin 1 iyun 1919-ju il tarixli, 3166 №-li sərəncamını əldə rəhbər tutaraq Fəvqəladə Təhqiqat Komissiyası QƏRARA ALDI: yuxarıda adları çəkilən Bakı şəhər sakinləri Stepan Lalayev, Artem Ter- Akopov, Fridun Antonov, Corc Melikov, İşxan Qarabekov, Nikolay, Asatur Vaçyans, Tatevos Amirov, Yequş Samvel oğlu, Hayk Yeramış oğlu, İsaak Baqdasarov, Aleksandr Ter- Qazarov, Levon Ter-Qazarov, Arşak Avetisov, Levon Qaraxanyans, Sergey Melikov, Leon Varşamyans, Ambarsum Melikov, Xristofor Dildarov, Xaçatur Martirosov, Yeqiş Pahlavuni, Levon Saatsazbekov, Mixail Ter-Sarkisov və Arutçev müqəssir bilinərək bu cinayət işinə cəlb edilsinlər və onlara Cəza Qanununun 13, 129, 927, 1452, 1453, 1607, 1633, 1636-cı maddələri elan edilsin. A.Y.Klugenin məruzəsində adları gedən, şahidlərin ifadələrinə görə göstərilən cinayət işində iştirak etmiş denşik (zabitə xidmət edən əsgər) doktor Tiqran Ter-Zaxaryana, adları naməlum olan zabit Sergeyevə, Ter-Qazarova, familiyası məlum olmayan Aleksandra, adları məlum olmayan şagird Paronyana, praporşik Dövlətova, tələbə Popovyana və praporşik Avakyana gəldikdə bunların cinayət işinə cəlb edilmələri şəxsiyyətlərinin dəqiq olaraq müəyyənləşdirilməsinə qədər açıq saxlansın».

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə.B.Xasməmmədov

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: 1. A.Y.Kluge,

2. A.F.Novitski.

Bəhlul Əfəndi savadlı adam kimi bu məlumatlardan xəbərdar idi. İndi isə Sovet höküməti, bolşeviklər daşnaklara meydan vermiş, nəticədə Zəngəzurdakı müsəlman-türk kəndləri onların əli ilə yandırılır, əhali qaçqın düşür, yollarda ya düşmən gülləsindən, ya da aclıq və soyuqdan tələf olurdu. Ona görə də hələ I erməni-müsəlman davası zamanında və sonralar bu gənc ziyalı bütün Zəngəzur əhalisi içərisində təbliğat aparır, bölgədəki sanballı adamlarla – Sultan bəy, Qaçaq Fərzalı, Hacı Qasım Çələbi, Xosrov Sultanov və digərləri ilə yazışır, görüşür və erməni qətliamını önləmək üçün tədbir tökürdü. Nəticədə, başına böyük bir silahlı dəstə toplaya bilən Bəhlul Əfəndinin sadiq müridlərdən ibarət din ordusu formalaşırdı. Bir mürşid səviyyəsinə yüksələn Bəhlul Əfəndi ilə atası Mustafa Əfəndi və qaynatası Hacı Qasım Çələbi də hesablaşmaq məcburiyyətində qaldılar.

Bəhlul Əfəndi ilk növbədə qaçaqlara, qorxmaz igidlərə arxalanırdı. Kəlbəlayi Məhəmməd, Babaş, Həsən, Qaçaq Qəbil, Ədil bəy, Qəhrəman, Qoçu Təhməz belələrindən idi. Sonuncu, yəni Qoçu Təhməz Zəngəzurda qaçaqlıq eləmiş, sonra Bakıya gedərək qoçulara qoşulmuşdu. İndi Bəhlul Əfəndinin müraciətinnən sonra doğma Zəngəzura qayıdıb Bəhlul Əfəndinin yaratdığı orduya rəhbərlik edirdi. Təsadüfi deyil ki, onun ölüsü də bolşeviklər üçün qorxu mənbəyi idi. Cihad zamanı ağır yaralansa da, ayağa qalxıb düşmənlərdən son intiqamını almış, bədəninnən qan axa-axa irəli getmiş, ayaq üstdə atışmış, yıxılmamış və son anda şəhid olmuşdu. Bu barədə Zəngəzurda, Zəngilan və Qubadlının kəndlərində əfsanə və rəvayətlər hələ də camaat arasında danışılmaqdadır.

Rus bolşevikləri və yerli satqınlar Bəhlul Əfəndini nə vasitə ilə olursa-olsun aradan götürmək istəyirdilər. Dünənə qələr Bəhlul Əfəndinin qazı olduğu qəza mərkəzi Gorusda indi ermənilər at oynadırdılar. Nəinki Gorus, Sisyan, Qafan, Megri rayonları da ermənilərə peşkəş edilmişdi.

Müstəqil hökumətin təzyiq altında İrəvanı və bütün Qərbi Azərbayjanı ermənilərə güzəştə getməsi bu daşnak tör-töküntüsünün dişində şirə kimi qalmışdı. Bolşevik arxalarına güvənərək Azərbaycanın igid oğullarını, ziyalılarını, bir sözlə, bütün genefondunu məhv etməyi planlaşdırırdılar.

Bıçaq sümüyə dayanmışdı. Bəhlul Əfəndi düz iki il bolşevik-daşnak birləşmələrinin törətdikləri əməllərə dözə bildi. Yazı masasının arxasına keçərək bir qazı kimi Zəngəzur camaatına öz əli ilə yazdığı müraciətində düşmənlərə qarşı açıq mübarizəyə çağırırdı.

Müraciət bu sözlərlə bitirdi: «Ya qazi, ya şəhid olaq!»

Nəzər Heydərov yazır ki, Bəhlul Behcətin 400-dən artıq yaxşı silahlanmış dəstəsi vardı. Sovet hökumətinə qarşı çıxışlar edən bu dəstəyə qaçaqlar da qoşulurdu. Onların silah-sursatını Bəhlul Əfəndi verirdi. Nəhayət, 1922-ci ilin payızından başlayaraq Bəhlul Əfəndinin dəstələri açıq fəaliyyətə keçdilər. Mərkəz Xanlığa yaxın kəndlər – Dağtumas, Sirik, Qazanzəmi, Maşanlı, Çaytumas, Əfəndilər, Usubbəyli kəndləri tam onun adamlarının nəzarətində idi.

Əslində, Bəhlul Əfəndinin Sovet hökumətinə qarşı açıq fəaliyyətə keçməsi

də səbəbsiz deyildi. Sovet hökumətinin cəza dəstələri məhz həmin ilin payızında Əliyanlı əməliyyatı keçirirdilər. Bölgənin ziyalıları, tanınmış mülk sahibləri məhv edilirdi. Özü də bu mesaj Mikoyan, Şaumyan, Akopyan, Abramyan kimi daşnaklardan gəlirdi. Nəhayət, bu kommunist-daşnak avantürasına son vermək üçün Bəhlul Əfəndi özünün çevik dəstələrinin qısamüddətli əməliyyatı nəticəsində demək olar ki, Xanlıq da daxil olmaqla bölgədə Sovet hökumətini devirdi.

Bakıdan bolşeviklərin köməyə gəlməsini gözləyən yerli satqınlar çaşqın vəziyyətdə qalmışdılar. Nəzər Heydərov yazır ki, yerli bolşeviklər qaçıb Gorusa gedərək oranın daşnak-bolşevik rəisləri – Ter-Ayrapetyan, Nikolay Konstanyan, Avanes Akopyan, Aşot Abramyanlardan kömək istəyirlər. Beləcə, Gorusda qəza icraiyyə komitəsinin sədri Baqrat Aryutyunyanın rəhbərliyi ilə müşavirə keçirilir və erməni-daşnak dəstələri ilə birləşən Azərbayjan bolşevikləri Bəhlul Əfəndinin dəstəsinin üstünə yeriyir. Karyaqin (indiki Füzuli) sərhəd qoşunlarının süvari polkundan bir eskadron əsgər də Bəhlul Behcətin vətənpərvərlərini məhv etmək üçün əməliyyata başladılar. Qeyri-bərabər döyüşdə Bəhlul Əfəndinin döyüşçüləri şücaətlə vuruşurdular. Amma tezliklə xəbər gəldi ki, cəza dəstələri keçdikləri kəndlərdə dinc sakinlərə divan tutur, qırğınlar, talanlar törədirdilər. Böyük humanist olan Bəhlul Əfəndi dəstəsinə Araza doğru çəkilmək əmri verdi. Axşama yaxın üsyançılar Xudafərini keçmişdilər...

Tumsatan kişi cibinnən bir kitabça çıxardıb dedi:

-Uşaqlar, mən sizə danışdıqlarımı yazmışdım. Apardım ki, bir kitab kimi çap etdirəm, amma pulum olmadığı üçün çap elətdirə bilmədim. Əlacım kəsildi, özüm kitab kimi düzəldib, cilidlətdirdim... Belə elədim ki, bəlkə it-bata düşməyə...

Sonra kişi elə həmin kitabçadan oxumağa davam etdi.

“Çar Rusiyasının I Dünya müharibəsində zəifləməsi bolşeviklərin fəallaşmasına səbəb oldu. Xüsusilə 1917-ci il çevrilişinnən sonra daşnaklar da irəli çıxmağa başlamışdılar. Əvvəllər çar hökumətinə nökərçilik edən daşnaklar, indi də bolşeviklərə yalmanırdılar. Əli silahlı erməni dəstələri yenə türk-müsəlman kəndlərinə hücuma keçdilər. Laçında Sultan bəy, Qubadlıda Bəhlul Behcət, Zəngilanda isə Fərzalı özünümüdafiə dəstələri yaradaraq ermənilərlə döyüşə girirdilər.

Andranikin, Dronun, Nicdenin quldur dəstələri təpədən dırnağa qədər silahlansalar da, Fərzalının dəstələri şir kimi vuruşurdular. Sobu meşələrində ermənilər böyük itki verərək geri çəkildilər. Hündür dağın ətəyində erməni dığalarının meyidləri səpələnmişdi. Sonralar camaat bu dağa Dığa daşı adını qoydu.

Qaragöz kəndindən olan

Ardı var...

# 3542 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #