Qanın qanıma qarışır – Nar haqqında şeirlər

Qanın qanıma qarışır – Nar haqqında şeirlər
4 dekabr 2019
# 17:34

Kulis.az Səxavət Sahilin yenicə çapdan çıxan “Nar ağacının nəğmələri” adlı şeirlər kitabından nar haqqında yazılmış seçmə şeirləri təqdim edir.

Budaqların kölgəsi

Nar ağaclarının əhatəsindəki ev
payızda miskin görünür.
Yarpaqsız budaqlar,
bozaran gövdələr
və kəllə kimi çürümüş nar qalağı.

Seyr elədikcə bu mənzərəni
elə bilirəm xarabalıqdayam,
cənuba köçən quşların yerinə
mərmilər uçub gəlib sanki.

Gecələr bu mənzərə
qara rəngin çalarında
daha qorxunc görünür.
Ay çıxıb hərlənəndə
budaqların kölgəsi
yerdə ilan kimi sürünür.

Əslində bu çox sadədi
həm də xatirədi –
gözlərimi yumuram
hər yerdən, hər yerdən
uşaqlığım görünür.

Sonra da torpaq oluruq

Torpaq sayır
adamları
gəzdikcə üstündə.

Hər addım
ömürdən gedir,
gedir torpağa doğru.

Torpaq olur
addımlar,
torpaq olur
adamlar.

Addım-addım,
adam-adam
gedirik bu dünyadan,
gedirik torpaq oluruq.

Yazda tumurcuqlayan
yayda qızaran
payızda qaralan
nar oluruq
saralan yarpaq oluruq,
sonra da torpaq oluruq.

Metamorfoz

Xilaskar İsa,
sənin üzüm şərabı qanın,
indi nar şərabına dönüb
mənim qədəhimdə.

İçirəm, içirəm
qanın qanıma qarışır,
mən də bir İsa oluram.

Amma, tanrı xilaskarlığı
Qolqofa təpəsində,
ay işığında parlayan alnına yazdı.

İndi pəncərədən ay görünür
mən də şərab içirəm.

Hamilə budaqlar

Yazın qoxusunu
qızaran tumurcuğuyla alır
bomboz nar budağı.

Tutulduqca baharın nəfəsinə
yel tutan kösöv kimi
közərir, alışır
güllənir ağaclar.

İndi şax durmuş budaqlar
utancaq qız kimidir,
payızda qızaran narın yükündən
başını yerə dikəcək.

...İndi budaqlar
utancaq qız deyil,
uşaq gözləyən ana kimidir.

Image result for toğrul nərimanbəyov nar

Çiçəkləri kim xilas edəcək?

Günortadan sonra başlayan
cənub küləyi
yığıb “ağzında aparır”
körpə nar ləçəklərini.

Betlehemdəki
çarəsiz analar kimi qalıb
nar ağacları,
külək Çar Herod olub
“qətlə yetirir”
təzə açılan çiçəkləri.

Çiçəkləri kim xilas edəcək?
Kim alacaq küləyin cəngindən?
...İndi heç İsa da doğulmur.

Sarı

Küləyin qulağından uzaq
elə saralıb ki, nar yarpaqları
bir əsim himə bənddi.

Günəş də öləziyib –
öz sarısını “yarpaqlara verib”,
daha yoxdur avqust qızmarı.

Sarı zanbaqlar
baharda qalıb,
indi çiçəklərin əvəzinə
yarpaqlar saralır.

Amma ömrün payızı
rəngsiz olur –
yarpaq kimi tökülüb,
günəş kimi öləziyib,
çiçək kimi solursan.

O dünya yalandı
sadəcə torpağa qarışıb,
qarışıb, yox olursan.

Ölüm gələnə qədər

Küləyin qımıldatdığı
yaşıl budaqlar
nəğmə oxuyur
nar tumurcuqlarına.

Payız hələ uzaqdı,
hələ tərdi yarpaqlar.

Sarılıq
ayrılıq deyil,
hələ çiçək rəngidir –
Ölüm gələnə qədər.

Hələ çox var ömrümün
son dayanacağına,
hələ gənclik qatarım
dayanmadan yol gedir.

Köynəyim də sarıdı
günəşlə tən geymişəm –
ölüm gələnə qədər.

Gün gələr, tələsmə

Təzə puçurlayan nar yarpağıtək
yaşıl gözlü qız!

Gün gələr
gözlərin
suyu getmiş
payız yarpağına dönər.

Gün gələr
saralarsan, ovularsan –
bir külək qımıltısı dağıdar səni.

Gümüşü nar

Ay çıxıb
yaşıl yarpaqlar
gümüş olub,
qıp-qırmızı meyvələr
gümüş olub.
Narın kölgəsi
gümüş olub
torpağa səpilir.

İndi fərqi yoxdu –
qurd düşən narın da
kölgəsi gümüş olub.

Kölgələr ayırmır
yaxşını-pisi.
Kölgələr ayırmır
ağı-qaranı.

Bəlkə də, belə olub
dünya yaranan gün –
hər şey kölgə olub.

Ləzzət

Axşamlar mədəmə
nar şərabı süzürəm.

Təklikdən,
darıxmaqdan deyil
ləzzət almaqdan sarı.

Boş qalmış şüşə
qarışdırır
ayıqlıqla
yuxunun sərhədini.

Nə ah çəkirəm,
nə sızlayıram,
nə qəm çəkirəm.

Səhər işə gedirəm
axşamları içirəm
içirəm, dəm gəzirəm.

# 7510 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #