Qadınlar millət vəkilinə cavab verdi: Bədənimizdə yarpaq, tikan, ləçək yoxdur

Qadınlar millət vəkilinə cavab verdi: Bədənimizdə yarpaq, tikan, ləçək yoxdur
11 yanvar 2021
# 13:15

Kulis.az Lamiyə Həbibova və Aynel Süleymanlının "Yabanı qadın çiçəkdirmi?" yazısını təqdim edir.

Nə vaxt geriyə dönsək, məhz qadınlara məxsus instinktiv təbiətin yağmalandığına, basdırıldığına və əzildiyinə şahid olmuşuq. Daxili yabanı təbiətimizə olan həssaslığımız azaldıqca saf vəhşi qadın arxeotipinin də yoxa çıxması təsadüfi deyil. Müdriklik simvolu olan yaşlanmış meşələrin və yaşlı qadınların əvvəlki əhəmiyyətini itirməsi də həmçinin. Cadugər (witch) sözü kimi artıq dilimizdə vəhşi (wild) sözü də mənfi məna daşımaqdadır. Halbuki cadugər sözü yaşlı qadın şəfalandırıcılara verilən ad mənası daşıyır və müdrik, ağıllı (wise) mənasına gələn “wit” sözündən yaranıb.

Təktanrılı dinlərə sitayiş edən kulturalar meydana gəldikcə panteist kulturalar kimi bu anlayışlar da matriarxal və androsentrik (kişi mərkəzli) toplum cəngində ələndi, cadugər, vəhşi təbiət və qadının psixikasında (psyche) mövcud bütün kreaturalar da torpaq yaddaşına qovuşmuş oldu. İnsan haqlarının kobudca pozulduğu bu çağda qadınların öz daxili kimlikləri üzərində geniş və əhatəli arxeoloji qazıntılar apararaq onu gün işığına çıxarması yolu ilə istismaredici toksik insan arxeotiplərindən xilas olması mümkündür.

***

Bu yazımızı ötən günlərdə rəsmi sosial şəbəkə hesabından paylaşdığı nitq ilə geniş tənqidlərə məruz qalan, Azərbaycan Respublikasının Milli Cəbhə Partiyasının sədri, deputat, Razi Nurullayevə və öz dünyagörüşümüzə istinadən yazırıq. Görək, Razi bəy nə deyir, nə demək istəyir, yaxud nəyi deyə bilmir.

Deyir ki, “Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılması, kiçik bir subyekt olan ailənin inkişafı üçün müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyət daşımasıdır. Mənim üçün gender bərabərliyi bir dəyərdir, onu dəyər səviyyəsinə yüksəltmək lazımdır”.

Aydınlıq gətirim ki, deputat “Gender bərabərsizliyi”ndən danışır, əslində. Məişət problemlərini gender bərabərliyi kimi qələmə verməkdə bizi ittiham edir.

Baş Prokurorluğun açıqladığı statistikaya görə 2019-cu ildə 3091 qadın, 2020-ci ilin birinci yarısında 1291 qadın qəsdən vurulan zərərlərə qurban gedib və həlak olub. Milli Məclisdə bu hadisələri müzakirə edə bilərdi, cəmiyyətə aidiyyəti olan məsələdir, amma bunu seçmədi. Qadınların dilə gətirdikləri problemlər haqqında aparılan müzakirə və mübahisələr cinslərin bərabərliyi düsturuna endirildiyi və məişət səviyyəsində aparıldığı müddətcə insanların şüurunu və tabe olduqları iqtidar ilə münasibətini dəyişdirməyə heç bir faydası olmayacaq.

Dəqiq olan tək şey var ki, qadının dəyişən mövqeyi nəticəsində deputatın dediyi həmin “müasir biliklərə uyğunlaşmalı ailə və uşaqlar” mövzusunda təkcə qadınlar yox, ictimaiyyət də iştirak etməlidir. Qadınların əzilməyi və istismarı cəmiyyətin əzilməyi və istismarı kimi düşünülmürsə, necə olacaq ki, biz “müasir biliklərə uyğun olacağıq, cəmiyyət də olacaq?”

Əlavə edərək deyir: “İstər kişi olsun, istər qadın hüquqları pozula bilir və pozulur”. Amma insan hüquqları pozulmaq üçün deyil, insanın bilavasitə özünün və dövlətin müəyyən institutları tərəfindən qorunmağı mütləqdir.

Daha sonra əlavə edir ki, qadınlar çiçəkdir, onu qorumaq kişinin borcu və vəzifəsidir, bəzi feminist qadınlar bu dəyərləri heçə endirib yenilik gətirmək istəyir.

Razi bəy, hər gün güzgüdə özümüzə baxırıq. Şəxsən mən və digər qadınlar bədənimizin bir yerində yarpaq, tikan, ləçək görmürük. Biz insanıq axı, insandan əmələ gəlmişik, özü də fotosintez etmək kimi vərdişimiz yoxdur.

Çiçək adlandırmaqla qadınları təbiət ilə eyniləşdirib “zərif, mülayim, empatik, saflıq” kimi etiketləri nəzərdə tutur, öz cinsini isə ağlın, gücün simvolu kimi görür. Val Plumvud “Feminizm və təbiətə hökm etmək” kitabında bunu belə izah edir ki, çiçək və qorumaq sözünü işlədəndə qadınların kişi hakimiyyəti altında qalmağının düzgün olduğunu və bunun qadın “təbiət”inin yaratdığı zərurət olması kimi yanıldığınız və tamamilə gerçəkliyi əks etdirməyən niyətinizi yumşaltmış və gizlədə bilmiş olmursunuz.

Yunqçu psixoanalist və cantadora olan (hekayə toplayan və söyləyən) klarissa Estesin də dediyi kimi, günümüzdə qadınlar bulanıq fəaliyyətlər yumağına çevrilmiş vəziyyətdədirlər. Qədim müdriklik dəbi çoxdan keçib. Bəs instinktlərindən və vəhşi qadın arxeotipindən uzaq düşmüş qadın kimdir? Özünü necə hiss edir və ya yabanı qadın çiçəkdirmi?

Dirilik verici kimliyindən uzaq düşən qadın özünü tıxanmış, süstləşmiş, bir işin sonunu gətirə bilməyən, yaradıcı həyatını başqalarına təslim edən, özünü bütünlüklə ev həyatına, bütünlüklə intellektual məşğuliyyətlərə və ya bütünlüklə tənbəlliyə həsr edən şəxsdir. Sağlam yabanı qadın arxeotipi isə bir qurd kimidir. Eynilə qədim “La Loba” əfsanəsində olduğu kimi - diri, həyatverici, öz mövqeyinin fərqində və yaradıcı.

Sezgiləri güclü olan qadının sahib olduğu növbəti xüsusiyyət isə heyvani psixikadır. Bu heç də alçaldıcı xarakterizə deyil, “animal” (heyvan) sözü latıncadan gəlir və “yaşayan hər hansı şey” deməkdir. Xüsusilə, bu söz hava, nəfəs və həyat mənasına gələn “animalis”dən yaranıb. Həyatın nəfəsinə sahib olan deməkdir. Orta əsrlər dövründə meydana gələn “antroposantrizm”- insan mərkəzçilik ideyası gələcəkdə, əminəm ki, bizə bir zamanlar adi hal olan irqçilik qədər təəccübləndirici bir ideyaya çevriləcək. Sağlam toplumlar yalnız bu cür yabanı qadın təbiətinin təməllərinin üzərində inşa edilə bilər.

Keçək “Feminizm” termini və feministlər ilə anlaşılmaz məsələyə. Razi Nurullayev çıxışında bildirir ki, biz Avropada təhsil almaqla orda nə görürüksə, onları burda təqlid etməyə çalışırıq, nümayişkaranə şərab içirik, siqaret çəkirik, açıq-saçıq geyinirik. Əlavə edir: “Avropada təhsil almaq ilə deyil ee... ...Feminizm əxlaqsızlıq demək deyil”.

Mübarizələr durduğu yerdə meydana gəlmir, lazımi tarixi, siyasi, sosial səbəblər, şəraitlər bunu tələb edir.

Feminizm - qadınların mürtəce adət-ənənələr, mentalitet adı altında özlərinin assimilyasiyasına, əzilməsinə, istismar edilməsinə, qadın cinsinin üzərindəki yük, səbəbsiz məsuliyyət, ayrı-seçkiliyə qarşı çıxan və qadınların özlərinin apardığı mübarizədir. Meydana çıxma səbəbi cinsiyyətçilikdir.

Simone de Beauvoir öz müsahibəsində belə izah edir:

“Cinsiyyətçilik irqçilik kəlməsi ilə eynidir. İrqçilik irq təməlində insanlar arasındakı ayrı-seçkiliyin qəbul edilən olduğuna inanan doktrinadır. Cinsiyyətçilik isə cinslər arasında ayrı-seçkiliyin qəbul edir”.

Ulrike Meinhof 1968-ci ildə dərc olunan “Yanlış şüur” yazısında ortaya sual qoyur:

“Qadınların vəziyyəti ilə təhsilli və orta sinif qadınlarının alçalmış kompleksləri və siyasətçilərin, bürokratiya və özəl sektorun idarəçilərinin həyat yoldaşlarının əqli baxımdan təəccübləndirici qədər dar baxışlı olmağı arasında əlaqə varmı?” Bu sualın düşünülüb cavablandırması özlüyündə bir cavabdır.

Bəs yabanı olanı sevməyən, ona qarşı aqressiv olan insanlar necə olur?

Dünən necə idinizsə, bu gün də eyni olmağınız, günlərin axışı ilə dəyişməyiniz deyil, toz buludunun başlanğıcındakı kimi olmağınız, həddindən artıq şirin dilli, bağışlayıcı, kövrək, itaətkar olmağınız gözlənilir. Bir çox qadın “incə ol, özünü qız kimi apar” kompleksindən qurtulmağa can atır. Bu kompleksi yaşayan qadınlar özlərini necə hiss etdiklərinə baxmadan, hücumun kimdən gəldiyinə baxmadan, demək olar ki, onları daha da cürətləndirəcək tərzdə şirin dilliklə cavab verirlər. Gündüzlər itaətkarca gülümsəyə bilərlər, lakin gecə olanda canavar kimi dişlərini qıcıyır və buna qarşı mübarizə apararaq iztirab içində boğulurlar. Bu iztirab tsiklinin sona yetməyini istəyiriksə, qadınların da kişilərə vəhşi dişinin müxtəlif növlərini izah etməliyik.

Güclü olmaq əzələ böyüdüb onu tətbiq etmək deyil, öz təbiətimizi tanıyıb onunla iç-içə yaşağamağı bacarmaq deməkdir. Gördüyü qadının geyiminə, yemək-içməyinə fikir verib etirazını bildirmək əvəzinə karantində dolanışıq çətinliyi çəkən insanlar, müalicə almaq üçün verilişlərə çıxan şəxslərin, maddi yardıma möhtac olan uşaqların problemini, təhsildəki geriliyin səbəblərini, ölkədə qeyri-neft sektorunun az inkişaf etməyi kimi mövzuları Məclisdə müzakirə etməyi deputata məsləhət görür və yazımızı Yunus Əmrənin bu dörtlüyü ilə bitiririk:

Sen sana ne sanırsan
Ayruğa da onu san
Dört kitabın manası
Budur eğer var ise.

# 3021 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #